(1) 1. 2. ﴾Hə. Mim. Ayn. Sin. Qaf﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) 1. 2. ﴾Hə. Mim. Ayn. Sin. Qaf﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(3) Ey Muhəmməd! Sənə və səndən əvvəl gəlib-getmiş Allahın peyğəmbərlərinə bu vəhyə bənzər vəhy nazil edən Uca Allah, düşmənlərindən intiqam almağa qadir olan, həmçinin, idarə etmək və yartamaq xüsusunda Hikmət sahibidir.
(4) Göylərdə və yerdə nə varsa - yaratmaq, mülk və idarə etmək təkcə Allaha məxsusdur. O, həm zatı, həm qüdrəti, həm də hökmranlığı ilə Ucadır, üstəlik də, Öz zatında Əzəmətlidir.
(5) Göylərin əzəmətli və uca olmasına rəğmən, pak və müqəddəs Allahın əzəmətinə dözməyib, az qala yerlərin üzərində çatlayıb yarılsın. Mələklər də Rəbbini bütün nöqsanlardan uzaq tutur və müti olaraq ehtiram göstərərək Ona həmd edir, Onu uca tutur, üstəlik, Allahdan yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.
(6) Allahdan başqa bütləri özlərinə dost tutan və onlara ibadət edən kimsələrə Allah özü nəzarət edir və onların əməllərini qeydə alır, sonra da, bu əməllərin əvəzini verəcəkdir. Ey Peyğəmbər! Sən onların əməllərini gözətləməyə təyin edilməmisən və onların əməllərinə görə soru-suala çəkilən deyilsən, sən sadəcə təbliğ edənsən.
(7) Ey Peyğəmbər, səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də, ərəbcə Quran vəhy etdik ki, Məkkə əhlini və onun ətrafındakı ərəb kəndlərini, sonra da, bütün insanları xəbərdar edəsən, habelə, insanları qiyamət günü ilə - Allahın əvvəlki və sonrakı insanların hamısını bir yerə toplayıb haqq-hesaba çəkəcəyi və əməllərinin əvəzini verəcəyi ilə qorxudasan. O günün vaqe olacağına dair heç bir şəkk-şübhə yoxdur. O gün insanlar iki dəstəyə ayrılacaq: bir dəstə - yəni, möminlər Cənnətdə, bir dəstə də - yəni, kafirlər Cəhənnəmdə olacaq.
(8) Əgər Allah istəsəydi, onları İslam dini üzərində olan tək bir ümmət edər və hamısını Cənnətə daxil edərdi. Lakin O, Öz hikməti ilə istədiyini İslam dininə yönəldir və onu Cənnətə daxil edir. Küfr və asiliklər etməklə öz nəfslərinə zülm etmiş kimsələrin isə nə bir qoruyan himayəçisi olar, nə də Allahın əzabından xilas edən bir köməkçisi.
(9) Müşriklər özlərini himayə etmək üçün özlərinə Allahdan başqa hamilər götürdülər. Halbuki, haqq himayədar yalnız Allahdır. Ondan başqası nə xeyir verə bilər, nə də zərər. O, qiyamət günü haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün onları dirildəcəkdir. O, Pak və müqəddəsdir və heç bir şey Onu aciz qoya bilməz.
(10) Ey insanlar, dininizin əsas yaxud ikinci dərəcəli məsələlərdə ixtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. Belə məsələlərdə Onun kitabına və Rəsulunun (səllallahu aleyhi və səlləm) sünnəsinə qayıtmaq gərəkdir. Bu xislətləri özündə cəm edən varlıq, mənim Rəbbim olan Allahdır. Mən bütün işlərimdə yalnız Ona etimad edir və tövbə edərək yalnız Ona tərəf yönəlirəm.
