(1) (Əlif, Ləm, Mim!) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Farslar, Rumlulara qarşı qalib gəldi.
(3) Şam torpaqlarının Fars məmləkətinə ən yaxınn olan yerində. Lakin Rumlular Farslara məğlub olduqdan sonra onların üzərində qələbə çalacaqlar.
(4) Üç ildən çox və on ildən az bir zaman ərzində. Rumluların məğlubiyyətindən əvvəl də, sonra da hökm Allahındır. Rumlular farslara qalib gəldiyi gün möminlər sevinəcəklər.
(5) Möminlər Allahın Rumlulara kömək etməsinə sevinəcəklər. Çünki onlar Kitab əhlidir. Allah dilədiyi kimsələrə dilədiyi kimsələr üzərindən qalib gəlməyə kömək edir. O, yenilməz Qüdrət sahibidir, möminlərə qarşı Rəhmlidir.
(6) Bu qələbə, Uca Allahın vədi idi. Allah vədinə xilaf çıxmaz. Bu vədin gerçəkləşməsi, Allahın möminlərə vəd etdiyi qələbə xüsusunda onların yəqinliyini artırır. Lakin insanların çoxu küfrləri səbəbindən bunu anlamazlar.
(7) Onlar imanın nə olduğunu və şəriət əhkamlarını bilmirlər. Bildikləri yalnız dünya həyatının görünən tərəfi, yaşamaq üçün əldə edilən qazanc və maddi sivilizasiyalardır. Onlar həqiqi axirət həyatından üz çevirmişlər, ona tərəf heç baxmırlar da.
(8) Məgər təkzib edən o müşriklər özlüyündə, Allahın bunları necə yaratdığını və onlara necə düzən verdiyini düşünmürlərmi?! Allah göyləri və yeri əbəs yerə deyil, yalnız bir həqiqət olaraq yaratmış və onların dünyada qalması üçün müəyyən müddət təyin etmişdir. Lakin, insanların çoxu Qiyamət günü öz Rəbbi ilə qarşılaşacağını inkar edir. Elə buna görə də, onlar Rəbbinin razı qalacağı saleh əməllər etməklə, diriləcəkləri günə hazırlıq görmürlər.
(9) Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəl yaşamış, haqqı yalan sayan ümmətlərin aqibətininin necə olduğunu görmədilərmi?! O ümmətlər bunlardan da güvvətli idilər. Onlar torpağı şumlayıb əkir, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara Allahın tək ilah olduğunu sübut edən dəlillər və açıq-aydın möcüzələr gətirmişdilər. Onlar isə (haqqı) yalan saydılar. Allah onları məhv edərkən onlara zülm etmədi. Lakin onlar küfr edib özlərini həlaka uğratmaqla özləri özlərinə zülm etmişdilər.
(10) Sonra isə Allaha şərik qoşmaqla və günah işlər görməklə pislik edənlərin aqibəti lap pis oldu. Çünki onlar Allahın ayələrini yalan saydılar və onlara istehza etdilər, onları lağa qoydular.
(11) Allah məxluqatı yeni bir biçimdə yaradar, sonra onu yox edər, sonra da onu əvvəlki halına qaytarar. Bundan sonra isə - Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınız.
(12) Qiyamət saatı gələcəyi gün günahkarlar Allahın rəhmətindən əllərini üzəcək və etdikləri küfürlərə görə dəlilləri olmadığı üçün ümidlərini kəsəcəklər.
(13) Allaha qoşduqları şərikləri - dünyada ikən ibadət etdikləri bütlər onları əzabdan qurtarmaq üçün onlara şəfaətçilik edə bilməyəcək. Allaha qoşduqları şəriklər onları inkar edəcəklər. Bunlar onlardan kömək umduqları vaxt o şəriklər bunları naümid qoyacaq. Çünki onların hamısı həlak olacaq.
(14) Qiyamət saatının gələcəyi gün - həmin gün insanlar dünyada etdikləri yaxşı və pis əməllərinə görə ayrılacaqlar, bir qismi illiyyuna (Cənnətin mərtəbələrinə), digərləri də (Cəhənnəmdə) alt təbəqələrə yerləşəcəklər.
(15) Allaha iman gətirib, Onu razı salacaq saleh əməllər edənlərə gəlincə, onlar Cənnətdə olacaq və nail olduqları əbədi, tükənməz nemətlərə görə sevinəcəklər.
