CƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ
Mərhəmətli və rəhimli Allahın adı ilə!
Həmd və səna aləmlərin rəbbi olan Allaha məxsusdur. O, bütün bəşər övladına ölümü hökm etdi. «Yer üzərində olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan rəbbinin zati baqidir» (ər-Rəhman, 26-27)
İnsan ölümdən sonra qəbrə qoyulur. O, yenidən diriləcəyi və insanların bir yerə yığışacağı günə kimi orada bərzəx həyatını yaşayır. Oradan isə əbədi qalacağı mənzilə: ya Cənnətə, ya da Cəhənnəmə daşınır.
Meyit barəsində bəzi şərii hökmlər var. Bunlar onun yuyulması, kəfənlənməsi, daşınması, dəfni və bu qəbildən olan hökmlərdir. İslam fiqh alimlərinin bu barədəki fikirlərini sizə təqdim etdiyimiz kitabçada qısa şəkildə qeyd etmişik.
Bu kitabça vəfat etmiş qardaşları üçün şərii hökmləri yerinə yetirməyi öz üzərinə götürən hər bir şəxs üçün nəzərdə tutulub. Məqsədimiz insanların Allahın izni ilə bu ayinləri düzgün və şəriətə uyğun şəkildə yerinə yetirməyi təmin etməkdir.
Allahdan hər birimiz üçün çoxlu savab, xeyir, faydalı elm və saleh əməl diləyirik. Həqiqətən, O, eşidən və dualarımıza cavab verəndir. Allahın salavatı və salamı peyğəmbərimiz Məhəmmədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
Saleh bin Fövzan bin Abdullah əl-Fövzan
ÖLÜMƏ HAZIRLIQ
Ölümü tez-tez yada salmaq və ona hazırlaşmaq lazımdır. Rəsulullah (s) buyurur: "Ləzzətləri sona çatdıranı (ölümü) tez-tez xatırlayın!" Bu hədisi "Beşlik" səhih isnadlarla rəvayət etmiş, İbn Hibban, Hakim və digərləri səhih hesab etmişlər. Bəyənilən formada hər şeyin əlacı mümkündür. Çünki, Allah bir dərd yaratmamışdır ki, onun şəfası və əlacı olmasın. Haram buyurulmuş yemək, araq, nəcasət və digər şeylərlə edilən müalicənin özü də haramdır. Belə ki, "Səhih"-də İbn Məsuddan rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: "Həqiqətən, Allah haram etdiyi şeylərlə ümmətinə şəfa verməmişdir." Həmçinin əqidəyə xələl gətirən hər cür müalicə üsulu yol verilməzdir. Kahinlik, sehirbazlıq, Allahdan qeyrisi üçün qurban kəsmək, kahinlərin və münəccimlərin yanına getmək bu cür əməllərdir. Xəstə olan tövbə etməli, Allaha yönəlməlidir. Çünki bu, hər bir zaman və xüsusilə də, xəstəlik anında vacib olan bir əməldir.
Məsləhətdir ki, insan lehinə və əleyhinə olan bütün haqları və onda qalan əşyaları sahibinə qaytarsın, kiçik övladlarının haqlarına xüsusi diqqət ayırsın. Ölüm anında onun yanında olan şəxslərin ona "lə iləhə illallah" kəlməsini dedizdirməsi bəyənilən bir əməldir. Rəsulullah (s) bu barədə buyurur: "Ölüm anında olan şəxslərinizə "lə iləhə illallah" kəlməsini təlqin edin!" Bu hədisi Müslim rəvayət etmişdir. Həmçinin ölən şəxsi qibləyə çevirmək, öldükdən sonra gözlərini qapamaq və üzünü paltarla örtmək lazımdır. İmkan daxilində onun hazırlıq qaydaları tez həyata keçirilməlidir. Borclarının ödənilməsi və vəsiyyətinin yerinə yetirilməsi rəsulullahın (s) hədisinə uyğun olaraq tez bir zamanda olmalıdır: "Möminin ruhu borcundan asılıdır. Ona görə də, sorğu-sual ediləcək." Bu hədisi Əhməd rəvayət etmiş, Tirmizi isə həsən hesab etmişdir. Hazırlıq qaydaları aşağıdaki kimidir:
1. MEYİDİN YUYULMASI VƏ KƏFƏNLƏNMƏSİ
1. Meyidin yuyulması və kəfənlənməsi qaydası
Meyidin yuyulması və kəfənlənməsi qaydasını bilmək fardu-kifayədir[1]. Bəzi müsəlmanlar onu yerinə yetirə bilsə, bəsdir. Digərlərinin bunu bilməməsi günah deyil.
