46 - əl-Əhqaf ()

|

(1) ﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

(2) Quran heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, qədəri yazmaq və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

(3) Biz göyləri, yeri və onla­rın ara­sın­da olanları əbəs yerə yaratmamışıq, əksinə, bütün bunları ancaq böyük bir hikmətdən ötrü haqq olaraq yaratmışıq. Bunlardan bəzisi budur ki: insanlar bu məxluqata baxıb Allahın varlığını dərk etsinlər, beləliklə də, yalnız Ona ibadət etsinlər, heç bir şeyi Ona şərik qoşmasınlar və yalnız Allahın bildiyi, əzəldən müəyyən edilmiş za­manadək yer üzündə yaşayıb öz tələbatlarını yerinə yetirsinlər. Allaha küfr edənlər isə Allahın kitabında xə­bərdar edildikləri şeylər­dən üz döndərir və ona məhəl qoymurlar.

(4) Ey Peyğəmbər! Haqdan üz döndərən o müşriklərə de: “Si­zin Allahdan başqa tapındıqla­rınız bütlər barədə mənə xəbər verin görüm, onlar yer üzündə nə yaradıblar? Onlar dağ yaradıblarmı?! Bəlkə çay yaradıblar?! Yoxsa onların göylərin ya­radılma­sında Allaha bir şərikliyi və o işdə bir payı var?! Əgər bütlərə ibadət etməyinizin haqq olduğuna dair iddianız doğrudursa, mənə Qurandan əv­vəl Allahdan nazil ol­muş bir kitab və ya əvvəlkilərin qoyub getdiyi elmdən qalan bir əsər gətirin”.

(5) Allahı qoyub qiyamət gü­nünədək özünə cavab verə bil­mə­yən bütə tapınan kim­sədən daha çox azmış birisi ola bilməz. Onların Allahdan savayı tapındıqları bu bütlər onlara tapınan kimsələrin yal­varışından xəbərsizdirlər. Fayda və ya zərər verməyə isə ümumiyyətlə qadir deyillər.

(6) Bütlərin dünyada insanlara heç bir fayda verməməsindən əlavə, insanlar qiyamət günü bir yerə toplanacaqları zaman bütlər onlara ibadət edən kimsələrə düş­mən kə­siləcək, həmin insanlardan uzaq duracaq və o insanların onlara ibadətindən xəbərsiz olduqlarını bildirəcəklər.

(7) Rəsulumuza nazil edilən ayələrimiz onlara oxunduğu zaman, Quranı in­kar edən kafirlər onun öz peyğəmbərləri vasitəsilə göndərildiyini görüb: “Bu, Allah tərəfindən göndərilən vəhy deyil, bu açıq-aydın bir sehrdir!” – deyirlər

(8) Yoxsa o müşriklər: “Muhəmməd bu Quranı özündən uydurmuş, sonra da onu Allaha nisbət etmişdir!” – deyirlər?! Ey Peyğəmbər! Onlara de: “Əgər mən onu özümdən uy­durmu­şam­sa, siz heç bir tədbirlə məni Allahın əzabından qurtara bil­məz­si­niz. Elə isə mən Allaha qarşı yalan uydurmaqla öz əllərimlə özümü necə əzaba sürükləyə bilərəm?! Allah sizin Qurana tənə vuraraq lağa qoyduğunuzu və mənə məzəmmət etdiyiniz daha yaxşı bilir. Mənimlə sizin aranızda Allahın şahid olması kifayətdir. O Öz qullarından günahlarına görə tövbə edən kimsələri Bağışlan və onlara Rəhm edəndir”.

(9) Ey Peyğəmbər! Sənin peyğəmbərliyini yalan sayan o müşriklər de: “Mən Allahın göndərdiyi ilk elçi deyiləm ki, mənim sizi (haqqa) dəvət etməyimə təəccüb edirsiniz. Məndən əvvəl neçə-neçə elçilər gəlib-getmişdir. Mən, Allahın bu dünyada mənə və sizə nələr edəcəyini bilmirəm. Mən ancaq Allahın mənə vəhy etdiyinə tabe oluram və ancaq Onun nazil etdiyi vəhyə müvafiq olan sözü danışır, yaxud ona uyğun hərəkət edirəm. Mən sadəcə sizi Allahın əzabı ilə açıq-aşkar qorxudan bir peyğəmbərəm!”

