(1) ﴾Əlif, Ləm, Mim!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.
(2) Yoxsa insanlar təkcə: "Biz Allaha iman gətirdik!"– deyərək kimin həqiqi mömin olduğunu ortaya çıxaran imtahan etmədən onlardan əl çəkəcəyimizimi güman edirlər?! Xeyir, bu, heç də onların güman etdikləri kimi deyildir.
(3) Uca Allah, doğru danışanların imanlarında doğru danışdıqlarını, yalan danışanların da imanlarında yalan danışdıqlarını aşkar edib, üzə çıxarsın deyə, onlardan öncəkiləri də imtahan etmişdir!
(4) Yoxsa, şirk və diğər günahlar edənlər Bizi özlərinə qarşı aciz buraxacaqlarını və cəzamızdan qurtula biləcəklərinimi güman edirlər?! Onlar nə qədər də pis hökm irəli sürürlər. Xeyir, onlar Allahı əsla aciz buraxa bilməzlər. Əgər küfr halında ölsələr, Allahın əzabından da canlarını qurtara bilməzlər.
(5) Kim Qiyamət günü, dünyada ikən etdiyi yaxşı əməllərinin mükafatı özünə verilməsi üçün Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın bunun üçün müəyyən etdiyi vaxt çox yaxında olacaqdır. O, qullarının söylədiklərini eşidən, etdikləri əməlləri görəndir və bunlardan Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.
(6) Kim nəfsini, Uca Allaha itaət etməyə və günahlardan uzaqlaşmağa sövq edərək bu yolda Allah üçün cihad edərsə, şübhəsiz ki, o, öz nəsfi üçün çalışıb, cihad etmişdir. Bunun faydası sonda yalnız onun özünə qayıtacaqdır. Çünki Allahın heç bir məxluquna və onların yaxşı əməllərinə ehtiyacı yoxdur. Onların yaxşı əməllərinin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinin də Ona heç bir zərəri olmaz!
(7) İman gətirib, başlarına gələn müsibətlərə səbir edənlər və yaxşı əməllər edənlərin günahlarını əlbəttə ki, etdikləri yaxşı əməlləri ilə siləcəyik və axirət də onları dünya da ikən etdikləri yaxşı əməllərin daha yaxşısı ilə mükafatlandıracağıq.
(8) Biz insana valideynləri ilə gözəl davranmağı və onlara yaxşılıq etməyi buyurduq. Ey İnsan! Əgər valideynlərin bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr - Səd bin Əbu Vaqqasın - Allah ondan razı olsun - anasının ona qarşı etdiyi kimi - onda onların əmrinə tabe olma. Çünki Xaliqə asilik saylan bir işdə məxluqa itaət etmək olmaz. Qiyamət günü dönüşünüz yalnız Mənə olacaqdır. Mən də dünyada ikən etdiyiniz bütün etdiklərinizi sizə bildirəcəyəm və sizə əməllərinizin əvəzini verəcəyəm!
(9) Uca Allaha iman gətirib yaxşı işlər görənləri, Qiyamət günü əməlisalehlərə qovuşduracaq, onlarla bərabər həşr edəcək və əməlisalehləri bol-bol savablarla mükafatlandırdığımız kimi, onlarıda bol-bol savablarla mükafatlandıracağıq.
(10) İnsanlardan bəziləri də: "Biz Allaha iman gətirdik!"– deyirlər. Amma kafirlər onlara Allaha iman gətirdiklərinə görə əziyyət verdikdə, onlara verilən bu əziyyəti Allahın əzabı kimi görür, beləliklə də, kafirlərə tabe olub imanlarından üz döndərirlər. Ey Peyğəmbər! Əgər Rəbbindən sənə bir zəfər gəlmiş olsa, onlar mütləq: "Ey möminlər! Biz də Allaha iman gətirməkdə sizinlə birgəyik!"– deyərlər. Məgər Allah insanların qəlblərində olanı ən yaxşı bilən deyilmi?! Qəlblərdə olan küfür və iman Ona əsla gizli qalmaz. Allah qəlblərdə olanı daha yaxşı bildiyi bir halda, onlar qəlblərdində olanı Allaha xəbərmi verirlər?!"
