35 - Fatir ()

|

(1) Həmd, göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq edən Alla­ha məxsusdur! O Allah ki, mələklərdən, əzəldən qədərə yazılmış əmrləri yerinə yetirmək və peyğəmbərlərə vəhyi çatdırmaq üçün elçilər seçmiş, üstəlik, onlara özlərinə həvalə edilmiş əmanəti ödəmək üçün qüvvət vermişdir. Onlardan bəzisi iki, bəzisi üç, bəzisi də dördqa­nad­lıdır. Onlar bu qanadlarla uçub Rəbbinin əmrlərini yerinə yetirirlər. Allah yaratdıqlarından dilədiyinin əzasını, yaxud gözəlliyini yaxdu da səsini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir, heç kəs Onu aciz edə bilməz.

(2) Hər bir şeyin açarı Allahın əlindədir. Allahın insanlara bəxş etdiyi ruzinin, hidayətin, səadətin və s. bu kimi nemətlərin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, yenilməz qüdrət sahibidir, üstəlik, yaratmaq, hər şeyin müqəddəratını əzəldən müəyyən etmək və işləri idarə etmək xüsusunda Hikmət sahibidir.

(3) Ey insanlar! Allahın sizə bəxş etdiyi nemətləri qəlbinizlə, dilinizlə və əməl etdiyiniz əzalarınızla xatırlayıb yada salın. Allahdan başqa sizə göydən yağış endirərək və yerdən meyvələr və dənli bitkilər və s. bu kimi nemətləri yetişdirərək ruzi verən bir xaliq varmı?! Ondan başqa ibadətə haqqı olan məbud yoxdur. Bütün bunlardan sonra siz necə bu haqdan döndərirsiniz, Allaha qarşı iftira yaxırsınız və Allah sizi yaratdığı və sizə ruzi verdiyi halda Onun şərikləri olduğunu iddia edirsiniz!

(4) Ey Peyğəmbər, əgər qövmün səni yalançı he­sab et­sə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk elçi deyilsən. Səndən əv­vəl də, Ad, Səmud və Lut tayfaları kimi ümmətlər özlərinə göndərilmiş elçiləri ya­lançı hesab etmişdi. Bütün işlər təkcə Alla­ha qaytarıla­­caqdır. Allah haqqı yalan sayanları məhv edəcək, peyğəmbərlərinə və möminlərə isə qələbə bəxş edəcək.

(5) Ey insanlar! Həqiqətən, Allahın vədi - öldükdən sonra dirilmə və qiyamət günü haqq-hesaba çəkilmə haqdır, buna heç bir şübhə yoxdur. Dün­ya həyatı və içindəki ləzzətlər sizi al­dadıb, saleh əməllər etməklə qiyamət gününə hazırlıq görməkdən yayındırmasın. Tovlayan şeytan da, batili sizə gözəl göstərməklə və dünya həyatını sevdirməklə yol­dan çıxartmasın.

(6) Ey insanlar, həqiqətən də, şeytan sizin əbədi düşmə­ni­nizdir, siz də ona qarşı müharibə etməklə onu düş­mən qəbul edin. Şeytan öz ardıcıllarını Allaha küfr etməyə dəvət edir ki, onların hamısının axırı, qiyamət günü yandırıb-yaxan atəşə girmək olsun.

(7) Şeytana uyub Allaha küfr etmiş kimsələr üçün şiddətli əzab hazırlanmışdır. Allaha iman gəti­rib saleh əməllər edənləri isə Allah tərəfindən onların günahlarının bağışlanması və böyük bir mükafat - Cənnət gözləyir.

(8) Pis əməli özünə şeytan tərəfindən gözəl gös­tərilib onu yaxşı hesab edən kimsə, Allahın haqq yola yönəltdiyi kimsə eyni ola bilməz. Həqiqətən, Allah dilədiyini zə­la­lətə salır, dilədiyini də doğru yola yönəldir. Heç kəs onu məcbur edə bilməz. Ey Peyğəmbər, sən, azmış insanların azmasına görə özünü üzüb əldən salma. Şübhəsiz ki, pak və müqəddəs Allah on­ların nə etdiklərini bi­lir. Onların etdiyi əməllərdən heç bir şey Ondan gizli qalmaz.

(9) Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz o buludları heç bir bitki bitməyən bir diyara tərəf qovub, onlardan qurumuş torpağa yağmur endirməklə və orada bitkilər bitirməklə onu canlandırırıq. Biz yer üzünü öldükdən sonra orada bitkilər bitirməklə canlandırdığımız kimi qiyamət günü ölülərin dirildilməsi də belə olacaqdır.