(10) Ey Peyğəmbər! Haqq yalan sayanlara de: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid bu kitab barədə Tövratda varid olan xəbərlərə etimad edərək onun Allahdan nazil olduğuna şa­hidlik edib ona iman gətirib, siz isə ona iman gətirməyə tə­kəbbür göstərmisinizsə, o halda siz zalım sayılmırsınızmı?! Şübhəsiz ki, Allah zalım qövmü haqq yö­nəl­məyə müvəffəq etməz!”

(11) Qurana və peyğəmbərinin gətirdiyinə küfr edən kimsələr iman gətirənlərə de­di­lər: “Əgər Muhəmmədin gətirdiyi risalət xeyirə yönəldən bir haqq olsaydı, o zaman bu kasıblar, kölələr və zəiflər bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar peyğəmbərlərinin gətirdiyi doğ­ru yola gəlmə­dik­ləri üçün deyəcəklər ki: “Onun bizə gətirdiyi din köhnə yalan­dır və biz bu yalana tabe olan deyilik!”

(12) Bu Qurandan əvvəl Allahın Musaya (aleyhissəlam) nazil etdiyi, haqq yolu göstərən bir rəhbər və İsrail oğullarından iman gətirib tabe olanlar üçün bir mərhəmət sayılan Tövrat var idi. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran isə, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələri qor­xut­maq, habelə, həm Xaliqlə, həm də məxluqla öz arasında olan əlaqələrini düzəldən yaxşı əməl sahiblərinə müjdə ver­mək üçün, ərəb di­lin­də nazil edilmiş və əvvəlkiləri təs­diq edən bir kitabdır.

(13) Həqiqətən də: “Rəbbi­miz Allah­dır və bizim Ondan başqa rəbbimiz yoxdur!” – deyib, sonra iman gətirib saleh əməl edənlərə nə axirətdə qarşılaşacaqları işlərdə bir qorxu olar, nə də bu dünyada əldə etmədikləri və sonraya saxladıqları nəsiblərinə görə kədər­lənərlər.

(14) Bu sifətlərlə vəsf edilən kimsələr Cənnət əhlidirlər və dünyada etdikləri saleh əməllərin əvəzi ola­raq onlar orada əbədi qalacaqlar.

(15) Biz insana ata-anasının qayğısına qalmağı, onlar həyatda ikən və vəfat etdikdən sonra şəriətə uyğun olaraq onlara yaxşılıq etməyi qəti şəkildə əmr etdik. Xüsusilə də, onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muş anısının qayğısına qalmağı. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, onun ağlı və bədəni yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda, o deyər: “Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, onu məndən qəbul et, övladlarımı da mənim üçün əməlisaleh et. Mən günahlarımın bağışlanmasına görə Sənə tövbə et­dim. Mən, həqiqətən də, Sənə itaət edənlərdən və Sənin əmrlərinə təslim olanlardanam.

(16) Belələri, saleh əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, gü­nah­la­rından keçə­cəyimiz, onlara görə cəzalandırmayacağımız və Cənnət əhli içərisinə daxil edə­cəyimiz kimsələrdir. Onlara ve­rilmiş bu vəd, doğru vəddir və o, heç şübhəsiz gerçəyə çevriləcəkdir.

(17) Kimisi də ata-anasına deyər: “Uf sizə! Məndən əvvəl neçə-neçə nəsil ölüb-getdiyi və onlardan heç birinin dirlmədiyi hal­da, siz məni öldükdən sonra dirilib qəbirdən çıxarılacağımla hədələyirsiniz?!” Valideynləri də Allaha yalvarıb Ondan övladlarını imana yönəltməsini diləyər və övladlarına deyərlər: “Dirilməyə iman gətirməsən, vay sə­­nin halına! Buna iman gətir, Allahın ölüləri dirildəcəyinə dair verdiyi vədi haqdır, onda heç bir şübhə yoxdur!” O isə dirilməni bir daha inkar edərək deyər: “Bu dirilmə haqqında deyilənlər, sadəcə keç­miş­də­kilərin kitablarından nəql edilən, onların yazdıqlar və Allahın xəbər verdiyinə dair heç bir sübutu olmayan (nağıllardan) başqa bir şey deyildir!”

(18) Belələri, onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət olan ümmətlərə üz vermiş əzab on­lara da vacib olmuş kimsələrdir. Hə­qiqətən, onlar, həm özlərini, həm də, ailələrini Cəhənnəm oduna salmaqla ziyana uğ­ramışlar.

