(1) Ey Peyğəmbər! Həqiqətən də, Biz sənə Hudeybiyyə sülhü sayəsində aydın bir zəfər bəxş etdik ki,
(2) Allah sənin bu fəthdən əvvəlki və ondan sonrakı günahlarını bağışlasın, sənin dininə kömək etməklə sənə olan nemətini tamamlasın, səni əyriliyi olmayana düz yola - doğru-düzgün İslam yoluna yönəltsin.
(3) Və Allah sənə düşmənlərin üzərində qarşısıalınmaz böyük bir qələbə ilə kömək etsin.
(4) Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə sabitlik və rahatlıq nazil edən Allahdır. Göylərin və yerin orduları təkcə Allaha məxsusdur. Onların vasitəsilə Allah Öz qullarından istədiyinə kömək edir. Allah Öz qullarının xeyrinə olan işləri biləndir, kömək və yardım xüsusunda hikmətlə hökm verir.
(5) Bu ona görədir ki, Allah, Ona və Onun rəsuluna iman gətirmiş kişiləri və qadınları qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarından keçsin və bu günahlara görə onları cəzalandırmasın. Bu zikr edilənlər - tələb olunan Cənnəti qazanmaq və ehtiyat edilən cəzadan qurtulmaq - Allah yanında bənzəri olmayan böyük uğurdur.
(6) Bütün bunlar, Allah Öz dininə kömək etməyəcəyinə və Öz kəlməsini ucaltmayacağına dair pis zənndə olan münafiq kişi və münafiq qadınlara, Allaha şərik qoşan kişi və şərik qoşan qadınlara əzab verməsi üçündür. Əzab onları bürüdü və öz küfrlərinə və pis zənlərinə görə Allahın onlara qəzəbi tutdu. Allah onları Öz rəhmətindən qovdu və axirətdə onlar üçün içində əbədi qalacaqları Cəhənnəm hazırlamışdır. Cəhənnəm nə pis dönüş yeridir.
(7) Göylərin və yerin orduları Allaha məxsusdur. Allah onların vasitəsilə Öz qullarından istədiyinə kömək edir. Allah qüdrətlidir, heç kimsə Onu məğlub edə bilməz. O, yaratmaq, qədəri yazmaq və işləri yoluna qoymaq xüsusunda hikmət sahibidir.
(8) Ey Peyğəmbər! Həqiqətən, Biz səni qiyamət günü ümmətinə şahid, möminlərə, Allahın dünyada onlar üçün zəfər və fəth, axirətdə də nemətlər hazırladığı barədə müjdə verən, kafirlərə də, Allahın dünyada onlara möminlərin əli ilə zəlillik və məğlubiyyət, axirətdə də onları gözləyən ağrılı-acılı əzab ilə qorxudan olaraq göndərdik.
(9) Biz belə etdik ki, siz Allaha və Onun rəsuluna iman gətirəsiniz, Onun rəsulunu uca tutasınız, ona ehtiram göstərəsiniz və səhər-axşam Allahın şəninə təriflər deyəsiniz.
(10) Ey Peyğəmbər! Ridvan beyətində, Məkkə müşrikləri ilə vuruşmağa dair sənə söz verən kimsələr, əslində, Allaha beyət etmiş sayılırlar. Çünki onlara müşriklərlə döyüşməyi əmr edən də, onlara əməllərinin əvəzini verən də Odur. Beyət əsnasında Allahın əli onların əllərinin üzərindədir. Allah onların əməllərini görür, heç bir şey Ona gizli qalmaz. Kim öz beyətini pozsa, Allahın dininə kömək edəcəyinə dair Allaha verdiyi sözü yerinə yetirməsə, beyətini pozmağının və əhdini yerinə yetirməməyinin zərəri öz əleyhinə olar. Bu (xəyanət) Allaha heç bir zərər yetirməz. Kim də Allahın dininə kömək etmək barədə Allahla bağladığı əhdi yerinə yetirərsə, Allah ona böyük mükafat - Cənnət bəxş edər.