(10) Kim bu dünyada və ya axirətdə izzətli olmaq istəsə, qoy bunu yalnız Allahdan istəsin. Çünki dünyada da, axirətdə də, izzət yalnız Allaha məxsusdur. Gözəl söz Ona tərəf yük­sə­lir və onu yüksəldən insanların saleh əməlləridir. Peyğəmbəri (səllallahu aleyhi və səlləm) qətlə yetirməyə cəhd göstərmək kimi pis hiylələr quran kimsələri şiddət­li əzab göz­ləyir. O kafirlərin qur­duq­ları hiylələr batil olub, puça çıxacaq­ və onların istəyi baş tutmayacaqdır.

(11) Allah atanız Adəmi torpaqdan, sonra sizi nütfədən yaratmış, sonra da sizi bir-biri ilə evlənən kişi və qadınlar yaratmışdır. Pak və müqdəddəs Allahın xəbəri olmadan heç bir qadın nə hamilə olar, nə də daşıdığını yerə qoyar, bunlardan heç bir şey Ondan gizli qalmaz. Onun yaratdıqlarından hər hansı birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, lövhi-məhfuzda yazılmışdır. Həqiqətən, bu zikr edilənlər - sizin torpaqdan yaradılmağınız və mərhələ-mərhələ xəlq edilməyiniz, habelə, ömrünüzün lövhi-məhfuzda yazılması Allah üçün asandır.

(12) İki dəniz eyni deyil. Birinin suyu olduqca şirin və şirinliyinə görə içməyə ra­hat, digərininki isə duzlu və acıdır, olduqca duzlu olduğuna görə içmək üçün yararsıdır. Zikr olunan bu iki dənizin hər birindən təzə ba­lıq ye­yir, zinət əşyası olaraq taxdığınız inci və mərcan çıxa­rır­sı­nız. Ey müşahidə edən kəs, sən gəmilərin irəli-geri ləngər vura-vura üzüb dənizi yardığını gö­rür­sən. Bütün bunlar ticarət edib Alla­hın lüt­fünü axtarıb tapmağınız üçündür ki, bəlkə Allahın sizə bol nemətlər verdiyinə görə Ona şü­kür edəsiniz.

(13) Allah gecəni gündüzə qatıb onun vaxtını uzadır, habelə, gün­düzü də, gecəyə qatıb onun vaxtını uzadır. Pak və müqəddəs Allah günə­şi və ayı ram et­mişdir. Onların hər biri Allahın bildiyi, əvvəlcədən müəyyən edilmiş qiyamət vax­tınadək hə­rə­kət edir. Bunların müqəddəratını təyin edən və onları idarə edən, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Sizin On­dan başqa ibadət etdiyiniz bütlər xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər. Belə olduğu təqdirdə, siz Məni qoyub, necə onlara ibadət edirsiniz?!

(14) Əgər siz öz məbudlarınızı çağırsa­nız, onlar sizin duanızı eşitməzlər, çünki onlar canı və eşitmə orqanı olmayan bir əşyadırlar. Tutaq ki, duanızı eşitdilər, yenə sizə ca­vab verə bilməzlər. Onlar qiyamət günü sizin onları Allaha şərik qoşduğunuzu və on­la­ra ibadət etdiyinizi danacaqlar. Ey Peyğəmbər, heç kəs pak və müqəddəs Allah ki­mi sənə doğru xəbər verə bilməz.

(15) Ey insanlar! Siz hər bir işinizdə və hər bir halınızda Allaha möhtacsı­nız. Allah isə zəngin­dir heç bir şeydə sizə möhtac deyil, üstəlik, dünyada və axirətdə Öz qulları üçün hazırladığı nemətlərə görə Tərifəlayiqdir.

(16) Əgər pak və müqəddəs Allah sizi məhv edərək yox etmək istəsə, sizi yox edib yerinizə elə yeni məxluq gəti­rər ki, onlar Ona ibadət edər və heç bir şeyi Ona şərik qoşmazlar.

(17) Sizi məhv etməklə yox edib, yerinizə yeni məxluq gətrimək pak və uca Allah üçün çətin de­yildir.

