(1) Uca Allah, Özündən başqa heç kimsənin gücü yetmədiyi şeylərə gücü yetdiyindən dolayı bütün eyib və nöqsanlardan pak və ucadır. Qadir olduğumuz ayələrimizin bəzisini göstərmək üçün Öz qulu Muhammədi (sallallahu aleyhi və səlləm) gecənin bir vaxtında ruhi və cəsədi ilə yuxuda deyil, əksinə o, ayığ ikən Məscidulharamdan ətrafına meyvələr, əkinlər və Peyğəmbərlərin - səllallahu aleyhi və səlləm - orada yerləşməsi ilə xeyir - bərəkət verdiyimiz Məsciduləqsaya aparan yalnız pak olan Allahdır. Həqiqətən, Allah hər şeyi eşidəndir, Ona heç bir şey gizli qalmaz və hər şeyi görəndir və heç bir şey Onun gözündən qaçmaz!
(2) Biz Musaya - aleyhissəlam - Tövrat verdik və onu İsrail oğullarına doğru yol göstəricisi etdik. Biz İsrail oğullarına belə dedik: "İşlərinizi başqasına həvalə edərək Məndən qeyrisini özünüzə himayədar qəbul etməyin, əksinə, bütün işlərinizi Mənə həvalə edin!"
(3) Siz, Allahın Nuh - aleyhissəlam - ilə birlikdə tufanda boğulmaqdan xilas etdiyi kimsələrin nəslindənsiniz. Bu neməti əsla yaddan çıxarmayın. Elə isə tək Allaha ibadət və itaət edərək, Ona şükür edin və bu işdə Nuha tabe olun, çünki o, Uca Allaha çoxlu şükür edərdi!
(4) Biz Tövratda İsrail oğullarına: "Siz günahlar və insanlara qarşı təkəbbürlük etməklə yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və insanlara zülm edib, həddinizi aşaraq, insanlar üzərində lovğalıq edəcəksiniz!" – deyə xəbər verdik.
(5) Onlar iki fəsaddan birincisini etdikləri zaman üstlərinə onları öldürən və yurdlarından didərgin salan çox qüvvətli qullarımızı göndərdik. Onlar da yurdunuzda gəzib dolaşıb və əllərinə keçən hər bir şeyi viran qoyurdular. Bu, Allahın yerinə yetirəcəyi və gercəkləşəcək bir vəd idi.
(6) Ey İsrail oğulları! Siz etdiyiniz günahlardan Allaha tövbə etdikdən sonra, Allah sizə düşmənləriniz üzərində qələbə nəsib edərək dövlətinizi onlardan geri alıb yenidən sizə verdi və onların əlinizdən aldıqları var-dövlətinizi və oğul-uşaqlarınızı sizə qaytarmaqla sizə yardım etdi, beləliklə də, sayınızı düşməninizin sayından daha çox etdi.
(7) Ey İsrail oğulları! Əgər sizdən tələb olunan şəkildə yaxşı əməl etsəniz, bunun savabı yalnız sizə qayıdar. Allahın sizin əməllərinizə heç bir ehtiyacı yoxdur. Əgər pis əməllər etmiş olsanız bununda zərəri yalnız öz əleyhinizə dönər. Yaxşı əməllərinizin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinizin də Allaha heç bir zərəri olmaz. İkinci fəsadınızın zamanı gəldikdə sizi zəlil halala salsınlar, sizə müxtəlif növ əzab verməklə üzünüzü qaraltsınlar, birinci dəfə Qüdsdəki məscidə girib oranı darmadağın etdikləri kimi yenidən oranı darmadağın etsinlər və məmləkətinizdə əllərinə keçən hər bir şeyi viran halına salmaları deyə düşmənlərinizi yenidən üstünüzə göndərdik.
(8) Ey İsrail oğulları! Siz bu şiddətli intiqamdan sonra tövbə edib, yaxşı əməllər etsəniz, ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər təkrarən üçünci dəfə və ya bundan daha çox fəsad törətməyə qayıtsanız, Biz də təkrarən sizdən intiqam almağa və sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün heç vaxt çıxa bilməyəcəkləri və orada əbədi olaraq qalacaqları bir yer etdik.
(9) Həqiqətən, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran insanları ən doğru yola, İslam yoluna yönəldir və Allaha iman edərək yaxşı işlər görən möminlərə, Allah yanında onlar üçün onları sevindirəcək böyük bir mükafatın olacağı ilə müjdə verir.
(10) Bu Quran, Qiyamət gününə iman gətirməyənləri üzüb, kədərli edən, Qiyamət günü onlar üçün ağrılı-acılı bir əzabın hazırlandığını xəbər verər!
(11) İnsan xeyirli bir şeyi istəyərək dua etdiyi kimi, cahilliyindən dolayı qəzəbləndikdə, özünə, övladına və mal-dövlətinə müsibət gəlməsi üçün bəd dua edər. Əgər Biz həmin şəxsin bəd duasını qəbul etsək, dərhal onun özü, övladı və mal-dövləti məhv olar. İnsan tələskən xasiyyətli yaradıldığı kimi, özünə zərər verən şeylərdə də tələsəndir.
(12) Gecə və gündüz arasında uzunluq, qısalıq, istilik və soyuqluq baxımından fərqlər olduğu üçün, Biz gecə və gündüzü Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən iki əlamət olaraq yaratdıq. Gecəni yatıb istirahət etməniz üçün zülmət qaranlıq etdik. İnsanların görməsi və yer üzündə gəzib dolaşaraq ruzi qazanmaları üçün gündüzü də işıqlı, nurlu etdik. Siz illərin, ayların, günlərin və saatların sayını və hesabı biləsiniz deyə, gecə və gündüzü bir-birini təqib edən bir şəkildə yaratdıq. Əşyaların bir-birindən və həmçinin haqqı batildən ayırd edilməsi üçün Biz hər bir şeyi açıq-aydın təfsilatı ilə izah etdik.
(13) Biz hər bir insanın etdiyi əməlini boyunbağı kimi onun boynundan asar və əmələrinə görə haqq-hesab olunana qədər ondan ayrılmaz. Qiyamət günü isə içərisində etdiyi bütün xeyir və şər əməllər olan kitabını açıq vəziyyətdə qarşısına qoyular.
