(1) ﴾Qaf.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Uca Allah, özündə çox mənalar, çoxlu xeyir və bərəkət cəm edən Qurani Kərimə and içir ki, qiyamət günü siz mütləq dirilib haqq-hesaba çəkiləcək və əməllərinizin əvəzini alacaqsınız.
(2) Onların haqqı inkar etmələrinin səbəbi səni yalançı saymaları olmamışdı, çünki onlar sənin doğru danışdığını bilirdilər. Xeyr, onlar mələklərdən deyil, özləri kimi bir insanın onlara qorxudan bir peyğəmbər göndərildiyinə təəccüb etdilər və elə buna görə də dedilər: “Bəşər övladının bizə peyğəmbər göndərilməsi əcaib bir şeydir.
(3) Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik?! Bu dirilmə və cəsədimiz çürüyüb yox olduqdan sonra yenidən ona həyat verilməsi mümkün deyil”.
(4) Onlar öldükdən sonra yerin onların cəsədlərini necə çürüdüb yox etdiyini bilirik. Heç bir şey Bizdən gizli qalmaz. Bizdə, Uca Allahın onların həyatında və ölümündən sonra nələr baş verəcəyinə dair əzəldən yazdığı qədəri qoruyan bir kitab var.
(5) Lakin Peyğəmbər Quranı o müşriklərə gətirdikdə onlar Quranı yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər və Quran barəsində nə qərar verəcəklərini bilmirlər.
(6) Dirilməni yalab sayan o kimsələr başları üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə qurduğumuzu, ulduzlarla necə bəzədiyimizi və onda naqislik gətirən yarıqlar olmadığını görmürlərmi?! Bu göyü yaradan Allah, insanlar öldükdən sonra onları diriltməyə aciz deyildir.
(7) Biz yeri, sakinləri onun üzərində qərar tuta bilsin deyə döşədik, yer silkələnməsin deyə orada möhkəm dağlar yerləşdirdik və orada göz oxşayan bitkilərin və ağacların hər növündən yetişdirdik.
(8) Bütün bunları itaət edərək Rəbbinə üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
(9) Biz göydən çox faydalı və xeyirli su endirdik və o su ilə bağ-bostanlar, habelə, biçilən taxıl dənələri və s. bitirdik.
(10) Həmçinin, o su ilə meyvələri üst-üstə asılmış hündür uca xurma ağacları bitirdik.
(11) Biz orada bitkilər yetişdirdik ki, insanlar ruzi olarq ondan yesinlər. Həmçinin, Biz bu yağışla bitki bitməyən bir məmləkəti diriltdik. Eləcə də, ölüləri dirildib qəbirlərindən çıxardacağıq.
(12) Ey Peyğəmbər! Səni yalançı sayan o kəslərdən əvvəl bir çox qövmlər - Nuh qövmü, quyu əhli və Səmud tayfası öz peyğəmbərlərini yalançı saydı.
(13) Həmçinin, Ad qövmü, Firon xalqı, Lut tayfası yalançı saydı,
(14) Şueybin qövmü Əykə əhlinin və Yəmən hökmdarıTubbə qövmünün yalançı saydı. Bütün bu qövmlər Allahın onlara göndərdiyi elçiləri yalançı saydılar. Odur ki, Allahın onlara vəd etdiyi əzab onları yaxaladı.
(15) Məgər Biz sizi ilk dəfə yaratdıqda aciz qalmışdıq ki, sizi diriltməkdə də aciz qalaq?! Xeyr! Onlar ilk yaradılışlarından sonrakı yeni yaradılış barəsində şəkk-şübhə içindədirlər.
(16) İnsanı Biz yaratdıq və nəfsinin ona təlqin etdiyi xəyalları və fikirləri bilirik. Biz ona qəlbə bağlı olan boynunda yerləşən şah damarından da yaxınıq.
(17) Biri sağında, digəri solunda iki mələk oturub onun əməllərini qeydə alır.
(18) İnsanın dediyi hər bir sözü yazmaq üçün onun yanında hazır durub gözləyən mələk vardır!
(19) Ölümün şiddəti həqiqətən gələcək, bu qaçılmazdır. Ey qafil insan! Ölüm, sənin çəkindiyin və qorxub qaçdığın şeydir.
(20) Sur üfürməyə müvəkkəl edilmiş mələk ikinci dəfə sura üfürəcəkdir. Bu, kafirlərə və asi olanlara əzab vəd olunmuş qiyamət günüdür.
(21) Hər kəs onu qova-qova məhşərə gətirən mələklə və bir də onun əməllərinə şahidlik edən mələklə birlikdə gələcəkdir.
(22) Məhşərə gətirilən o insana belə deyiləcək: "Sən dünyada ikən şəhvətlərə və ləzzətlərə aldandığına görə, bu günün haqqında qəflət içində idin. Lakin Biz sənin qəflətini aradan qaldırdıq ki, əzabı və qəm-qüssəni görəsən. Bu gün sən artıq çox yaxşı görürsən və barəsində qafil olduğunu dərk edirsən!”