2. Meyidi kimlər yuya bilər?
Meyidi yuyan şəxsin müsəlman, etibarlı, inanılan və qüsl qaydalarını bilən olması şərtdir. Ölən şəxs kişidirsə, onun yuyulması kişilərə həvalə olunur. Zövcəsindən başqa onu heç bir qadın yuya bilməz. Yalnız həyat yoldaşı öz ərinə qüsl verə bilər. Əgər ölən şəxs qadındırsa, onu qadınlar yumalıdırlar. Kişilərdən isə yalnız əri ona qüsl verə bilər. Əgər ölən şəxs yeddi yaşına çatmamış uşaqdırsa, onu bütün qadın və kişilər yuya bilər.
3. Qüsl verərkən hansı sudan istifadə edilməlidir?
Su təmiz olmalıdır. Daha yaxşı olar ki, soyuq su olsun. Lakin ehtiyac duyulan zaman isti sudan istifadə etmək olar. Məsələn, meyidin üzərindəki kiri aparmaqdan ötrü və ya şaxtalı havada isti su ilə qüsl vermək caizdir.
4. Meyidə harada qüsl vermək olar?
Qüsl verilən yerin imkan daxilində ev və ya çadır kimi gözlərdən uzaq və qapalı olması məqsədə uyğundur.
5. Meyidə qüsl verməzdən əvvəl nə etmək lazımdır?
Meyidi göbəkdən dizə qədər örtmək vacibdir. Sonra paltarı çıxardılır və ayaqları maili formada olan yuyulacaq taxta qoyulur ki, su oradan axsın və qıraqlara tökülməsin.
6. Kimlər yuyulmada iştirak edə bilər?
Bu zaman meyidi yuyan şəxs və ona kömək edənlər iştirak edə bilər. Qalanlarının isə orada olması bəyənilmir.
7. Qüslün forması
İlk öncə yuyucu meyidin başını özünün oturduğu yerə yaxın etməlidir. Sonra isə əlini meyidin qarnına sürtməli və onu sıxmalıdır ki, güman edilən hər şey bədəndən tamamilə xaric olsun. Sonra isə yuyucu bir parçanı əlinə sarıyır və meyidi təmizləməyə başlayır. Sonra isə su ilə yuyur. Daha sonra qüslə niyyət edir, "bismilləh" deyir. Namaz üçün alınan dəstəmaz kimi dəstəmaz aldırır. Lakin bunun bir fərqli cəhəti var ki, ağıza və burna su alınmır. Yuyucunun yaş barmaqları və yaxud nəm bir parça ilə meyidin dişlərinə və burun dəliklərinə sürtməsi kifayətdir. Meyidin ağzına və burnuna su daxil olmamalıdır. Daha sonra meyidin başı və saqqalı sidr və ya sabun köpüyü ilə yuyulur. Əvvəlcə kürəyinin sağ tərəfi, sonra isə sağ əli, sağ çiyni və sinəsinin sağ tərəfi, sağ böyrü, sağ budu, baldırı və ayağı yuyulur. Sonra isə sol tərəfə çevirirlər ki, kürəyinin sağ tərəfi yuyulsun. Eyni qayda ilə də, meyidin bədəninin sol tərəfləri yuyulur. Meyidi yuyan şəxs sidrdən və ya sabundan istifadə edə bilər. Yaxşı olar ki, yuyan zaman parçadan istifadə edilsin.