(14) O gün Biz ona belə deyərik: "Ey İnsan! Kitabını oxu! Etdiyin əməllərə görə özün-özünü hesaba çək. Qiyamət günü özün öz nəfsini hesaba çəkməyə yetər!"
(15) Kim iman edərək hidayət yoluna yönəlsə, bunun savabı yalnız onun özünə olar, kim azğınlığa düşsə, bunun ziyanı da yalnız onun öz əleyhinə olar. Heç bir kəs başqasının günahını daşımaz. Biz heç bir qövmə elçi göndərərək hüccət qaldırmadıqca əzab vermərik!
(16) Biz bir məmləkəti, etdikləri günahlardan dolayı məhv etmək istədiyimiz zaman, nemətin azdırdığı kimsələrə Allaha itaət etmələrini əmr edərik. Onlar isə Allahın əmrinə tabe olmayıb, Allaha qarşı üsyan edərək Ona itaət etməkdən uzaq durarlar. Buna görə də onlar özlərini tamamən yox edəcək bir əzabın öz üzərlərində gəlməsinə layiq olarlar və beləcə Biz onları yerlə yeksan edən bir əzabla məhv edərik.
(17) Biz Nuhdan sonra Ad və Səmud qövmləri kimi, peyğəmbərləri yalan sayan neçə-neçə ümmətlər məhv etdik. Ey Peyğəmbər! Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi bəs edər. Allaha heç bir şey gizli qalmaz. Allah onların dünyada ikən etdikləri əməllərin qarşılığını verəcəkdir.
(18) Kim yaxşı əməllər etməklə müvəqqəti dünya həyatını istəsə və axirət həyatına iman etməyib heç buna əhəmiyyət verməsə, dünya həyatında onun istədiyi kimi yox, yalnız Bizim onun üçün istədiyimiz nemətləri dərhal ona verərik. Nəhayət, Qiyamət günü onu, müvəqqəti dünya həyatını, əbədi axirət həyatından üstün tutduğuna görə qınanmış və Allahın rəhmətindən qovulmuş halda, hərarətindən əzab çəkəcəyi Cəhənnəm atəçinə daxil edərik.
(19) Kim də yaxşı əməllər etməklə axirət həyatını istəyərək riyadan və şan-şöhrətdən uzaq olarsa və Allahın iman etməsini vacib etdiyi şeylərə iman edərsə, məhz bu vəsflərə sahib olan kimsələr Allah yanında əməlləri qəbul edilən kimsələrdir. Allah bu kimsələrin etdikləri yaxşı əməllərinin mükafatın onlara verəcəkdir.
(20) Ey Peyğəmbər! Rəbbin, günahkar və sleh olan hər iki insan toplumuna Öz nemətlərini naqislik edilmədən kamil şəkildə əta edər. Rəbbinin əta etdiyi bu nemətlər dünyada ikən nə günahkara, nə də saleh bir kimsəyə qadağan edilməz.
(21) Ey Peyğəmbər! İnsanların günahkar və ya saleh olmasından aslı olmayaraq dünyada ikən onların birini digərindən var-dövlət, cah-cəlal və san-şöhrət baxımından necə üstün etdyimizə bir fikir ver. Axirətdə verilən nemətlər isə dünya həyatında verilən nemətlərdən dərəcə baxımından daha fərqli və daha böyükdür. Elə isə qoy mömin kimsə, axirət nemətlərinə nail olmaq üçün daha çox həris olsun!
(22) Ey İnsan! Özünə, Allahla yanaşı başqa məbud qəbul edib, ona ibadət etmə. Yoxsa Allah yanında qınanmış və saleh qullar yanında təriflənməyən, rəzil, alçaq hala düşən və başlı-başına buraxılmış bir vəziyyətdə qalarsan.
(23) Ey İnsan! Rəbbin yalnız Ona ibadət etməyi, Ondan başqa heç bir məbuda ibadət etməməyi və ata-ana ilə, ələlxüsus da onların qocalıq vaxtında yaxşı davranmağı əmr etmişdir. Əgər ata-anadan hər hansı biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara, qəlblərini qıran bir söz belə demə, üstlərinə qışqırıb onlarla kobud, sərt və qaba rəftar etmə, əksinə, onlarla gözəl əxlaqla rəftar edib, onlara xoş, ürəyəyatan və yumşaq söz söylə!
(24) Onların hər ikisinə rəhm və təvazökarlıq edərək: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri üçün bu gün də Sən onlara mərhəmət et!" – de.
(25) Ey İnsanlar! Rəbbiniz, Ona etdiyiniz ibadətləri, gördüyünüz saleh əməlləri və ata-anaya yaxşılıq edərkən qəlbinizdəki ixlası çox yaxşı bilir. Əgər etdiyiniz ibadətlərinizdə, ata-anaya və başqalarına qarşıolan rəftarınızda niyyətiniz yaxşı olarsa, bilin ki, həqiqətən də, Uca Allah, günah etdikdən sonra tövbə edib, Allaha tərəf qayıdanları bağışlayandır. Kim, Allahın və valideyinlərinin itaətdində yol verdiyi naqislikdən tövbə edərsə, Uca Allah onu bağışlayıb, əfv edər!
(26) Ey Mömin! Qohuma, yoxsula, azüqəsi tükənib yarı yolda qalmış müsafirə haqqını ver. Allahın sənə bəxş etdiyi malı, Allaha asi olan şeylərə və ya israf edərək gərəksiz yerə sərf etmə!
(27) Şübhəsiz ki, mallarını Allaha asi olan yerlərə sərf edib, israfçılıqla xərcləyənlər şeytanların qardaşlarıdır. Şeytan onlara, mallarını israf edərək xərcləmələrini əmr edər, onlarda şeytanın əmrinə boyun əyib malllarını şeytanın istədiyi kimi xərcləyərlər. Şeytan isə Rəbbinə qarşı çox nankor bir məxluqdur. O yalnız günah işlər görər və yalnız Rəbbini qəzəbləndirən şeyləri əmr edər.
(28) Əgər Allahın sənə ruzi bəxş edəcəyini gözləyirsənsə və imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə ən azından bu zaman onlara könüllərini alan yumuşaq, xoş söz söylə. Ruzilərinin genişlənməsi üçün dua et. Yaxud uca Allah sənə bir ruzi bəxş etdikdə, o ruzidən onlara verəcəyinə dair vəd ver!
