81 - ət-Təkvir ()

|

(1) Günəş büküləcəyi zaman;

(2) ulduzlar (sönüb yerə) töküləcəyi zaman;

(3) dağlar hərəkətə gətiriləcəyi zaman;

(4) boğaz dəvələr başlı-başına qalacaqları zaman;

(5) vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

(6) dənizlər alovlanacağı zaman;

(7) nəfislər (öz tayına) qovuşdurulacağı zaman;

(8) diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –

(9) hansı günaha görə öldürülmüşdür;

(10) səhifələr (əməl dəftərləri) açılacağı zaman;

(11) göy (yerindən) qopardılacağı zaman;

(12) Cəhənnəm alovlandırılacağı zaman

(13) Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;

(14) hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.

(15) And içirəm (gecə çıxıb gündüz) batan ulduzlara,

(16) seyr edib gizlənən səyyarələrə,

(17) qaralmaqda olan gecəyə,

(18) açılmaqda olan səhərə!

(19) Bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin) sözüdür.

(20) (O elçi ki,) qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir.

(21) Orada (mələklər arasında) itaət ediləndir, (vəhyi çatdırmaqda) etibarlıdır.

(22) Sizin yoldaşınız (Muhamməd) dəli deyildir.

(23) O, (Cəbraili) aydın üfüqdə gördü.

(24) O, qeyb barəsində paxıl deyildir (qeybi xəbərləri sizdən əsirgəməz).

(25) Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.

(26) Elə isə (ondan üz döndərib) hara gedirsiniz?

(27) Bu (Quran), aləmlərə yalnız bir öyüd-nəsihətdir.

(28) Sizlərdən doğru yolda olmaq istəyənlər üçün.

(29) Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!