56 - əl-Vaqiə ()

|

(1) Qiyamət vaqe olacağı zaman.

(2) Onun vaqe olacağına heç bir şübhə yoxdur.

(3) O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq.

(4) Yer şiddətlə titrədiyi zaman,

(5) Dağlar parça-parça olub ovxalandığı

(6) (Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,

(7) siz üç dəstəyə ayrılacaqsınız.

(8) Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

(9) Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

(10) (Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!

(11) Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir.

(12) Onlar Nəim cənnətlərində olacaqlar.

(13) Onların bir qismi əvvəlki ümmətlərlərdən.

(14) ِAz bir qismi də axırıncılardandır.

(15) (Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə

(16) qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

(17) Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –

(18) çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

(19) ondan başları ağrımaz və məst olmazlar,

(20) bəyənib seçdikləri meyvələr

(21) və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər).

(22) (Onlar üçün orada) iri qara gözlü hurilər vardır –

(23) Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər).

(24) (Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir).

(25) Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

(26) Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər).

(27) Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

(28) (Onlar) tikansız sidr ağacları,

(29) meyvələri salxım-salxım asılmış banan ağacları altında,

(30) daimi kölgədə,

(31) daim axan su (kənarında),

(32) çoxlu meyvələr –

(33) tükənməyən və qadağan edilməyən (meyvələr içində)

(34) və hündür döşəklər üstündə (olacaqlar).

(35) Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq.

(36) Biz onları bakirə qızlar etdik –

(37) ərlərini sevən, həmyaşıdlar.

(38) (Bunlar) sağ tərəf sahibləri üçündür.

(39) Onların bir qismi əvvəlkilərdən,

(40) bir qismi də axırıncılardandır.

(41) Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

(42) Onlar qızmar yel və qaynar su içində,

(43) qapqara duman kölgəsində olacaqlar.

(44) (Bu duman) nə sərin, nə də xoşagələndir.

(45) Onlar bundan əvvəl (dünyada) cah-calal içində idilər,

(46) böyük günah işlətməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər

(47) və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?

(48) Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”

(49) (Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

(50) bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər.

(51) Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!

(52) Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

(53) qarınlarınızı onunla dolduracaqsınız,

(54) üstündən də qaynar su içəcəksiniz.

(55) Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvələr kimi içəcəksiniz”.

(56) Bu, onların Din günündəki ziyafətidir.

(57) Sizi Biz yaratdıq. Kaşki (dirildiləcəyinizi) təsdiq etsəniz!

(58) Axıtdığınız nütfəni gördünüzmü?!

(59) Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!

(60) Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

(61) Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).

(62) Siz ilk yaradılışı bilirsiniz. Kaşki (dirildiləcəyiniz barədə) düşünsəniz!

(63) Əkdiyinizi gördünüzmü?!

(64) Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!

(65) Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,

(66) (və deyərdiniz:) “Biz ziyana uğradıq.

(67) Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”

(68) İçdiyiniz suyu gördünüzmü?!

(69) Onu buluddan siz endirirsiniz, yoxsa Bizik endirən!

(70) Əgər istəsəydik, onu acı edərdik. Kaşki şükür etsəniz!

(71) Yandırdığınız odu gördünüzmü?!

(72) Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!

(73) Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq.

(74) (Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!

(75) Ulduzların batdığı yerlərə and olsun!

(76) Şübhəsiz ki, bu, böyük bir and. Kaşki biləydiniz.

(77) Həqiqətən, o, çox dəyərli Qurandır,

(78) qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).

(79) Ona yalnız pak olanlar toxunar.

(80) O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

(81) (Ey müşriklər!) Siz bu kəlamı yalanmı sayırsınız?!

(82) Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!

(83) (Can) boğaza yetişdiyi zaman –

(84) həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız.

(85) Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz.

(86) Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız

(87) əgər doğru danışanlarsınız, onda, o canı geri qaytarın.

(88) Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,

(89) onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır.

(90) Əgər o, sağ tərəf sahiblərindəndirsə,

(91) (ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”(deyiləcəkdir).

(92) Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,

(93) (onun) ziyafəti qaynar su olacaq,

(94) özü də Cəhənnəmdə yanacaqdır.

(95) Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır.

(96) (Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!