(29) Nə əlini xərcləməkdən sıxıb saxlama, nə də ki, xərclədikdə israfa yol vermə. Xərcləməkdən paxıllıq edib, əlini sıxıb saxlasan yaxud da işrafçılıq edərək əlində olanın hamısını xərcləyib axırda özünə xərcləməyə bir şey tapmasan, bu zaman insanlar tərəfindən qınanmış və məzəmmət olunmuş bir vəziyyətdə qalarsan. Elə isə xərclədikdə bunun ikisinin arasında özünə bir yol tut!
(30) Həqiqətən, Rəbbin müəyyən bir hikmətdən dolayı, istədiyi kimsənin ruzisini genişləndirər, istədiyi kimsənin də ruzisini daraldar. Şübhəsiz ki, O, qullarından xəbərdardır və onları görür. Onlardan heç bir şey uca Allaha gizli qalmaz. Allah Öz qullarını istədiyi kimi idarə edər.
(31) Gələcəkdə uşaqlarınıza xərclədiyinizdən dolayı yoxsulluq qorxusundan onları öldürməyin. Onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, Allah yanında böyük bir günahdır. Çünki onların öldürülməsi üçün nə bir günahları, nə də ki, bir səbəb vardır.
(32) Zinadan çəkinin və ona sövq edən səbəblərdən də uzaq durun. Çünki zina, nəsillərin bir-biri ilə qarışdığına və Allahın əzabına gətirib çıxartdığı üçün çox iyrənc bir əməl və murdar bir yoldur!
(33) Uca Allahın, iman etmə və ya təhlükəsizliyi təmin edilməsi ilə qanını haram etdiyi bir nəfsi mürtəd olma, evlilik həyatı yaşadıqdan sonra zina etmə yaxud qisas kimi qanı halal edən səbəblərdən hər hansı biri olmadan, heç bir kəsi haqsız yerə öldürməyin. Kim bir kəsi öldürülməsini halal edən səbəblər olmadan, zülm edilərək, haqsız yerə bir cana qəsd edərsə, artıq onun varisinə istəsə qisas tələb etmə, istəsə qanbahası almadan qatili bağışlama, istəsə də qanbahası alaraq onu əfv etmə ixtiyarını verərik. Lakin o da qisas aldıqda, Allahın icazə verdiyi həddi aşaraq qatilin burnunu, qulağını və s. əzalarını kəsərək ölünü pis bir hala gətirməməli, qatildən başqasını və ya onun əvəzinə qatilin yaxın adamlarından bir kimsəni öldürməməlidir. Çünki şəriətin bu hökmləri ilə artıq ona Allah tərəfindən kömək olunmuşdur.
(34) Atası vəfat edib yetim qalmış uşaqların malına həddi-büluğa, ağıla-kəmala çatana qədər qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək istisna olmaqla yaxınlaşmayın! Allah ilə, həmçinin, öz aranızdakı əhdləri pozmadan və ya naqislik etmədən yerinə yetirin. Çünki Uca Allah qiyamət günü əhd verən kimsədən, verdiyi əhdi barəsində sorğu-sual edəcəkdir. Əgər əhdini yerinə yetirmişsə Allah onu mükafatlandıracaq, əhdinə xilaf çıxmışsa ona cəzalandıracaqdır.
(35) Başqası üçün ölçdükdə, ölçüyə naqislik etmədən tam şəkildə ölçün. Çəkdikdə də, tərizidə əksiltmədən, düzgün tərəzi ilə çəkin. Çünki ölçüdə və tərəzidə düzgün olmağınız dünya və axirətdə sizin üçün daha xeyirli və nəticə baxımından ölüçdə və tərəzidə əksildib insanları aldatmaqdan daha yaxşıdır.
(36) Ey Adəm övladı! Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Yoxsa zənnə və şəkk-şübhəyə qapanmış olarsan. Çünki insan qulaq, göz və qəlbini istifadə edərək qazandığı hər bir xeyir və şərə görə Allah yanında sorumludur. Beləliklə də, qiyamət günü bu əzalar ilə qazandığı xeyirə görə müxafat verilər və şərə görə də cəzalandırılar.
(37) Yer üzündə özündən razı, lovğalanaraq gəzmə. Çünki sən yer üzündə nə qədər də özündən razı, lovğalanaraq gəzsəndə, bu gəzişinlə nə yeri yara bilərsən, nə də ki, boy-buxunun yüksələrək dağların çatdığı yüksəkliklərə çata bilərsən. Belə olduğu təqdirdə, nəyə görə təkəbbürlük edirsən?!
(38) Ey İnsan! Bu ayələrdə zikir edilənlərin hamısı Allah yanında qadağan edilmiş və Rəbbinin xoşuna gəlməyən pis əməllərdir. Uca Allah bunları edənlərdən razı olmaz, əksinə, ona qəzəblənər, nifrəti edər və onu sevməz.
(39) Sənə açıq-aydın izah etdiyimiz əmrlər, qadağalar və şəri əhkamlar Rəbbinin sənə vəhy etdiyi hikmətindəndir. Ey İnsan, Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa Qiyamət günü həm sən özünü qınayar, həm də insanlar səni qınayarlar, sonra da hər bir xeyirdən qovulmuş halda Cəhənnəmə atılarsan!
(40) Ey: "Mələklər Allahın qızlarıdır!" – deyən müşriklər! Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürdüyünümü söyləyirsiniz?! Allah sizin söylədiyindən uca və uzaqdır. Siz, həqiqətən də, Allah barəsində olduqca çox çirkin bir söz söyləyirsiniz. Allaha övlad nisbət edib, küfrdə daha da həddinizi aşaraq qızların Allaha aid olduğunu idda edirsiniz.
(41) İnsanların öyüd-nəsihət qəbul edib, özlərinə fayda verəni almaları və zərərli şeylərdən uzaq durmaları üçün, Biz bu Quranda şəri əhkamları, öyüd-nəsihətləri və hekayələri açıq-aydın izah etdik. Amma bu, fitrəti dəyişmiş kimsələrin haqqdan daha da uzaq düşmələrinə və haqqa qarşı nifrətinin daha da artmasına səbəb oldu.
(42) Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər müşriklərin yalan və böhtan ataraq söylədikləri kimi, uca Allahla yanaşı başqa məbudlar olsaydı, bu zaman varlığı idda edilən batil məbudlar, ərş sahibi uca Allahın mülkünə sahib olub, Ona qalib gəlmək üçün bir yol axtarardılar".