(19) Hər iki firqənin - Cənnət əhlinin və Cəhənnəm əhlinin - etdiyi əməllərə uyğun mərtəbələri vardır. Cənnət əhlinin mərtəbələri yüksəkdə yerləşən dərəcələr, Cəhənnəm əhlininki isə aşağıda yerləşən təbəqələrdir. Bu, Uca Allahın on­la­ra etdikləri əməl­lə­ri­nin əvəzini özlərinə tam olaraq verməsi üçündür. Qiyamət günü onların savbalarını azaltmaqla və ya günahlarını artıqmaqla onlara əsla zülm edilməz.

(20) Allaha küfr etmiş və Onun elçilərini yalançı saymış kimsələrə əzab verilməkdən ötrü Cəhənnəmin qarşısına gətiri­lə­cəkləri gün onlara məzəmmət edilərək və lağa qoyularaq deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib bitirdiniz və oradakı ləzzətli şeylərdən zövq al­dı­nız. Bu gün isə siz, yer üzündə haqsız ola­raq təkəbbür göstər­diyinizə, üstəlik də, küfr və asilik etməklə Allahın itaətində çıxdığınıza görə sizi alçaldacaq və zəlil edəcək əzab­la cəza­landırı­la­caq­sınız!”

(21) Ey Peyğəmbər! Ad qövmünə mənsub olan qardaşları Hudu xatırla! Bir zaman o, ərəb yarımadasının cənubunda yerləşən qum­sal təpələrdəki evlərində ya­şayan qövmünü, özündən əvvəl və sonra gəlib (öz ümmətlərini) qorxudan peyğəmbərlər kimi, Allahın əzabı ilə qorxudub demişdir: "Yalnız Allaha ibadət edin və Onunla yanaşı başqa tanrıya ibadət et­məyin! Ey qövmüm! Mən si­zə üz verəcək əzə­mətli günün - Qiyamət gününün əzabından qor­xu­ram!"

(22) Qövmü isə ona belə cavab vermişdi: "Sən bizi məbudlarımızdan döndərməyə gəlmisən?! Sən öz istəyinə əsla nail ola bilməyəcəksən. Əgər iddia etdiyin əzab doğrudursa, elə isə bizi təhdid et­di­yi­ni o əzabı gətir görək!"

(23) Hud dedi: “Əzabın nə zaman gələcəyi barədə bil­gi ancaq Allaha məlumdur. Mənim bu haqda heç bir bilgim yoxdur. Mən sadəcə sizə gön­dərilənləri təbliğ edən bir elçiyəm. La­kin mən sizin özünüzə fayda verəni tərk edib zərər verəni götürməklə cahillik etdiyinizi görürəm”.

(24) Nəhayət, tez gəlməsini istədikləri o əzabı, göydə vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gördük­də dedilər: “Bu, bizə ya­ğış yağdıracaq bir bulud­dur!” Hud onlara dedi: “Xeyr, bu, heç də sizin güman etdiyiniz kimi yağış yağdıracaq bir bulud deyil. Əksinə, bu, si­zin tez gəlməsini istədiyiniz, özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

(25) O, Allahın ona məhv etməsini əmr etdiyi hər bir şeyin üstündən keçərək onu darmadağın edəcək­!” On­lar elə məhv oldular ki, evlərindən başqa heç bir şey gö­rün­mə­di. Bu, özlərindən sonra gələnlərin, onların bundan əvvəl orada yaşadıqlarına şahid olmalarına görə idi. Biz öz küfründə və asiliyində israr edən günahkarları belə ağrılı-acılı əzabla cəzalandırırıq.

(26) Biz sizə vermədiyimiz im­kanları - möhkəm evlər tikmək imkanlarını Hud qövmünə vermişdik. Onlara eşidən qulaqlar, görən gözlər və duyan qəlblər də ver­mişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlb­ləri onlara bir fayda verdi. Allahın əzabı gəldizi zaman bütün bunlar o əzabı onlardan dəf edə bilmədi. Çünki onlar Allahın ayə­lə­ri­ni inkar edirdilər. Onlara peyğəmbərləri Hudun (aleyhissəlam) xəbər verdiyi, istehza etdikləri əzab nazil oldu.

(27) Ey Məkkə əhli! Biz sizin ətrafınızda olan kəndləri məhv etdik. Biz Ad, Səmud və Lut tayfalarını, habelə, Mədyən əhlini məhv etdik. Biz onlara müx­tə­lif cür dəlillər və sübutlar gətirdik ki, bəlkə küfrlərindən əl çə­kələr.