(11) Ey Peyğəmbər! Sən, Allahın, özlərinə səninlə bərabər Məkkəyə getməyi nəsib etmədiyi bədəviləri qınayarkən onlar sənə deyəcəklər: “Var-dövlətimizə nəzarət etmək və ailələrimizə baxmaq bizi səninlə birlikdə (döyüşə) getməkdən yayındırdı. Allahdan bizim günahlarımız üçün bağışlanma dilə!” Onlar qəlblərində olmayanı - Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlar üçün bağışlanma diləməsini dilləri ilə deyirlər. Çünki onlar öz günahlarına görə tövbə etməmişlər. Onlara de: "Əgər Allah sizə bir xeyir vermək və ya bir zərər yetirmək istəsə, heç kəs Onun edəcəyi işin qarşısını ala bilməz." Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır, əməllərinizi nə qədər gizlətsənizdə, onlardan heç bir şey Allaha gizli qalmaz.
(12) Sizin mal-dövlətinizlə və övladlarınızla məşğul olduğunuzu üzür gətirməyiniz Peyğəmbər -səllallahu aleyhi və səlləm- ilə birlikdə döyüşə getməməyiniz üçün səbəb deyil. Əksinə, siz elə zənn edirdiniz ki, Allahın rəsulu və onun səhabələrinin hamısı həlak olacaq və Mədinəyə öz ailələrinin yanına qayıtmayacaqlar. Şeytan bunu sizin qəlbinizdə bəzətdi və beləliklə siz, Rəbbiniz barədə O, Öz Peyğəmbərinə yardım etməyəcəyinə dair piss zənnə qapıldığınıza və Rəsulullahı tərk etdiyinizə görə məhvə məhkum olan bir qövm oldunuz.
(13) Kim Allaha və Onun rəsuluna iman gətirməzsə, bilsin ki, o, kafirdir. Biz kafirlər üçün qiyamət günü içində əzab çəkəcəyi Cəhənnəm odu hazırlamışıq.
(14) Göylərin və yerin hökmranlığı təkcə Allaha məxsusdur. O, Öz qullarından dilədiyinin günahlarını bağışlayır və Öz ütfü ilə onu Cənnətə daxil edir və dilədiyinə də Öz ədaləti ilə əzab verir. Allah, günahlardan tövbə edən qullarını bağışlayandır, onlara rəhm edəndir.
(15) Ey möminlər! Siz Hüdeybiyyə sülhündən sonra Allahın sizə vəd verdiyi Xeybər qənimətlərini götürməyə getdiyiniz zaman geri qalanlar: “Qoyun biz də sizinlə birlikdə gedək ki, o qənimətlərdən əldə edək!” – deyəcəklər. Döyüşdən geri qalanlar özlərinin bu tələbi ilə Allahın Hudeybiyyə sülhündən sonra yalnız möminlərə Xeybər qənimətlərini əldə edəcəklərinə dair verdiyi vədi dəyişdirmək istəyirlər. Ey Peyğəmbər! De: “Siz əsla bizim arxamızca o qənimətləri götürməyə gəlməyəcəksiniz. Allah bizə, Xeybər qənimətlərinin Hudeybiyyə sülhündə iştirak edənlərə məxsus olduğuna dair vəd etmişdir.” Onlar deyəcəklər: “Sizin bizə, sizinlə birlikdə Xeybərə getməyimizə mane olmağınız heç də Allahın əmri ilə deyil, əksinə, bunun səbəbi sizin bizə həsəd aparmağınızdır”. Bu iş heç də döyüşdən yayınan o kimsələrin iddia etdiyi kimi deyil, əksinə, onlar Allahın əmrlərindən və qadağalarından sadəcə az bir şey anlayırlar. Elə buna görə də günaha batmışlar.