8. Qüslün sayı
Təmizlik əldə edilirsə, bir dəfə qüsl vermək kifayətdir. Meyidi üç dəfə də yumaq olar. Əgər təmizlik əldə edilmirsə, meyidi yeddi dəfəyə qədər qüsl etmək olar[2]. Axırıncı dəfə qüsl verərkən kafurdan istifadə etmək müstəhəbdir. Çünki, o, meyidin bədənini bərkidir, təmizləyir və soyudur. Həmçinin kafurdan sonda istifadə edilir ki, onun izi qalsın.
9. Qüsldən sonra meyidə nə edirlər?
Meyit paltar və ya bir parça ilə qurulanır, bığlarının uclarından götürülür, dırnaqları uzanıbsa, tutulur. Qoltuq altı tüklər təmizlənir və meyitlə birgə kəfənə qoyulur. Qadının saçlarına isə üç yerdən hörük vurularaq kürəyinə uzadılır.
10. Üzürlü səbəbdən meyidi yumaq mümkün olmasa, nə edilir?
Suyun olmaması ucbatından və ya kəsik və yanıq olduğundan, yuyulması ilə parçalanacağı ehtimalı varsa və ya ölən şəxs qadın olarsa və orada həmin qadının əri yox, yad kişilər olarsa, yaxud əksinə ölən şəxs kişi olarsa və orada həmin kişinin zövcəsi yox, başqa qadınlar olarsa, meyit bu hallarda məsh edənin əlində dəsmal və ya əlcək kimi bir ayırıcı olmaq şərti ilə meyidin üzü və ovucları torpaqla məsh edilərək təyəmmüm edilir. Meyidin bəzi hissələrinin yuyulması çətin olduqda, mümkün olan yerləri yuyulur, qalan yerlər üçün isə təyəmmüm edilir.
11. Qüsldən sonra meyidi yuyan şəxs nə etməlidir?
Meyidi yuyan şəxsin sonra qüsl alması bəyənilir. Lakin, bu vacib deyil.
KƏFƏNLƏMƏ QAYDALARI
1. Kəfənin forması
Örtük olması şərtdir. Yaxşı olar ki, ağ, təmiz və yeni olsun. Sonradan yuyulmuş parça da olsa, eyib etməz.
2. Kəfənin ölçüsü
Kəfənin meyidin hər tərəfini örtməsi vacibdir. Kişinin üç, qadının isə beş örtüklə kəfənlənməsi müstəhəbdir. Qadının kəfənlənməsində meyidin aşağı hissəsini örtən paltardan, baş örtüyündən, köynəkdən və iki əlavə paltardan istifadə olunur. Azyaşlı oğlan uşağı bir paltarla kəfənlənə bilər. Ancaq üç kəfənlə kəfənlənməsi daha müstəhəbdir. Azyaşlı qız uşağının kəfənlənməsində isə bir köynəkdən və əlavə iki köynəkdən istifadə olunur. Kəfənə gülab və ya ona oxşar gül sularından sərpdikdən sonra onu tüstüyə vermək müstəhəbdir. Belə edildikdə kəfəndən buxur qoxusu gələr.
3. Kişinin kəfənlənmə forması
Əvvəlcə üç kəfən üst-üstə sərilir. Sonra meyit bir paltarla və ya onun kimi bir parça ilə örtülü olmaq şərti ilə gətirilir və sərilmiş parçaların üzərinə uzadılır. Sonra xoş rahiyəli pambıq meyidin iki yanının arasına tıxanılır və üzərindən bir parça ilə bərkidilir. Qalan ətirlənmiş pambıqlar isə meyidin gözlərinə, burun deşiklərinə, ağzına, qulaqlarına, səcdə yerlərinə - alnına, burnuna, əllərinə, dizlərinə, ayaqlarına, qoltuq altlarına, diz qatlanacaqlarına və göbəyinə qoyulur. Həmin xoş rahiyədən kəfənlər arasına vurulur. Sonra kəfənin sol tərəfi sağ tərəfə, sağ tərəfi isə sol tərəfə bükülür, ikinci və üçüncü kəfənlər də eyni qaydada bükülür. Kəfənin artıq qalan hissəsi ayaq tərəfdən daha çox baş tərəfdə cəmlənir və yenidən üzə çəkilir. Ayaqda qalan artıq hissə isə yenidən ayağa bükülür. Sonra kəfənlərin açılıb bir-birindən ayrılmaması üçün onlara düyün vurulur, qəbirdə isə düyünlər açılır.