(16) Allaha qarşı küfr edən və peyğəmbərimizə nazil etdiyimiz ayələri, habelə, dirilməni və haqq-hesaba çəkilməni yalan sayanlar - məhz onlar əzaba düçar ediləcək və orada əbədi qalacaqlar.
(17) Odur ki, siz axşama yetişəndə - yəni məğrib və işa namazlarının vaxtında Allahın şəninə çoxlu tərif söyləyin; habelə, səhərə çıxanda - yəni sübh namazının vaxtında da Onun şəninə çoxlu tərif söyləyin.
(18) Həmd-səna yalnız pak və müqəddəs Allaha məxsusdur. Göydə mələklər, yerdə də məxluqatı Onun şəninə təriflər deyir. Siz də axşam çağında - əsr namazının vaxtında və günortaya yetişəndə - zöhr namazının vaxtında Onun şəninə təriflər deyin!
(19) O, ölüdən diri çıxardır. Necə ki, insanı nütfədən əmələ gətirir, cücəni yumurtadan çıxardır. Diridən də ölü çıxardır. Necə ki, insandan nütfə çıxardır, toyuqdan da yumurta. Həmçinin, yağış endirərək qurumuş torpağı canlandırır və orada bitkilər yetişdirir. Yer bitkilərlə canlandığı kimi, siz də, haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün qəbirlərinizdən çıxardılacaqsınız.
(20) Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindən biri də, Onun sizi -ey insanlar- torpaqdan yaratmasıdır. O, atanız Adəmi palçıqdan yaratmış, sonra da siz doğub-törəmiş, artmış və məşriqdən məğribədək yer üzünə yayılmısınız.
(21) Həmçinin, ünsiyyətdə rahatlıq tapasınız deyə - ey kişilər - sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə düşünən bir toplum üçün açıq-aydın dəlillər vardır. Belə ki, məhz onlar öz ağıllarından istifadə edirlər.
(22) Göylərin və yerin yaradılışı, habelə, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən, bu deyilənlərdə elm və bəsirət sahibləri üçün açıq-aydın dəlillər vardır!
(23) Gecələr və gündüzlər yorğunluğunu aradan qaldırmaq üçün yatıb dincəlməyiniz də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həmçinin, gündüzü Rəbbinizin verdiyi ruzini axtarmağınız üçün yaratması da Onun dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə (haqqı) eşidən və eşitdiyini düşünüb qəbul edən kimsələr üçün açıq-aydıın dəlillər vardır.
(24) Həm ölüm qorxusu, həm də yağışın yağacağına ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən yağış endirib qurumuş yeri canlandırması və orada bitkilər yetişdirməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən də, bu deyilənlərdə başa düşən bir toplum üçün açıq-aydın dəlillər vardır. Onlar, öldükdən sonra haqq-hesaba çəkilməyin və əməllərin əvəzini almağın haqq olmasına bu dəlillərə əsaslanırlar.
(25) Pak və müqəddəs Allahın əmri ilə göyün və yerin öz yerlərində sabit qalması da Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Sonra Allah sizi - mələyin sura üfürməsi sayəsində - çağıran kimi haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
(26) Göylərdə və yerdə olan mülklərin, məxluqların və işlərin hamısı Ona məxsusdur. Göylərdə və yerdə olan məxluqatın hamısı Ona təzim edir, Onun əmrinə boyun əyirlər.
(27) Pak və müqəddəs Allah məxluqatı yeni biçimdə yoxdan yaradır, onu yox etdikdən sonra onu bir daha yaradır. Yenidən yaratmaq isə yoxdan yaratmaqdan daha asandır. Lakin hər ikisi Allah üçün çox asandır. Çünki O, bir şeyi yaratmaq istədikdə ona sadəcə: "Ol!"- deyir, o da olur. Göylərdə və yerdə olan ən uca və ən kamil sifətlər Ona məxsusdur. O, heç kəsin gücü yetməyəcəyi qədər Qüdrətlidir, yaratmaq və idarə etmək xüsusunda da Hikmət sahibidir.
(28) Ey müşriklər! Allah sizə özünüzdən bir məsəl çəkdi. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, malınıza şərik olan, azad şəriklərinizin malınıza şərik olacağınızdan çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Əlbəttə ki, siz buna razı olmazsınız. Allahın da Öz mülkündə yaratdıqları və qullları arasında əlbəttə ki, heç bir şəriki ola bilməz. Biz bunu və buna bənzər başqa məsəlləri düşünüb daşınan kimsələr üçün dəlil göstəririk. Çünki məhz onlar bundan faydalanarlar.
