(1) Aləmləri xəbərdar etməsindən ötrü quluna Furqanı nazil edən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!
(2) Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, mülkündə də heç bir şəriki yoxdur. O, hər şeyi xəlq etmiş və ona münasib bir biçim vermişdir.
(3) (Kafirlər isə) Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud qəbul etdilər.
(4) Kafirlər: “Bu, (Muhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqaları da kömək etmişlər”– dedilər. Beləcə, onlar zülmə və iftiraya yol verdilər.
(5) Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər.
(6) De: “Onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”
(7) Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?
(8) Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.
(9) Gör sənə aid necə misallar çəkdilər! Onlar (haqq yoldan) azdılar və bir daha o yolu tapa bilməyəcəklər!
(10) İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!
(11) Xeyir, onlar Qiyamət saatını da yalan saydılar. Biz də Qiyamət saatını yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.
(12) O (Cəhənnəm) onları uzaqdan görüncə (kafirlər) onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər.
(13) Onlar əlləri boynunda bağlı halda (Cəhənnəmin) dar bir yerinə atıldıqları zaman ölüm diləyəcəklər.
(14) (Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”
(15) De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən əbədiyyət cənnəti?”
(16) Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü (və yerinə yetirilməsi) arzu olunan bir vəddir.
(17) O gün Allah onları və onların Allahdan başqa ibadət etdiklərini məhşərə cəm edərək deyəcək: “Mənim bu qullarımı (haqq yoldan) sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”
(18) Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri (Quranı, öyüd-nəsihəti) də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir qövmə çevrildilər”.
(19) (Kafirlərə deyiləcək:) “Onlar sizin dediklərinizi yalan hesab etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edə bilər, nə də başqa bir əlac tapa bilərsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.
(20) Səndən öncə göndərdiyimiz elçilərimiz də yemək yeyər, bazarları gəzib dolaşardılar. Biz Ssizin bəzilərinizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.
(21) Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
(22) Mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. (Mələklər) deyəcəklər: “(Cənnətə girməyiniz) haramdır, haram!”
(23) Biz onların etdikləri (yaxşı) əməllərə nəzər saldıq və onları (havada) sovrulmuş toz dənəciklərinə çevirərik.
(24) O gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
(25) O gün göy (bəyaz) buludla parçalanacaq və mələklər yerə endiriləcək.
(26) O gün (qiyamət günü) həqiqi mülk ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq.
(27) O gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
(28) Vay halıma! Kaşki mən, filankəsi özümə dost tutmayaydım!
(29) Çünki Zikr (Quran) mənə gəldikdən sonra o məni ondan (Qurandan) uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
(30) Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.
(31) Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər.
(32) Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik.
(33) Onlar sənə elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
(34) Cəhənnəmə üzüstə sürüklənəcək kimsələr – məhz onlar yerləri ən pis olan, (haqq) yoldan ən çox azan kimsələrdir.
(35) Biz Musaya Kitabı (Tövratı) verdik və qardaşı Harunu da ona köməkçi etdik.
(36) (Onlara:) “Ayələrimizi yalan sayan bir qövmün yanına gedin!”– dedik. Sonra Biz onları (o qövmü) yerli-dibli yox etdik.
(37) Biz Nuh qövmünü də elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
(38) Biz Adı da, Səmudu da, Rəss əhlini də və onların arasında olan bir çox nəsilləri də (məhv etdik).
(39) Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik.
(40) (Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) diyarın yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə inanmırlar.
(41) Onlar səni gördükdə ancaq sənə lağ edib (belə deyirlər): “Budurmu Allahın elçi göndərdiyi kəs?
(42) Əgər biz məbudlarımıza ibadətdə səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını biləcəklər.
(43) Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkilmi olacaqsan?
(44) Yoxsa sən onların çoxunun eşidəcəyini və ya anlayacağını zənn edirsən? Onlar heyvan kimidirlər, bəlkə, ondan da (heyvandan da) daha çox haqq yoldan azmışlar.
(45) Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər Allah istəsəydi, onu hərəkətsiz bir halda saxlayardı. Sonra Biz günəşi ona dəlil etdik (kölgənin varlığını günəşə bağlı etdik).
(46) Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik.
(47) Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də (ruzi qazanasız deyə) canlanma vaxtı edən Odur.
(48) Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,
(49) onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvana və neçə-neçə insana ondan içirdək.
(50) Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədi.
(51) Əgər istəsəydik, hər məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərərdik.
(52) Kafirlərə baş əymə və onlara qarşı (Quranla) böyük bir cihad et!
(53) Birinin suyu olduqca şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
(54) Sudan insan yaradan, sonra onu nəsəb və qohum-əqraba sahibi edən Odur. Rəbbin (hər şeyə) Qadirdir.
(55) Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir.
(56) Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.
(57) De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Ancaq sizdən kim Rəbbinə tərəf aparan doğru yol tutmaq istəyərsə (qoy tutsun)”.
(58) Sən, Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun qullarının günahlarından xəbərdar olması kifayətdir.
(59) O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşin üzərində ucaldı. O, Rəhmandır. Bunu biləndən (Allahın və ya Cəbraildən) soruş!
(60) Onlara: “Rəhmana səcdə edin!”– deyildikdə: “Rəhman nədir? Sənin bizə əmr etdiyinə səcdəmi edəcəyik?”– deyərlər. Bu da onların nifrətini artırar.
(61) Səmada bürcləri var edən və orada günəş və nurlu bir ay yaradan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır.
(62) Xatırlamaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən də Odur.
(63) Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdqda: “Salam (xoş söz)!”– deyib keçərlər.
(64) Onlar gecəni Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
(65) Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq et. Doğrusu, onun əzabı daimidir.
(66) Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”
(67) Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
(68) Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar.
(69) Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar.
(70) Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!
(71) Kim tövbə edib saleh əməl edərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha tərəf dönər.
(72) Onlar yalana şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan vüqarla ötüb keçərlər.
(73) Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
(74) Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”– deyərlər.
(75) Onlar səbir etdiklərinə görə (Cənnətdə olan) yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua və salamla qarşılanacaqlar.
(76) Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!
(77) De: “Əgər duanız (ibadətiniz) olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”