4. Qadının kəfənlənmə forması
Qadının kəfənlənməsində beş parçadan istifadə olunur. Ona əvvəlcə aşağı hissəni bürüyən geyim, sonra isə köynək geyindirilir. Daha sonra baş örtüyü ilə bağlanılır. Və axırda bədənini bürüyən iki parça ilə kəfənlənir.
2. MEYİT NAMAZININ HÖKMLƏRİ
Fəziləti: Əbu Hüreyrədən rəvayət olunur ki, Rəsulullah (s) buyurur: "Cənazə namazını qılana kimi həmin cənazədə iştirak edən hər kəs üçün bir əcr var. Meyidin dəfn olunmasına kimi iştirak edən kimsə üçün isə iki əcr var". Ondan (s) iki əcrin nə olduğu barəsində soruşduqda belə cavab verir: "İki böyük dağ kimi". Bu hədisi Buxari və Müslim özlərinin "Səhih" kitablarında qeyd etmişlər.
Hökmü: Fardu-kifayədir. Yəni bəziləri bu əməli yerinə yetirsə, digərlərinin etməmələrinə baxmayaraq günah yoxdur. Qalanları üçün bu əməli yerinə yetirmək müstəhəbdir. Lakin hamı bu əməli tərk etsə, günah etmiş olarlar.
Şərtləri: Niyyət, qibləyə yönəlmə, övrət yerlərinin örtülü olması, namaz qılanın və ya namazı qılınan şəxsin təmiz olması, nəcasətdən uzaq olmaq, namaz qılanın və namazı qılınanın müsəlman olması, əgər vətəndədirsə, cənazəni təşkil etmək və namazı qıldıranın dinin hökmlərini yerinə yetirməyə məsul olması şərtdir.
Rüknləri: Qiyam, dörd təkbir, fatihə surəsinin qiraəti, peyğəmbərə (s) salavat gətirmək, meyit üçün dua etmək və salam vermək.
Bəyənilən əməllər: Hər təkbirdə əllərin qaldırılması, fatihə surəsinin qiraətindən əvvəl Allaha sığınma, özünə və bütün müsəlmanlar üçün dua etmək, qiraəti səssiz etmək, dördüncü təkbirdən sonra - salamdan əvvəl bir az dayanmaq, sağ əli sol əlin üzərinə qoyaraq hər ikisini sinənin üstünə qoymaq və salamda sağa çevrilmək.
Forması: İmam kişi cənazəsinin sinəsi önündə, qadın cənazəsinin isə tən ortasında tək dayanır. Digər namaz qılanlar imamın arxasında dayanırlar. İmamın arxasında üç sıra düzəltmək sünnətdəndir. Sonra ehram təkbiri verilir. Təkbirdən dərhal sonra "əuzu billəhi minəş-şeytanir-racim" daha sonra isa "bismilləhir-rahmanir-rahim" deyilir, Fatihə surəsi oxunur. Daha sonra təkbir edilib adi namaz təşəhhüdündə olduğu kimi Peyğəmbərə (s) salavat verilir. Sonra təkbir edilib varid olan qaydada ölü üçün dua edilir. Həmin dualardan biri aşağıdakı kimidir: "Allahım dirimizi və ölümüzü, iştirak edənlərimizi və etməyənlərimizi, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla! Həqiqətən sən bizim axirətimizi və əbədi məskənimizi bilirsən. Sən hər şeyə qadirsən. Allahım bizlərdən kimi diriltsən İslam və doğru yol üzrə dirilt və bizlərdən kimi öldürsən yenə də İslam və doğru yol üzərində öldür! Allahım, onu bağışla. Ona mərhəmət et, onu himayə et, onun günahlarından keç, ona qonaqlayacağı yerlər bəxş et və daxil olacağı məkanı genişlət! Ağ paltar kirdən təmizləndiyi kimi, onu su ilə, qar ilə və dolu ilə yu! Günahlardan, xatalardan təmizlə! Ona evindən daha xeyirli ev, zövcəsindən daha xeyirli zövcə qismət et! Onu cənnətə daxil et, qəbir və cəhənnəm əzabından qoru! Ona qəbrində fərahlıq bəxş et və qəbrini nurlandır."
