(1) Həmd, göylərdə və yerdə nə varsa hamısının - məxluqatın, hökmranlığın və işləri yoluna qoymağın sahibi olan Allaha məxsusdur! Axirətdə də təriflər pak və müqəddəs Allaha məxsusdur. O, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir, üstəlik, Öz qullarının işlərindən Xəbərdardır, heç bir şey Ondan gizli qalmaz.
(2) O, yerə daxil olan suyu və toxumları və oradan çıxanı bitkiləri və s. habelə, göydən enən yağışı, mələkləri və ruzini, eləcə də, oraya qalxan mələkləri, qullarının əməllərini və ruhlarını bilir. O, Öz mömin qullarına qarşı Rəhmlidir, Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.
(3) Allaha küfr edən kimsələr dedilər: “Qiyamət saatı heç vaxt bizə gəlməyəcək!” Ey Peyğəmbər, de: “Xeyr, Allaha and olsun ki, yalan saydığınız o saat sizi mütləq haqlayacaqdır. Lakin onun vaxtını yalnız Allah bilir. Məhz Allah qeybə aid olan qiyamət saatını və başqa bu kimi qeyb məsələlərini bilir. Göylərdə və yerdə qarşıqadan kiçik belə bir şey Ondan gizli qalmaz. Bu deyiləndən daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda - içində qiyamət gününədək baş verəcək hər bir şey haqqında yazılmış lovhi-məhfuzda qeyd edilmiş olmasın.”
(4) Allaha iman gətirib yaxşı işlər görən kimsələri mükafatlandırması üçün əvvəlcədən lovhi-məhfuzda yazıb qeyd etmişdir. Bu xislət sahibləri - məhz belələrinin günahlarını Allah bağışlayacaq, onların etdikləri günahlara görə onları cəzalandırmayacaq və onlara bol ruzi - qiyamət günü Cənnət bəxş edəcəkdir.
(5) Allahın nazil etdiyi ayələri batil etməyə cəhd göstərib ayələr barədə: "Bu bir sehrdir", habelə, rəsulumuz haqqında da: "O, kahindir, sehrbazdır, şairdir"- deyənlər - bu xislətlərə sahib olanlar qiyamət günü ən pis və ən şiddətli əzaba düçar olacaqlar.
(6) Səhabələrdən və kitab əhlindən iman gətirmiş olan alimlər Allahın sənə nazil etdiyi vəhyin içində şübhə olmayan haqq olduğunu, onun yenilməz güc sahibi olan Qüdrətli, habelə, dünyada və axirətdə Tərifəlayiq olan Allahın yolunu göstərdiyinə şahidlik edirlər.
(7) Allaha küfr etmiş kimsələrdən bəzisi digərlərinə Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyinə təəccüb və istehza edərək dedilər: “Çürüyüb parça-parça olduqdan, ölüb getdikdən sonra yenidən dirildiləcəyinizi xəbər verən bir kişini sizə göstərəkmi?
(8) Onlar dedilər: "Görəsən, bu adam Allahın əleyhinə yalan uydurub bizim öldükdən sonra diriləcəyimizi iddia edir, yoxsa o dəli olub, boş-boş danışıb sərsəmləyir?” Xeyr, bu heç də onların dediyi kimi deyil, əksinə, həqiqətə budur ki, axirətə inanmayanlar qiyamət günü şiddətli əzaba düçar olacaqlar, üstəlik, bu dünyada onlar haqdan uzaq bir azğınlıq içindədirlər.
(9) Məgər öldükdən sonra yenidən dirilməyi yalan sayan o kimsələr qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər Biz onların ayaqları altındakı yeri batırmaq istəsək, onu batırar, yaxud göyün bir parçasını onların başına salmaq istəsək, salarıq. Şübhəsiz ki, bunda, Rəbbinə çox itaət edib bunun sayəsində Allahın qüdrətinə arxayın olan hər bir qul üçün qəti əlamət vardır. Belə ki, onları torpaqdan yaratmağa qadir olan Allah, onlar ölüb getdikdən və cəsədlərinin parça-parça olduqdan sonra yenidən onları diriltməyə də qadirdir.