(29) Onların azğınlığa düşməsinin səbəbi dəlillərin zəif olmasında, yaxud onların lazımi şəkildə bəyan edilməməsində deyil. Bunun səbəbi onların öz nəfsələrinin istəklərinə uyması və Allahın onlar üzərindəki haqqını unudaraq kor-koranə ata-babalarına təqlid etməsidir. Allahın zəlalətə saldığı kimsəni kim doğru yola yönəldə bilər?! Beləsini heç kəs doğru yola yönəldə bilməz. Onları Allahın əzabından qurtara bilən bir kəs tapılmaz.
(30) Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar bütün dinlərdən üz döndərərək üzünüzü Allahın sizi yönəltdiyi dinə tərəf çevirin. Allahın insanların fitrətinə uyğun göndərdiyi İslam dini budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Heç bir əyriliyi olmayan doğru din budur, lakin insanların çoxu bu dinin haqq din olduğunu bilməz.
(31) Günahlarınızdan tövbə edərək pak və müqəddəs Allaha üz tutun, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxun, namazı kamil şəkildə əda edin və fitrətə zidd olaraq ibadətlərində Allahdan qeyrisini Ona şərik qoşan müşriklərdən olmayın!
(32) Dinlərini dəyişən, dinin tələblərinin bir qisminə iman gətirib, digərini inkar edən, firqələrə və dəstələrə böllünən müşriklərdən olmayın. Onlardan hər bir firqə öz batil əqidəsini üstün bilib sevinir və yalnız özlərinin haqq üzərində olduqlarını, digərlərinin isə batil yolda olduğunu güman edirlər.
(33) Müşriklərə bir bəla, yaxud bir xəstəlik, yaxud da qıtlıq üz verdiyi zaman, acizanə şəkildə yalnız pak və müqəddəs Rəbbinə üz tutub Ona yalvarırlar ki, bu bəlanı onlardan uzaq eləsin. Sonra O, onlara rəhm edib bu bəlanı aradan qaldırdıqda, onların bir qismi dua edərkən Allahdan qeyrisini Ona şərik qoşur.
(34) Onlar Allahın nemətlərinə - o cümlədən də bəlanı aradan götürmək nemətinə - nankorluq edir və bu həyatda əllərində olan nemətlərdən istifadə edirlər. Onlar Qiyamət günü açıq-aydın zəlalət içində olduqlarını öz gözləri ilə görəcəklər.
(35) Əllərində heç bir dəlil olmadığı halda, onları Allaha şərik qoşmağa vadar edən nədir?! Biz onlara heç bir kitabdan Allaha şərik qoşmaq barədə bir dəlil nazl etməmişik. Əllərində də onların etdikləri şirk barədə danışan və onların etdikləri o küfrün doğru olduğunu isbat edən bir kitab yoxdur.
(36) Biz insanlara sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlərimizdən daddırdıqda onunla qürrələnir və təkəbbürlük edirlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara özlərini məyus edəcək xəstəlik və kasıblıq üz vedikdə isə dərhal ümidlərini Allahın rəhmətindən üzür və düçar olduqları bəladan dolayı naümid qalırlar.
(37) Məgər onlar görmürlər ki, Allah Öz qullarından istədiyini imthana çəkmək - onun şükür edəcəyini, yoxsa küfr edəcəyini üzə çıxartmaq üçün ruzisini bol edir, istədiyini də sınağa çəkmək - onun səbir edəcəyini, yoxsa qəzəblənəcəyini üzə çıxartmaq üçün ruzisini azaldır?! Həqiqətən, bəzilərinin ruzusinin artmasında, bəzilərininkinin də azalmasında möminlər üçün Allahın lütfünə və mərhəmətinə dəlalət edən dəlillər vardır.
(38) Ey müsəlman, qohum-əqrəbaya yaxşılıq etməklə və onlarla əlaqə saxlamaqla, habelə, yoxsulun ehtiyacını ödəməklə, yolda qalmış müsafirin də yurduna gedib çıxmasına yardım etməklə onlara çatacaq haqqı ver! Bu haqları ödəmək, Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün daha xeyirlidir. Bu yaxşılıqları edən və haqları ödəyən kimsələr - məhz onlar istədikləri Cənnətə nail olub, qorxduqları əzabdan xilas olaraq uğur qazananlardır.