(43) Pak və uca olan Allah müşriklərin Onu vəsf etdiklərindən münəzzəhdir və onların Allah barədə söylədiklərindən çox uzaq və çox ucadır.
(44) Göylər və yerlər, habelə, göylərdə və yerdə onlar da Allahı anır, xatırlayır, zikir edib, Ona təriflər deyirlər. Elə bir şey yoxdur ki, o, Allahın şəninə təriflər deyib, Ona həmd-səna etməsin, lakin siz onların, Allahı zikir edib, Onun şəninə təriflər deməsini anlamırsınız. Siz yalnız insanlardan, dili ilə Allahı zikir edib, Onun şəninə həmd-səna edəni anlayırsınız. Həqiqətən, uca Allah, qullarına qarşı həlimdir, onlara əzab verməyə tələsməz. Ona tövbə edənləridə bağışlayandır!
(45) Ey Peyğəmbər! Sən Quran oxuduğun zaman orada olan yasaqları və öyüd-nəsihəti dinlədiklərində, səninlə Qiyamət gününə inanmayanların arasına haqqı qəbil etməyib, ondan üz çevirmələrindən dolayı onlara cəza olaraq Quranı anlayıb, başa dümələrini əngəlləyən bir pərdə çəkərik.
(46) Quranı başa düşmələrinə əngəl olması üçün Biz onların qəlblərinə örtüklər çəkdik, onu eşitdikdə anlamamaları üçün qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin tək Allah olduğunu yada salıb onların batil ilahlarını yada salmadıqda, onlar da, ixlasla tək Allaha ibadət etməkdən uzaqlaşıb, arxalarını çevirib gedərlər.
(47) Biz onların öndə gedənlərinin Quranı necə dinlədiklərini çox yaxşı bilirik. Onlar Quranı haqqa yönəlmək üçün dinləməzlər. Əksinə, sən Rəbbinin ayələrini oxuduğun zaman, onlar Quranı, istehza etmək, lağa qoymaq və ələ salma üçün dinləyərlər. Biz onların öz aralarında xəlvətcə söhbət edərkən, səni və Quranı yalan saymalarını, insanları Allahın dinindən döndərmək məqsədlərini və küfr etməklə öz nəfslərinə zülm edən o zalımların başqalarına: "Ey İnsanlar! Siz ancaq sehrlənmiş və ağlı basında olmayan bir adamın ardınca gedirsiniz!" – dediklərini çox yaxşı bilirik.
(48) Ey Peyğəmbər! Onların müxtəlif cür naqis sifətlərlə səni vəsf etdiklərinə bir bax. Odur ki, onlar çaşğınlıq işində qalaraq, azğınlığa düşdülər və doğru yolu tapa bilmədilər!
(49) Müşriklər ölümdən sonra təkrarən dirilməyi inkar edərək belə dedilər: "Biz öldükdən, cəsədlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yeni bir yaradılışla təkrarən dirildiləcəyikmi?! Şübhəsiz ki, bu, qeyri mümkün olan bir işdir."
(50) Ey Peyğəmbər! Onlara belə de: "Ey Müşriklər! istər üst qatı sərt olan daş olun, istərsə də ki, çox qüvvətli bir dəmir, halbuki, siz nə üst qatı sərt olan qaş ola bilərsiz, nə di ki, çox qüvvətli bir dəmir.
(51) İstər daşdan, istərsə də dəmirdən və ya qəlbinizdə sizə nəhəng görünən bir məxluq olun, bilin ki, yenə də Allah sizi ilk dəfə yaratdığı kimi yenidən dirildib həyata qaytarmağa qadirdir. Bu inadkar insanlar belə deyəcəklər: "Biz öldükdən sonra bizi kim dirildib yenidən həyata qaytaracaq?" Onlara de: "Sizi daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə yaradan yenidən dirildəcəkdir!" Onlar sənin bu cavabından sonra istehza ilə başlarını yırğalayıb bunun imkansız olduğuna inanaraq: "Bəs bu yenidən dirilmə nə vaxt olacaq?" – deyəcəklər. Onlara de: "Bəlkə də, yaxın bir zamanda oldu. Çünki qarşıda gələn hər bir şey yaxındır!"
(52) Uca Allah sizi məhşər yerinə çağırdığı gün, sizi yenidən dirildəcəkdir. Siz də Ona həmd-sənalar edərək, Onun əmrinə tabe olub, Uca Allahın çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı zənn edəcəksiniz!
(53) Ey Peyğəmbər! Mömin qullarıma de ki, başqaları ilə söhbət etdikdə nifrətə və ədavətə səbəb olacaq pis sözlərdən çəkinsinlər. Çünki şeytan nifrətə və ədavətə səbəb olacaq pis sözləri fürsət bilib, bununla onların dünya və axirət həyatlarını məhv etməyə çalışır.Həqiqətən, şeytan insan üçün düşmənçiliyi açıq-aydın olan bir düşmənidir. Möminin üzərinə düşən ondan və onun şərindən çəkinməkdir.
(54) Ey İnsanlar! Rəbbiniz sizi çox yaxşı tanıyır. Sizdən heç bir şey Ona gizli qalmaz. Əgər sizə mərhəmət etmək istəsə, rəhməti ilə sizi imana və saleh əmələ müvəffəq edər. Əgər sizə əzab vermək istəsə, sizi iman etməyə müvəffəq etməz və canınızı küfr üzərində alar. Ey Peyğəmbər! Biz səni onları iman etmələrinə məcbur etmək, onları küfr etməyə mane olmaq və etdikləri əməlləri haqq-hesaba çəkmək üçün vəkil göndərməmişik. Sənin vəzifən yalnız Allahın sənə təbliğ etməyi əmr etdiklərini onlara təbliğ etməkdir.
(55) Ey Peyğəmbər! Rəbbin göylərdə və yerdə olanları, onların durumunu və nəyə layiq olduğlarını da çox yaxşı bilir. Biz bəzi peyğəmbərləri onlara tabe olanların çoxluğu və endirdiyimiz kitablarla digərlərindən üstün etdik. Biz Davuda bir kitab verdik, o da Zəbur.