(10) Biz Davuda -Aleyhissəlam- Öz tərəfimizdən peyğəmbərlik və mülk bəxş etdik, sonra da dağlara belə buyurduq: “Ey dağlar, Davudla birlikdə Allahın şəninə təriflər deyin!”. Quşlara da eyni ilə əmr etdik. Biz dəmiri onun üçün yumşaltdıq ki, ondan istədiyi alətləri düzəltsin.
(11) Sonra buyurduq: “Ey Davud, düşmənlərinin sənə xəsarət yetirməsindən qorunmaq üçün geniş zirehlər düzəlt və halqaları toxuduqda mismarları halqalara uyğun et, nazik etmə ki, yerindən oynamasın, həmçinin, onları qalın da etmə ki, mismarlar ona keçə bilsin. Yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm, sizin əməllərinizdən heç bir şey Məndən gizli qalamaz və Mən sizə əməllərinizin əvəzini verəcəyəm.”
(12) Səhər bir aylıq məsafəni qət edən, axşam yenə bir aylıq məsafəni qət edən küləyi Davudun oğlu Süleymana (aleyhissəlam) ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq ki, misdən istədiyi şeyləri düzəltsin. Cinlərin bir qismini ona ram etdik ki, Rəbbinin əmri ilə onun hüzurunda işləyirdi. O cinlərdən hansı biri Bizim ona buyurduğumuzu yerinə yetirmirdisə, ona Cəhənnəm odunun əzabından daddırırdıq.
(13) O cinlər Süleyman üçün istədiyi ibadətgahlar, qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Biz onlara belə buyurduq: Ey Davud ailəsi, Allahın sizə verdiyi nemətlərə şükür etmək üçün yaxşı işlər görün. Verdiyim nemətlərə görə qullarımdan şükür edənlər azdır.
(14) Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə onun söykəndiyi əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, onlar qeybi bilmirlər. Əgər qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar. Belə ki, həmin vaxt onlar Süleyman (aleyhissəlam) üçün ağır işlər görür və onun sağ olduğunu, onlara nəzarət etdiyini güman edirdilər.
(15) Səba qəbiləsinin yaşadığı yerdə Allahın qüdrətinə və onlara bəxş etdiyi lütfünə dəlalət edən aşkar əlamət – biri sağda, digəri də solda olan iki bağça var idi. Biz onlara belə buyurduq: “Rəbbinizin ruzisindən yeyin və Onun verdiyi nemətlərə görə Ona şükür edin! Budur gözəl diyar və budur Allah - tövbə edən qullarının günahlarını bağışlayan Rəbb!”
(16) Lakin onlar Allaha şükür etməkdən və Onun peyğəmbərlərinə iman gətirməkdən boyun qaçırdılar, Biz də verdiyimiz nemətləri əzabla dəyişdirərək onları cəzalandırdıq, onların üstünə, səddlərini dağıdan və əkinlərini batıran güclü sel göndərdik, beləliklə də, onların iki bağçasını acı meyvəli, məhsul verməyən yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.
(17) Verdiyimiz nemətləri başqası ilə əvəz etməyimiz ona gör idi ki, onlar nankorluq edib nemətlərə görə şükr etməkdən imtina etdilər. Biz belə şiddətli cəzanı yalnız Allahın nemətinə qarşı nankor olan və Ona küfr edən kimsəyə veririk.
(18) Yəməndəki Səba qəbiləsi ilə bərəkət verdiyimiz Şam məmləkətləri arasında aydın görünən bir-birinə yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. Belə ki, onlar rahatlıqla bir şəhərdən digərinə keçə-keçə Şam şəhərinə gedib çatardılar. Biz onlara belə buyurmuşduq: “Oralarda gecə və ya gündüz, düşməndən, aclıqdan və susuzluqdan xatircəm olduğunuz halda gəzib dolaşın!”