(11) Allah göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq etmişdir. O sizin üçün özünüzdən zövcələr, dəvədən, inəkdən və qoyundan da cütlər yaratmışdır ki, sizin üçün artıb çoxalsınlar. Zövcələrinizlə ailə həyatı qurmağınızla sizin sayınızı artırır və sizi mal-qaranızın əti və südü ilə dolandırır. Məxluqat arasında Allahın heç bir bənzəri yoxdur. O, Öz qullarının nə dediklərini eşidir, nə etdiklərini də görür. Heç bir şey Onun nəzarətindən yayına bilməz. Allah onlara etdikləri əməllərin əvəzini verəcək, xeyirin əvəzinə xeyir, şərin əvəzinə də şər.
(12) Göylərin və yerin xəzinələrinin açarları təkcə Ona məxsusdur. O, Öz qullarından istədiyinin ruzisini bol etməklə onu imtahana çəkər, görsün, o, şükür eədəcək, yoxsa nankor olacaq? İstədiyininkini də azaltmaqla onu müsibətə düçar edər, görsün, o, səbir edəcək, yoxsa Allahın qədərinə qəzəblənəcək? Allah hər şeyi bilir. Qullarına məsləhət olan şeylərdən heç biri Ondan gizli qalmaz.
(13) Ey Peyğəmbər! Biz Nuha nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr etdiksə, sənə, vəhy etdiyimizi, habelə, İbrahimə, Musaya və İsaya nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr etdiksə, sizin üçün də onun bənzərini dində qanun etdik. Bunun xülasəsi belədir: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin müşrikləri Allahın tək ilah olduğunu qəbul etməyə və Ondan baqasına edilən ibadəti tərk etməyə çağırmağın onlara ağır gəldi. Allah Öz qullarından istədiyini seçib onu Allaha ibadət və itaət etməyə müvəffəq edər, həmçinin, günahlarına görə tövbə edib Allaha üz tutan kimsəni də Özünə tərəf yönəldər.
(14) Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilib kafirlərin və müşriklərin əleyhinə dəlil-sübut göstərdikdən sonra, onlar firqələrə ayrıldılar. Onların firqələrə bölünmələrin səbəbi isə haqsızlıq və zülm etmək oldu. Əgər Allahın əzəli elmində, onlara verəcək əzabın müəyyən edilmiş vaxtadək - qiyamət gününədək təxirə salacağına dair söz verilmiş olmasaydı, Allah onların arasında hökm verər və Allah küfr etdiklərinə, həmçinin, Onun peyğəmbərlərini yalançı saydıqlarına görə onları dərhal əzaba düçar edərdi. Müşriklərdən və öz sələflərindən sonra Tövrata varis olan yəhudilər və İncilə varis olan nəsranilər Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Qurana şəkk edir və yalan sayırlar.
(15) Buna görə də sən bu doöru-düzgün dinə dəvət et və Allahın sənə əmr etdiyi kimi bu yolda sabitqədəm ol. Onların nəfslərinin batil istəyinə uyma və onlarla mübahisə etdikdə, belə de: “Mən Allaha və Allahın öz elçilərinə nazil etdiyi kitablara iman gətirdim. Allah mənə sizin aranızda ədalətlə hökm verməyi əmr etmişdir. Mənim ibadət etdiyim Allah hamımızın - həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz - istər xeyir, istərsə şər olsun -bizə, sizin əməlləriniz də - istər xeyir, istərsə şər olsun - sizə aiddir. Dəlil-sübut bəlli olduqdan və doğru yol aydın seçildikdən sonra, bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaq. Qiyamət günü dönüş də yalnız Onadır. O, bizlərdən hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəyi zaman, kimin doğruçu, kimin də yalançı olduğu, habelə, kimin haqq, kimin də batil olduğu bəlli olacaqdır”.
(16) İnsanlar Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş İslam dinini qəbul etdikdən sonra, bu din barəsində batil dəlillərlə mübahisəyə girişənlərin gətirdiyi dəlillər Rəbbinin və möminlərin yanında, heç bir istinadı olmayan boş və dəyərsiz bir şeydir. Onlar küfr etdiklərinə və haqqı inkar etdiklərinə görə Allahın qəzəbinə gəlmişlər. Qiyamət günü isə onları şiddətli bir əzab gözləyir.
