(1) ﴾Kəf. Hə. Yə. Ayn. Sad.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.
(2) Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya - aleyhissəlam - göstərdiyi rəhmət və şəfqətinin yada salınmasıdır. Düşünüb ibrət alasan deyə, Biz bu hekayəni sənə nəql edəcəyik.
(3) Bir zaman Zəkəriyya duasının qəbul olunması üçün Rəbbinə gizlicə dua edib, yalvararaq
(4) Belə dedi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da olan ağ saçlarım çoxalmışdır. Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Sənə nə vaxt dua etmişəmsə, duamı qəbul etmisən.
(5) Mən öldükdən sonra qohumlarımın dünya ilə məşğul olub dini layiqincə yanaşmayacaqlarından qorxuram. Həyat yoldaşm da uşaq doğmayan sonsuz bir qadındır. Ey Rəbbim! Mənə Öz tərəfindən mənə yardımçı olacaq bir övlad bəxş et!
(6) O həm məndən, həm də Yaqub - aleyhissəlam - oğullarından peyğəmbərliyə varis olsun. Ey Rəbbim! Onu dinində, əxlaqında və əməlində razı qaldığın kimsə et!"
(7) Uca Allah onun duasına cavab verdi və ona: "Ey Zəkəriyya! Biz sənə, səni sevindirəcək bir xəbərlə müjdələyirik. Artıq Biz duanı qəbul etdik və sənə Yəhya adlı bir övlad verdik. Biz bu adı ondan öncə kimsəyə vermədik!" – deyə nida etdi.
(8) Zəkəriyya Allahın qüdrətinə heyrət edərək dedi: "Ey Rəbbim! Həyat yoldaşım uşaq doğmayan sonsuz bir qadın ikən, özüm də ömrümün son həddinə çatıb sümüklərim zəyiflədiyi bir halda mənim necə övladım ola bilər?!"
(9) Mələk dedi: "Bəli, dediyin kimidir, həyat yoldaşın uşaq doğmayan sonsuz bir qadın, özün də ömrünün son həddinə çatıb, sümüklərin zəyifləyib, yaşa dolmuş bir insansan, lakin Rəbbin belə buyurdu: "Uca Allah üçün Yəhyanı sonsuz bir anadan və ömrümün son həddinə çatıb, qocalmış bir atadan xəlq etməsi asandır. Ey Zəkəriyya! Mən səni daha öncədən zikir edilən bir şey deyilkən yoxdan xəlq etmişdim!"
(10) Zəkəriyya - aleyhissəlam - dedi: "Ey Rəbbim! Ürəyim arxayın olsun deyə, mələklərin məni müjdələdiyi şeyin gerçəkləşəcəyinə dəlalət edən mənə bir əlamət ver". Allah buyurdu: "Mələklərin səni müjdələdikləri şeyin gerçəkləşəcəyinə dəlalət edən əlamətin budur ki, sən sağlam ikən və heç bir xəstəliyin olmadığı bir halda üç gecə insanlarla danışa bilməyəcəksən!"
(11) Nəhayət, Zəkəriyya namazgahından öz qövmünün qarşısına çıxıb, danışmadan, onlara günün əvvəlində və sonunda uca Allahın şəninə təriflər edib, Onu zikir etmələrini işarə ilə başa saldı.
(12) Nəhayət Yəhya dünyaya gəlib, xitab ediləcək yaşa çatdıqda, Biz ona: "Ey Yəhya! Tövratdan ciddi və möhkəm bir şəkildə yapış!" – dedik. Biz ona uşaq ikən düzgün anlayış, elm, təmkin, qətiyyət bəxş etdik.
(13) Öz tərəfimizdən ona bir rəhmət bəxş etdik və onu günahlardan təmizlədik. O, Allahın əmrlərinə boyun əyib, qadağalarından çəkinən Allaha müti bir qul idi.
(14) Həm də o, ata-anasına qarşı qayğıkeş, nəvazişkar və onlara lütf, mərhəmət və yaxşılıq edən biri idi. O, Rəbbinə və ata-anasına itaət etməkdə təkəbbürlük edən, həmçinin, Rəbbinə və ata-anasına asi olan bir kimsə deyildi.