(39) İnsanlardan bir kimsəyə borc verib, sonra da faizlə geri aldığınız malın Allah yanında savabı olmaz. Nə bir məqam xatirinə, nə də əvəz güdərək yox, sırf Allahın Üzünü diləyərək (ixlasla), ehtiyacı olan kimsələrə verdiyiniz mal-dövlətə gəlincə, bilin ki, bunu edənlərin savabı Allah yanında qat-qat artırılar.
(40) Sizi xəlq edən, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi məhşərə toplamaq üçün dirildəcək məhz Allahdır. Allahdan savayı ibadət etdiyiniz bütlər arasında bunlardan birini edə bilən varmı?! Allah pakdır, müqəddəsdir və müşriklərin söylədiklərindən və etiqad etdiklərindən uzaqdır.
(41) İnsanların öz əlləri ilə etdiyi günahların nəticəsi olaraq həm quruda, həm də dənizdə, quraqlıq, yağışların az yağması, xəstəliklərin və virusların artıb çoxalması kimi fəsadlar baş verir. Allah onlara bu bəlaları göndərir ki, etdikləri bəzi pis əməllərin cəzasını bu dünyada daddırsın ki, bəlkə, onlar tövbə edib Ona qayıdalar.
(42) Ey Peyğəmbər! O müşriklər de: “Yer üzünü gəzib dolaşın və haqqı yalan sayan əvvəlki ümmətlərin aqibətinin necə olduğuna baxın. Onların əksəriyyətinin aqibəti çox pis olmuşdur. Onların çoxu Allaha şərik qoşanlar idi. Allahla yanaşı başqa ilahlara da ibadət edərdilər. Allaha şərik qoşduqlarına görə həlak oldular.”
(43) Ey Peyğəmbər! Qarşısıalınmaz Qiyamət günü gəlməmişdən əvvəl üzünü heç bir əyriliyi olmayan, dümdüz olan İslam dininə tərəf tut! O gün insanlar iki dəstəyə bölünəcək - bir qismi Cənnətdə kef çəkəcək, digərləri isə Cəhənnəmdə əzaba düçar olacaqlar.
(44) Kim Allaha qarşı küfr edərsə, küfrünün zərəri öz əleyhinə olar - əbədi olaraq Cəhənnəm atəşində qalar. Allahın rizası xatirinə yaxşı iş görənlər isə özlərinin Cənnətə daxil olmasını və orada əbədi olaraq naz-nemətlər içində qalmasını təmin etmiş olarlar.
(45) Bu ona görədir ki, Allah, Ona iman gətirib Rəbbini razı salacaq saleh əməllər edənlərin mükafatını versin. Şübhəsiz ki, pak və müqəddəs Allah, Onu və Onun elçilərini inkar edən kafirləri sevməz, əksinə, onlara olduqca çox nifrət edər, üstəlik, Qiyamət günü onlara əzab verəcəkdir.
(46) Sizə, - ey insanlar - yağışı nazil etdikdən sonra məhsuldarlıq və bolluq nəsib etmək üçün Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər dənizdə üzsün, dəniz vasitəsilə ticarət edib Onun lütfünü arayasınız və Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz və O da sizə olan nemətlərini artırsın deyə, insanları yağışın nazil olacağı ilə müjdələmək üçün küləkləri göndərməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir.
(47) Ey Peyğəmbər! Biz səndən əvvəl də onların ümmtələrinə elçilər göndərmişdik. Elçilər onlara özlərinin doğru danışdıqlarını təsdiqləyən açıq-aydın dəlillər gətirmişdilər. Lakin onlar elçilərin təbliğ etdiklərini yalan saydılar. Biz günah işlər görənlərdən intiqam aldıq və onları əzabımızla məhv etdik. Elçiləri və möminləri isə əzabdan xilas etdik. Möminlərə yardım etmək və qələbə qazandırmaq Bizim borcumuz idi.
(48) Buludları hərəkətə gətirən küləkləri idarə edən və göndərən pak və müqəddəs Allahdır. Allah səmada onları istədiyi kimi - az və ya çox sayda yayıb topa-topa edir. Sən, ey buludlara baxan insan, sən buludların ortasından yağışın çıxdığını görürsən. Bu yağış Allahın qullarından istədiyi kimsələrə nazil olduğu zaman, onlar Allahın onlara rəhm edib yağış nazil etməsinə, bunun sayəsində də onların həm özlərinin, həm də heyvanlarının ehtiyacı olan birkiləri yetişdirməsinə sevinirlər.