(17) Quranı haqq olaraq, içində heç bir şübhə olmadığı halda nazil edən, habelə, insanlar arasında insafla hökm vermək üçün ədalət (tərəzisini) nazil edən Allahdır. Ola bilsin ki, onların yalan saydığı qiyamət saatı yaxındır. Məlumdur ki, gələn hər bir şey yaxın olur.
(18) Qiyamətə inanmayanlar onun tez gəlməsini itələb edirlər. Çünki onlar nə haqq-hesaba çəkilməyə, nə mükafat, nə də cəza veriləcəyinə inanırlar. Möminlər isə qiyamət günü insanları nələr gözlədiyini bildiklərinə görə Allahdan qorxur və o günün gələcəyinə heç bir şübhə olmayan bir həqiqət olduğunu yəqin bilirlər. Şübhəsiz ki, qiyamət saatı barəsində mübahisə edib höcətləşənlər və onun gələcəyinə şübhə ilə yanaşanlar haqdan uzaq bir azğınlıq içindədirlər.
(19) Allah Öz qullarına qarşı lütfkardır. O, istədiyinə ruzi verir və onun üçün o ruzini atırır, istədiyinin də ruzisini Öz hikməti və lütfü ilə azaldır. O, Qüvvətlidir - O Allah ki, heç kəs Ona üstün gələ bilməz, həmçinin, Qüdrətlidir - düşmənlərindən intiqam alar.
(20) Hər kim axirətə hazırlıq olaraq əməl edib savabını istəyərsə, Biz onun savabını qat-qat artırar - bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər, hətta bundan da çox artırarırq. Kim də təkcə dünyanı istəyərsə, ona əzəldən onun üçün müəyyən edilmiş nəsibini verərik. Beləcə, o, dünyanı axirətdən üstün tutduğuna görə, axirətdə onun heç bir payı olmaz.
(21) Yoxsa o müşriklərin Allahın dində izin vermədiyi şeyləri - Allaha şərik qoşmağı, halalı haram etməyi və ya haramı halal etməyi, onlar üçün şəriət qanunu edən, Allahdan başqa tanrıları var?! Əgər Allahın ixtilafa düşənlər arasında hökm vermək üçün müəyyən etdiyi vaxt, barələrindəki hökmü o vaxta qədər təxirə salmış olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, Allaha şərik qoşma və asiliklərə yol verməklə özlərinə zülm edən kimsələri qiyamət günü ağrılı-acılı bir əzab gözləyir.
(22) Ey Peyğəmbər! Alaha şərik qoşmaqla və asiliklər etməklə özlərinə zülm edən kimsələrin qazandıqları günahlara görə cəzalandırılacaqlarından qorxub titrədiyini görəcəksən. Onlar, şübhəsiz ki, cəzalandırılacaqlar. Tövbə etmədən, bu cür qorxmağın heç bir faydası yoxdur. Bunlardan fərqli olaraq, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görənlər isə Cənnət bağlarında naz-nemətlər içində olacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər növ tükənməz nemətlər hazırlanmışdır. Bənzəri olmayan böyük lütf də, elə budur.
(23) Allahın Öz rəsulu vasitəsilə, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görən kimsələrə verdiyi böyük müjdə budur. Ey Peyğəmbər, de: “Mən haqqı təbliğ etdiyimə görə sizdən mükafat istəmirəm. Yalnız sizin özünüzə fayda verəcək bir mükafatdan başqa. Bu da, mənim sizinlə olan qohumluğuma görə sevməyinizdir". Kim bir yaxşılıq edərsə, Biz onun savabını on mislində artırarıq. Həqiqətən, Allah Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışlayar, üstəlik, onların Onun üzü xatirinə etdikləri yaxşı əməllərin əvəzini verər.
(24) Müşriklərin batil iddialarından biri də budur ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub Allah nisbət etmişdir. Allah onların bu iddiasını rədd edib buyurur: "Əgər sənin nəfsin yalan uydurmaq istəsəydi, Mən ona möhür vurardım. Beləliklə də, uydurma batili silib yox edər, haqqı saxlayardım. Bu işin onların iddia etdiyi kimi olmaması dəlildir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Quranın ona öz Rəbbi tərəfindən vəhy edildiyini doğru söyləyir. Şübhəsiz ki, Allah, Öz qullarının qəlblərində olanları bilir, bunlardan heç bir şey Ondan gizli qalmır.