(11) Əlbəttə ki, Allah, Ona gerçəkdən iman gətirənləri də tanıyır, özlərini möminlərə iman gətirdikləri kimi göstərib, qəlblərində isə küfürü gizlədən münafiqləri də.
(12) Kafirlər, tək Allaha iman edən möminlərə: "Bizim dinimizə tabe olun və bizim yolumuzla gedin ki, biz də sizin günahlarınızı öz üzərimizə götürək və etdiyiniz əməllərə görə biz cavabdeh olaq"– deyirlər. Halbuki onların heç biri heç kimin günahının öz üzərlərinə götürən deyildir. Onlar söylədikləri bu sözlərində sadəcə olaraq yalan danışırlar.
(13) Öz batil əməllərinə çağıran o müşriklər, etdikləri günah yükünü daşıdıaqları kimi, onlara tabe olanların günah yükündən heç bir şey əksildilmədən, onların çağırışına icabət edən kimsələrin günah yükünü də daşıyacaqlar. Qiyamət günü onlar, dünya da ikən özlərindən uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər!
(14) Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O da, öz qövmünü doqquz yüz əlli il tək Allaha ibadət etməyə dəvət etdi. Qövmü isə bunun müqabilində onu yalançı sayıb ona küfür etdi. Onların Allaha qarşı küfrləri, Onun elçilərini yalançı saydıqları və həmçinin, etdikləri günahlar səbəbindən tufan onları yaxaladı və beləliklə də onlar suda boğularaq məhv oldular.
(15) Biz Nuhu və onunla gəmidə bərabər olan möminləri boğularaq həlak olmaqdan qurtardıq və bu gəmi hadisəsini, insanların (sonrakı nəsillərin) öyüd-nəsihət almaları üçün bir ibrət etdik.
(16) Ey Peyğəmbər! İbrahimin - aleyhissəlam - hekayəsini də xatırla! Bir zaman o öz qövmünə belə demişdi: "Tək Allaha ibadət edin! Onun əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək əzabından qorxun! Əmr olunduğunuz bu şeyin sizin üçün nə qədər xeyirli olduğunu bilirsinizmi?
(17) Ey müşriklər! Siz, özünüzə fayda və zərər verə bilməyən bütlərə ibadət edirsiniz. Bu bütlərin ibadətə layiq olduğu iddianızda da yalan danışırsınız. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bütlər, sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini yalnız bol-bol ruzi verən Allahdan diləyin, tək Ona ibadət edin və sizlərə bəxş etdiyi nemətlərə görə də Ona şükür edin. Siz Qiyamət günü haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün bütlərin hüzuruna deyil, əksinə, yalnız Allahın hüzuruna qaytarılacaqsınız!"
(18) Ey müşriklər! Əgər siz, Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan hesab etsəniz, bilin ki, Nuh tayfası, Ad və Səmud qövmü kimi sizdən əvvəlki qövmlər də öz peyğəmbərlərini yalançı hesab etmişdilər. Peyğəmbərin vəzifəsi sadəcə olaraq dini insanlara anlaşıqlı tərzdə təbliğ etməkdir. Əlbəttə ki, artıq o sizə, Rəbbinin təbliğ edilməsini əmr etdiklərini təbliğ etmişdir.
(19) Məgər Peyğəmbərləri yalan hesab edən o kimsələr, Allahın məxluqatı əvvəlcə necə yaratdığını, öldükdən sonra da onları yenidən necə həyata qaytardığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün çox asandır. O hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, Qiyamət günü onları yenidən dirildəcəkdir!)
(20) Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlərə belə de: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yoxdan var etdiyini bir düşünün. Allah, insanları öldürdükdən sonra etdikləri əməllərin hesabını vermək üçün onları ikinci dəfə dirildərək yenidən həyata qaytaracaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. İnsanları ilk dəfə yoxdan var edərək yaratması Onu aciz etmədiyi kim, insanlar öldükdən sonra onları yenidən yaratması da Onu aciz etməz!
(21) Allah Öz qullarından istədiyinə ədalətlə əzab verir, Öz lütfü ilə də istədiyinə mərhəmət edir. Qiyamət günü hesaba çəkilmək üçün sizi, qəbirlərinizdən təkrarən dirilib yalnız Onun hüzuruna qaytarılacaqsınız!