Əgər namaz qılınan uşaq olarsa, belə dua edilir: "Allahım, onu valideyinlərinin xəzinəsi və şəfaətçisi et! Ona bol mükafat ver! Allahım, onun tərəzisini bunlarla ağırlaşdır və mükafatını bol et! Onu saleh möminlərin sələfləri sırasında et və İbrahimin himayəsində saxla! Allahım, öz rəhmətinlə onu cəhənnəm odundan qoru!" Sonra təkbir edilir və bir az gözlənilir. Sonra isə sağ tərəfə bir dəfə salam verilir. Kim ki, cənazə namazının bəzi yerlərinə çatmayıbsa, namaza daxil olduğu yerdən imamla bərabər davam etsin. İmam salam verdikdən sonra isə namazını tamamlasın! Yox əgər cənazənin qaldırılması ehtimalı varsa, təkbirləri bir-birinin ardınca davam etdirsin və salam versin! Kim ki, dəfndən əvvəl meyit namazı qıla bilməyibsə, qəbri önündə qıla bilər.
Hər hansısa bir şəxs cənazənin qaldırıldığı yerdə olmamasına baxmayaraq bundan xəbər tutarsa, vəfat edən şəxs üçün cənazədə birbaşa iştirak etmədən niyyət edərək namaz qıla bilər. Əgər hamilə bir qadın uşağını ölü olaraq düşürürsə və həmin uşağın dörd ayı tamam olubsa, onun üçün cənazə namazı qılına bilər. Yox əgər dörd ayı tamam olmayıbsa, onun üçün namaz qılınmır.
3. CƏNAZƏNİN DAŞINMASI VƏ DƏFNİ
Cənazənin daşınması və dəfni onun qaydalarını bilən şəxslər üçün fardu-kifayədir. Ölən şəxsin dəfn olunması Quran və sünnə ilə təsbit olunmuşdur. Allah taala buyurur: «Məgər Biz yeri məskən etmədikmi Həm dirilərə, həm də ölülərə?!»[3] Başqa bir ayədə isə belə buyurur: «Sonra onu öldürüb qəbrə qoydu.»[4] Yəni dəfn etdi. Meyidin dəfn olunması bütün təfərrüatı ilə hədislərdə qeyd olunur. Bu xeyirxahlıq və itaətdir. Ölüyə hörmət və qayğıdır.
Cənazədə iştirak etmək və onu qəbrə kimi müşayət etmək "Səhih" kitablarda qeyd olunduğu kimi bəyənilən bir əməldir: "Cənazə namazı qılana kimi həmin cənazədə iştirak edən kəs üçün bir əcr var. Meyidin dəfn olunmasına kimi iştirak edən şəxs üçün isə iki əcr var". Peyğəmbərdən iki əcrin nə olduğu soruşulduqda o, (s) belə cavab verir: "Böyük dağ mislində". Buxarinin rəvayətində "Kim müşayiət edərsə", Müslimin rəvayətində isə "Kim cənazə ilə birgə çıxar və dəfninə kimi arxasınca gedərsə" kimi qeyd olunur. Bu hədis müxtəlif rəvayətlərlə olsa da cənazənin qəbrə kimi müşayiət olunmasına səsləyir.