(25) Pak və müqəddəs Allah Öz qulları arasında küfrdən və asilikdən tövbə edən kimsələrin tövbəsini qəbul edir, onların etdikləri günahları bağışlayır və sizin nə etdiyinizi bilir, sizin əməllərinizdən heç bir şey Ondan gizli qalmır və bu əməlləri əvəzini sizə verəcəkdir.
(26) O, Allaha və Onun elçilərinə iman gətirib saleh əməllər edənlərin duasını qəbul edər və diləmədikləri nemətləri də onlara verməklə Öz lütfünü onlara artırar. Allaha və Onun elçilərinə küfr edən kəsləri isə qiyamət günün şiddətli əzab gözləyir.
(27) Əgər Allah bütün qullarına bol-bol ruzi versəydi, onlar yer üzündə zülm etməklə həddi aşardılar. Lakin pak və müqəddəs Allah ruzini istədiyi qədər - bəzən çox, bəzən də az nazil edir. Həqiqətən, O, Öz qullarının işlərindən xəbərdardır və onların etdiklərini görür. Elə buna görə də, O Öz hikməti ilə istədiyinə ruzi verir və Öz hikməti ilə istədiyinin ruzisini kəsir.
(28) Bəndələri yağışın yağmasından ümidlərini kəsdikdən sonra onlara yağış endirən və bu yağışı hər tərəfə yayıb yeri canlandıran Allahdır. O, Öz qullarının işlərini yoluna qoyan Hamidir və hər bir halda Tərifəlayiqdir.
(29) Allahın göyləri və yeri xəlq etməsi, habelə, onların içində qəribə məxluqlar yayması, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa və haqq-hesab çəkməyə qadirdir. Onların ilk yaradılışında Ona heç nə mane olmadığı kimi, onları bir yerə topladıqda da, Ona heç nə mane ola bilməz.
(30) Ey insanlar, başınıza gələn, yaxud malınıza toxunan hər bir müsibət öz əllərinizlə etdiyiniz asiliklər üzündəndir. Allah o günahların çoxunu sizə bağışlayır və buna görə sizi sorğu-sual etməyəcəkdir.
(31) Rəbbiniz sizi cəzalandırmaq istəsə, siz qaçıb Ondan canınızı qurtara bilməzsiniz. Ondan başqa sizin nə işlərinizi yoluna qoyan bir haminiz olar, nə də Onun əzabını sizdən uzaqlaşdıracaq bir köməkçiniz.
(32) Dənizdə üzən dağlar kimi hündür və uca gəmilər də Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindəndir.
(33) Əgər Allah gəmiləri aparan küləyi sakitləşdirmək istəsə, onu sakitləşdirər, onlar da, dənizdə hərəkətsiz qalarlar. Həqiqətən, gəmilərin qayırılmasında və küləklərin ram edilməsində, bəlalara və sınaqlara səbir edən və Allahın nemətlərinə şükür edən hər kəs üçün Allahın qüdrətini sübut edən aydın dəlillər vardır.
(34) Yaxud, əgər pak və müqəddəs Allah, o gəmidəki insanların qazandıqları günahlardan dolayı qasırğa göndərib onları məhv etmək istəsə, onları məhv edər. Lakin O, Öz qullarının günahlarından çoxunu bağışlayır, o günahlara görə onları cəzalandırmır.
(35) Allahın ayələrinin batil olduğunu sübut etmək üçün mübahisə edənlər (göndərdiyimiz) o qasırğanın gəmiləri batırdığını görəndə, özləri üçün bu bəladan qurtuluş yeri olmadığını biləcəklər. Onda onlar Allahdan başqasına dua etməyəcək, Allahdan savayı bütün tanrılarını tərk edəcəklər.