(56) Ey Peyğəmbər! O müşriklərə belə de: "Ey Müşriklər! Allahdan başqa ilahlar olduğunu iddia etdiyiniz bütlər, sizə bir zərər gəldikdə, onlar acizliklərindən dolayı bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadirdilər. Aciz olan, əsla ilah ola bilməz!"
(57) Onların yalvarıb-yaxardıqları mələklərdən və başqalarından olan məbudları, özləri saleh əməl edərək Allaha yaxınlaşmaq üçün can atır, Allahın sevdiyi əməllər etməkdə bir-biriləri ilə yarışır, Allahın özlərinə mərhəmət etməsini ümüd edib və Onun əzabından qorxurlar. Ey Peyğəmbər! Həqiqətən, Rəbbinin əzabından çəkinmək gərəkdir!
(58) Allaha küfr edən hər bir məmləkətə, şəhərə və kəndə, etdikləri küfrə görə elə dünya həyatında ikən əzab göndərib, məhv edərik, yaxud da etdikləri küfrə görə onları öldürmək kimi şiddətli bir cəzaya mübtəla edərik. Onları məhv edib, öldürülməsi əvvəlcədən lövhi-məhfuzda yazılıb, təqdir edilmiş ilahi bir hökmdür.
(59) Müşriklərin, peyğəmbərlərdən onların doğruluğuna dəlalət edən ölüləri diriltmək kimi tələb etdikləri mövcüzələri nazil etməməmizin səbəbi, əvvəlki ümmətlərin onlara göndərdiyimiz mövcüzələri yalan saymaları idi. Biz Səmud qövmünə açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar yenədə buna inanmayıb, küfür etdilər. Biz də, dərhal onlara əzab göndərdik. Biz möcüzələri rəsulların vasitəsi ilə yalnız ümmətləri qorxutmaq üçün göndəririk ki, bəlkə onlar iman edib, müsəlman olsunlar.
(60) Ey Peyğəmbər! Bir zaman Biz sənə: "Rəbbin bütün insanları qüdrəti ilə əhatə etmişdir, onların hamısı Rəbbinin ovcunun içindədir, Allah səni onlardan mühafizə edəcəkdir. Elə isə onlardan çəkinmədən Allahın sənə təbliğ etməyi əmr etdiyini insanlara təbliğ edərək, onlara çatdır!"– dediyimizi xatırla. Biz İsra gecəsi sənə göstərdiyimizi yalnız, insanlar sənə iman edəcəklər, yoxsa səni təkzibmi edəcəklər, deyə onlar üçün bir imtahan etdik. Quranda lənətlənmiş, Cəhənnəmin dibindən çıxanb zəqqum adlı ağacı insanlar üçün imthan etdik. Əgər onlar bu iki əzəmətli möcüzəyə inanmazlarsa, bu ikisindən başqa digər mövcüzələrə də əsla inanmayacaqlar. Biz bu möcüzələri endirməklə onları qorxuduruq, lakin onları qorxudmaq üçün nazil etdiyimiz möcüzələr, ancaq onların küfrlərini və azğınlıqlarını bir daha da artırır!
(61) Ey Peyğəmbər! Biz bir zaman mələklərə: "Adəmə ibadət səcdəsi deyil, salam səcdəsi edin!" – dedikdə onların hamısı Rəbbinin əmrinə tabe olaraq, Adəmə səcdə etdilər. Lakin İblis ona səcdə etməkdən təkəbbürlük edərək: "Sən məni oddan yaratdığın halda, palçıqdan yaratdığınamı səcdə edim?! Mən ondan daha şərəfliyəm!" – dedi.
(62) İblis Rəbbinə belə dedi: "Mənə, ona səcdə etməyi əmr edərək, məndən üstün tutduğun məxluq budurmu? Əgər dünya həyatının sonuna qədər mənə möhlət versən, məndən qoruduğun az bir qismindən, ixlasla Sənə ibadət edən qullarından başqa onun bütün nəslini özümə təslim edərək, Sənin doğru yolundan azdıracağam!"
(63) Rəbbi ona belə dedi: "Haydı get! Onlardan kim sənə tabe olub ardınca gələrsə, sənin və onların əməllərinin cəzası, tam bir cəza olaraq Cəhənnəm olacaqdır.
(64) İnsanlardan gücün çatdığı kimsələri səsinlə aldatıb günahlara və Allaha asi olan əməllərə təhrik et, sənə itaət etməyə çağıran atlı və piyadalarla onlara yüksək səslə səslən, şəriətə müxalif olan hər bir şeyi onlara gözəl göstərərək mallarına, yalan iddialarla, zina yolu ilə əldə etdikləri övladlarına, Allahdan başqasının qulluğuna bağlayan (Abduşşəms, "Günəşin qulu" – kimi) adlar verərək şərik ol, onlara yalan vədləri, batil və boş ümüdləri gözəl göstər. Şübhəsiz ki, şeytan onlara, ancaq onları aldadan yalan vədlər verər.
(65) Ey İblis! Şübhəsiz ki, Mənə itaət edərək saleh əməllər edən mömin qullarım üzərində sənin hökmranlığın olmayacaq. Çünki Allah sənin şərindən və vəsfəsəndən onları qoruyacaqdır. Bütün işlərində Allaha təvəkkül edən quluna Allah vəkil olaraq kifayət edər.
(66) Ey İnsanlar! Ticarət və başqa yollarla Rəbbinizin ruzisinə nail olasınız deyə, dənizdə gəmiləri sizin üçün üzdürən Rəbbinizdir. Həqiqətən, bütün bu vasitələri sizin üçün asanlaşdıran Rəbbiniz sizə qarşı mərhəmətlidir.
(67) Ey Müşriklər! Dənizdə sizə bir fəlakət üz verib, batmaqdan qorxduğunuz zaman Allahdan başqa tapındığınız bütlər yadınızdan çıxar. Siz o vaxt ancaq Allahı xatırlayıb yalnız Ondan yardım diləyirsiniz. Uca Allah sizə yardım edərək, sizi suda batmaqdan xilas edib quruya çıxartdıqda isə siz, Allahın vəhdaniyyətini qəbul etməkdən, yalnız Ona dua və ibadət etməkdən üz döndərib yenidən bütlərə ibadət edirsiniz. Həqiqətən, insan Allahın nemətlərinə qarşı çox nankordur!