Cənazəni müşayiət edənlərin imkan daxilində onun daşınmasında iştirak etmələri bəyənilən bir əməldir. Cənazənin maşınla və ya araba ilə daşınmasında heç bir qüsur yoxdur. Xüsusilə, basdırılacaq yerin uzaqda olduğu vaxt cənazəni tezləşdirmək şəriətə münasibdir. Rəsulullah (s) buyurur: "Cənazəni tezləşdirin! Cənazə yaxşı biridirsə, onu tez bir zamanda qəbrə endirməkdə xeyir var. Yox əgər belə biri deyilsə, onda zərər var". Bu hədisi Müslim və Buxari rəvayət etmişlər. Lakin, hər şeyi tələm-tələsik etmək olmaz. Cənazəni daşıyanlar və müşayiət edənlər sakit hərəkət etməlidirlər. Səslərini qaldırmamalı, nə isə oxumamalı, "lə ilahə illallah", "Allahım onu bağışla" deyərək getmək və buna oxşar digər şeyləri etməməlidir. Çünki bunların hamısı bidət və özünü əhli-kitaba bənzətməkdir. Ummu Atiyyənin hədisində qeyd olunduğu kimi qadınların cənazəyə qoşulması haramdır: "Cənazənin arxasınca getmək bizə qadağan edildi". Qadınlar da Rəsulullahın (s) sözlərinə uyğun olaraq ondan sonra cənazə ilə birlikdə çıxmadılar. Cənazənin müşayiət edilməsi yalnız kişilərə məxsusdur.
Rəsulullahın (s) buyurduğuna əsasən qəbir dərin və geniş qazılmalıdır: "Qazın! Geniş və dərin olsun!" Tirmizi bu hədisi həsən səhih adlandırmışdır. Qadını dəfn edərkən üstünü örtmək müstəhəbdir. Çünki, o, övrətdir.
Meyidi məzara qoyan şəxs belə deməlidir: "Bismilləh va alə milləti rəsulullah (Allahın adı ilə və rəsulullahın şəriətinə uyğun olaraq)" Rəsulullah buyurur: "Ölülərinizi məzara qoyarkən "bismilləh va alə milləti rəsulullah deyin!" Bu hədisi Nəsaidən başqa "'beşlik" rəvayət etmiş, Tirmizi isə bu hədisi həsən hədis hesab etmişdir.
Meyit qəbirdə qiblə istiqamətində sağ yanı üstə qoyulur. Rəsulullah (s) Kəbə barəsində buyurur: "O, sizin diri və ölüykən qiblənizdir." Bu hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.
Məzarın ön divarına yaxın yerdə meyidin başı altına kərpic və ya daş yaxınlaşdırılır. Kürəyinin arxasına torpaqdan söykənəcək bir şey bərkidilir ki, üzü və kürəyi üstə yerə çevrilməsin. Sonra qəbrə palçıqla suvağ vurulur ki, kərpiçlər yapışsın. Daha sonra qəbrə torpaq atılır. Qəbrə öz torpağından artıq torpaq tökmək olmaz. Qəbir yerdən bir qarış hündürlüyündə ola bilər. Yağıntı sularının onun üzərindən axması üçün sinə daşı dəvə hörgüsü kimi kümbəzvari edilir. Qəbir torpağının yayılmaması və onun bərk olması üçün üzərinə çay daşları düzülür və su səpilir. Bu ölçüdə onun qaldırılmasında isə hikmət odur ki, orada qəbir olduğu bilinsin, tapdalanmasın. Ölçüsünü bəyan etməkdən ötrü və tanınması üçün hər iki qırağıni haşiyəyə almaqda heç bir qüsur yoxdur. Qəbrin üzərində yazı yazmaq isə olmaz.
