19 - Məryəm ()

|

(1) Kəf. Hə. Yə. Ayn. Sad.

(2) (Bu) Rəbbinin qulu Zəkəriyyaya (göstərdiyi) mərhəmətinin yada salınmasıdır.

(3) Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib

(4) demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam.

(5) Mən özümdən sonra gələn qohumlarımdan (bəzisinin dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,

(6) o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!”

(7) (Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”

(8) O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim necə övladım ola bilər?”

(9) (Mələk) dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»

(10) O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”.

(11) O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara: “Səhər-axşam (Allahın şəninə) təriflər deyin!”- deyə işarə etdi.

(12) (Yəhyaya da:) “Ey Yəhya! Kitabdan (Tövrtdan) möhkəm yapış!”(deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik.

(13) Ona Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi.

(14) Ata-anasına qarşı da qayğıkeş idi; lovğa və asi deyildi.

(15) Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!

(16) Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş

(17) və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.

(18) (Məryəm) dedi: “Mən səndən Rəhmana sığınıram! Əgər müttəqisənsə (mənə toxunma).

(19) (Mələk) dedi: “Mən sənə pak bir oğlan bəxş etmək üçün Rəbbinin (göndərdiyi) elçisiyəm”.

(20) (Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim necə övladım ola bilər?”

(21) (Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayət və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”».

(22) (Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə uzaq bir yerə çəkildi.

(23) Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”

(24) (Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.

(25) Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.

(26) Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Rəhman üçün oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”.

(27) (Məryəm) körpəni qucağına alıb qövmünün yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən çirkin (və ya görünməmiş) bir iş tutdun.

(28) Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun (bir qadın) deyildi”.

(29) (Məryəm) uşağa işarə etdi. Onlar dedilər: “Beşikdə olan bir körpə ilə necə danışaq?”

(30) (Körpə dil açıb) dedi: “Mən Allahın quluyam! O mənə Kitab (İncil) verdi və məni peyğəmbər etdi.

(31) Harada oluramsa olum, məni mübarək etdi və həyatda olduğum müddətcə mənə namaz qılıb, zəkat verməyi əmr etdi.

(32) Məni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi.

(33) Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”

(34) Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!

(35) Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.

(36) (İsa dedi:) “Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Doğru yol da budur”.

(37) Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!

(38) Onlar Bizim hüzurumuza gələcəkləri gün nə yaxşı eşidəcək, nə yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.

(39) Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.

(40) Şübhəsiz ki, yerə və onun üzərində olan hər şeyə təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.

(41) Kitabda (Quranda) İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.

(42) Bir zaman o, atasına delə dedi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda verməyən bir şeyə ibadət edirsən?

(43) Atacan! Sənə gəlməyən bir elm mənə gəlmişdir. Mənə tabe ol ki, səni doğru yola yönəldim.

(44) Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana asi oldu.

(45) Atacan! Rəhmandan sənə bir əzab toxunub və beləcə, şeytana yoldaş olmandan qorxuram”.

(46) (Atası) dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”

(47) (İbrahim) dedi: “Sənə salam olsun! Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.

(48) Mən sizi və Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.

(49) İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yəqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.

(50) Biz onlara öz mərhəmətimizdən əta etdik və (gələcək nəsillər həmişə yada salsın deyə) onlara yaxşı ad qismət elədik.

(51) Kitabda (Quranda) Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.

(52) Biz (Musanı) sağ tərəfindəki Tur dağının yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik.

(53) Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.

(54) Kitabda (Quranda) İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi.

(55) O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edərdi. O, Rəbbinin rizasını qazanmış bir kimsə idi.

(56) Kitabda (Quranda) İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi.

(57) Biz onu yüksək bir məqama qaldırdıq.

(58) Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyətindən, İbrahimin və İsrailin zürriyyətindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.

(59) Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.

(60) Ancaq tövbə edib iman gətirənlər və saleh əməllər edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.

(61) (Bu Cənnət) Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn cənnətləridir. Onun vədi mütləq yerinə yetəcəkdir.

(62) Onlar orada boş sözlər deyil, yalnız: “Salam!” eşidəcəklər. Orada onlar üçün səhər-axşam ruzilər vardır.

(63) Qullarımızdan təqva sahiblərini miras edəcəyimiz Cənnət budur.

(64) (Cəbrail belə dedi:) “Biz (dünyaya) ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.

(65) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!

(66) (Kafir) insan: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”– deyir.

(67) Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?

(68) Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.

(69) Sonra hər firqədən Rəhmana ən çox asi olanı çıxardacağıq.

(70) Sonra orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.

(71) İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.

(72) Sonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.

(73) Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”

(74) Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.

(75) De: “Qoy Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da Qiyamət saatını gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.

(76) Allah doğru yolda olanların hidayətini artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.

(77) Ayələrimizi inkar edib: “Mənə mütləq var-dövlət və övlad veriləcək!”– deyən kimsəni gördünmü?

(78) Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Rəhmandan əhd almışdır?

(79) Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.

(80) Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.

(81) (Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar.

(82) Xeyr! (Qiyamət günü o məbudlar) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.

(83) Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?

(84) Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.

(85) O gün Biz müttəqiləri Rəhmanın hüzuruna hörmətli nümayəndələr olaraq toplayarıq.

(86) Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.

(87) Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.

(88) (Kafirlər:) “Rəhman özünə övlad götürmüşdür!”– dedilər.

(89) Siz olduqca pis bir iş tutdunuz.

(90) Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –

(91) Rəhmana övlad isnad etdiklərinə görə.

(92) Halbuki Rəhmana övlad götürmək yaraşmaz.

(93) Göylərdə və yerdə olanların hamısı Rəhmanın hüzuruna qul olaraq gələcəkdir.

(94) Allah onları hesablamış və bir-bir saymışdır.

(95) Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəkdir.

(96) İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəhman onlar üçün (qəlblərdə) bir sevgi yaradacaqdır.

(97) (Ey Rəsulum!) Biz, müttəqilərə Quranla müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən deyə, onu sənin dilinlə asanlaşdırdıq.

(98) Biz onlardan öncə neçə-neçə nəsli məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?