(19) Onlar isə Allahın bəxş etdiyi nemətə - o məsafələrin yaxın olduğuna naşükürlük edib: “Ey Rəbbimiz! Səfərlərimizdə dayanacağımız şəhərləri yox etməklə aralarındakı məsafəni uzaq et ki, səfərin yorğunluğunu dadaq və miniklərimizin üstünlüyü bilinsin!”- dedilər və Allahın nemətinə küfr etməklə, Ona şükür etməkdən boyun qaçırmaqla və bir də aralarındakı kasıblara həsəd aparmaqla özlərinə zülm etdilər. Biz onları özlərindən sonra gələnlərin dilində dastan etdik və həmçinin onları yaşadıqları şəhərlərdə pərən-pərən saldıq və bundan sonra onlar öz aralarında bir-biriləri ilə görüşə bilmədilər. Həqiqətən, bu deyilənlərdə - Səba qəbiləsinə nemət verilməsində, sonra da, onların nankorluqlarına və təkəbbürlüklərinə görə onlardan intiqam alınmasında, Allaha olan itaətdə, Ona asilik etməkdən çəkinməkdə və bir də müsibət gəldikdə səbirli olan və Allahın nemətlərinə şükür edən hər kəs üçün ibrət vardır.
(20) İblisin onlar barəsindəki zənni - onları azdırıb haqq yoldan çıxara biləcəyi ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalan insanlar küfr etməkdə və haqq yoldan azmaqda ona tabe oldular. Onlar İblisə tabe olmamaqla onun arzusunu ürəyində qoydular.
(21) Halbuki İblis o insanlar üzərində ixtiyar sahibi deyildi ki, onları azdıra bilsin. O, sadəcə (batili) onlara gözəl göstərməklə onları azdırırdı. Biz ancaq axirətə və axirətdə olan cəzaya iman gətirən kimsə ilə, ona şəkk edən kimsələri ayırd etmək üçün İblisə insanları azdırmaq fürsəti verdik. Ey Peyğəmbər, sənin Rəbbin hər şeyi hifz edəndir. O, Öz qullarının əməllərini hifz edir və onlara bu əməllərini əvəzini verəcəkdir.
(22) Ey Peyğəmbər, o müşriklərə de: “Allahdan başqa ilah saydıqlarınızı çağırın ki, sizə bir fayda versinlər, yaxud zərəri sizdən dəf etsinlər." Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və Allaha yardımçı olanı da yoxdur. Onun nə şəriklərə, nə də köməkçilərə ehtiyacı var.
(23) Pak və müqəddəs Allahın hüzurunda, Onun izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Allah isə Öz əzəmətini göstərmək üçün yalnız razı qaldığı kimsələrə şəfaətçilik etməyə izin verər. Uca Allah, göydə bir söz deyəndə mələklər onun əzəmətinin qorxusundan öz qanadlarını bir-birinə çırparaq, Onun sözünə boyun əyib, itaət etmələri Onun əzəmətindəndir. Nəhayə, onların qəlbindən qorxu keçib getdikdə, onlar Cəbraildən: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, Cəbrail də onlara belə cavab verər: “O, haqqı buyurdu! O, Öz zatı və hökmranlığı ilə Ucadır, və hər şeydən Böyükdür!”
(24) Ey Peyğəmbər, o müşriklərə de: “Göylərdən sizə yağış endirməklə və yerdən sizin üçün bitkilər, əkinlər, meyvələr və s. bu kimi bitirmiklə sizə ruzi verən kimdir?”. De: “Oradan sizə ruzi verən Allahdır! Elə isə biz və ya siz, ey müşriklər – ikimizdən biri ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”. Şəkk yoxdur ki, möminlər doğru yolda olan kimsələrdir, müşriklər isə azğınlıq yolunda olan kimsələr.
(25) Ey Peyğəmbər, de: “Qiyamət günü nə siz bizim qazandığımız günahlara görə sorğu-sual ediləcəksiniz, nə də biz sizin etdiyiniz əməllərə görə sorğu-sual ediləyəcəyik.”
(26) Onlara de: “Qiyamət günü Rəbbimiz hamımızı bir yerə toplayıb, sonra aramızda ədalətlə hökm verəcək. Beləliklə də, haqq əhli batil əhlindən ayırd ediləcək. O, ədalətlə hökm verən Hakimdir və nə hökm verdiyin Biləndir.”.
(27) Ey Peyğəmbər, de: “Allaha ibadətdə qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr, bu, sizin düşündüyünüz kimi deyil, Onun heç bir şəriki yoxdur. Əksinə, O, yenilməz qüvvət sahibi olan Qüdrətli, üstəlik, yaratmaq, hər bir şeyin müqəddəratını əzəldən yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allahdır!”
