(1) Quran, başqası tərəfindən deyil, əksinə, heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, işləri idarə etmək və həmçinin şəri əhkamların təyin edilməsi xüsusunda Müdrik olan Allah tərəfindən nazil edilmişdir.
(2) Ey Peyğəmbər, Biz Quranı sənə haqq olaraq nazil etdik. Onun içindəki xəbərlərin hamısı doğru, hökmlərinin də, hamısı ədalətləidir. Buna görə sən də, dini Tək Allaha aid edib şirkdən uzaq durararq yalnız Ona ibadət et!
(3) Doğrusu, şirkdən uzaq olan xalis din yalnız Allaha məxsusdur. Allahdan başqa bütləri və tağutları özlərinə dost tutan və Allahı qoyub onlara ibadət edən kimsələr, onlara ibadət etmələrinə haqq qazandlrmaq üçün: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar, bizim istəklərimizi Allaha çatdırsınlar və Onun yanında bizim üçün şəfaətçilik etsinlər deyə ibadət edirik”– deyirlər. Şübhəsiz ki, qiyamət günü Allah, təkcə Ona ibadət edən möminlərlə Ona şərik qoşan kafirlər arasında ixtilafda olduqları tövhid barədə onların arasında hökm verəcəkdir. Həqiqətən də, Allaha qarşı yalan uydurub Ona şərik nisbət edən və Allahın ona verdiyi nemətə qarşı nankor olan kimsəni doğru yola müvəffəq etməz.
(4) Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçib onu övlad edərdi. Allah pakdır, müqəddəsdir və o müşriklərin dediklərindən uzaqdır. O, həm zatı, həm sifətləri, həm də isimləri xüsusunda Tək ilahdır və bu xüsusiyyətlərdə Onun heç bir şəriki yoxdur. O, bütün yaratdıqlarına qarşı mütləq qalib gələndir.
(5) O, göyləri və yeri zalımların: "bunlar əbəs yerə yaranmışdır"- dediyi kimi yox, ən kamil məqsəd üçün yaratmışdır. O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. Belə ki, onlardan bir gəldikdə, digəri gözdən itib gedir, O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək - bu dünya həyatı sona yetişənədək hərəkət edər. Bil ki, pak və müqəddəs Allah Qüdrətlidir - düşmənlərindən intiqam almağa qadirdir və heç kəs Ona üstün gələ bilməz, habelə, qullarından Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.
(6) Ey insanlar, Rəbbiniz sizi tək bir nəfərdən - Adəmdən yaratdı. Sonra Adəmdən onun zövcəsi Həvvanı yaratdı. O sizin üçün səkkiz cüt heyvan - dəvə, inək, qoyun və keçi xəlq etdi - hər növündən erkək və dişi yaratdı. Pak və müqəddəs Allah sizi analarınızın bətnində üç zülmət - bətn, uşaqlıq və cift içərisində yaranışdan-yaranışa salaraq yaradır. Bütün bunları yaradan, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə Ona ibadət etməkdən üz döndərib, heç bir şey yaratmayan, əksinə, özləri yaradılmış olan məxluqlara ibadət edirsiniz?!
(7) Ey insanlar, əgər Rəbbinizə küfr etsəniz, bilin ki, Allah sizin iman gətirmənizə möhtac deyildir və sizin küfr etməyiniz də Ona zərər verməz, əksinə, sizin etdiyiniz küfrün zərəri yalnız özünüzə qayıdar. Qullarının Ona küfr etməsi Ona xoş getməz və O, Öz qullarına küfr etməyi əsla buyurmaz. Belə ki, Allah murdar əmələri və günah işləri əmr etməz. Əgər Allahın sizə əta etdiyi nemətlərə görə Ona şükür etsəniz və Ona iman gətirsəniz, O, bu şükrünüzə görə sizdən razı qalar və buna görə sizə mükafat verər. Heç bir kəs başqa birisinin günahını daşımaz, əksinə, hər kəs özünün qazandığı günahın girovudur. Sonra qiyamət günü siz yalnız Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə dünyada ikən nə əməllər etdiyinizi bildirəcək və sizə etdiyiniz əməllərin əvəzini verəcək. Həqiqətən, pak və müqəddəs Allah, qullarının qəlbində olanları bilir və qəlblərdə olanlardan heç bir şey Ona gizli qalmaz.
