91 - əş-Şəms ()

|

(1) And olsun günəşə və onun saçdığı şəfəqə!

(2) And olsun onu təqib edən aya!

(3) And olsun (günəşi) parlaq edən gündüzə!

(4) And olsun (günəşi) örtüb-bürüyən gecəyə!

(5) And olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına).

(6) And olsun yerə və onu döşəyənə!

(7) And olsun nəfsə və ona (gözəl) biçim verənə,

(8) ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!

(9) Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır.

(10) Onu (günaha) batıran isə ziyana uğramışdır.

(11) Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi.

(12) Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman

(13) Allahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi.

(14) Onlar isə onu (Salehi) yalançı sayıb, dəvənin kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi.

(15) Allah bunun aqibətindən qorxmaz!