(18) Heç bir günahkar adam başqa­ günahkarın gü­nahını daşımaz. Əksinə, hər bir günahkar öz günahını daşıyacaq. Günah yükü ağır olan kimsə günahlarını daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, onun günahlarından heç bur şey da­şıya bilməz. Sən, ey Peyğəmbər, an­caq, Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və kamil şəkildə namaz qılanları Allahın əzabı ilə qorxudub xəbərdar edənsən. Məhz belələri sənin xəbərdarlığından fayda götürürlər. Kim günahlardan - ələlxüsus da, ən böyüyü olan şirkdən tə­miz­lə­nər­sə, öz xe­yri­nə təmiz­lənmiş olar. Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını vəya cəzasını almaq) üçün dönüş yalnız Allahadır.

(19) Kor ilə görən eyni dərəcədə olmadığı kimi, kafir ilə mömin də eyni de­yil­.

(20) Zülmətlərlə nur eyni olmadığı kimi, küfrlə iman da eyni deyil.

(21) Kölgə ilə bürkü eyni olmadığı kimi, Cənnətlə Cəhənnəmdəki hal da eyni deyil.

(22) Dirilərlə ölülər eyni olmadığı kimi, möminlərlə kafirlər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə, ey Peyğəmbər, qəbirlərdə olan ölülərə bənzəyən kafirlərə haqqı eşit­di­rə bilməzsən.

(23) Sən ancaq onları Allahın əzabı ilə qorxudub xə­bərdar edənsən.

(24) Ey Peyğəmbər, həqiqətən, Biz səni içində şübhə olmayan haq­la möminlərə - Allahın onlar üçün hazırladığı dəyərli mükafat barədə - müjdə verən, kafirləri də, Allahın onlar üçün hazırladığı ağrılı-acılı əzabla qorxudan bir peyğəmbər gön­dər­dik. Keçmiş ümmətlər arasında elə bir ümmət olmayıb ki, ona Allah tərəfindən, onu Allahın əzabı ilə qorxudan bir pey­ğəm­bər göndərilmiş olmasın.

(25) Ey Peyğəmbər, əgər qövmün səni yalançı hesab et­sə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk peyğəmbər deyilsən. Belə ki, Ad, Səmud və Lut tayfaları kimi keçmiş ümmmətlər özlərinə göndərilmiş elçiləri yalançı he­sab etmişdilər. Halbuki elçiləri özlərinin doğru danışdıqlarını isbat etmək üçün onlara - ağlı kəsən və ibrət alan kimsələrə, Allah tərəfindən aydın dəlillər, mü­qəd­dəs yazılar və nur saçan kitab gətirmişdi­lər.

(26) Buna rəğmən onlar Allaha və Onun peyğəmbərlərinə küfr etdilər, üstəlik, onların Allah tərəfindən gətirdiklərini təsdiq etmədilər. Buna görə də, Mən küfr edənləri məhv etdim. Bir görəydin, ey Peyğəmbər, Mənim on­ları məhv etmə­yim necə oldu!

(27) Məgər sən, ey Peyğəmbər, Allahın göydən yağmur endirdiyini və onunla ağaclara su verdikdən sonra onlardan müx­tə­lif rəngli - yaşıl, qırmızı, sarı və başqa rəngdə olan meyvələr ye­tiş­dirdiyimizi görmürsən­mi?! Dağ­larda da müxtəlif rəngli – ağ, qır­mızı və tünd qara rəngli təhlükəli cı­ğır­lar əmələ gə­tirdik.

(28) İnsanlar, heyvanlar və mal-qara (dəvə, inək və qoyunlar) arasında da, bu cür müxtəlif rəng­li olan­ları vardır. Uca Allahın Öz qulları arasın­da ancaq alimlər Onun məqamını uca tutar və Ondan qorxarlar. Çünki onlar Onun sifətlərini, şəri qanunlarını və qüdrət əlamətlərini bilirlər. Həqi­qətən, Allah yenilməz qüdrət sahibidir və qullarından Ona tövbə edən kimsələrin günahlarını bağışlayandır.

(29) Allahın Öz rəsuluna nazil etdiyi Kitabını oxu­yub içindəkilərə əməl edən, na­mazı ən gözəl şəkildə qılan və özlərinə verdiyimiz ru­zidən gizli və aş­kar zəkat və s. verən kimsələr, bu əməllərinin müqabilində, Allah yanında sə­mərəsiz olmayacaq bir ticarətə ümid edirlər.

(30) Belə edirlər ki, Allah onlara əməllərinin mükafatla­rı­nı tam olaraq versin, üstəlik, on­la­ra Öz lüt­fündən artırsın. Belə ki, yalnız O buna qadirdir. Hə­qiqətən, pak və müqəddəs Allah, bu xislətləri özündə cəm edən kimsələri bağış­la­yandır, onların yaxşı əməllərinin şükrünün əvə­zini verəndir.

