72 - əl-Cinn ()

|

(1) (Ey Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik!

(2) O, doğru yola yönəldir. Biz ona iman gətirdik və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.

(3) Doğrudan da, Rəbbimizin əzəməti çox ucadır. O Özünə nə bir zövcə, nə də bir övlad götürmüşdür.

(4) Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz yalan danışırmış.

(5) Biz isə insanların və cinlərin Allah barəsində əsla yalan söyləməyəcəklərini zənn edirdik.

(6) Həqiqətən, insanlardan bəziləri (cahiliyyət dövründə) cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.

(7) (Ey cinlər!) Onlar (insan) da siz zənn etdiyiniz kimi, Allah heç kəsi (öldükdən sonra yenidən) diriltməyəcəyini zənn edirdilər.

(8) Biz səmaya qalxdıqda onun (mələklərdən ibarət) sərt gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.

(9) Halbuki (daha öncə) biz (mələklərin söhbətini) dinləmək üçün göyün bəzi yerlərində otururduq. Amma indi kim (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan ulduza rast gələr.

(10) Biz bilmirik (mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə), yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?

(11) Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq.

(12) Biz yer üzündə Allahı aciz buraxmayacağımızı və qaçaraq da Ondan canımızı qurtara bilməyəcəyimizi anladıq.

(13) Biz doğru yolu göstərən rəhbəri (Quranı) eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar.

(14) Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) azanlar da. Müsəlman olanlar doğru yolu axtaranlardır.

(15) (Doğru yoldan) azanlar Cəhənnəm üçün odun olacaqlar”.

(16) Əgər onlar (Məkkə müşrikləri) o yolda sabit olsaydılar, Biz onlara bol-bol su verərdik.

(17) Onları bununla (bu nemətlə) imtahana çəkmək üçün etdik. Kim Rəbbinin zikrindən üz döndərərsə, (Allah) onu məşəqqətli bir əzaba məruz qoyar.

(18) Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!

(19) Allahın qulu (Muhamməd) Allaha ibadət etmək üçün (namaz qılmağa) qalxdıqda (cinlər Quranı dinləmək üçün) az qala onun ətrafında bir-birinə üstünə topalaşırdılar.

(20) (Ey Peyğəmbər!) De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”

(21) De: “Mən sizə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm!”

(22) De: “Məni Allahdan (Allahın əzabından) heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq tapa bilmərəm!

(23) (Edə biləcəyim) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu vardır”.

(24) Onlar özlərinə vəd olunduqlarını (Qiyamət əzabını) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

(25) De: “Mən sizə vəd olunanın (Qiyamətin) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm.

(26) O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;

(27) yalnız razı qaldığı elçidən başqa. Allah onun önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyur ki,

(28) (Peyğəmbərlərinin), Rəbbinin göndərdiklərini (necə) təbliğ etdiyini bilsin. Allah onların etdiklərini ehtiva etmişdir və hər şeyi ayrı-ayrılıqda hesaba almışdır”.