91 - əş-Şəms ()

|

(1) Uca Allah günəşə və onun məşriqdən doğduqdan sonra yüksəldiyi vaxta and içir.

(2) Uca Allah, həmçinin, günəş batdıqdan sonra, onun ardından çıxan aya and içir.

(3) Uca Allah, həmçinin, öz işığı ilə yer üzünü işıqlandıran gündüzə and içir.

(4) Uca Allah, həmçinin, yer üzünü zülmətə bürüyən gecəyə and içir.

(5) Uca Allah, həmçinin, göyə və onun möhkəm qurulmasına and içir.

(6) Uca Allah, həmçinin, yerə və insanların üstündə qərar tutması üçün yerin döşənməsinə and içir.

(7) Uca Allah, həmçinin, hər bir nəfsə və onu yaradıb kamilləşdirən Allaha and içir.

(8) Həmçinin, ona, günahlardan çəkinsin deyə, şər yolunu və Allahdan qorxsun deyə, xeyir yolunu öyrədənə,

(9) Yaxşı işlər görməklə nəfsini gözəlləşdirən və pis əməllərdən çəkinməklə onu günahdan təmizləyən kimsə uğur qazanmışdır.

(10) Nəfsini gizlincə asiliklərə və günahlara batıran kimsə isə ziyana uğramışdır.

(11) Səmud qövmü asilik etməkdə və günah işlər görməkdə həddi aşdıqlarına görə, öz peyğəmbərləri Salehi yalançı saydı.

(12) Onların ən bədbəxti, qövmünün tələbini yerinə yetirmək üçün ayağa qalxdıqda,

(13) Allahın rəsulu Saleh aleyhissəlam onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın və ona pislik etməyin!"

(14) Onlar o dəvə xüsusunda peyğəmbərini yalançı saydılar. Sonra onların ən bədbəxti qövmünün razılığı ilə dəvəni öldürdü və beləliklə də, onların hamısı o günaha şərik oldu. Allah da onları əzabla yaxaladı və etdikləri günahlara görə onları qorxunc səslə məhv edib hamısını yerlə yeksan etdi.

(15) Uca Allah günahkarlara əzab verib onları məhv etməyinin nəticəsindən çəkinməz!