(36) Ey insanlar, sizə verilən mal-dövlət, yaxud şan-şöhrət, yaxud övlad dünya həyatının keçici zövqüdür. Tükənməz nemətlər isə Allahın, Ona və Onun elçilərinə iman gətirən və bütün işlərində təkcə Rəbbinə etimad edən kimsələr üçün hazırladığı Cənnət nemətləridir.
(37) O kəslər ki, böyük günahlardan və murdar əməllərdən uzaq durur, birisinin onlara dediyi pis sözdən və ya etdiyi pis hərəkətdən qəzəbləndikləri zaman onun xətasını bağışlayır və buna görə onu cəzalandırmırlar. Əgər bu bağışlamada xeyir və məsləhət varsa, o halda bu mərhəmət onlar tərəfindən bir lütfdür.
(38) O kəslər ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Onun çağırışını qəbul edir, namazları kamil şəkildə yerinə yetirir, özlərinə aid olan işlər barədə öz aralarında məşvərət edir və onlara verdiyimiz ruzidən Allahın üzü xatirinə xərcləyirlər.
(39) O kəslər ki, zülmə məruz qaldıqda, öz mənliklərini və şərəflərini qorumaq üçün zalımdan - əgər onlara zülm etmiş adam bağışlanmağa layiq deyilsə - intiqam alırlar. Bu intiqam,əlbəttə ki, haqdır, xüsusilə də, əgər zalımı bağışlamaq məsləhət deyilsə.
(40) Hər kim özünə edilmiş pisliyin əvəzini çıxmaq istəsə, onun əvəzini çıxa bilər. Lakin (bir şərtlə ki,) o bunu heç bir şey artırmadan və ya həddi aşmadan yerinə yetirsin. Kim də özünə pislik edən kimsəni bağışlasa, onu cəzalandırmasa və qardaşı ilə öz arasında olan münasibəti düzəltsə, onun mükafatı Allah yanında olar. Həqiqətən, O, insanların özlərinə, yaxud mallarına, yaxud da namusuna təcavüz edən zalımları sevməz, əksinə, onlara qəzəblənər.
(41) Haqsızlığa məruz qaldıqdan sonra qisas alanlar, öz haqlarını aldıqlarına görə qınanmazlar.
(42) Qınanılmağa və cəzalanldırılmağa yalnız o kəslər layiqdirlər ki, onlar insanlara zülm edir və yer üzündə asilik edirlər. Onlar üçün axirətdə ağrılı-acılı əzab vardır.
(43) Hər kim başqasının əziyyətinə səbir edib onu əfv edərsə, şübhəsiz ki, bu səbir, ona və cəmiyyətə xeyir gətirər. Bu, elə bir təqdirəlayiq əməldir ki, buna yalnız böyük qismət sahibləri müvəffəq olar.
(44) Allah kimi hidayətdən məhrum edib haqdan azdırarsa, bundan sonra ona yardım edəcək bir hamisi olmaz. Qiyamət günü sən, küfr və asilik etməklə özlərinə zülm edən kimsələrin əzabı gördükləri zaman təmənna edib: “Dünyaya qayıtmağa bir yol varmı, (qayıdıb) Allaha tövbə edək?” – dediklərini görəcəksən.
(45) Ey Peyğəmbər, o zalımlar zəlil və rəzil olduqları halda Cəhənnəmin qarşısına gətirildikləri zaman sən onların Cəhənnəmin qorxusundan başlarını aşağı salıb gözucu insanlara gizlin-gizlin baxdıqlarını görəcəksən. Allaha və Onun elçilərinə iman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü Allahın əzabına düçar olmaqla özlərini və ailələrini ziyana salanlardır”. Heç şübhəsiz ki, küfr və asilik etməklə özlərinə zülm edən kimsələr əbədi olaraq daimi əzab içində qalacaqlar.
(46) Qiyamət günü onları Allahın əzabından qurtarmaqla onlara kömək edəcək dostlar olmayacaq. Allah kimi haqdan azdırarsa, onun üçün heç vaxt haqqa yönəldən yol tapılmayacaq.