(16) Ey Peyğəmbər! Səninlə birlikdə Məkkəyə getməkdən yayınan, beləliklə də, sınağa çəkilən bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya Allah yolunda onlarla vuruşacaq, ya da onlar vuruşmadan İslamı qəbul edəcəklər. Əgər siz Allaha itaət edib Onun sizə buyurduğu döyüşü qəbul etsəniz, Allah sizə gözəl bir mükafat - Cənnət bəxş edər. Yox, əgər daha öncə Peyğəmbərlə birlikdə Məkkəyə getməkdən üz çevirdiyiniz kimi Allaha itaət etməkdən üz çevirsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.
(17) Allah yolunda döyüşə getməməkdə üzürlü səbəbi olan kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, Allah onu qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Kim də Allaha və Onun rəsuluna itaət etməkdən üz döndərsə, Allah ona ağrılı-acılı bir əzab verər.
(18) Möminlər Hüdeybiyyədə Ridvan beyətində - ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı imanı, səmimiyyəti və doğrulu bildi, onların qəlbinə arxayınlıq nazil etdi və onları yaxın bir zəfərlə - Xeybərin fəthi ilə mükafatlandırdı. Bu da onlar üçün Məkkəyə daxil olmamalarının əvəzi idi.
(19) Üstəlik, onlara Xeybər əhlindən alacaqları çoxlu qənimətlər bəxş etdi. Allah qüdrətlidir, heç kimsənin Ona gücü yetməz. O, yaratmaq, qədəri yazmaq və işləri yoluna qoymaq xüsusunda hikmət sahibidir.
(20) Ey möminlər! Allah sizə gələcəkdə olacaq İslam fəthlərində götürəcəyiniz çoxlu qənimətlər vəd etdi. Xeybərin qənimətlərini isə sizə tezliklə verdi və siz getdikdən sonra sizin ailələrinizə pislik etmək fikrində olan yəhudilərin əllərini sizdən çəkdi ki, nail olduğunuz bu qənimətlər szin üçün Allahın sizə kömək etməsinə və sizə dəstək verməsinə işarə olsun və Allah sizi əyriliyi olmayan doğru yola yönəltsin.
(21) Hal-hazırda ələ keçirə bilmədiyiniz başqa qənimətləri də Allah sizə vəd vermişdir. Təkcə Allahın buna qüdrəti çatar. Bütün bunlar Onun elmi və iradəsi ilə həyata keçir. Allah hər şeyə qadirdir, heç bir şey Onun aciz edə bilməz.
(22) Ey möminlər! Əgər Allaha və Onun rəsuluna küfr edənlər sizinlə vuruşsalar, mütləq məğlub olaraq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinin işini yoluna qoyan nə bir himayədar, nə də döyüşdə qalib gəlmələri üçün bir köməkçi taparlar.
(23) Möminlərin qalib gəlməsi və kafirlərin məğlub olması hər zamanda və hər məkanda sabitdir. Bu, Allahın haqqı yalan sayan o kimsələrdən əvvəl gəlib-getmiş ümmətlər üçün müəyyənləşdirdiyi qanunudur. Sən, ey Peyğəmbər, Allahın qanununda əsla bir dəyişiklik tapa bilməzsən.
(24) Hudeybiyyədə müşriklərdən səksən kişi gəlib sizə pislik etmək istədikləri zaman onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Allahdır. Beləcə, siz nə onları öldürdünüz, nə də onlara əziyyət verdiniz, əksinə, onları əsir götürməyə qadir olduqdan sonra onları azad buraxdınız. Allah sizin nə etdiklərinizi görür, sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz.
(25) Allaha və Onun rəsuluna küfr edənlər sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişiləri və mömin qadınları bilmədən kafirlərlə birlikdə öldürmək və bilmədən onları öldürdüyünüzə görə günaha batmaq və fidyə vermək təhlükəsi olmasaydı, Allah sizin Məkkəni fəth etməyinizə izin verərdi ki, Allah istədiyini - məsələn, Məkkədəki möminləri Öz mərhəmətinə qovuşdursun. Əgər Məkkədəki kafirlər möminlərdən seçilsəydilər, Biz Allaha və Onun rəsuluna küfr edən kimsələrə ağrılı-acılı bir əzab verərdik.