(8) Kafir kimsəyə bir zərər toxunduqda - xəstələndikdə, yaxud malını itirdikdə, yaxud da suda batmqa qorxusu olduqda, pak və müqəddəs Rəbbinə üz tutub təkcə Ona yalvararaq bu bəlanı ondan sovuşdurmasını diləyir. Sonra Allah ona nemət bəxş etdikdə - yəni, ona üz vermiş bəlanı ondan uzaqlaşdırdıqda, o,bəla gəldiyi vaxt yalvardığı Allahı unudur və başqalarını Allahın yolundan azdırmaq üçün Allahı qoyub Ondan başqa ibadət ediləcək şəriklər qəbul edir. Ey Peyğəmbər, bu şirkə yol verən kimsələrə de: “Ömrünün qalan hissəsini küfr etməklə keçin, bu, az bir zamandır. Şübhəsiz ki, qiyamət günü sən, - dost dostunun yanında olduğu kimi, - Cəhənnəm atəşi içində onun sakinlərindən olacaqsan!”
(9) Məgər Allaha itaət edib gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, üstəlik, axirət əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə xeyirlidir, yoxsa çətin vaxtda Allaha ibadət edən, xoş gün-güzəranı olduqda isə Ona küfr edən və Allaha şəriklər qoşan o kafir?! Ey Peyğəmbər, de: “Məgər Allahı tanıdıqlarına görə Allahın onlara vacib buyuruduqlarını bilənlərlə, bu haqda heç nə bilməyənlər eyni ola bilərmi?! Bu iki firqə arasında olan fərqi yalnız salamat ağıl sahibləri bilər.”
(10) Ey Peyğəmbər, Mənə və Mənim göndərdiyim elçilərə iman gətirmiş qullarıma de: “Rəbbinizin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxun! Sizlərdən bu dünyada yaxşılıq edənləri dünyada ikən gözəl nemətlər - zəfər, sağlamlıq və mal-dövlət, axirətdə isə Cənnət gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Elə isə hicrət edin ki, Allaha ibadət etmək üçün yer tapasınız. Heç nə sizə mane ola bilməz. Səbir edənlərin savabı qiyamət günündə çox çeşidli olduğundan dolayı sayız-hesabsız veriləcəkdir.”
(11) Ey Peyğəmbər, de: “Allah mənə əmr etmişdir ki, dini yalnız Ona məxsus edərək yalnız Ona ibadət edim.
(12) Rəbbim mənə bu ümmətdən Ona boyun əyən müsəlmanların birincisi olmaq əmri olunmuşdur”.
(13) Ey Peyğəmbər, de: “Allaha asi olsam və Ona itaət etməsəm, o əzəmətli günün - qiyamət gününün əzabından qorxuram”.
(14) Ey Peyğəmbər, de: “Mən dinimi məhz Allaha məxsus edərək təkcə Ona ibadət edirəm və Ondan başqa heç kəsə ibadət etmirəm.
(15) Ey müşriklər, siz də Ondan başqa istədiyiniz bütlərə ibadət edin.” (Buradakı əmr, hədələmə sayılır.) Ey, Peyğəmbər, de: “Şübhəsiz ki, həqiqi ziyana uğrayanlar özlərini və ailələrini ziyana uğradanlardır. O kəslər ki, yaxınları onları qoyub Cənnətdə daxil olduqlarına və ya onlarla bərabər Cəhənnəmə düçar olduqlarına görə heç vaxt onları görməyəcəklər. Bil ki, açıq-aydın və heç bir şəkk-şübhə olmayan həqiqi ziyan da elə budur!”
(16) Onların üstündə və altında tüstü, alov və istilik olacaq. Allah Öz qullarını bu zikr edilən əzabla qorxudur. Ey qullarım, Mənim əmrlərimi yerinə yetirib qadağan etdiyim əməllərdən çəkinməklə Məndən qorxun!
(17) Bütlərə və Allahdan savayı sitayiş edilən istənilən bir şeyə ibadət etməkdən çəkinən və tövbə edərək Allaha üz tutanlar, həm ölüm anında, həm qəbirdə, həm də qiyamət günü Cənnətlə müjdələnəcəklər. Ey Peyğəmbər, qullarımı müjdələ!