(15) Doğulduğu gün, ölərək bu həyatdan çıxacağı gün və Qiyamət günü qəbirdən diri olaraq qaldırılacağı gün ona Allahın salamı olsun! Bu üç məqam insanın qarşılaşdığı ən çətin məqamlardır. Əgər insan bu üç məqamdan sağ-salamat keçərsə, bundan sonra gələnlərdə onun heç bir qorxusu olmaz.
(16) Ey Peyğəmbər! Sənə nazil edilən Quranda Məryəmin - aleyhəssəlam - xəbərini də yada sal. Bir zaman o, Allaha ibadət məqsədilə ailəsindən ayrılıb təkbaşına şərq tərəfdə olan xəlvət bir yerə çəkilmişdi.
(17) Məryəm, Rəbbinə ibadət etdikdə qövmü onu görməməsi üçün özü ilə onlar arasında bir pərdə tutmuşdu. Biz Cəbraili - aleyhissəlam - onun yanına göndərdik. Cəbraili - aleyhissəlam - da Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Bu zaman Məryəm bu kimsənin ona bir zərər verəcəyindən qorxdu.
(18) Məryəm, qarşısında kamil bir insan surətində peyda olan bu kimsənin ona tərəf gəldiyini görüncə ona: "Ey İnsan! Əgər Allahdan qorxan, təqvalı bir kimsəsənsə, sənin mənə bir pislik toxundurmağından Rəhman olan Allaha sığınıram!"
(19) Cəbraili - aleyhissəlam - Məryəmə belə dedi: "Mən bəşər övladından deyiləm. Mən Rəbbimin sənə pak bir oğlan övladı bəxş etmək üçün göndərdiyi bir elçisiyəm!"
(20) Məryəm təəccüblənərək dedi: "Mənə bir ər və ya başqa biri yaxınlaşmamış ikən, özüm də zinakar olmadığım bir halda, necə mənim övladım ola bilər?!"
(21) Cəbraili - aleyhissəlam - Məryəmə dedi: "Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zinakar bir qadın olmamışsan. Lakin pak və uca Rəbbin belə buyurdu: "Atasız bir övlad yaratmaq Mənim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir möcüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edəcəkdir. Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məhfuzda yazılmış bir işdir!"
(22) Məryəm mələyin ona ruh üfürməsi ilə uşağa qaldı və o, bətnindəki ilə birlikdə insanlardan uzaq bir yerə çəkildi.
(23) Doğuş sancıları başladı və bu səbəbdən o, bir xurma ağacının gövdəsinə söykənməyə vadar oldu. Bu zaman Məryəm - aleyhissəlam - dedi: "İnsanlar mənim barəmdə pis şeylər düşünməmələri üçün, kaş bu gündən əvvəl ölüb və birdəfəlik unudulaydım!"
(24) İsa Məryəmin ayağlarının altından ona səslənərək: "Qəm yemə, artıq Rəbbin sənin su içməyin üçün ayağlarının altından bir bulaq axıtdı" – dedi.
(25) Xurma ağacının gövdəsindən yapış və onu özünə tərəf silkələ ki, yığıb ondan yeməyin üçün üstünə yetişmiş, təzə xurma tökülsün.
(26) Təzə xurmalardan ye, sudan iç və dünyaya belə bir uşaq gətirdiyinə görə gözün aydın olsun, əsla üzülmə! Əgər insanlardan kimsə səndən bu uşaq barədə sorusa, de: "Mən özümə, Rəbbim üçün danışmamağı nəzir etmişəm. Odur ki, bu gün insanlardan heç kimlə danışmayacağam!"
(27) Məryəm oğlunu qucağına alıb onu öz qövmünün yanına gətirdi. Qövmü Məryəmin bu əməlini çirkin bir iş gördüklərindən dolayı ona belə dedi: "Ey Məryəm! Sən görünməmiş bir şeylə, atası olmayan bir uşaqla gəldin!"