(26) Allaha və Onun rəsuluna küfr edən kimsələr qəlblərində, haqq ilə heç bir əlaqəsi olmayan, əksinə, nəfslərinin istəyinə bağlı olan təkəbbürlüyə – cahillik təkəbbürlüyünə qapıldığı zaman, Hudeybiyyə ilində Rəsulullahın (səllallahu aleyhi və səlləm) Məkkəyə daxil olmağına razılıq vermədilər ki, (ərəblər) onlara Peyğəmbrin onlara qalib gəldiyini irad tutmasınlar. O zaman Allah Öz tərəfindən Öz rəsuluna və möminlərə arxayınlıq nazil etdi, müşriklərin qəzəbləndiyi kimi, onların da qəzəblənməsinə imkan vermədi və möminlərə haqq sözü - "lə ilahə illəllah" kəlməsini və onun haqlarını ödəməyi vacib buyurdu, onlar da onu yerinə yetirdilər. Hamıdan çox möminlərin bu kəlməyə daha çox haqqı var idi və onlar ona layiq idilər. Çünki Allah onları qəlbində olan xeyiri bilirdi. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.
(27) Allah Öz rəsulunun haqq olaraq gördüyü və öz səhabələrinə xəbər verdiyi yuxusunu gerçəyə çevirdi. Onunu yuxusu belə idi ki, o öz səhabələri ilə birlikdə Allahın evini ziyarət edəcək, düşməndən xatircəm olduqları halda, bəziləri saçlarını tam qırxdırmış, bəziləri də onu qısaltmış olaraq ziyarətlərini başa çatdırdıqlarını elan etdikləri halda Məscidul-Hərama daxil olacaqlar. Ey möminlər! Allah sizin bilmədiklərinizi, sizə nəyin məsləhət olduğunu bilir. Bu yuxu gerçəyə çevrilməzdən əvvəl, O sizə yaxın bir qələbə - həmin il Məkkəyə daxil olmağı nəsib edəcək. Bu da, Allahın, Hudeybiyyə sülhünü, ardınca da, Hudeybiyyədə iştirak etmiş möminlərin əli ilə Xeybərin fəthini həyata keçirməsi idi.
(28) İslam dinini ona zidd olan bütün dinlərdən üstün etmək üçün Öz rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) aydın bəyan və haqq din - İslam dini ilə göndərən Allahdır. Allah buna şahiddir və şahid olaraq Allah yetər.
(29) Muhəmməd Allahın rəsuludur. Onunla birlikdə olan səhabələri İslamın əleyhinə vuruşan kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər - bir-birilərinə rəhm edir və bir-birilərinə məhəbbət bəsləyirlər. Ey müşahidən edən kəs! Sən onları pak və müqəddəs Allahın qarşısında rüku edən və səcdəyə qapanan, Allahdan özlərinə məğfirət və gözəl mükafat istəyən, üstəlik, Allahın onlardan razılıq qalmasını diləyən görərsən. Səcdə etdiklərindən dolayı üzlərində əmələ gəlmiş əlamətləri isə üzlərində görünən hidayət, doğruluq və bir də namazın nurudur. Bu vəsf onların Tövratda - Musaya (aleyhissəlam) nazil olmuş kitabda olan vəsfidir. İncildə - İsaya (aleyhissəlam) nazil olmuş kitabda isə onlar bir-birinə dəstək verməkdə və kamil əxlaq sahib olmaqda elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq öz qüvvəsi və kamilliyi ilə əkinçiləri heyran etmişdir. Allah kafirləri qəzəbləndirmək üçün möminləri qüvvətləndirir, bir-birləri ilə mehriban edir və onları kamilliyə çatdırır. Allah səhabələrdən iman gətirib yaxşı işlər görənlərə günahlarının bağışlanmasını, buna görə cəzalandırılmayacaqlarını, üstəlik də, Öz tərəfindən böyük bir mükafat - Cənnət vəd etmişdir.