(18) O kəslər ki, sözə qulaq asır, onun yaxşısını pisindən ayırd edir və onda olan faydadan dolayı onun ən yaxşısına tabe olurlar. Bu vəsflərlə vəsf olunan kimsələr - məhz onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Sağlam ağıl sahibləri də məhz onlardır.
(19) Ey Peyğəmbər, küfründə və azğınlığında israr etdiyinə görə haqqında əzab sözü vacib olmuş kimsənin doğru yola yönəlməsinə və (yaxşı işlər görməyə) müvəffəq olmasına sən tədbir görə bilməzsən. Ey Peyğəmbər, bu xislətlərə sahib olan kimsəni Cəhənnəm odundan sənmi xilas edəcəksən?!
(20) Lakin Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələri üst-üstə yerləşən, altından çaylar axan mənzillər gözləyir. Bunu Allah onlara vəd etmişdir. Allah vədinə xilaf çıxmaz.
(21) Siz öz gözlərinizlə görürsünüz ki, Allah göydən yağmur endirib onu yer üzündəki çaylar və çeşmələrə axıdır. Sonra Allah onunla müxtəlif rəngli birkilər yetişdirir. Sonra bu bitkilər quruyur və sən, ey onları müşahidə edən insan, bu yaşıl bitkilərin sonradan saraldığını görürsən. Bunlar quruduqdan sonra Allah onları qırıq-qırıq olmuş çör-çöpə döndərir. Həqiqətən, bu deyilənlərdə sağlam ağıl sahibləri üçün ibrət var.
(22) Məgər Allahın, köksünü İslam üçün açdığı və ona tərəf yönəltdiyi, üstəlik, Rəbbinin dəlillərinə əsaslanan kimsə, Allahı zikr etməkdən uzaq olub qəlbi sərtləşmiş ilə eyni ola bilərmi?! Onlar əsla eyni ola bilməzlər. Doğru yola yönələn kimsələr nicat tapar, qəlbi Allahı zikr etməkdən qafil olub sərtləşmiş kimsələrə isə ziyana uğrayar. Onlar haqdan uzaq olan açıq-aydın azğınlıq içindədirlər.
(23) Allah Sözün ən gözəlini – doğruluq, gözəllik, uyğunluq və ziddiyyətdən kənar olmaq baxımından ayələri bir-birinə bənzəyən və içindəki hekayələri və əhkamları, habelə, vədləri və təhdidləri, həmçinin, haqq əhlinin sifətləri və batil əhlinin sifətləri və s. təkrarlanan Quran nazil etdi. Rəbbindən qorxanlar bu kitabdakı vədləri və təhdidləri eşitdikdə, ondan dəriləri ürpəşər. Daha sonra Allahı zikr etməklə xoş sözləri və müjdələri eşitdikdə isə, dəriləri və qəlbləri yumşalar. Qurandan deyilən bu sözlər və onun təsiri, Allahın hidayətidir. Allah onunla istədiyini doğru yola yönəldər. Allah kimi rüsvay edib doğru yola yönəltməzsə, ona yol göstərən tapılmaz.
(24) Allahın hidayət verdiyi, dünyada (yaxşı işlər görməyə) müvəffəq etdiyi və axirətdə Cənnətə daxil etdiyi kimsə ilə, küfr edən və kafir olduğu halda ölən, üstəlik, Allahın, əllərini və ayaqlarını zəncirləmiş halda Cəhənnəm oduna düşar etdiyi və atəşdən üzü ilə qorunan kəs eynidirmi? Küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə məzəmətt edilərək deyilər: “Etdiyiniz küfr və asiliklərə görə qazandığınız əzabı dadın! Bu sizin cəzanızdır.”
(25) O müşriklərdən əvvəlki ümmətlər də (peyğəmbərləri) yalançı saymışdılar. Buna görə əzab onlara gözləmədikləri yerdən qəfildən gəldi və onlar heç tövbə etməyə macal da tapmadılar.
(26) Allah bu əzabla onları dünya həyatında rüsvay və biabır etdi. Onları gözləyən axirət əzabı isə daha böyük və daha dəhşətlidir. Kaş, biləydilər!