(31) Ey Peyğəmbər, sənə vəhy etdiyimiz Ki­tab, içində şübhə olmayan haqdır. O kitab ki, Allah onu əvvəlki kitabları təs­diq­ləmək üçün nazil etmişdir. Hə­qi­qətən, Allah Öz qulların­dan xə­bərdardır, görəndir. O, hər bir ümmətin rəsuluna onların yaşadığı zaman uyğun vəhylər nazil etmişdir.

(32) Sonra, Biz ümmətlər arasından seçdiyimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) ümmətinə Quranı mi­ras et­dik. Onlar­dan kimisi haram işlər görməklə və vacibləri tərk etməklə özü­nə zülm edər, kimisi vacibləri yerinə yetirməklə və haram işlərdən çəkinməklə, habelə, bununla yanaşı bəzi müstəhəbləri tərk etməklə və bəzi məkruhları etməklə or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə vacibləri və müstəhəbləri yerinə yetirməklə, habelə, haram və məkruh işlərdən çəkinməklə xeyirli işlərdə öndə gedər. Bu deyilənlər, - bu ümmətin seçilməsi və Quranın onlara verilməsi, - bənzəri olmayan bö­yük lütfdür.

(33) O seçilmiş insanlar əbədi məskunlaşacaqları cən­nətlərə da­xil olacaq, orada qızıl bilərzik­lərlə və incilərlə bə­zədiləcək­lər. Libasları da ipəkdən ola­caqdır.

(34) Onlar Cənnətə daxil olduqdan sonra deyəcəklər: “Cəhənnəm düşməkdən qorxduğumuzdan dolayı bizi bürüyən qəm-kədəri bizdən uzaq edən Alla­ha həmd olsun! Həqiqətən, Rəb­bi­miz Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır, itaət etdiklərinə görə şükürün əvə­zini ve­rəndir.

(35) Biz güc və qüvvət sərf etmədən, Öz lütfü ilə bizi əbədi iqa­mətgahda, - bundan sonra tərk etməyəcəyimiz yerdə, - yerləşdirən Odur. Ora­da bizə nə bir yorğunluq üz verər, nə də bir üz­gün­lük toxunar!”

(36) Allaha küfr etmiş kimsələri isə içərisində əbədi qalalcaqları Cəhənnəm odu göz­ləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də Cəhənnəm əzabından on­lar üçün yüngülləşdi­rilər. Qiyamət günü Biz Allahın nemətinə qarşı küfr etmiş hər kəsi bu cür cəza ilə cəza­lan­dı­rı­rıq.

(37) Onlar orada bərk səslə fəryad qo­pararaq yal­varıb deyəcəklər: “Ey Rəb­bimiz! Bi­zi Cəhənnəmdən çıxart, dünyada etdiyimiz əməllərin əksi olan saleh əməllər edək ki, Sənin rizanı qazanaq və Sənin əzabından qurtulaq.” Allah da onlara belə buyuracaq: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünüb tövbə edəcəyi və yaxşı işlər görə bilə­cə­yi qədər uzun ömür ver­mə­mişdik­mi?! Sizə Allahın əzabı ilə sizi qorxudan Peyğəmbər də gəlmişdi. Bütün bunlardan sonra sizin öz lehinizə nə bir dəliliniz, nə də bir bəhanəniz var. Elə isə dadın Cəhənnəm əzabını! Küfür və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri Allahın əzabından xilas edən və ya bu əzabı yüngülləşdirən bir kö­­məkçi tapılmaz.”

(38) Şübhəsiz ki, Allah göy­lərin və yerin qeybini biləndir. Budan heç bir şey Ona gizli qalmaz. Həqiqətən, O, Öz qullarının kökslərində gizlətdikləri xeyir və şəri bilir.

(39) Ey insanlar, yer üzündə sizin nə əməllər edəcəyinizi sınamaq üçün bəzilərinizi digərlərinizin xələflər edən Odur. Kim Allaha və Onun peyğəmbərlərinin gətrdikləri haqqa küfr edərsə, onun küfrünün günahı və onun cəzası öz əley­hi­nə olar, onun küfrü Rəbbinə heç bir zərər yetirməz. Kafirlərin küfrü onların pak və müqəddəs Rəbbi yanında ancaq onlara olan qə­zə­bi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz. Belə ki, onlar iman gətirəcəkləri təqdirdə Allahın Cənnətdə möminlər üçün hazırladığı nemətləri itirdiklərinə görə ziyayana uğramışlar.

