83 - əl-Mutaffifin ()

|

(1) Çəkidə və ölçüdə aldadanların vay halına!

(2) O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.

(3) Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.

(4) Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!

(5) (Özü də) əzəmətli bir gündə.

(6) O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!

(7) Xeyr! Günahkarların kitabı Siccindədir.

(8) Sən nə biləsən ki, Siccin nədir?!

(9) O, yazılı bir kitabdır!

(10) O gün (Qiyaməti) yalan sayanların vay halına!

(11) O kəslər ki, Din gününü yalan sayarlar.

(12) Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.

(13) Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.

(14) Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.

(15) Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!

(16) Sonra onlar Cəhənnəmə girəcəklər.

(17) Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.

(18) Xeyr! Yaxşıların kitabı İlliyyundadır!

(19) Sən nə biləsən ki, İlliyyun nədir?!

(20) O, yazılı bir kitabdır!

(21) Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.

(22) Həqiqətən, yaxşılar nemət içində olacaqlar.

(23) Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.

(24) Sən onların üzündə nemətlərin sevincini görəcəksən.

(25) Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.

(26) Onun sonu müşkdir. Qoy yarışanlar onun üçün yarışsınlar!

(27) Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).

(28) O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.

(29) Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.

(30) Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.

(31) Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.

(32) Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.

(33) Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.

(34) Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.

(35) Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.

(36) Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!