(47) Ey insanlar, qiyamət günü gəlməmişdən əvvəl Rəbbinizin əmrlərini yerinə yetirib qadağan etdiyi əmllərdən çəkinməklə, yaxşı işlər görməyi sonraya saxlamamaqla, Onun çağırışına cavab verin! O gün ki, heç kəs onun gəlməsinin qarşısını ala bilməz. O gün sizin üçün heç bir sığınacaq yeri olmayacaq və siz dünyada ikən qazandığınız günahlarınızı da inkar edə bilməyəcəksiniz.
(48) Ey Peyğəmbər, əgər onlar sənin onlara əmr etdiyindən üz döndərsələr, bil ki, Biz səni onların əməllərinə nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq sənə əmr olunanı təbliğ etməkdir. Onların haqq-hesabı isə Allaha aiddir. Biz insana Öz mərhəmətimizdən - var-dövlət, sağlamlıq və başqa bu kimi nemətlərdən daddırdıqda ona sevinər. İnsanlara öz günahları üzündən xoşlamadıqları bir müsibət üz verdikdə isə, insanın xislətcə Allaha qarşı nankor olduğunu, Ona şükr etmədiyini və Allahın Öz hikməti ilə yazdığı qədərə qəzəbləndiyi görərsən.
(49) Göylərin və yerin mülkü Allaha məxsusdur. O, kişi, qadın və s. istədiyini yaradır; kimisinə qız uşaqları verib və onu oğlan uşağından məhrum edir. Kimisinə oğlan uşaqları verib və onu qız uşağından məhrum edir. Kimisinə həm oğlan, həm də qız uşaqları bəxş edir. Kimisinə də sonsuzluq nəsib edir və onun heç bir uşağı olmaz. Həqiqətən də, Allah keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilir. Bu da, Allahın elminin əhatəli və hikmətinin kamil olduğundan irəli gəlir. Heç bir şey Ondan gizli qalmaz və heç bir şey Onun istədiyinin qarşısını ala bilməz.
(50) Göylərin və yerin mülkü Allaha məxsusdur. O, kişi, qadın və s. istədiyini yaradır; kimisinə qız uşaqları verib və onu oğlan uşağından məhrum edir. Kimisinə oğlan uşaqları verib və onu qız uşağından məhrum edir. Kimisinə həm oğlan, həm də qız uşaqları bəxş edir. Kimisinə də sonsuzluq nəsib edir və onun heç bir uşağı olmaz. Həqiqətən də, Allah keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilir. Bu da, Allahın elminin əhatəli və hikmətinin kamil olduğundan irəli gəlir. Heç bir şey Ondan gizli qalmaz və heç bir şey Onun istədiyinin qarşısını ala bilməz.
(51) İnsana layiq olan budur ki, Allah onunla yalnız vəhy - ilham və s. vasitə ilə danışır, yaxud onunla danışdığı zaman insan Onu eşdiri, lakin Onu görmür, yaxud bir Cəbrail kimi bir elçi mələk göndərir və o da Allahın izni ilə Onun istədiyini bəşərdən olan elçiyə vəhy edir. Həqiqətən, pak və müqəddəs Allahın zatı və sifətləri ucadır, üstəlik, yaratmaq, qədəri yazmaq və şəri hökmləri təqdir etmə xüsusunda hikmət sahibidir.
(52) Ey Peyğəmbər! Biz səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də Özümüzdən olan Quranı vəhy etdik. Bundan öncə sən elçilərə nazil edilmiş səmavi kitabların nə olduğunu, habelə, imanın nə olduğunu bilmirdin. Lakin Biz Quranı, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün bir nur olaraq nazil etdik. Həqiqətən, sən insanları doğru yola - İslamı dininə yönəldirsən.
(53) Allahın yoluna (yönəldirsən). O Allah ki, göylərdə və yerdə nə varsa - məxluqat, mülk və idarə etmək yalnız Ona məxsusdur. Heç şübhəsiz ki, bütün işlərin əzəli qədəri və onların yoluna qoyulması təkcə Allahın ixtiyarına qayıdır.