(27) Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş bu Quranda insanlar üçün xeyir və şərə, haqq və batilə, imana və küfrə aid cürbəcür məsəllər çəkdik ki, bəlkə, onlar çəkdiyimiz bu məsəllərdən ibrət alıb haqqa boyun əysinlər və batili tərk etsinlər.
(28) Biz onlara içində heç bir qüsur, əyrilik və şübhə olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsunlar.
(29) Allah müşriki və muvəhhidi (yalnız Allaha ibadət edən) kimsəni məsəl çəkir. (Birincisini) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişiyə bənzədir. O kişi ki, ağalarından bəzisini razı saldıqda, digərlərinin ona qəzəbi tutur və o, heyrət və çaşqınlıq içində qalır. (İkincisini) isə tək bir ağası olan və ağasının məqsədini bilən, üstəlik arxayınlıq və rahatlıq içində olan kişiyə bənzədir. Bu iki kişi məsəlcə eyni ola bilməzlər. Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir, elə buna görə də Allaha şəriklər qoşurlar.
(30) Ey Peyğəmbər, şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!
(31) Sonra siz, ey insanlar, ixtilafa düşdüyünüz məsələlər barədə, qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcək və beləliklə, aranızdakı doğru danışanlarla, yalançılar ayırd ediləcək.
(32) Allaha şərik qoşmaq, habelə, həyat yoldaşı və övlad nisbət etməklə, Ona layiq olmayan bir şeyi Ona mənsub edən kimsədən daha zalımı bir kimsə yoxdur. Eləcə də, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi vəhyi təkzib edən kimsədən daha zalımı bir kimsə yoxdur. Məgər Cəhənnəmdə, Allaha və Onun rəsulunun gətirdiyinə küfr edən kimsələr üçün sığınıcaq və məskən yoxdur?! Əksinə, orada onlar üçün sığınacaq da var, məskən də.
(33) Sözləri və əməlləri ilə haqqı təsdiqləyən, ona iman gətirən və onun tələblərini yerinə yetirən peyğəmbərlər və qeyriləri - məhz onlar əsl müttəqilərdir. O müttəqilər ki, Rəbbinin əmrini yerinə yetirir və qadağan etdiyi işlərdən çəkinirlər.
(34) Onlar üçün Rəbbinin yanında dilədikləri tükənməz ləzzətlər vardır. Bu, həm öz Rəbbi, həm də Onun qulları ilə gözəl münasibət qurmuş kimsələrin mükafatıdır.
(35) Beləcə, Allah onların, - tövbə edib Rəbbinə üz tutduqlarına görə, - dünyada etdikləri asiliklərdən ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcək.
(36) Məgər Allah Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) onun din və dünya işlərində, habelə, düşmənini ondan dəf etməyə kifayət deyilmi?! Əlbəttə, kifayətdir. Onlar isə öz cahillikləri və səfehlikləri ucbatından səni, ey Peyğəmbər, Allahdan baqa tapındıqları bütlərlə qorxudurlar ki, guya onlar sənə xətər toxunduracaqlar. Allahın köməksiz qoyduğu və hidayət vermədiyi kimsəyə doğru yol göstərən və (haqq yola yönəlməyə) müvəffəq edən tapılmaz.
(37) Allahın doğru yola yönəltdiyi kimsəni də, zəlalətə sala biləcək birisi tapılmaz. Məgər Allah, kimsənin Ona qalib gəlmədiyi mütləq güc sahibi, habelə, Ona küfr edən və asi olan kəsdən intiqam almağa qadir deyilmi?! Əlbəttə, Allah qüdrətlidir, intiqam almağa qadirdir.
(38) Ey Peyğəmbər, əgər sən o müşriklərdən: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Bunları Allah yaratmışdır!”– deyəcəklər. Bütlərinin aciz olduğunu göstərmək üçün onlara belə de: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun mənə yetirəcək zərəri aradan qaldıra bilərlərmi?! Yaxud, əgər Rəbbim mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?!” Onlara de: “Mənə təkcə Allah kifayət edər. Mən bütün işlərimdə yalnız Ona təvəkkül edirəm, təvəkkül edənlər də təkcə Ona təvəkkül edərlər!”
(39) Ey Peyğəmbər, de: “Ey qövmüm! Siz özünüzün razı qaldığınız əmələ - