95 - ət-Tin ()

|

(1) Uca Allah əncirə və onun bitdiyi yerə, habelə, zeytuna və onun bitdiyi Fələstin torpağına, İsanın (aleyhissəlam) peyğəmbər göndərildiyi yerə and içir.

(2) Uca Allah peyğəmbəri Musa (aleyhissəlam) ilə danışdığı Sina dağına and içir.

(3) O, həmçinin, toxunulmaz şəhərə - Məkkəyə and içir. O şəhərə ki, ora daxil olan kəs əmin-amanlıqda olar. O şəhər ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) ora peyğəmbər göndərilmişdir.

(4) Biz insanı ən gözəl biçimdə və ən gözəl surətdə yaratdıq.

(5) Sonra onu dünyada qocalığın düşkün çağına və ahıl yaşına yetişdirdik, beləliklə də, bədəninin ona heç bir faydası olmadı. Eləcə də, əgər fitrəti korlanar və cəhənnəmlik olarsa, o bədənin ona heç bir faydası olmaz.

(6) Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır. Belə ki, onlar qocalığın düşkün çağına çatsalar da, onları tükənməz mükafat - Cənnət gözləyir. Çünki onlar öz fitrətlərini təmizləmişlər.

(7) Ey insan! Allahın qüdrətinin bir çox əlamətlərini gördükdən sonra haqq-hesab gününü yalan saymağa səni vadar edən nədir?

(8) Məgər qiyamət gününü haqq-hesab günü edən Allah hakimlərin ən üstünü və ən ədalətlisi deyilmi?! Məgər Uca Allah Öz qulları arasında hökm vermədən - yaxşı kimsənin yaxşılığının mükafatını vermədən, pis kimsıni da pisliyinə görə cəzalandırmadan - onları başlı-başına buraxması ağıla batandırmı?!