(68) Ey Müşriklər! Yoxsa Allah sizi dənizdə batmaq təhlükəsindən xilas etdikdən sonra sizi quruda yerə batırmayacağına, yaxud da Lut qövmünə etdiyi kimi səmadan üstünüzə daş-kəsək yağdırmayacağına əminsiniz? Bundan sonra nə sizi bu fəlakətdən qoruyan tapılar, nə də ki, yardım edən bir yardımçı.
(69) Yoxsa Allahın sizi bir daha dənizə qaytarıb üstünüzə şiddətli külək göndərməyəcəyinə və sizi ilk dəfə fəlakətdən xilas etdikdən sonra Allahın nemətlərinə nankorluq etdiyinizə görə sizi dənizdə batırmayacağından əminsiniz? Sonra sizə yardım etmək üçün buna görə Bizdən intiqam almağı tələb edən bir nəfər belə tapa bilməzsiniz.
(70) Biz Adəm züriyyətinə ağıl neməti verərək, mələkləri atalarına səcdə etdirərək və s. bu kimi başqa üstünlüklərlə hörmətli etdik, onları quruda daşıyacaq heyvanları, minikləri və dənizdə də gəmiləri onlar üçün ram etdik, onlara pak yeyəcək, içəcək, qadınlarla nikah bağlamaq və başqa bu kimi nemətlər bəxş etdik. Allahın onlara bəxş etdiyi nemətlərə şükür etmələri üçün, Biz onları yaratdıqlarımızın çoxundan üstün etdik.
(71) Ey Peyğəmbər! Hər bir insan toplumunu dünyada ardınca getdikləri başçıları ilə birlikdə çağıracağımız günü xatırla. Kimlərin əməl dəftəri sağ əlinə verilərsə, onlar kitablarını sevinclə oxuyacaq və savabları xurma çəyirdəyinin üzərində olan ip qədər azda olsa belə savablarını naqis edərək onlara zülm edilməyəcəkdir.
(72) Kimin qəlbi bu dünya həyatında haqqı qəbul edib, ona boyun əyməkdən kor olarsa, axirətdə isə o bundan daha şiddətli kor olacaq. Bu kimsə Cənnət yolunu tapmaz və haqq yolundan azmışdır. Çünki cəza əməlin növündəndir.
(73) Ey Peyğəmbər! Müşriklər sənə vəhy etdiyimiz Qurandan başqa öz nəfslərinin istəklərinə uyan bir şeyi yalan yerə Bizə isnad etməyin üçün az qala səni döndərəcəkdilər. Əgər sən onların istəklərinə cavab vermiş olsaydın, bu zaman onlar səni özlərinə dost tutardılar.
(74) Əgər Biz səni haqq üzərində sabit etməsəydik, onların hiylələrinin gücündən və sənin onların iman etmələrinə həris olman səbəbindən, onların səndən istədiklərinə hardasa, azca da olsa meyil edəcəkdin. Lakin Biz səni onlara meyil etməkdən qoruduq!
(75) Əgər sən onların səndən istədiklərinə meyil etsəydin, bu zaman Biz səni dünya və axirət həyatında ikiqat əzaba düçar edərdik. Sonra sən, Bizə qarşı sənə yardım edən nə bir köməkçi, nə də səni əzabdan qoruyan bir kimsə tapa bilərdin.
(76) Kafirlər, sənə qarşı olan ədavətləri üzündən az qala səni Məkkədən didərgin salacaqdılar. Lakin Rəbbinin hicrət etmə əmri gələnə qədər uca Allah onların səni Məkkədən qovub çıxarmalarına mane oldu. Əgər onları səni Məkkədən qovmuş olsaydılar, bu zaman özləri də orada ancaq az bir müddət qala bilərdilər.
(77) Müşriklərin səni Məkkədən qovub çıxartdıqlarından sonra özlərinin də orada çox az bir müddət qala bilmələri, uca Allahın səndən öncə göndərilən və qövmləri tərəfindən öz diyarlarından çıxarılan elçilər barəsindəki dəyişməyən sünnəsidir. Yəni, hər hansı bir qövm onlara göndərilən elçilərə qarşı düçmənçilik edib, onları yaşadıqları diyarlarından qovub çıxarmışdılarsa, Allah da əzab göndərib onları məhv etmişdir. Ey Peyğəmbər! Sən Bizim sünnəmizdə heç bir dəyişiklik tapa bilməzsən. Əksinə, sən onu daima sabit və dəyişməz olaraq görərsən.
(78) Günəş səmanın ortasından batmağa meyl etdikdən bəri ta gecənin zülmətinə qədər namazı bəlli vaxtlarda kamil şəkildə qıl. Bu, zöhr, əsir, məğrib və işa namazlarına aiddir. Fəcr namazını da vaxında qıl və bu namazda qiraəti uzun et! Çünki fəcr namazında gecə və gündüz mələkləri iştirak edirlər.
(79) Ey Peyğəmbər! Gecənin bir vaxtı qalx və Rəbbin səni daha da yüksək məqamlara qaldırmaq üçün gecə namazı qıl. Bəlkə buna görə Rəbbin səni Qiyamət günü bütün insanların qorxu, sıxıntı içində olduqları bir vaxt insanlara bir şəfaətçi olaraq diriltsin və səni əvvəlkilərin və sonrakıların tərifləyib bəyəndikləri böyük bir şəfaət məqamına nail etsin!
(80) Ey Peyğəmbər! De: "Ey Rəbbim! Mənim bütün girəcəyim və çıxagağım yerlərin hamısını Sənin itaətin və razılığın üzərində olan yerlər et və mənə Öz tərəfindən düşmənlərinə qarşı mənə yardım edən açıq-aşkar bir dəlil ver!"
(81) Ey Peyğəmbər! Bu müşriklərə belə de: "İslam gəldi, Allahın vəd etdiyi zəfər gerçəkləşdi, şirk və küfr yox olub getdi. Həqiqətən, batil məhv olub gedər və haqq qarşısında əsla sabit qala bilməz!"
(82) Biz, qəlblərin cəhalətdən, küfrdən, şirkdən və bədənlərindəki xəstəlikdən qurtulsun deyə, Quranda möminlər üçün şəfa nazil edirik. Bu Quran ona əməl edən kimsələr üçün bir şəfadır. Bu Quran kafirlərin ancaq həlakını artırır. Çünki Quranı eşitmək onları qəzəbləndirər, onu yalan saymalarının və ondan üz çevirmələrini bir daha da artırar.