(28) Ey Peğəmbər, Biz səni bütün insanlara - müttəqilərə Cənnətlə müjdə verən, kafirləri və günahkarları Cəhənnəmlə qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların çoxu bunu bilmir. Əgər bilsəydilər, səni yalançı hesab etməzdilər.
(29) Barəsində xəbərdarlıq edilən əzabın tez gəlməsini istəyən müşriklər deyirlər: “Əgər sizin dediyiniz haqdırsa, bu vəd etdiyiniz əzab nə vaxt gələcək?”
(30) Ey Peyğəmbər, əzabın tez gəlməsini istəyən o kimsələrə de: “Sizə vəd edilmiş müəyyən bir gün var ki, siz nə bircə saat ondan yubanar, nə də bircə saat onu qabaqlaya bilərsiniz. O gün qiyamət günüdür.”
(31) Allaha küfr edən kəslər dedilər: “Biz nə Muhəmmədin özünə nazil olduğunu iddia etdiyi bu Qurana, nə də bundan əvvəlki səmavi kitablara inanacağıq!” Ey Peyğəmbər, kaş sən o zalımları qiyamət günü haqq-hesaba çəkilmək üçün öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları vaxt görəydin. Onların hər biri etdiyi günaha görə digərinin məsuliyyət daşıdığını deyəcək və onu qınayacaq. Tabeçilikdə olmuş zəiflər, dünyada onları öz tabeçiliyində saxlayan böyüklərinə deyəcəklər: “Əgər siz bizi haqq yoldan azdırmasaydınız, biz Allaha və Onun rəsuluna iman gətirərdik.”
(32) Haqqa boyun əyməyə təkəbbürlük göstərən böyüklər də onlara tabe olmuş zəiflərə belə deyəcəklər: “Məgər sizə Muhəmmədin göstərdiyi doğru yola yönəlməyə biz mane odluq?! Xeyr, əksinə, siz özünüz zülm edən və fəsad törədənlər idiniz.”
(33) Böyüklərinə tabe olmuş zəiflər, haqqa boyun əyməyə təkəbbürlük göstərmiş böyüklərə deyəcəklər: “Xeyr, sizin gecə-gündüz bizə qurduğunuz hiylələr bizi doğru yoldan azdırdı. Siz bizə Allaha küfr etməyi və Allahı qoyub məxluqata ibadət etməyi əmr edirdiniz”. Onlar əzabı gördükdə və canlarını əzabdan qurtara bilməyəcəklərini yəqin etdikdə, dünyada etdikləri küfrə görə peşmançılıq hisslərini gizlədəcəklər. Biz, kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar dünyada etdikləri əməllərə görə - Alladan baqasına tapındıqlarına və asi əməllər etdiklərinə görə belə cəza ilə cəzalandırılarlar.
(34) Biz hansı bir məmləkətə Allahın əzabı ilə qorxudan peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sultanları, zadəganları və varlıları onlara sadəcə olaraq: “Ey elçilər, biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.
(35) Cah-calal içində yaşayan o lovğalar və özlərini başqalarından üstün görənlər dedilər: “Bizim mal-dövlətimizin və övladlarımızın sayı daha çoxdu və sizin, bizim azab olunacağımıza dair iddanız da yalandır. Biz nə bu dünyada, nə də axirətdə əzab çəkəcən deyilik.”
(36) Ey Peyğəmbər, özlərinə verilən nemətlərlə qürurlanan o kəslərə de: “Pak və uca Rəbbim dilədiyi kimsəni ruzisini bol edib onu sınağa çəkər ki, görsün o, şükr edəcək, yoxsa nankor olacaq, dilədiyi kimsənin də ruzisini azaldıb onu sınağa çəkər ki, görsün o, səbir edəcək, yoxsa qəzəblənəcək? Lakin insanların çoxu Allahın hikmət sahibi olduğunu və O, gördüyü işləridə böyük bir hikmətlə təqdir etdiyini bilmir. Bunu bilənlər bilir, qafil olanlar da ondan qafildirlər.”