(22) Siz nə yer üzündə, nə də ki, göydə Rəbbinizin əzabından əsla canınızı qurtara bilməzsiniz. Allahdan başqa sizin işlərinizi səhmana salan nə bir haminiz var, nə də ki, sizi Onun əzabından qoruyan bir köməkçiniz!"
(23) Uca Allahın ayələrinə və Qiyamət günü Onunla qarşılaşacaqlarına inkar edənlər, Məhz onlar Mənim mərhəmətimdən ümidlərini kəsən kimsələrdir. Onlar etdikləri küfr səbəbindən əsla Cənnətə girməyəcəklər. Axirət də onları gözləyən şiddətli bir əzab vardır.
(24) İbrahim - aleyhissəlam - qövmünə tək Allaha ibadət etmələrini və Ondan başqa ibadət etdikləri bütləri isə tərk etmələrini əmr etdikdən sonra, qövmünün ona cavabı ancaq: "İlahlarınıza yardımçı olmaq üçün ya onu öldürün, ya da onu oda atın!" – deməkdən başqa bir şey olmadı. Lakin Allah onu oddan qorudu. Doğrudan da, onların İbrahimi odun içinə atdıqdan sonra onu odun içindən sağ-salamat çıxarmasında mömin qövm üçün bir ibrətlər var!
(25) İbrahim - aleyhissəlam - qövmünə belə dedi: "Sizin Allahı qoyub bütlərə ibadət etməniz ancaq dünya həyatında aranızda bir-birinizə qarşı bəslədiyiniz dostluğa və məhəbbətə görədir. Sonra Qiyamət günü Allahın əzabını öz gözlərinizlə gördüyünüz zaman aranızda olan bu dostluq və məhəbbət bağları yox olacaq və bir-birinizi inkar edib lənətləyəcəksiniz. Qərar tutacağınız yer isə Oddur. Sizin Allahın əzabından qoruya biləcək, nə ibadət etdiyiniz bütlərdən, nə də başqalarından hər hansı bir yardımçınız olmayacaqdır!"
(26) Lut - aleyhissəlam - ona iman gətirdi. İbrahim - aleyhissəlam - ona belə dedi: "Mən Rəbbimə, Şam diyarının bərəkətli torpqlarına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və Ona hicrət edəni əsla zəlil etməz. O, təqdirində və işlərində hikmət sahibidir!"
(27) Biz İbrahimə, İshaqı və onun oğlu Yəqubu bağışladıq. Onun övladlarına peyğəmbərlik və Allah yanından nazil edilən kitablar bəxş etdik. Dünyada haqq üzərində sabitqədəm olduğuna görə etdiyi səbrin mükafatı olaraq ona saleh övladlar və insanların gözəl tərifini verdik. Şübhəsiz ki, o, axirətdə əməlisaleh kimsələrin aldığı mükafatı olacaqdır. Dünyada ona verilənlər, onun üçün hazırlanmış çox dəyərli axirət mükafatından əksildilməyəcəkdir.
(28) Ey Peyğəmbər! Lutun bir zaman o öz qövmünə belə dediyini də xatırla: "Şübhəsiz ki siz, sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi çirkin bir günahı edirsiniz. Siz sağlam fitrət sahibinin qəbul etmədiyi bu çirkin günahı ilk dəfə edən kimsələrsiniz!"
(29) "Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişilərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislərinizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-birininizə qarşı murdar işlər görürsünüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qövmünün ona cavabı isə ancaq belə deməkdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bizi hədələdiyin Allahın əzabını gətir görək!"
(30) Lut - aleyhissəlam - qövmünün ona qarşı inadkarlıq etmələrini, Allahın əzabına istehza edərək Lutdan - aleyhissəlam - o əzabın özlərinə tez bir zaman da gəlməsini tələb etmələrini gördükdən sonra, o, Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Yer üzündə küfür və günahlar etməklə fitnə-fəsad yayan bu qövm qarşı mənə yardım et!"