(28) Ey ibadətində Haruna bənzəyən qadın! (Harun saleh bir insan idi). Sənin atan da, anan da zinakar deyildi. Sən özün də salehliyi ilə bilinən pak, təmiz bir ailədənsən. Axı sən, atasız bir oğlan uşağı necə dünyaya gətirə bilərsən?!
(29) Məryəm onlara beçikdə olan oğlu İsanı - aleyhissəlam - göstərdi. Qövmü təəccüblənərək ona: "Beşikdə olan bir körpə ilə biz necə danışa bilərik?!" – dedilər.
(30) İsa - aleyhissəlam - dedi: "Şübhəsiz ki, mən Allahın quluyam! O mənə İncil verdi və məni peyğəmbərlərdən biri etdi.
(31) Harada oluramsa olum, O, məni insanlar üçün xeyirli, faydalı etdi və həyatım boyu mənə namaz qılıb zəkat verməyi əmr etdi.
(32) Məni anama qarşı qayğıkeş etdi, məni Rəbbimin itaətinə təkəbbürlük edən və Ona qarşı üsyan edən bir kimsə etmədi.
(33) Uca Allah doğulduğum gün, öləcəyim gün və Qiyamət günü yenidən dirildiləcəyim gün məni şeytan və onun yardımçıların şərindən əmin-aman etmişdir. Şeytan bu üç qorxulu və dəhşətli anlardan mənə zərər verə bilməyəcəkdir!"
(34) Belə sifətlərlə zikir edilən kimsə, Məryəm oğlu İsadır. Bu söz onun barədə söylənən haqq bir sözdur. Bu, heç də onun barədə ixtilafa düşən azğınların söylədiyi kimi deyildir.
(35) Allaha övlad götürmək yaraşmaz. Uca Allah pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!" – deməsi kifayət edər, o da dərhal Allahın istədiyi kimi olar. Belə bir sifətə layiq olan İlah, Özünə övlad götürməkdən münəzzəhdir.
(36) Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə siz ixlasla yalnlz Ona ibadət edin! Sizə söylədiyim bu yol, Allahın razılığına qovuşduran doğru-düzgün yoldur!
(37) Onlar İsa - aleyhissəlam - barədə ixtilafa düşüb öz aralarında müxtəlif firqələrə ayrıldılar. Onlardan bəziləri İsaya iman edib: "O, Allahın elçisidir!" – desə də, bəziləri də, yəhudilər kimi ona küfür etdi. Onlardan bəziləri onun barədə həddlərini aşıb: "O, Allahdır!" – dedilər. Bəziləri də: "O, Allahın oğludur!" – dedilər. Uca Allah onların söylədiklərindən uzaq və ucadır. İsa barədə ixtilafa düşən kimsələrin qiyamətin dəhşətinə, ağrılı-acılı əzabına və haqq-hesaba şahid olacaqlarına görə onların vay halına!
(38) Qiyamət günü onlar elə yaxşı eşidəcək, elə də yaxşı görəcəklər! Amma o zaman nə eşitməkləri, nə də ki, görməkləri onlara heç bir fayda verməyəcəkdir. Lakin zalımlar dünya həyatında haqq yoldan açıq-aydın azmışlar. Onlar günah işlər görməklə özlərinə zülm etməyə davam edib, Qiyamət saatı onlara anidə gələnə qədər axirət həyatına hazırlaşmazlar.
(39) Ey Peyğəmbər! Pislik edənin etdiyi pisliklərə görə yaxşılıq edənin də çoxluca ibadət etmədiyinə görə peşman olacağı bir gün barədə insanları xəbərdar et. Məhz o gün insanların əməl dəftərləri bağlanıb, etdikləri əməllərin haqq-hesabı edildikdə, hər bir kimsə dünya da ikən etdiklərini öz qarşısında görəcəkdir. Onlar dünya həyatında aldanmış, axirət həyatını unutmuş və qiyamət gününə də iman gətirməyən kimsələrdir.
(40) Şübhəsiz ki, bütün yaradılmışlar fəna olduqdan sonra əbədi qalan Bizik. Yer üzününə sahib çıxan yalnız Bizik. Yer üzündə olanlar yox olduqdan sonra ora varis olanda yalnız Bizik. Biz orada istədiyimizi edəcəyik. Onlar qiyamət günü hesab və cəza üçün yalnız Bizə qaytarılacaqlar.