(37) Sizi Allahın razılığını qazanmağa yaxınlaşdıra biləcək nə öyündüyünüz var-dövlətiniz, nə də oğul-uşağınızdır. Lakin Allaha iman gətirib yaxşı iş görənlərin mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq. Belə ki, insanın Allah yolunda xərclədiyi mal-dövləti və övladların onun üçün etdiyi dua onu Allaha yaxınlaşdırır. Saleh əməllər edən o möminləri etdikləri yaxşılıqlara görə, qat-qat artırılmış mükafat gözləyir. Onlar Cənnətdəki yüksək mənzillərdə, qorxduqları hər bir şeydən - əzaba düçar olmayacaqlarından, ölməyəcəklərindən və nemətlərin tükənməyəcəyindən xatircəm olduqları halda yaşayacaqlar.
(38) İnsanları ayələrimizdən uzaqlaşdırmaq üçün bacardıqları qədər səy göstərən və məqsədlərinə çatmaq üçün əllərindən gələni edən kafirlər isə dünyada ziyana uğrayacaq, axirətdə də əzaba düçar ediləcəklər.
(39) Ey Peyğəmbər, de: “Həqiqətən, pak və uca Rəbbim Öz qullarından dilədiyinin ruzisini bol edər, dilədiyinə də onu azaldar. Allah yolunda nə xərcləsəniz, pak və uca Allah bunun əvəzinə sizə bu dünyada ondan da xeyrilisini verər, axirətdə də böyük mükafat bəxş edər. Pak və müqəddəs Allah ruzi verənlərin ən yaxşısıdır! Odur ki, kim ruzi istəyirsə, qoy pak və müqəddəs Allahdan istəsin!”
(40) Ey Peyğəmbər, xatırla ki, o gün Allah onların hamısını toplayacaq, sonra da, müşrikləri qınayaraq və onlara məzəmmət edərək, mələklərə buyuracaq: “Bunlar dünya həyatında Allahı qoyub sizəmi ibadət edirdilər?”
(41) Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Bizimlə onların arasında heç bir bağlılıq yoxdur. Əksinə, o müşriklər şeytanlara ibadət edirdilər. Şeytanlar özlərini onlara mələk kimi göstərir və onlar da Allahı qoyub şeytanlara ibadət edirdilər. Əksəriyyəti də məhz şeytanlara iman gətirmişdi.”
(42) Məhşər və haqq-hesaba çəkilmə günü ibadət edilən (tanrılar) dünyada ikən Allahı qoyub onlara ibadət edənlərə nə fayda verər, nə də zərər vura bilərlər. Küfr və asilk etməklə özlərinə zülm edən kimsələrə deyəcəyik: “Dünyada yalan saydığınız Cəhənnəm əzabını dadın!”
(43) Rəsulumuza nazil olan, açıq-aydın, içində heç bir şəkk-şübhə olmayan ayələrimiz, yalan sayan o müşriklərə oxunduğu zaman dedilər: “Bu, öz təbliğatı ilə ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!” Onlar dedilər: “Bu Quran, Allaha qarşı uydurulmuş yalandan başqa bir şey deyil!” Allah küfr edən kimsələrə Allah tərəfindən Quran gəldikdə onun barəsində dedilər: “Bu, ər ilə arvadın, habelə, oğul ilə atanı bir-birindən ayırmaq üçün olan açıq-aydın bir sehrdir!"
(44) Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik ki, bu kitab onlara Quranın yalan olduğunu və Muhəmmədin onu özündən uydurduğunu bildirsin. Ey Peyğəmbər, səni elçi göndərməmişdən əvvəl onları Allahın əzabı ilə qorxudan bir elçi göndərməmişdik.
(45) Onlardan əvvəlki ümmətlər - Ad, Səmud və Lut qövmləri də haqqı yalan saymışdılar. Sənin qövmündən olan müşriklər güc-qüvvət, mal-dövlət və say baxımından əvvəlki ümmətlərin əldə etdiyinin heç onda birini belə əldə etməmişlər. Onlardan hər biri özlərinə göndərilmiş elçini yalançı saydı. Beləliklə də, özlərinə verilmiş mal-dövlət, güc-qüvvət və say çoxluğu onlara fayda vermədi və Mənim əzabım onları yaxaladı. Ey Peyğəmbər, bir görəydin, Mənim onları həlak etməyim və onları cəzalandırmağım necə oldu!