(31) Göndərdiyimiz mələklər, İbrahimə, İshaqın, sonra da İshaqın oğlu Yəqubun doğulacağı barədə müjdə gətirdikləri zaman ona belə dedilər: "Biz Lut qövmünün məmləkəti olan Sədum səhərinin sakinlərini həlak edəcəyik. Çünki o şəhərin sakinləri etdikləri bu çirkin əməl səbəbi ilə özlərinə zülüm edənlərdən oldular!"
(32) İbrahim mələklərə dedi: "Sizin, sakinlərini həlak etmək istədiyiniz o şəhərdə Lut da vardır, o heç də zalımlardan deyildir!" Mələklər də ona belə dedilər: "Biz orada kimin olduğunu daha yaxşı bilirik. Biz onu və onun ailəsini, şəhər sakinlərinin üzərinə endirilən əzabla həlak olmaqdan mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"
(33) Lut qövmünü həlak etmək üçün göndərdiyimiz mələklər Lutun yanına gəldikdə o, qövmünün onlara qarşı əxlaqsızlıq etmələrindən qorxduğundan dolayı onların gəlişi onu kədərli və hüzünlü etdi. Mələklər Lutun yanına cavan oğlanlar qiyafəsində gəlmişdilər. Lutun qövmü isə qadınları tərk edib kişilərlə yaxınlıq edirdilər. Mələklər ona dedilər: "Qorxma! Qövmün sənə bir pislik toxundura bilməyəcəkdir. Onları həlak edəcəyimizə dair sənə verdiyimiz xəbərə görə də üzülmə. Biz səni və sənin ailəni həlak olmaqdan xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"
(34) Biz bu məmləkətin əxlaqsızlıq edən sakinlərinin üstünə göydən əzab endirəcəyik. O əzab, onların Allahın itaətindən çıxaraq, çirkin əməllər etdiyindən dolayı üstlərinə, odda bişmiş gil daşların ardıcıl olaraq yağmasıdır. Onların etdikləri bu çirkin əməl, qadınları tərk edib, şəhvətlə kişilərə yaxınlaşmalarıdır.
(35) Şübhəsiz ki, Biz, həlak etdiyimiz bu məmləkətdə düşünən adamlar üçün açıq-aydın bir əlamət saxladıq. Çünki ayələrdən ibrət alanlar elə məhz onlardır.
(36) Mədyən əhalisinə də bir nəsəbdən olan qardaşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin, Ona ibadət etməklə Qiyamət günü veriləcək savaba ümid bəsləyin. Günahlar edərək və onları yayaraq yer üzündə fitnə-fəsad törətməyin!"
(37) Lakin qövmü onu yalançı hesab etdi. Elə bu zaman onları dəhşətli bir zəlzələ bürüdü və onlar öz evlərində diz üstə düşüblər və beləliklə də, üz-gözləri toz-torpağa bulaşaraq bir göz qırpımında həlak oldular.
(38) Biz həmçinin, Hud qövmü Adı və Saleh qövmü Səmudu da məhv etdik. Ey Məkkə əhli! Hicrdə və Hədrəmövtdəki Şəhr diyarında onların həlak olduqlarını göstərən məskənləri sizə açıq-aydın bəllidir. Boş qalmış yurdları da buna şahidir. Şeytan onlara etdikləri küfr və s. günah əməlləri gözəl göstərib, onları doğru yoldan azdırdı. Halbuki onlar, peyğəmbərlərinin özlərinə öyrətdiklərindən - haqqı zəlalətdən, doğrunu isə azğınlıqdan ayıra bilən kimsələr idilər. Lakin onlar nəfslərinin istəklərinə tabe olmağı, haqqa tabe olmaqdan üstün tutdullar.
(39) Qarun, Musaya qarşı həddinı aşdıq da onu evi ilə birgə yerin dibinə batıraraq həlak etdk, Fironu və vəziri olan Hamanı da dənizdə boğaraq məhv etdik. Musa onlara özünün həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdikdən sonra onlar Misir torpaqlarında təkəbbürlük göstərərək ona iman etməkdən boyun qaçırdılar, lakin əzabımızdan qaçıb canlarını qurtara bilmədilər.
