(1) Çəkidə və ölçüdə aldadanlar həlak olsun və ziyana uğrasın!
(2) O kəslər ki, başqalarından bir şey aldıqda öz haqlarını onlardan tam şəkildə tələb edirlər.
(3) Özləri onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə ölçünü və çəkini naqis edirlər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Mədinəyə hicrət etdiyi zaman Mədinəlilərin halı belə idi.
(4) Bu günahı edən kimsələr öldükdən sonra dirililib Allahın hüzuruna gətiriləcəklərindən qorxmurlarmı?!
(5) Bəlalar və dəhşətlərlə dolu əzəmətli bir gündə, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün (diriləcəklər).
(6) O gün insanlar haqq-hesab çəkilmək üçün bütün məxluqatın Rəbbi qarşısında duracaqlar.
(7) Öldükdən sonra yenidən dirilməni yalan hesab edirsiniz, amma bu heç də siz təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, kafirlərdən və münafiqlərdən olan günahkarların kitabı yerin alt təbəqəsində ziyan içindədir.
(8) Ey Peyğəmbər! Sən nə bilirsən Siccin nədir?!
(9) Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər.
(10) O gün haqqı yalan sayanlar həlak olsun və ziyana uğrasın!
(11) Onlar, Uca Allahın Öz qullarına dünyada etdikləri əmllərinin əvəzini verəcək gününü yalan sayan kimsələrdir.
(12) O günü yalnız Allahın hədlərini aşan və çoxlu günahlar işlədən kimsə yalan hesab edər.
(13) Rəsulumuza nazil edilmiş ayələr ona oxunduğu zaman o: "Bu, əvvəlki ümmətlərin uydurduğu nağıllardır. O, Allahdan nazil olmayıb" – deyər.
(14) Bu heç də o yalan sayanların təsəvvür etdiyi kimi deyil, əksinə, onların qazandıqları günahlar ağıllarına üstün gəlmiş və onu qaplamışdır. Odur ki, onların qəlbi haqqı görmür.
(15) Həqiqətən də, qiyamət günü onlar özlərinin Rəbbini görməkdən məhrum olacaqlar.
(16) Sonra onlar Cəhənnəmə varid olacaq və onun hərarətindən əzab çəkəcəklər.
(17) Sonra qiyamət günü onlara bir təhqir olaraq deyiləcək: "Sizin düçar olduğunuz bu əzab, dünyada ikən rəsulunuzun sizə xəbər verdiyi, sizin yalan saydığınız Cəhənnəmdir".
(18) Bu heç də sizin, haqq-hesabın və əməllərin əvəzinin olmadığını təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, itaət edənlərin kitabı İlliyyundadır.
(19) Ey Peyğəmbər! Sən nə bilirsən İlliyyun nədir?!
(20) Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər.
(21) Bu kitaba hər bir göyə yaxın olan mələklər yaxınlaşa bilər.
(22) Şübhəsiz ki, çox itaət edənlər qiyamət günü tükənməz nemətlər içində olacaqlar.
(23) Onlar bəzədilmiş taxtlar üstündə oturub özlərinin Rəbbinə, üstəlik, könüllərini açan və onları sevindirən şeylərə baxacaqlar.
(24) Sən onlara baxdıqda onların üzündə səadət əlaməti - gözəllik və parlaqlıq görəcəksən.
(25) Onların xidmətçiləri onlara qədəhinə möhür vurulmuş şərabdan süzəcəklər.
(26) Onun müşkünün iyi son məsafəyədək yayılacaq. Qoy yarışanlar Allahı razı salacaq əməlləri yerinə yetirməklə, üstəlik, Onu qəzəbə gətirəcək əməlləri tərk etməklə bu dəyərli mükafata nail olmaq üçün yarışsınlar.
(27) Bu möhürlü şəraba təsnim bulağından qatışdırılacaq.
(28) Təsnim bulağı Cənnətin ən uca məqamında yerləşən, Allaha yaxın olan möminlərin saf və təmiz olaraq içdikləri bir bulaqdır. Amma digər möminlər isə o bulağa başqa şeylər qatışdırılmış halda içirlər.
(29) Küfr etməklə günaha batanlar iman gətirənlərə istehza edib gülürdülər.
(30) Onlar möminlərin yanından keçdikdə onları lağa qoymaq və ələ salmaq məqsədilə bir-birlərinə qaş-göz edirdilər.
(31) Öz ailələrinin yanına qayıtdıqda, küfr etdiklərinə və möminləri ələ saldıqlarına görə fərəhlə qayıdardılar.
(32) Müsəlmanları gördükdə deyərdilər: "Bunlar atalarının yolunu tərk edib, haqq yoldan azanlardır".
(33) Allah onları möminlərin əməllərinə nəzarət etməyi tapşırmamışdır ki, belə söz danışsınlar.
(34) Kafirlər bu dünyada möminlərə güldükləri, qiyamət günü möminlər də kafirlərə elə güləcəklər.
(35) Onlar bəzədilmiş taxtlar üstündə əyləşib Allahın onlar üçün hazırladığı tükənməz nemətlərə tamaşa edəcəklər.
(36) Kafirlərə dünyada etdikləri əməllərə görə alçaldıcı əzab veriləcəkdir.