(83) Biz insana sağlamlıq və var-dövlət kimi nemətlər bəxş etdikdə bu zaman o təkəbbürlük edərək Allaha itaət və şükür etməkdən üz çevirib haqdan uzaqlaşar. Onun başına xəstəlik və yoxsulluq kimi bir müsibət gəldikdə isə ruhdan düşər və Allahın rəhmətindən ümüdünü üzər.
(84) Ey Peyğəmbər! De: "Hər bir insan özünün hidayət və azğınlığdakı halına uyğun əməl etsin. Rəbbiniz isə kimin haqq yolda olduğunu daha yaxşı bilir!"
(85) Ey Peyğəmbər! Kitab əhlindən olan kafirlər səndən ruhun məğzi barədə soruşurlar. Onlara de: "Ruhun məğzini Allahdan başqa kimsə bilməz. Siz və sizdən başqa bütün yaradılmışlara, pak və müqəddəs olan Allahın elmi müqabilində yalnız az bir elm verilmişdir!"
(86) Ey Peyğəmbər! Allaha and olsun ki, sənə nazil etdiyimiz vəhyi kökslərdən və ya yazılı olan kitablardan silib yox etmək istəsəydik, silib yox edərdik. Sonra bundan dolayı sənə yardımçı olacaq və onu təkrarən geri döndərəcək birini də tapa bilməzdin.
(87) Ancaq Rəbbinin mərhəməti sayəsində sənə nazil etdiyi Quranı çəkib almadı. Lakin Biz onu Öz tərəfimizdən qorunmuş olaraq buraxdıq. Doğrudan da, Rəbbinin sənə olan lütfü böyükdür. Çünki O, səni insanlara elçi göndərdi, səni peyğəmbərlərin sonuncusu etdi və sənə Quranı verdi!
(88) Ey Peyğəmbər! Onlara belə de: "Əgər bütün insanlar və cinlər sənə nazil edilən Quranın bəlağəti, gözəl düzümü və fəsahətli olması baxımından ona bənzərini gətirmək üçün bir yerə toplaşsalar və bu işə bir-birinə yardım etsələr belə heç vaxt ona bənzərini gətirə bilməzlər"
(89) Biz bu Quranda insanların iman etmələri üçün hər şeyi bəyan etdik, onların ibrət almalarını ümid edərək Quranda nəsihətləri, öyüdləri, əmr və qadağaları müxtəlif cür məsəllər çəkməklə onlara müfəssəl bir şəkildə izah etdik. Lakin yenə də insanların çoxu bu Quranı inkar edərək, ondan üz çevirib iman etmədilər.
(90) Müşriklər dedilər: "Bizə Məkkədə suyu heç vaxt qurumayan və yer üzərində çay kimi axıb gedən bir bulaq çıxarmayınca sənə əsla iman gətirməyəcəyik!"
(91) Yaxud bol-bol xurma və üzüm ağacları olan bostanın olmayınca və bu bostanda ağacların ortasından şırıl-şırıl çaylar axmadıqca,
(92) yaxud, dediyin kimi, göyü parça-parça əzab olaraq üstümüzə yağdırmayınca; və ya iddia etdiyinin gerçək olduğuna açıq-aşkar şahidlik etmələri üçün Allahı və mələkləri gətirməyincə;
(93) Yaxud qızıldan və ya daş-qaşdan bir evin olmayınca; yaxud da göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər göyə qalxmış olsan, Allah tərəfindən göndərilən bir elçi olduğuna dair bizim oxuya biləcəyimiz yazılı bir kitab gətirmədikcə biz sənə əsla inanmayacağıq. Ey Peyğəmbər! Onlara de: "Rəbbim pak və müqəddəsdir! Mən sadəcə diğər elçilər kimi göndərilmiş bir elçiyəm. Mən dediklərinizi yerinə yetirməyə qadir deyildir. Axı mən sizin məndən tələb etdiyiniz şeyləri necə gətirə bilərəm?!"
(94) Kafirlərə, Allaha və Onun elçisinə iman etmələrinə və Peyğəmbərin (səllallahu aleyhi vəə səlləm) gətirdiyinə əməl etməyə mane olan sadəcə olaraq onlara göndərilən elçinin özləri kimi bir bəşərdən olması idi. Onlar buna inkar edərək: "Allah bizə elçi olaraq bəşərdən olan bir insanmı göndərdi?!" – dedilər.
(95) Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Əgər yer üzündə yaşayanlar və orada sizin kimi arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, Biz onlara öz cinslərindən olan bir mələk elçi göndərərdik. Çünki bu zaman yalnız mələk onlara göndərilən şeyi anlada bilərdi. Əgər yer üzündə mələklər olsaydı, onlara bəşərdən olan bir elçi göndərməyimiz də hikmətdən olmazdı. Sizində halınız belədir!"
(96) Ey Peyğəmbər! Onlara de: "Mənim sizə yalnız Allahın buyurduğu hökmləri təbliğ etdiyimə və sizə elçi olaraq göndərildiyimin doğruluğuna dair, mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, Allah, qullarının halından xəbərdardır, onların gizlində və aşkarda nələr etdikləri Ona gizli qalmaz. Allah onların qəlblərində bütün gizli qalan şeyləri görən və biləndir!".
(97) Allah kimi hidayət yoluna yönəldirsə, o, haqq yoluna yönəlmiş olar. Ey Peyğəmbər! Allah kimi rəzil edib, hidayət yolundan azdırırsa, onları haqqa yönəldən, şəri onlardan uzaqlaşdıran və onlara xeyir gətirən bir dost tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə sürünərək məhşərə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. Cəhənnəmin atəşi azaldıqca onlar üçün atəşi daha da artıracağıq!
(98) Bu, onların elçilərimizə nazil etdilən ayələrimizi inkar etdiklərinə və öldüklən sonra yenidən dirilməyi mümkün olduğuna inanmayaraq: "Məgər biz öldükdən, sümüklərimiz çürüyüb, ovulub torpağa qarışdıqdan sonra yeni bir məxluq olaraq dirildiləcəyik?" – dediklərinə görə onlara veriləcək cəzalarıdır.