(49) Halbuki Allah onlara yağış nazil etməzdən əvvəl, yağışın onlara yağmasından ümidlərini kəsmişdilər.
(50) Ey Peyğəmbər! Sən Allahın Öz qullarına rəhmət olaraq nazil etdiyi yağışın izlərinə bax, Allah qurumuş və ölü torpağın üzərində növbənöv bitkilər yetişdirməklə onu necə dirildir. Şübhəsiz ki, ölü torpağı canlandıran O Allah, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.
(51) Əgər Biz onların əkin sahələrinə və bağçalarına bir külək göndərsək və onlar əkin sahəsindəki yaşıl bitkilərin dönüb saralmış olduğunu görsələr, bundan sonra Allahın əvvəlcə verdiyi bol nemətlərə nankorluq etməyə başlayarlar.
(52) Sən ölülərə heç bir şey eşitdirə bilmədiyin kimi, eləcə də dönüb gedən karlara heç bir şey eşitdirə bilməzsən. Onlar heç nə eşitməsinlər deyə səndən uzaq dururlar. Eləcə də, sən bunlar kimi (haqdan) üz döndərən və fayda almayan kimsələri doğru yola yönəldə bilməzsən.
(53) Sən düz yoldan sapanları haqq yola yönəldə bilməzsən. Sən haqqı ancaq ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən. Çünki məhz belələri sənin dediklərindən faydalana bilər, məhz onlar Bizim əmrimizi yerinə yetirir və ona boyun əyirlər.
(54) Ey insanlar, sizi dəyərsiz sudan yaradan, zəif uşaqlar olduqdan sonra sizi qüvvətli kişilər edən, qüvvətli kişilər olduqdan sonra da, zəif yaşlılıq və qocalıq verən Allahdır. Allah istədiyini zəif istədiyini də qüvvətli yaradır. O, hər şeyi Biləndir, heç bir şey Ondan gizli qalmaz. Habelə, Qadirdir, heç bir şey Onu aciz edə bilməz.
(55) Qiyamət qopacağı gün günahkarlar qəbirlərində bircə saat qaldıqlarına and içəcəklər. Onlar qəbirlərində nə qədər qaldıqlarından qafil olduqları kimi, dünyada da haqdan belə sapacaqlar.
(56) Allahın elm bəxş etdiyi peyğəmbərlər və mələklər isə deyərlər: “Siz dünya həyatında Allahın əzəli elmi ilə yazdığı, doğulduğnuz dündən, inkar etdiyiniz günə, qəbirlərinizdən dirilib qalxan gününə qədər qaldınız. Lakin siz dirilmənin həqiqət olacağını bilmirdiniz, elə buna görə də onu inkar edirdiniz”.
(57) Allah məxluqatı haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün onlara dirildəcəyi gün, zalımlara üzürxahlıq etmələri fayda verməyəcək və onlardan Allahı razı salmaq üçün tövbə etmələri, Ona üz tutmaları da tələb olunmayacaq. Çünki artıq bunun zamanı keçmiş olacaq.
(58) Biz bu Quranda insanlar üçün - onlara göstərdiyimiz qayğıdan dolayı - hər cür məsəllər çəkdik ki, onlar haqqı batildən ayırd edə bilsinlər. Ey Peyğəmbər! Əgər sən onlara söylədiklərinin doğru olduğunu isbat etmək üçün bir möcüzə gətirsən, Allaha qarşı küfr edənlər mütləq deyəcəklər: “Siz öz sözlərinizlə yalnız yalan uyduranlarsınız!”
(59) Allah, gətirdiyiniz möcüzələrə iman etməyən kimsələrin qəlblərini möhürlədiyi kimi, təbliğ etdiyinizin haqq olduğunu bilməyənlərin də qəlblərini belə möhürləyər.
(60) Ey Peyğəmbər! Qövmünün səni yalançı saymasına səbir et! Həqiqətən də, Allahın sənə qələbə və sabitliklə bağlı verdiyi vədi haqdır, bunda heç bir şübhə yoxdur. Qoy diriləcəklərinə inanmayanlar səni tələsməyə və səbirsizlik göstərməyə sövq etməsinlər.