(40) Daha öncə zikir etdiklərimizin hər birini həlak edici əzabla yaxaladıq. Onlardan bəziləri, üstlərinə odda bişmiş gil daşlarını ardıcıl olaraq yağdırdığımız Lut qövmüdür. Bəziləri, qorxunc səs ilə yaxaladığımız Saleh və Şueyb qövmüdür. Bəziləri, özünü evi ilə birgə yerin dibinə batırdığımız Qarundur. Bəziləri də, suda boğaraq həlak etdiyimiz Nuhun, Fironun və Hamanın qövmüdür. Allah, onlar günahsız olduqları halda həlak edərək onlara zülm etmədi, lakin onlar günahlar edərək özləri özlərinə zülm edirdilər və beləliklə də, əzaba layiq görüldülər.
(41) Allahdan başqa özlərinə fayda verəcəyini və ya onlara şəfaətçi olacaqlarını arzu etdərək bütlər ibadət edən müşriklərin məsəli, özünü düşmənindən qorumaq üçün özünə bir yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Çünki o yuva, hörümçəyi düşmənindən qoruya bilməz. Onların Allahdan başqa ibadət etdikləri bütləri də eyni şəkildə onlara nə bir zərər verə bilər, nə də ki, onlara şəfaətçilik edə bilərlər. Əgər müşriklər bunu bilsəydilər, Allahı buraxıb bütlərə əsla ibadət etməzdilər!
(42) Şübhə yoxdur ki, Uca Allah onların Allahdan başqa nəyə ibadət etdiklərini bilir. Bundan Ona heç bir şey gizli qalmaz. O, qüdrətlidir, kimsə Ona qalib gələ bilməz. O, həmçinin yaratmağında, təqdir etməyində və idarə etməyində də hikmət sahibidir!
(43) Biz bu misalları, insanların ayılması, haqqı görmələri və haqqa tərəf yönəlmələri üçün çəkirik. Bunları lazımı şəkildə ancaq Allahın şəriətini və Onun hikmətini dərk edən kimsələr anlayarlar.
(44) Allah göyləri və yeri, batil olaraq, əbəs yerə deyil, əksinə, haqq olaraq yaratmışdır. Şübhəsiz ki, bu yaradılışda möminlər üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Çünki Allahın yaratdığı məxluqata baxıb və bu məxluqatın həqiqətən də, Allahın yaratdığını etiraf edənlər elə məhz onlardır. Amma kafirlər isə yer üzündə və həmçinin öz nəfslərində Allahın qüdrətinə dəlalət edən neçə-neşə ayələrə rast gəlsələr də, lakin onlar bunlardan ibdət almadan, üz çevirərək keçib gerdərlər.
(45) Ey Peyğəmbər! Allahın sənə Qurandan vəhy etdiklərini oxu və namazı da kamil şəkildə qıl. Həqiqətən, kamil şəkildə qılınan namaz, sahibini çirkin və yaramaz işlərdən çəkindirər. Çünki namaz insanın qəlbini nurlandıran, insanı pis işlərdən çəkindirər və yaxşı işlərə yönəldər. Allahı zikr etmək isə hər şeydən böyükdür və hər şeydən əzəmətlidir. Allah nə etdiklərinizdən əlbəttə ki, xəbərdardır. Əməllərinizdən Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin mükafatını sizə mütləq verəcəkdir. Yaxşılıq edənlərin mükafatı yaxşılıq olacaqdır, pislik edənlərin də mükafatı pislik.
(46) Ey möminlər, yəhudilər və nəsranilərlə ən gözəl tərzdə mübahisə və onlarla ən yaxşı üslubda münaqişə edin - yəni nəsihət etməklə və açıq-aydın dəlilləri ortaya qoymaqla dəvət edin. Yalnız inadkarlıq və təkəbbürlük göstərib özlərinə zülm edən və sizə qarşı hərb elan etmiş kimsələrdən başqa. Onlar İslam dinini qəbul edənədək və ya alçalmış halda cizyə verənədək onlarla vuruşun. Yəhudilərə və nəsranilərə deyin: “Biz, Allahın Qurandan bizə nazil etdiyinə, Tövrat və İncildən sizə nazil etdiyinə iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir, Onun nə uluhiyyə tovhidində, nə rububiyyə tovhidində, nə də kamil ad və sifətlərində, heç bir şəriki yoxdur. Biz yalnız Ona təslim olanlar və yalnız Ona boyun əyənlərik.”