(41) Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İbrahimin - aleyhissəlam - xəbərini də xatırla! Həqiqətən, o, çox sadiq və daima Allahın ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş bir peyğəmbər idi.
(42) Bir zaman İbrahim, atası Azərə belə demişdi: "Atacan! Nə üçün Allahı qoyub, dua etdikdə duanı eşitməyən, ibadət etdikdə, ibadətini görməyən, sənə heç bir zərər və ya fayda verə bilməyən bütlərə ibadət edirsən?!
(43) Atacan! Şübhəsiz ki, vəhy vasitəsi ilə sənə gəlməyən bir elm, artıq mənə gəlmişdir. Elə isə mənə tabe ol ki, səni Allahın buyurduğu doğru yola yönəldim.
(44) Atacan! Şeytana itaət edərək ona ibadət etmə! Çünki şeytana Adəmə səcdə etmək əmr edildikdə, əmrə müxalif olaraq Allaha çox asi olmuşdur.
(45) Atacan! Küfr üzərində ölüb, Mərhəmətli Allahdan sənə bir əzab toxunmasından və şeytana olan dostluğundan dolayı, əzaba düçar olmaqda ona yoldaş olmağından qorxuram!"
(46) Azər, oğlu İbrahimə - aleyhissəlam - belə dedi: "Ey İbrahim! Sən mənim ibadət etdiyim bütlərimdən üzmü çevirirsən?! Əgər bütlərimi təhqir etməyə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol, mənimlə danışma və mənimlə bir yerdə olma!"
(47) İbrahim - aleyhissəlam - atasına belə dedi: "Məndən sənə salam olsun! Məndən sənə heç bir pislik gəlməyəcəkdir. Rəbbimdən sənin üçün bağışlanma və doğru yol diləyəcəyəm. Həqiqətən, Rəbbim mənə qarşı çox lütfkardır.
(48) Mən sizi və sizin Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və heç bir şeyi Ona şərik qoşmadığım Rəbbimə dua və ibadət edirəm. Çünki mən, Rəbbimə etdiyim dua və ibadətimlə Rəbbimin məni heç vaxt məhrum və bədbəxt etməyəcəyini ümüd edirəm!"
(49) İbrahim onları və onların Allahdan başqa ibadət etdikləri bütləri tərk etdikdə, o, ailəsini Allah üçün tərk etdiyinə görə Biz də ona bunun əvəzində oğlu İshaqı və nəvəsi Yaqubu bəxş etdik. Biz onların hər ikisini də peyğəmbər etdik.
(50) Biz onlara peyğəmbərliklə birğə öz mərhəmətimizdən bol-bol xeyir-bərəkət əta etdik və insanların dilində onların tərif-sənasını daimi etdik.
(51) Ey Peyğəmbər! Sənə nazil etdiyimiz Quranda Musanı - aleyhissəlam -xəbərini də xatırla! Həqiqətən o, seçilmiş bir qul və Allah tərəfindən göndərilən elçi və peyğəmbər idi.
(52) Biz Musanı - aleyhissəlam - durduğu yerə görə onu Tur dağının sağ tərəfindən səslənib çağırdıq və onunla danışmaq üçün onu özümüzə yaxın etdik. Beləcə Uca Allah onunla danışdı.
(53) Biz Musaya olan rəhmətimizdən və nemətimizdən dolayı qardaşı Harunu - aleyhissəlam - da peyğəmbər etdik. Bu, Rəbbindən qardaşının da peyğəmbər olmasını dilədiyi zaman duasına olan icabət idi.
(54) Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İsmailin xəbərini da xatırla! Həqiqətən o, doğru danışan bir kimsə idi. Bir vəd verdikdə onu mütləq yerinə yetirərdi. O bir elçi həmdə, bir peyğəmbər idi.
(55) O, öz ailəsinə namazı vaxtı-vaxtında, kamil bir şəkildə qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin dərgahında bəyənilib, razı qalınmış bir kimsə idi.
(56) Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İdrisin - aleyhissəlam - xəbərini da xatırla! Həqiqətən, o, çox sadiq və daima Rəbbinin ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş peyğəmbərdən bir peyğəmbər idi.
(57) Biz ona bəxş etdiyimiz peyğəmbərliklə, onun zikrini yüksək məqama ucaltdıq. O, Rəbbi yanında yüksək məqam sahibidir.
(58) Bu surədə Zəkəriyyədən başlayıb İdris - aleyhiməssəlam - ilə bitən adı çəkilən hər kəs Adəmin - aleyhissəlam - və Nuhla - aleyhissəlam - birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, həmçinin, İbrahimin və Yəqubun - aleyhiməssəlam - İslama müvəffəq etdiyimiz kimsələrin nəslində gələn Allahın peyğəmbərliklə nemətləndirdiyi kimsələrdir. Onlar Allahın ayələri oxunduğunu eşitdikdə Allah qorxusundan ağlayaraq səcdəyə qapanırdılar.
(59) Bu seçilmiş peyğəmbərlərin ardından azğın və pis əməllərə tabe olan bir nəsil gəldi. Onlar namazı zay edib, onu tələb olunan kimi qılmadılar, əksinə, zina kimi nəfslərinin istədikləri günahların ardınca getdilər. Onlar Cəhənnəmə və xüsrana uğrayaraq şər ilə qarşılaşacaqlar.
(60) Bundan yalnız etdiyi xətalardan tövbə edən və Allaha iman gətirib, saleh əməllər edən kimsələr müstəsnadır! Bu sifətlərə sahib olan kimsələr, Cənnətə daxil olacaq və etdikləri əməllərin savabı az olsa belə, savabları əksilməyəcəkdir.
(61) Bu, Rəhmanın saleh qullarına görmədikləri halda girəcəklərinə dair vəd etdiyi və içərisində əbədi qalacaqları Cənnətlərdir. Onlar bu Cənnətləri görmədikləri bir halda buna iman etdilər. Allahın Cənnəti vəd etməsi -bu sizə qeyb də olsa belə- onun gəlməsi haqqdır və barədə heç bir şəkk-şübhə yoxdur.
(62) Onlar orada boş, faydasız və lağlağı sözlər eşitməzlər. Əksinə bir-birilərinə və mələklərin onlara verdikləri salamı eşidərlər. Orada könülləri istədiyi təamlar onlar üçün səhər-axşam gətiriləcəkdir.
(63) Belə bir sifətlərlə vəsf edilən Cənnət, Allah və Rəsulunun (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxan qullarımıza miras ediləcəkdir.
(64) Ey Cəbrail! Muhəmmədə (sallallahu aleyhi və səlləm) belə de: "Şübhəsiz ki, mələklər öz istəkləri ilə yer üzünə nazil ola bilməzlər. Onlar yalnız Allahın əmri ilə yer üzünə nazil olarlar. Axirətdə, dünyada və bunların arasında nə varsa, hamısı yalnız Uca Allaha məxsusdur. Ey Peyğəmbər! Sənin Rəbbin heç bir şeyi unudan deyildir".
(65) Göylərin və yerin xaliqi Allahdır. Onların hər ikisinin sahibi və idarə edəni də Odur. Onların arasında olanları xəlq edən də, onların arasında olanların sahibi və idarə edəni də Odur! Elə isə sən yalnız Ona ibadət et, çünki ibadətə layiq olan ancaq Odur və Ona etdiyin ibadətdə səbirlə davam et! İbadətdə Ona şərik olacaq bir Onun oxşarı və ya bənzəri yoxdur.
(66) Öldükdən sonra yenidən dirilməyi inkar edən kafir insan istehza edərək belə deyir: "Doğrudanmı mən öldükdən sonra dirilib, qəbirimdən ikinci bir həyat üçün çıxarılacağam?! Şübhəsiz ki, bu ağıla sığmayan bir şeydir!".