(46) Ey Peyğəmbər, de: “Mən sizə yalnız bir nəsihət etmək istəyirəm: nəfsinizin istəklərindən uzaq olub pak və müqəddəs Allah üçün iki-iki, yaxud bir-bir ayağa qalxın, sonra da dostunuzun (Peyğəmbərin səllallahu aleyhi və səlləm) həyat-yolu barədə, onun necə ağıllı, doğru danışan və əmanəti qoruyan birisi olması barədə bir düşünün ki, onda (səllallahu aleyhi və səlləm) heç bir dəlilik olmadığını başa düşəsiniz. O, etdiyiniz şirkə görə Allaha tövbə etmədiyiniz təqdirdə, sizi yaxalayacaq şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir.”
(47) Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Mən sizi yönəltdiyim doğru yol və xeyir müqabilində sizdən bir savab və ya bir mükafat istəmişəmsə, - əgər bunun əvəzinə bir mükafat veriləcəksə, - qoy o, sizin olsun. Mənim mükafatım isə təkcə Allaha aiddir. Pak və müqəddəs Allah hər şeyə Şahiddir. Allah şahiddir ki, mən sizə təbliğ etdim. O, həmçinin, sizin əməllərinizə də şahiddir və sizə bunun əvəzini verəcəkdir.”
(48) Ey Peyğəmbər, de: “Rəbbim haqqı batilin üzərində hökmran etməklə batili puç edir. O, qeybləri biləndir. Nə göylərdə, nə də yerdə, heç bir şey Ondan gizli qalmaz, habelə, qullarının əməllərindən də, heç bir şey Ondan gizli qalmaz.”
(49) Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Haqq - İslam gəldi və batil puç olub getdi. O batil ki, haqqa qarşı nə bir güc və müqavimət göstərə bilər, nə də ona əks təsir edə bilər”.
(50) Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Əgər mən sizə təbliğ etdiyim haqq yoldan çıxsam, azmağım zərəri mənim öz əleyhimə olar, bundan sizə heç bir zərər gəlməz. Yox, əgər doğru yolla gedirəmsə, bu da, pak və müqəddəs Rəbbimin mənə nazil etdiyi vəhy sayəsindədir. Həqiqətən, O, Öz qullarının dediklərini eşidəndir və yaxındır, mənim dediklərimi eşitməyə Ona mane olan bir şey yoxdur.”
(51) Ey Peyğəmbər, kaş, sən haqqı yalan sayan o kafirlərin qiyamət günü əzabı gördükdə qorxuya düşdüklərini görəydin. Onların bu əzabdan qurtulmağa bir yolu olmayacaq və onlar sığınmaq üçün bir yer tapa bilməyəcəklər, üstəlik, yaxın və asanlıqla ələ keçiriləcək bir yerdə ilk həmlədə yaxalanacaqlar. Əgər sən bunu görsən əcaib bir şey görmüş olarsan.
(52) Onlar gedəcəkləri yeri gördükdə deyəcəklər: “Biz qiyamət gününə inandıq!” İman gətirməyin qəbul edildiyi yerdən - əməlin qəbul edildiyi, lakin mükafatı verilmədiyi dünya həyatından çıxıb, əməl etməyə fürsət verilmədiyi, lakin (edilmiş əməlin) mükafatı verildiyi axirət həyatına qovuşduqdan sonra imana necə nail ola bilərlər?!
(53) Onlar necə iman gətirə bilər və bu, onlardan necə qəbul ola bilər ki, onlar dünya həyatında onu inkar edir və haqdan uzaq bir yerdən qeyb haqqında fikir yürüdürdülər, üstəlik, Rəsulullah -səllallahu aleyhi və səlləm- barədə: "O, sehrbazdır, kahindir, şairdir"- deyirdilər.
(54) Haqqı yalan sayan o yalançılarla istədikləri şey - dünya həyatının ləzzətləri, üstəlik, küfrdən tövbə etmək, Cəhənnəmdən qurtulmaq və dünya həyatına qayıtmaq arasında maneə çəkilər. Onlardan öncə özlərinə bənzər keçmiş ümmətlərə də belə edilmişdir. Həqiqətən, onlar elçilərin təbliğ etdiyinə - Allahın Tək ilah olmasına və ölümdən sonra dirilməyə şəkk edirdilər. Elə bir şəkk ki, bu, onları küfrə sürükləmişdir.