(47) Biz səndən əvvəlkilərə kitablar nazil etdiyimiz kimi, sənə də Quranı nazil etdik. Abdullah bin Səlam kimi Tövratı oxuyanlardan bəziləri öz kitablarında Muhammədin (sallallahu aleyhi və səlləm) vəsfini gördükləri üçün ona iman gətirirlər. Həmçinin, müşriklər arasında da, ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər. O kafirlər ki, onların işi ancaq küfr etmək və inadkarlıq göstərib, gün kimi aydın olan haqqı inkar etməkdir.
(48) Ey Peyğəmbər, sən Qurandan əvvəl nə bir kitab oxuya bilir, nə də sağ əlinlə yaza bilirdin. Çünki sən oxuma və yazma bilməyən ümmi bir kimsə idin. Əgər sən yazıb-oxumaq bilsəydin, cahil insanlar sənin peyğəmbər olduğuna şəkk edər və bundan istifadə edib deyərdilər ki, sən (Quranı) əvvəlki kitablardan köçürmüsən.
(49) Əksinə, sənə nazil olan bu Quran möminlərdən elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız Allaha küfr etmək və Ona şərik qoşmaqla özlərinə zülm edən kimsələr inkar edirlər.
(50) Müşriklər dedilər: “Bəs nə üçün Muhəmmədən əvvəlki peyğəmbərlərə möcüzələr nazil olduğu kimi ona da, Rəbbindən möcüzələr nazil olmur?” Ey Peyğəmbər, sənə irad tutan kimsələrə de: “Möcüzələr yalnız pak və müqəddəs Allahın əlindədir, onları istədiyi vaxt nazil edər. Mən isə ancaq sizi Allahın əzabı ilə açıq-aydın xəbərdarlıq edənəm.”
(51) Ey Peyğəmbər, sənə möcüzələr gətirmək xüsusunda irad tutan o kəslərə oxunan Quranı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, nazil olan Quranda iman gətirən kimsələr üçün mərhəmət və ibrət vardır. Məhz onlar bu kitabda olanlardan faydalanırlar. Onlara nazil olan Quran, əvvəlki peyğəmbərlərə nazil olmuş möcüzələrdən daha xeyirlidir.
(52) Ey Peyğəmbər! De: "Mənim təbliğ etdiyim risalətin doğruluğunu və sizin onu yalan saydığınızı təsdiqləmək üçün pak və müqəddəs Allahın şahid olması kifayətdir. O, göylərdə və yerdə olanları bilir.Göylərdə və yerdə heç bir şey ondan gizli qalmaz. Allahdan başqa ibadət edilən batilə iman gətirib, ibadətə layiq olan tək Allaha küfr edənlər – məhz onlar, imanı küfrə dəyişdiklərinə görə, ziyana uğrayanlardır."
(53) Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsini istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt olmasaydı, istədikləri əzab onları haqlayardı. O əzab onlara birdən, gözləmədikləri halda gələcək.
(54) Müşriklər səndən, onlara vəd etdiyin əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Allahın kafirlərə vəd etdiyi Cəhənnəm onları hər tərəfdən bürüyəcək və onlar bu əzabdan qaçıb canlarını qurtara bilməyəcəklər.
(55) O gün əzab onları həm başları üstündən bürüyəcək, həm də ayaqlarının altına səriləcək və Allah onları alçaltaraq belə buyuracaqdır: “Etdiyiniz şirkin və asiliklərin cəzasını dadın!”
(56) Ey Mənə iman gətirmiş qullarım! Mənə ibadət etməyə izin verilməyən diyardan hicrət edin. Şübhəsiz ki, Mənim (yaratdığım) yer genişdir. Elə isə yalnız Mənə ibadət edin və heç kəsi Mənə şərik qooşmayın.
(57) Ölüm qorxusu sizin hicrət etməyinizə mane olmasın. Hər kəs ölümü dadacaq. Nəhayət, Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarılacaqsınız.
(58) Allaha iman gətirən və Ona yaxınlaşdıran saleh əməllər edən kimsələri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar orada əbədi olaraq qalacaq və əsla ölməyəcəklər. Allaha itaət edən kimsələrin bu mükafatı necə də gözəldir!