Ölünü dəfn etdikdən sonra müsəlmanların qəbrin yanında qalıb tək-tək onun üçün dua etmələri və bağışlanma diləmələri şəriətə uyğundur. Çünki, rəsulullah (s) ölünün dəfni qurtardıqdan sonra qəbrin önündə dayanıb deyərdi: "Qardaşınız üçün bağışlanma diləyin və möhkəmlik (sabitlik) istəyin! O, indi sorğu-sual edilir." Bu hədisi Əbu Davud rəvayət etmişdir. Qəbrin yanında Qurandan nə isə oxumağa gəlincə, bu dinə yenilikdir. Çünki, belə bir işi nə rəsulullah (s), nə də ki, onun əziz səhabələri etmişlər. "Hər bir yenilik zəlalətdir." Qəbirlərin üzərində kümbəz inşa etmək, mərmər tökmək və yazı yazmaq olmaz. Cabir buyurur: "Rəsulullah (s) qəbrin üstünü suvamağı, ona nəsə bağlamağı və üzərində bir şey inşa etməyi qadağan etmişdir." Bu hədisi Müslim rəvayət etmişdir. Həmçinin Tirmizinin rəvayət etdiyi və Cabirin hədisindən mərfu olaraq səhih adlandırdığı hədisdə buyurulur: "Qəbirlərin üstünü götürmək, üzərləində yazı yazmaq və taptalamaq qadağandır." Çünki, bu şirkə yol açır və qəbirləri mövzeleye çevirir. Cahillər qəbirlərin üzərində tikilmiş kümbəz və bər-bəzək gördükdə ora axışırlar.
Qəbirlərin işıqlandırılması haramdır. İstər elektrik cərəyanı, istərsə də digər şəkildə qəbri işıqlandırmaq olmaz. Həmçinin qəbirlərin üzərində məscid tikmək, orada namaz qılmaq və ya ora yönələrək namaz qılmaq haramdır. Qadınların da qəbirləri ziyarət etmələri qadağandır. Peyğəmbər (s) buyurur: "Allah qəbirləri ziyarət edən qadınlara, onların üstündə məscid tikənlərə və işıq yandıranlara lənət etsin!". Bu hədisi "Əhli Sünən" rəvayət etmişdir. "Səhih" əsərində rəvayət olunan hədisdə isə rəsulullah (s) buyurur: "Yəhudi və nəsranilərə Allah lənət etsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər." Çünki, qəbirlərin üzərində nə isə inşa etməklə təzim etmək və buna bənzər əməllər şirkin köküdür.
Qəbirlərin üzərində yerimək, oturmaq, onları taptalamaq, oranı toplantılar üçün yer təyin etmək, üzərindən su tökmək olmaz. Müslimin Əbu Hüreyrədən mərfu olaraq rəvayət etdiyi hədisdə rəsulullah (s) buyurur: "Sizlərdən birinizin bir közün üstündə oturması və həmin közün paltarı deşib dəriyə sirayət etməsi bir qəbrin üzərində oturmaqdan daha xeyirlidir." İmam İbn Qeyyim (Allah ona rəhmət etsin!) buyurur: "Qəbirlərin üzərində oturmaq, dayanmaq və ya addımlamaq qadağasını dərindən fikirləşən şəxs görər ki, bu qəbir sakinlərinin baş qoyduğu yerləri tapdalamamaqla onlara ehtiramın nümayişidir".
TƏZİYƏ
Ölü sahibinə başsağlığı vermək, onu səbrə çağırmaq və ölü üçün dua etmək şəriətə uyğundur. İbn Macənin Amr və İbn Həzmdən mərfu olaraq rəvayət etdiyi hədisdə rəsulullah (s) buyurur: "Bir mömin müsəlman qardaşını hər hansı bir bəla səbəbiylə təsəlli edərsə, Allah qiyamət günü ona kəramət libası geyindirər." Bu hədisin isnadında etibarlı ravilər var. Bu şəkildə çoxlu hədis varid olub. Başsağlığı edərkən bu sözlər deyilir: "Azamallahu əcrak və əhsənə əzak va ğafara limeyyitik." (Allah əcrini böyük, səbrini gözəl etsin və ölünü bağışlasın). Bəzi insanların bu gün etdiyi kimi başsağlığı üçün oturmaq və bunu elan etmək bəyənilmir. Ölüm baş verən ailə üçün yemək hazırlayıb göndərmək şəriətə uyğundur. Peyğəmbər (s) buyurur: "Cəfərin ailəsi üçün yemək hazırlayın! İndi onlar başlarını qatan bir bəla ilə üzləşiblər". Bu hədisi Əhməd rəvayət etmiş, Tirmizi isə bu hədisə həsən demişdir.
