(1) Yəhudilərdən, nəsranilərdən və müşriklərdən küfr edənlər, özlərinə aydın bir dəlil və açıq-aşkar bir əsas gəlməyənə qədər, hamılıqla qəbul edib üzərində ittifaq etdikləri küfrü tərk edən deyillər.
(2) Bu aydın dəlil və açıq-aşkar əsas, təmiz olanlardan başqa heç kəsin toxunmadığı pak səhifələri oxuyan, Allahın göndərdiyi rəsuldur.
(3) O səhifələrin içində doğru yazılar və ədalətli hökmlər vardır. Bu yazılar və hökmlər insanları islah olunmağa və doğru yol tutmağa yönəldir.
(4) Özlərinə Tövrat verilmiş yəhudilər, habelə, özlərinə İncil verilmiş nəsranilər yalnız Allah onlara Öz peyğəmbərini göndərdikdən sonra ixtilafa düşdülər. Onlardan kimisi İslam dinini qəbul etdi, kimisi də, peyğəmbərinin doğru danışdığını bilə-bilə öz küfründə davam etdi.
(5) Yəhudilərin və nəsranilərin cinayəti və inadkarlıqları ondan bəlli olur ki, bu Quranda onlara sadəcə öz kitablarında əmr edilənlər - təkcə Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamaq, namaz qılmaq və zəkat vermək əmr edilmişdir. Onlara əmr edilən din, içində heç bir əyriliyi olmayan doğru dindir.
(6) Şübhəsiz ki, yəhudilərdən, nəsranilərdən və müşriklərdən küfr edənlər, qiyamət günü içində əbədi qalacaqları Cəhənnəmə girəcəklər. Onlar Allaha küfr etdiklərinə və Onun rəsulunu yalançı saydıqlarına görə, məxluqatın ən pisi sayılırlar.
(7) İman gətirib yaxşı işlər görənlər isə, əlbəttə ki, məxluqatın ən xeyirlisidilər.
(8) Onların pak və uca Rəbbinin yanındakı mükafatı, qəsrləri və ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Onlar Allaha iman gətirdiklərinə və Ona itaət etdiklərinə görə Allah onlardan razıdır, onlarda Allahın rəhmətinə nail olduqlarına görə Ondan razıdırlar. Bu rəhmət, Rəbbinin əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Ondan qorxan kimsələr üçündür.