(1) İnsanın varlığı heç kəsə məlum olmayan uzun bir dövrü ötüb keçmişdir.
(2) Biz insanı qarışıq nütfədən - kişi ilə qadının nütfəsindən yaratdıq. Onun öhdəsinə qoyduğumuz işlərdə onu sınaqdan keçirmək üçün onu eşidən və görən etdik. Belə etdik ki, onun öhdəsinə qoyduğumuz şəriətin buyuruqlarını yerinə yetirsin.
(3) Həqiqətən, Biz insana elçilərimizin dili ilə hidayət yolunu göstərdik, beləliklə də, zəlalət yolu ona aydın oldu. Bundan sonra o, ya doğru yola yönələr və Allaha şükür edən bir qul olar, ya da doğru yoldan azar və Allahın ayələrini inkar edən kafir bir qul olar.
(4) Doğrudan da, Biz Allaha və Onun peyğəmbərlərinə küfr etmiş kəslər üçün Cəhənnəm sürüklənəcək zəncirlər, orada onlara vurulacaq buxovlar və alovlu bir atəş hazırlamışıq.
(5) Şübhəsiz ki, Allaha itaət edən möminlər qiyamət günü, gözəl iy verən kafur qatılmış şərabla dolu badədən içəcəklər.
(6) İtaətkarlar üçün hazırlanmış bu şərab, suyu rahat götürülən bol və tükənməz olan elə bir bulaqdandır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldib axıdarlar.
(7) Bu bulaqdan içəcək bəndələrin xislətləri belədir ki, onlar özlərinə vacib buyurduqları ibadətləri yerinə yetirər və dəhşəti hər yeri bürüyəcək gündən - qiyamət günündən qorxarlar.
(8) Onlar özlərinin ehtiyacı olan və iştahaları çəkən sevdikləri şeylərdən ehtiyacı olan kasıblara, yetimlərə və əsirlərə yedirdərlər.
(9) Onlar ehtiyacı olan insanları Allahın üzü xatirinə yedirtdiklərini qəlblərində gizli saxlayar və buna görə onlardan nə mükafat, nə də minnətdarlıq gözləməzlər.
(10) Biz Rəbbimizdən gələ bilən, çox kəskin və ağır olduğundan bədbəxt insanların üzünə kədər gətirəcək bir gündən qorxuruq.
(11) Elə buna görə də Allah Öz lütfü ilə onları o əzəmətli günün şərindən qoruyacaq, həmçinin onlara ehtiram göstərərək və qəlblərinə sevinc bəxş edərək onların üzünə gözəllik və nur bəxş edəcəkdir.
(12) Onlar itaət ediləcək işlərdə, Allahın qədəri ilə başlarına gələn müsibətlərdə və bir də günahlardan çəkinməkdə səbir etdiklərinə görə, Allah onlara Cənnəti bəxş edər. Onlar orada olan nemətlərdən istifadə edər, əyinlərinə də ipək geyərlər.
(13) Onlar Cənnətdə bəzədilmiş taxtlar üzərində dirsəklənəcək və orada nə şüasından əziyyət çəkdikləri günəşi, nə də sərt soyuq görəcəklər. Əksinə, onlar daim kölgəlikdə olacaq, nə isti, nə də soyuq görəcəklər.
(14) Cənnət ağaclarının kölgələri onlara yaxınlaşacaq, meyvələri də onları dərmək istəyən kimsənin tam ixtiyarına veriləcək. Onları asanlıqla və rahatlıqla - istər uzanmış halda, istər oturaq halda, istərsə də ayaq üstə - onları dərəcəkər.
(15) Onlar su içmək istədikləri zaman xidmətçilər əllərində gümüş qablar və büllur qədəhlərlə onların ətrafında dolanacaqlar.
(16) O qədəhlər gümüşdən olmaqla yanaşı, şəffaflığında sankı bir şüşə kimidir. Onlar cənnətdəkilərin içmək istədikləri münasib bir ölçüdə, nə ondan artıq, nə də əskik hazırlanmışdır.
(17) Orada o möhtərəm insanlara zəncəfil qatılmış badələrdə şərab içirdiləcəkdir.
(18) Onlar Cənnətdə, Səlsəbil adlanan bir bulaqdan içəcəklər.
(19) Onların ətrafında həmişə cavan olan xidmətçilər dolanacaqlar. Sən o xidmətçiləri gördükdə, onların üzünün parlaq, rənginin gözəl, saylarının çox və özlərinin də müxtəlifliyindən dolayı, onları səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
(20) Sən Cənnətdə hara baxsan təsəvvür olunmaz nemətlər və bənzəri olmayan əzəmətli səltənət görərsən.
(21) Onların əyninə nazik və qalın ipəkdən dəbdəbəli yaşıl libaslar geyindiriləcək, üstəlik, qollarına da, gümüş bilərziklər taxılacaq. Allah onlara hər bir zərərdən xali olan şərab içirdəcəkdir.
(22) Onlara ehtiram göstərilərək deyiləcək: "Həqiqətən, sizə bəxş edilmiş bu nemətlər etdiyiniz əməllərin mükafatıdır, əməliniz də, Allah yanında məqbul olunmuş əməldir".
(23) Ey Peyğəmbər! Biz Quranı sənə bir dəfəyə deyil, tədricən hissə-hissə nazil etdik.
(24) Allahın yazdığı qədərə və ya şəri baxımdan verdiyi hökmlərə səbir et. Nə səni günah iş görməyə çağıran günahkara, nə də səni küfr etməyə təhrik edən kafirə itaət et!
(25) Gündüzün əvvəlində fəcr namazını, axırında da, zöhr və əsr namazlarını qılmaqla Rəbbini xatırla!
(26) Gecə namazlarını - məğrib və işa namazlarını qılmaqla Rəbbini xatırla və onlardan sonra Onun üçün təhəccüd (gecə) namazını qıl!
(27) Həqiqətən, o müşriklər dünya həyatını sevir və ona tamah salır, qiyamət gününü - dəhşətlər və müsibətlərlə dolu o ağır günü isə unudurlar.
(28) Biz onları xəlq etdik və onların məfsəllərini, əzalarını və s. məhkəmləndirməklə xilqətlərini qüvvətləndirdik. Biz onları məhv edib bənzərləri ilə əvəz etmək istədikdə, onları məhv edib bənzərləri ilə əvəz edirik.
(29) Həqiqətən, bu surə bir ibrət və bir xatırlatmadır. Kim istəsə Rəbbinin rizasını qazanmağa aparan bir yol tutar.
(30) Allah sizin, Allah rizasını qazanmağa aparan yolu tutub getmənizi istəməyincə, siz istəyə bilməzsiniz! Bütün işlər Onun ixtiyarındadır. Şübhəsiz ki, Allah qulları üçün nəyin xeyrinə olduğunu və onlar üçün nəyin də zərərli olduğunu daha yaxış biləndir. O, yaratmasında, yazdığı qəza və qədərdə və təyin etdiyi şəri hökmlərində hikmət sahibidir!
(31) O, Öz qullarından dilədiyini mərhəmətinə qovuşdurar, onları iman gətirməyə və yaxşı işlər görməyə müvəffəq edər. Küfr və asiliklər etməklə özlərinə zülm edən kimsələr üçün isə, O, axirətdə ağrılı-acılı əzab - Cəhənnəm əzabı hazırlamışdır.