(28) Bəs nə üçün Allahdan başqa ilahiləşdirdik­lə­ri - yaxınlaşmaq məqsə­dilə qarşılarında ibadət edib, qurban kəsdikləri bütlər onlara kömək etmədi?! Qətiyyən onlara kömək etmədilər, ək­si­nə, özləri köməyə möhtac olduqlarından dolayı onlardan uzaqlaşdılar. Bu onların, guya, bu bütlərin onlara fayda verəcəklərinə və Allah yanında onlar üçün şəfaətçilik edəcəklərinə dair nəfslərinin onlara vəd etdiyi yalan və iftiralarından başqa bir şey deyildir.

(29) Ey Peyğəmbər! Xatırla ki, bir zaman bir dəstə cini sənə nazil edilən Quranı dinləmək üçün sənin ya­nı­na göndərdik. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Sakit durun ki, qulaq asaq!” – dedilər. Rəsulullah (səllallahu aleyhi və səlləm) oxuduğu ayələri bitirdikdən sonra onlar öz qövmlərinin yanına qayıtdılar ki, bu Qurana iman gətirməyənlərin (əzaba düçar olacaqları barədə) onları xəbərdar etsinlər.

(30) Cinlər onlara dedilər: “Ey qöv­mümüz! Biz, həqiqətən də, Allahın Mu­sadan sonra nazil etdiyi, özündən əvvəl Allah tərəfindən nazil edilmiş kitabları təsdiqlə­yən bir ki­tab dinlədik. Dinlədiyimiz bu kitab (hər kəsi) haq­qa və düz yola - İslamın yoluna yönəl­dir.

(31) Ey qövmümüz! Muhəmmədin (səllallahu aleyhi və səlləm) sizə təbliğ etdiyi haqqı qəbul edin və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirin ki, Allah sizin günah­la­rınızı bağışlasın, üstəlik, peyğəmbərin sizə təbliğ etdiyi haqqı qəbul etməyəcəyiniz və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirməyəcəyiniz təqdirdə sizi yaxalayacaq ağrılı-acılı əzab­dan sizi qur­tarsın”.

(32) Muhəmmədin (səllallahu aleyhi və səlləm) təbliğ etdiyi haqqı qə­bul etmə­yən kimsə yer üzün­də qaçıb Allah­dan yaxa qurtara bil­məz və Allahdan başqa onu əzabdan qurtara biləcək dostları da tapılmaz. On­lar açıq- aşkar haqdan uzaq bir azğınıq içindədirlər.

(33) Məgər dirilməni yalan sayan o müşriklər, göyləri və yeri yara­dan, onların böyüklüyünə və genişliyinə rəğmən onları yarat­maqda aciz qalmayan Allah, ölüləri də, haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, onları diriltməyə qadirdir. Pak və müqəddəs Allah hər şeyə qadirdir. Odur ki, O, ölüləri dirltməkdə aciz qalmaz.

(34) Allahı və Rəsulunu inkar edənlər kafirlər Cəhənnəm odunun qarşısına gətiri­lə­cəkləri gün onlara məzəmmət edilərək deyiləcəkdir: “Mə­gər gördüyünüz bu əzab həqiqət deyilmi?!” Yoxsa bu əzab, sizin dünyada söylədiyiniz kimi yalan bir şeydir?! Onlar: “Bəli, Rəb­bimizə and ol­sun ki, o, hə­qi­qət­dir!” – deyə cavab verəcəklər. Bu zaman onlara belə deyiləcəkdir: “Allaha küfr et­diyinizə görə da­dın əzabı!”

(35) Ey Peyğəmbər! Elçilərdən möhkəm iradə sahib­lə­rinin - Nuh, İbrahim, Musa və İsanın (aleyhimussəlam) səbir etdiyi kimi, sən də, qövmünün səni yalançı saymasına səbir et! Sən onlara əzabın tez gəlməsini istəmə. Sənin qövmün arasındakı haqqı yalan sayanlar özlərinə vəd edilmiş əzabı axirətdə görəcəkləri gün, əzablarının uzun müddət davam etdiyindən dolayı, dünyada gündüzün bircə saatı qədər qal­dıqlarını güman edəcəklər. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran insanlar və cinlər üçün bir təb­liğdir və bu onları xəbərdar etmək üçün kifayət edər. Şübhəsiz ki, küfr və asilik etməklə Allahın itaətindən çıxmış kimsələrdən başqası əzabla həlak edilməz.