(67) Məgər öldükdən sonra yenidən dirilməyi inkar edən o kafir insan, o heç bir şey deyilkən onu yoxdan xəlq etdiyimizi düşünmürmü?! Uca Allah bu ayədə birinci yaradılışı, ikinci yaradılışa dəlil gətirdi. Yəni, sizi ilk dəfə yaratmağa qadir olan, ikinci dəfə də yaratmağa qadirdir. Çünki ikinci yaradılış birinci yaradılışdan daha asan və daha bəsitdir.
(68) Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz onları azğınlığa sürükləyən şeytanlarla birlikdə qəbirlərindən çıxarıb məhşərə bir yerə toplayacaq, sonra da onları zəlil vəziyyətdə, dizləri üstə çökmüş halda Cəhənnəmin qapılarına tərəf sürükləyəcəyik.
(69) Sonra hər azğın toplumdan ən günahkar olanlarını şiddətli və sərt şəkildə çəkib çıxararıq. Onlar bu toplumun öndə gedənləridir.
(70) Sonra Cəhənnəmə daxil olmağa, onun hərarətinə və əzabına kimin daha çox haqqlı olduğunu, əlbəttə ki, Biz yaxşı tanıyırıq.
(71) Ey İnsanlar! Sizdən hər biriniz Cəhənnəmin ortasından qurulmuş sirat körpüsünün üstündən keçəcəkdir. Bu, Allahın əzəldən təyin etdiyi qəti bir qərardır. Onun hökmünü kimsə dəyişə bilməz.
(72) Nəhayət, İnsanlar bu sirat körpüsünün üzərindən keçdikdə, Biz onlardan Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələri Cəhənnəmə düşməkdən xilas edərik. Günahlar etməklə özlərinə zülüm edən zalımları isə dizləri üstə çökmüş bir halda orada tərk edəcəyik. Onlar oradan əsla qaçıb canlarını qurtara bilməyəcəklər.
(73) İnsanlara, elçilərimizə nazil etdilən açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə belə deyərlər: "Bu iki firqədən hansının məqamı, məkanı daha yaxşı, məclisi və toplumu daha gözəldir. Bizim firqəmiz yoxsa sizin firqəniz?!"
(74) Biz maddi imkanlarının üstünlüyü ilə öyünüb fəxr edən bu kafirlərdən öncə, var-dövlət baxımından, həmçinin gözəl libasları və bədənlərinin sağlamlığına görə zahiri görünüşcə onlardan daha üstün olub, nemətlər içində yaşayan neçə-neçə nəsilləri məhv etdik.
(75) Ey Peyğəmbər! De ki: "Kim azğınlıq içində gəzib-dolaşırsa, Rəhman, onun azğınlığını artırana qədər ona möhlət verər. Dünyada özlərinə vəd edilən əzabı və ya Qiyamətin dəhşətini öz gözləri ilə görüb, şahid olduqda isə onlar kimin məqamının daha pis, kimin yardımçısının daha az olduğunu biləcəklər. Bu onların firqəsidirmi, yoxsa möminlərin firqəsi?"
(76) Azğınlıqlarını artırmaları üçün onlara verilən möhlətin qarşılığında, Uca Allah doğru yolda olanların hidayətini və imanlarını daha da artırar. Ey Peyğəmbər! Rəbbinin yanında, əbədi səadətə qovuşduran yaxşı əməllər isə savab baxımından daha faydalı, aqibətcə daha xeyirlidir.
(77) Ey Peyğəmbər! Açıq-aydın dəlillərimizi və əzabımızı inkar edib: "Əgər mən ölüb, yenidən dirilməli olsam, mənə hökmən çoxlu var-dövlət və övlad veriləcək!" – deyən adamı gördünmü?
(78) Olmaya, o, qeybdən xəbərdardır və ya əlində bir dəlil olduğu üçün belə demişdir?! Yoxsa Rəbbindən onu Cənnətə daxil edəcəyinə və ona çoxlu var-dövlət və övlad verəcəyinə dair vəd almışdır?!
(79) Bu, heç də onun iddia etdiyi kimi deyildir. Biz onun söylədiklərini və etdiklərini yazacaq və bunun batil bir iddiada olduğu üçün əzabına əzab qatacağıq.