Lakin bu gün bəzi insanlar ölünün şərəfinə camaatın toplaşması üçün yer ayırır, yemək hazırlayır, Quran oxumaları üçün qarilər çağırır və bütün bunlara görə də maddi yük altına düşürlər. Bu haram olunmuş mərasimlərdir. İmam Əhməd Cərir bin Abdullahın belə dediyini rəvayət edir: "Dəfndən sonra ölü sahibinin ailəsi üçün yığıncaq qurub onlara yemək hazırlayardıq". Raviləri etibarlıdır.
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin!) buyurur: "Ölü sahibinin insanlara yemək verməsi və ölüyə Quran oxutması sələflərin tanımadığı bir adətdir. Elm əhli bunu heç vaxt qəbul etməmişlər".
Tartusi isə deyir: "Yas vermək alimlərin icmasının rəyinə görə olmaz. Yas vermə deyəndə insanların bir yerə toplaşıb şəriətə uyğun olmayan şəkildə yas mərasimi təşkil etmək nəzərdə tutulur. Bu dinə yenilikdir. Bunun edilməsi barəsində heç bir dəlil varid olmayıb. Həmçinin ikisi, üçü, dördü, yeddisi, ayı, ili olması münasibəti ilə mərasim təşkil etmək olmaz, bu fəlakətdir.
QƏBİRLƏRİ ZİYARƏT
Qəbirləri ziyarət etmək yalnız kişilərə xasdır. Onlar bununla həm düşüncə əldə edərlər, ibrət alarlar, həm də, ölülər üçün dua edər, bağışlanma diləyərlər. Rəsulullah (s) buyurur: "Qəbirləri ziyarət etməyi sizə qadağan etmişdim. İndi onları ziyarət edin!" Bu hədisi Müslim rəvayət edib. Tirmizinin rəvayətində əlavə olaraq buyurulur: "Həqiqətən o, ölümü xatırladır". Qəbirləri ziyarət etmək üçün səfər etmək lazım deyil. Qəbirləri ziyarət üç şərtlə bəyənilir:
1. Ziyarət edən kişi olmalıdır. Qadının ziyarət etməsi caiz deyil. Çünki, rəsulullah (s) qəbirləri ziyarət edən qadınları lənətləmişdi.
2. Onun üçün səfər etmək caiz deyil. Rəsulullah buyurur: "Üç məsciddən başqa yerlərə atlar yəhərlənməz. Məscidül-Həramı, mənim bu məscidimi və əl-Əqsa məscidini".
3. Bundan məqsəd ölünü önəmsəmək, ibrət almaq ölülər üçün dua etmək olmalıdır. Əgər məqsəd qəbirlərə toxunmaq, onunla kömək diləmək, ölüdən ehtiyaclarını tələb etmək, bəlalardan qurtulmaq istəmək və bu kimi əməllərdirsə, bilmək lazımdır ki, şirklə və bidətlə dolu bir ziyarətdir. Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur: "Qəbirləri ziyarət iki formada olur: Şərii və qeyri-şərii. Şərii ziyarətə ölüyə salam göndərmək və onun üçün dua etmək aid edilir. Uzaq səfər etmədən ölünün cənazəsinə gəlib, namaz qılmaq da bu qəbildəndir. Qeyri-şərii ziyarət isə ölünün qəbrini ziyarət edərək ondan öz ehtiyaclarını tələb etməkdir. Bu böyük şirkdir. Ölünün qəbri önündə dayanaraq onun vasitəsi ilə dua etmək də şəriətə ziddir. Bu dinə edilən yenilikdir, şirkə yol açır, peyğəmbərin (s) sünnəsinə uyğun olan bir əməl deyil. Bu cür əməli İslam alimlərindən heç kəs bəyənməmişdir.
Axırda onu demək istərdik ki, Allah taala hər şeyi daha yaxşı biləndir. Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!