(1) Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir.
(2) Ey iman gətirənlər! Etmədiyiniz bir şeyi nə üçün deyirsiniz?!
(3) Etmədiyiniz bir şeyi deməyiniz Allah yanında böyük qəzəblə qarşılanır.
(4) Şübhəsiz ki, Allah, Onun yolunda sanki möhkəm bir divar kimi səf-səf düzülüb vuruşanları sevər.
(5) Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət verirsiniz?!” Onlar (doğru yoldan) azdıqda, Allah da onların qəlblərini azdırdı. Allah fasiq bir qövmü doğru yola yönəltməz.
(6) (Ey Peyğəmbər! Xatırla ki,) bir zaman Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən mən, Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə (sizi) müjdələyən bir elçisiyəm!” Sonra (İsa yaxud Əhməd) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
(7) İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz.
(8) Onlar öz ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
(9) Müşriklər istəməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq dinlə göndərən Odur.
(10) Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?
(11) (Bu,) Allaha və Onun rəsuluna iman gətirməyiniz, malınız və canınızla Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
(12) (Belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, böyük uğurdur.
(13) (Sizi üçün) sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. (Ey Peyğəmbər!) Möminləri (bununla) müjdələ.
(14) Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir tayfa iman gətirdi, digər bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.