(80) Biz onu həlak etdikdən sonra tərk etdiyi var-dövlətinə və oğul-uşağına Biz varis olacağıq, qiyamət günü hüzurumuza dünyada kef çəkdiyi var-dövləti və cah-cəlalı əlindən alınmış bir halda, heç nəsiz, tək-tənha gələcəkdir.
(81) Müşriklər özlərinə yardım edib, dəstək olsun deyə özləri üçün Allahdan başqa məbudlar qəbul etdilər.
(82) Xeyr! Bu heç də onların iddia etdiyi kimi deyildir. Onların Allahdan başqa ibadət etdikləri bütləri, Qiyamət günü müşriklərin onlara etdikləri ibadəti inkar edəcək, onlardan uzaq olub, onların düşməni olacaqlar.
(83) Ey Peyğəmbər! Məgər şeytanları kafirlərin üstünə göndərib onları günaha sövq etdirdiyini, onların üzərində hökmüranlıq etdiklərini və onları Allahın dinində azdırmaq üçün əlindən gələn hər bir şeyi etdiyini görmürsənmi?
(84) Ey Peyğəmbər! Onların həlak olmasını Uca Allahdan diləməyə tələsmə. Biz onların günlərini sayırıq. Onlara verilən vaxt sona yetdikdə, layiq olduqları əzabı onlara dadıracağıq.
(85) Ey Peyğəmbər! Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən müttəqiləri, Qiyamət günü Allahın hüzuruna hörmətli və izzətli qonaqlar olaraq toplayacağımız günü xatırla.
(86) Kafirləri isə Cəhənnəmə susamış olduqları halda gətirəcəklər.
(87) Kafirlər qiyamət gününü bir-birlərinə şəfaət etməyə qadir olmayacaqlar. Ancaq dünya da ikən Allaha və Rəsuluna iman etdiklərindən dolayı özlərinə vəd verilən kimsələr bu şəfaətə nail olacaqdır.
(88) Yəhudilər, nəsranilər və bəzi müşriklər: "Mərhəmətli Allah özünə övlad götürmüşdür!" – dedilər.
(89) Ey bu sözü söyləyən kimsələr! Siz olduqca böyük bir günah etdiniz.
(90) Söylədiyiniz bu piz sözdə dolayı az qala göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub parça-parça olsun –
(91) Bütün bunların hamısı onların Mərhəmətli Allaha övlad isnad etdiklərinə görədir. Uca Allah onların söylədiklərindən ulu və ucadır.
(92) Mərhəmətli Allah bundan pak və münəzzəh olduğu üçün Özünə övlad götürməsi yaraşmaz.
(93) Şübhəsiz ki, Qiyamət günü göylərdə və yerdə olanların - mələklərin, insanların və cinlərin hər biri Rəbbinin hüzuruna boynunu əyərək, zəlil bir halda gələcəkdir.
(94) Uca Allah onların hamısını Öz elmi ilə əhatə etmiş və onları bir-bir saymışdır. Onların əməllərində Allaha heç bir şey gizli qalmaz.
(95) Qiyamət günü onların hər biri Uca Allahın hüzuruna mal-dövləti və bir yardımçısı olmadan tək-tənha gələcəkdir.
(96) Şübhəsiz ki, Allaha iman gətirib, Allah yanında razı olunan saleh əməllər edən kimsələri Uca Allah həm Özü onları sevəcəkdir, həm də onların sevgisini hamının, o cümlədən mömin qullarının qəlbinə salacaqdır.
(97) Ey Peyğəmbər! Biz, Mənim əmrlərimi yerinə yetirib, qadağalarımdan çəkinən müttəqilərə müjdə vermən, haqqa boyun əyməkdən təkəbbürlük göstərən və mübahisədə şiddətli olan bir qövmü qorxutman üçün Quranı sənin dilinlə nazil edərək asanlaşdırdıq.
(98) Biz sənin qövmündən öncə bir çox ümmətləri məhv etdik. Sən bu gün onlardan kiminsə mövcudluğunu hiss edirsənmi? Yaxud onlardan bir pıçıltı eşidirsənmi? Allah izin verdikdə onların başına gələn müsibət başqalarınında başına gələ bilər.