(59) Allaha itaət edərkən və Ona asi olan əməllərdən çəkinərkən səbir edən, üstəlik, bütün işlərində yalnız Rəbbinə təvəkkül edən kimsələrin mükafatı necə də gözəldir!
(60) Neçə-neçə - sayı çox olan - canlılar var ki, nə ruzisini bir yerə toplamağa, nə də onu öz yanında daşımağa qadirdir. Onların da, sizin də ruzinizi Allah verir. Odur ki, aclıqdan qorxub hicrəti tərk etməyinizdə sizin üçün heç bir üzür yoxdur. O sizin dediklərinizi eşidir, niyyətlərinizi və əməllərinizi də bilir. Bunlardan heç biri Allahdan gizli qalmaz və bunların əvəzini sizə verəcəkdir.
(61) Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göyləri yaradan kimdir? Yeri yaradan kimdir? Bir-birini təqib edən günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Bunları yaradan Allahdır!”- deyəcəklər. Belə olduğu halda, necə olur ki, onlar tək Allaha iman gətirməkdən üz çevirib, Ondan başqa fayda və ya zərər verməyə qadir olmayan ilahlara ibadət edirlər?!
(62) Allah Öz hikməti ilə, qullarından istədiyinin ruzisini çoxaldar, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Heç bir şey, o cümlədən də qullarının xeyrinə olan işlər Ondan gizli qalmaz.
(63) Ey Peyğəmbər! Əgər sən müşriklərdən: “Göydən yağış endirib onunla qurumuş yeri canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Göydən yağışı endirən və yeri canlandıran Allahdır!”– deyəcəklər. Ey Peyğəmbər! De: “Həmd, sizin əleyhinizə ortaya dəlil-sübut qoyan Allaha məxsusdur!” Lakin nəticə budur ki, onların çoxu anllamır. Əgər anlasaydılar, fayda və ya zərər verməyə qadir olmayan bütləri Allaha şərik qoşmazdılar.
(64) Bu dünya həyatı - içindəki ləzzət və zövq-səfalarla birlikdə - qəlbi ona bağlı olan kimsələr üçün əyləncə və oyundan başqa bir şey deyildir. Davamlı olmayan, tükənən nemətlərdir. Axirət yurdu isə, əbədi olduğuna görə, həqiqi həyatdır. Kaş, əbədi nemətləri fani dünya həyatına dəyişdiklərini biləydilər!
(65) Müşriklər gəmiyə minib dənizə çıxdıqları zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar ki, onları suya qərq olmaqdan qorusun. Allah onları bu təhlükədən xilas etdikdən sonra isə, yenə Ona şərik qoşur, Onunla yanaşı başqa ilahlara da yalvarırlar.
(66) Müşriklər onlara bəxş etdiyimiz nemətlərə nankorluq edib, hələlik, özlərinə verilən dünya həyatının zövqü-səfası ilə əylənsinlər. Lakin öldükləri vaxt bunun pis aqibətini görəcəklər.
(67) Allahın nemətlərini inkar edən o nankorlar Allahın onları suda boğulmaqdan xilas etdiyini, üstəlik, ətraflarındakı insanlar yaxalandıqları - öldürüldükləri, əsir götürüldükləri, qadınları cariyə, uşaqları da kölə edildikləri, mallaır da qəsb edildiyi halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz - canlarının və mallarının qorunduğu bir yer etdiyini görmürlərmi?! Onlar batil bütlərə iman gətirib, Allahın onlara bəxş etdiyi neməti inkar edir və Ona şükür etmirlərmi?
(68) Allahın şəriki olduğunu iddia edərək Ona qarşı yalan uyduran, yaxud Onun rəsulunun - səllallahu aleyhi və səlləm - gətirdiyi haqqı yalan sayan kəsdən daha zalım kim ola bilər?! Şəkk yoxdur ki, Cəhənnəmdə kafirlər və onların bənzərləri üçün yer vardır.
(69) Bizim rizamızı qazanmaq üçün canları ilə cihad edənləri mütləq Öz doğru yolumuza müvəffəq edəcəyik. Şübhəsiz ki, Allah köməki, yardımı və zəfəri ilə muhsinlərlə birgədir.