(40) Ey Peyğəmbər, o müşriklərə de: “Mənə bir deyin görüm, Allahdan başqa ibadət etdiyiniz şəriklər yer üzündə nəyi yaradıblar? Dağları onlarmı yaradıblar? Bəlkə çayları onlar yaradıblar? Yaxud heyvanları onlar yaradıblar? Yoxsa onların göy­lərin yaradılmasında Allahla bir şərik­liyi var? Ya­xud on­lara elə bir ki­tab vermişik ki, içində onların şəriklərinə ibadət etmələrinin doğru olduğunu isbat edən dəlil vardır? Bu deyilənlərdən heç birinin onlara aidiyyatı yoxdur. Əksinə, küfr və asiliklər etməklə özlərinə zülm etdən kimsələr bir-birilərinə ancaq yalan vəd ve­rirlər.

(41) Həqiqətən, pak və müqəddəs Allah göyləri və yeri öz mehvərindən çıxmasınlar deyə, tutub sax­layır. Onlar öz mehvərindən çıxacaqları təqdirdə, Allahdan başqa onları heç kəs tutub saxla­ya bilməz. Həqi­qə­tən də, O, həlimdir, günahkar kimsəni dərhal cəzalandırmaz, üstəlik, Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışla­yar.

(42) Haqqı yalan sayan o kafirlər möh­kəm and içdilər ki, əgər özlərinə Allah tərəfindən Onun əzabı ilə qorxudan bir pey­ğəm­bər gəlsə,yəhudilərdən, nəsranilərdən və digərlərindən daha çox doğru yolda olacaq və daha çox haqqa tabe olacaqlar. Muhəmməd (səllallahu aleyhi və səlləm) öz Rəbbi tərəfindən onlara peyğəmbər olaraq gəlib, onları Allahın əzabı ilə qorxutduqda isə, bu gəliş ancaq onların haqdan uzaqlaşmasını və batilə sarılmasını bir qədər də artırdı. Onlar əvvəlki ümmətlərdən daha çox doğru yolda olacaqlarıına dair verdikləri möhkəm andlarını yerinə yetirmədilər.

(43) Onların Allaha and möhkəm içməsi, gözəl niyyət və salamat məqsədlə yox, əksinə, yer üzündə təkəbbürlük göstərmək və insanları aldatmaq üçün idi. Yara­maz hiylələr isə ancaq öz hiyləgər sahiblər­ini qap­layar. Yoxsa təkəbbürlü hiyləgərlər Allahın sabit qanunu üzrə əv­vəl­kilərin baş­ı­na gə­lən müsibətləri, əvvəlkilərin həlak olduğu kimi özlərinin həlak olmağını göz­lə­yirlər?! Sən təkəbbürlülərin həlak olmasına dair, Allahın qayda-qanununda heç bir əvəz tapa bilməzsən. Belə ki, bu bəlanın qarşısı alınmaz. Həmçinin, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Belə ki, bu bəla onlardan ötüşüb, başqasını yaxalamaz. Çünki bu, dəyişməyən ilahi bir qayda-qanundur.

(44) Qureyşlilərdən səni yalançı sayan kimsələr yer üzündə gəzib-dolaşıb, (peyğəmbərlərini) yalançı saymış keçmiş ümmətlərin aqibətinin necə olduğunu görmürlərmi?! Məgər Allah onların məhv edərkən onların axırı pis qurtarmadımı?! Halbuki onlar qureyşlilərdən daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb qurtulacaq heç bir şey yoxdur. Həqiqətən, O, haqqı yalan sayanların nə əməllər etdiklərini biləndir, onların əməllərindən heç bir şey Ondan gizli qalmaz və Ondan yayına bilməz, üstəlik, istədiyi vaxt onları məhv etməyə də qadirdir.

(45) Əgər Allah insanları etdikləri asiliklərə və qazandıqları günahlara görə dərhal cəzalandırsaydı, yer üzündəki canlıların hamısını, üstəlik, onların heyvanlarını və mal-dövlətlərini dərhal məhv edərdi. Lakin pak və müqəddəs Allah onla­ra Özünün bildiyi müəyyən edilmiş vaxta­dək - Qiyamət gününədək möhlət verir. Qiyamət günü gəldikdə isə hər kəsə əməllərinin əvəzini - yaxşı əmələ görə mükafat, şər əmələ görə isə cəza verəcək. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür, heç bir şey Ondan gizli qala bilməz.