(23) Yanındakı (əməllərini qeydə almaq üçün) müvəkkəl edilmiş mələk deyəcək: “Yanımda olan kimsənin əməli heç bir artırma və əskiltmə olmadan hazırdır!”
(24) Allah (o günahkarı) gətirən və şahid olan iki mələyə belə buyuracaq: “Haqqı inkar edən hər bir inadcılı atın Cəhənnəmə.
(25) Həmçinin, Allahın vacib buyurduğu haqların verilməsinə mane olanı, Allahın qoyduğu hüdudları aşanı, xəbər verilən vədlərə və təhdidlərə şəkk edən kimsəni də,
(26) Habelə, ibadətdə başqa bir məbudu Allaha şərik qoşan kimsəni də. Atın onu şiddətli əzaba!”
(27) Şeytanlardan olan yoldaşı ondan uzaq olduğunu bəyan edib deyəcək: “Ey Rəbbimiz! Onu mən azdırmadım, əksinə, o özü haqdan uzaq bir zəlalət içində idi!”
(28) Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin, bunun heç bir faydası yoxdur. Mən sizi hələ siz dünyada ikən elçilərimin Mənə küfr edən və Mənə asi olan kimsələri qorxutduğu şiddətli təhdidlərlə xəbərdar etmişdim.
(29) Mənim Sözüm dəyişməzdir və mən vədimə xilaf çıxan deyiləm. Mən qullarımın nə savablarını azaldaraq, nə də ki, günahlarını artıraraq əsla onlara zülm etmərəm, Əksinə, onlara etdikləri əməllərin əvəzini verərəm”.
(30) O gün Biz Cəhənnəmə belə deyəcəyik: “Sənə atılan kafirlər və asilərlə doldunmu?” O da Rəbbinə görə qəzəblənib daha çox tələb edərək Rəbbinə: “Yenə varmı?” – deyəcək.
(31) Cənnət, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələrə yaxınlaşdırılacaq və onun içində olan nemətləri çox yaxın məsafədən müşahidə edəcəklər.
(32) Onlara deyiləcək: "Budur Allahın sizə vəd etdiyi Cənnət! O, hər tövbə edib Rəbbinə üz tutan, Onun əmrinə riayət edən,
(33) Gizlində, Allahdan başqasının onu görmədiyi halda Mərhəmətli Allahdan qorxan və Allaha üz tutub daim Ona yönəlmiş salamat qəlblə Onun hüzuruna gələn kimsələr üçündür.
(34) Onlar deyiləcək: "Xoşlamadığınız şeylərdən qurtulmuş halda salamatlıqla Cənnətə daxil olun! Bu, sonrası fani olmayan əbədiyyət günüdür.
(35) Orada onlar üçün istədikləri tükənməz nemətlər hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının qəlbindən keçirmədiyi nemətlər vardır. Uca Allahı görmək də bu nemətlərdən biridir.
(36) Biz haqqı yalan sayan bu Məkkə müşriklərindən əvvəl bir çox ümmətləri məhv etdik. Onlar Məkkə müşriklərindən daha qüvvətli idilər. Onlar diyarbədiyar gəzib canlarını əzabdan qurtarmağa yol axtardılar, lakin tapa bilmədilər”.
(37) Həqiqətən, bu deyilənlərdə - əvvəlki ümmətlərin məhv olmasında, dərk edən qəlbi olan və ya sakit durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.
(38) Biz göyləri, yeri və onların arasında olanları bir anda yaratmağa qadir olduğumuz halda, altı gündə yaratdıq və yəhudilərin iddia etdiyi kimi, Bizə heç bir yorğunluq üz vermədi.
(39) Ey Peyğəmbər! Sən yəhudilərin və başqalarının dediklərinə səbir et! Rəbbinə həmd edərək gün doğmamışdan əvvəl fəcr namazını, gün batmamışdan əvvəl də əsr namazını qıl!
(40) Gecənin bir vaxtında Allah üçün namaz qıl və namazlardan sonra Onun şəninə təriflər de!
(41) Ey Peyğəmbər! O gün sura üfürməyə müvəkkəl edilmiş mələyin yaxın bir yerdən ikinci kərə sura üfürəcəyini dinlə.
(42) O gün məxluqat, heç bir şübhə olmayan dirilmə çağırışını gerçəkdən eşidəcək. Onların bu çağırışı eşidəcəkləri o gün, ölülərin haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün öz qəbirlərdən çıxma günüdür.
(43) Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Bizdən başqa nə dirildən, nə də öldürən var. Qiyamət günü qulların haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini alması üçün dönüşü yalnız Bizədir.
(44) O gün yer onlardan ötrü yarılacaq və onlar (qəbirlərindən) sürətlə çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
(45) Biz haqqı yalan sayan o kimsələrin nə dediklərini yaxşı bilirik. Ey Peyğəmbər! Sən onları iman gətirməyə məcbur edən deyilsən. Sən sadəcə Allahın sənə təbliğ olunmasını əmr etdiyini təbliğ edənsən. Sən Mənim təhdidimdən qorxan kafirlərə və asi olanlara Quranla öyüd-nəsihət ver. Çünki məhz qorxan kimsə öyüd-nəsihət alar və ona xatırlatdıqda xatırlayar.