(99) Öldükdən sonra yenidən dirilməyi inkar edən kimsələr belə bir əzəmətli göyləri və yeri yaradan Allahın, onların bənzərini yenidən yaratmağa qadir olduğunu bilmirlərmi?! Əzəmətli bir yarlığı yaratmağa qadir olan Allah, əlbətdə ki, ondan daha kiçik olanı yaratmağa qadirdir. Uca Allah onlar üçün dünya həyatında əcəllərinin sona çatacağı müəyyən bir vaxt təyin etdiyi kimi, öldükdən sonra yenidən diriləcəkləri gün üçün də müəyyən bir vaxt təyin etmişdir. Öldükdən sonra dirilməyi isbat edən dəlillərin açıq-aydın olmasına rəğmən, müşriklər yenə də öldükdən sonra yenidən dirilməyi inkar etməkdə davam edirlər.
(100) Ey Peyğəmbər! Müşriklərə de: "Əgər siz Rəbbimin tükməz, bitməz və əksilməz rəhmət xəzinələrinə sahib olsaydınız, onun xərclənib tükənməsindən sonra sizə yoxulluq üz verməsindən qorxaraq, xəsislik edib onu xərcləməzdiniz. Mömin kimsə istisna olmaqla, insan təbiəti xəsisdir. Amma mömin isə Allahın savabına ümid edərək malını gecə-gündüz Allah yolunda xərcləyər!"
(101) Biz Musaya onun peyğəmbərliyini isbat edən doqquz açıq-aşkar möcüzə verdik. Bu möcüzələr: əsa, Musanın əlinin bəmbəyaz görünməsi, qıtlıq, məhsul azlığı, tufan, çəyirtkə, əkin həşəratları, qurbağa və qandır. Ey Peyğəmbər! Yəhudilərdən soruş! Çünki Musa onların ata-babalarına bu möcüzələrlə gəldikdə, Firon ona: "Ey Musa! Sən bizə qəribə şeylər gətirdiyin görə, Mən sənin sehirlənmiş bir insan olduğunu zənn edirəm!" – demişdi.
(102) Musa Firona belə cavab verdi: "Ey Firon! Sən möcüzələrin uca Allahın qüdrətinə və Rəsulunun doğruluğuna dəlil olaraq yalnız göylərin və yerin Rəbbi olan Allah tərəfindən endirdiyini bilirsən. Lakin sən bilərəkdən bunları rədd edib yalan saydın. Mən də, ey Firon, sənin məhv olacağını yəqin bilirəm!"
(103) Firon Musanı - aleyhissəlam - və onun qövmünü Misirdən çıxartmaqla cəzalandırmaq istədi. Biz də Fironu və onunla birlikdə olan əsgərlərinin hamısını dənizdə boğaraq həlak etdik.
(104) Biz Firon və onun əsgərlərini suda qərq etdikdən sonra İsrail oğullarına: "Siz Şam torpaqlarında yaşayın! Qiyamət günü gəlib yetişdiyi zaman sizin hamınızı haqq-hesab üçün məhşərə gətirəcəyik!" – dedik.
(105) Biz Quranı Muhəmmədə (sallallahu aleyhi və səlləm) haqq olaraq nazil etdik, o da dəyişdirilmədən və təhrif edilmədən nazil oldu. Ey Peyğəmbər! Səni də ancaq təqva əhlinə Cənnətlə müjdə verən, küfür əhlini və günahkarları də cəhənnəm əzabı ilə qorxudan bir elçi kimi göndərdik.
(106) Biz Quranı, insanlara yavaş-yavaş, aramla oxuyasan deyə onu bölümlər halında, qisimlərə ayıraraq nazil etdik. Çünki Quranın belə nazil edilməsi onu başa düşüb, dərk edilməsi üçün daha uyğundur. Biz onu müəyyən olaylarda və zamanlara hissələrə ayırıb tədriclə nazil etdik.
(107) Ey Peyğəmbər! De ki: "İstər Qurana inanın, istərsə də inanmayın. Onsuz da sizin Qurana iman etməniz ona heç bir şey artırmaz, onu inkar etməniz də ondan heç bir şeyi əksildib, azaltmaz. Həqiqətən də, Qurandan əvvəl nazil edilən səmavi kitabları oxuyanlar vəhyin və peyğəmbərliyin nə olduğunu yaxşı bilirlər. Onlara Quran ayələr oxunduğu zaman onlar Allaha şükür etmək üçün dərhal üzüstə səcdəyə qapanarlar".
(108) Onlar səcdədə ikən: "Rəbbimiz vədinə müxalif olmaqdan pak və ucadır! Onun Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərmə vədi haqqdır. Rəbbimizin bu və bundan başqa verdiyi vədlər mütləq yerinə yetəcəkdir!" – deyərlər.
(109) Onlar Allah qorxusundan ağlayaraq üzüqoylu yerə qapanıb Allah üçün səcdə edərlər. Quranı dinləmələri və onun ayələrinin mənaları barədə düşünmələri onların Allaha itaətini və Ondan qorxmalarını bir daha da artırar.
(110) Ey Peyğəmbər! Sənin "Ya Allah, Ya Rəhman!" deyərək dua etməni inkar edənlərə belə de: "Allah da, Rəhman da bütün nöqsanlardan uzaq olan Allahın iki adıdır. Siz istər bu iki adla, istərsə də Allahın bundan başqa olan adları ilə Ona dua edə bilərsiz. Uca Allahın gözəl adları vardır. Bu iki adda həmin adlardandır. Uca Allaha bu iki adla və ya bundan başqa olan gözəl adlarla dua edin. Müşriklər səni eşitməsin deyə namazda səsini çox yüksəyə qaldırma. Möminlər də səni eşitməyəcəyi qədər səsini aşağı salma. Bu ikisinin arasında orta bir yol tut!
(111) Ey Peyğəmbər! De: "Bütün həmd-sənalar və tərifləf Özünə heç bir övlad götürməyən, heç bir şəriki olmayan uca Allaha aiddir. Onun mülkündə heç bir şəriki, ortağı yoxdur. Ona əsla acizlik və ya zəyiflik toxunmaz. Uca Allahın Özünə kömək edəcək heç bir dosta və ya yardımçıya da ehtiyacı yoxdur. Elə isə sən daima Onu tərifləyərək Onun şənini uca tut və mülkündə Ona övlad, şərik və hər hansı bir yardımçı nisbət etmə!"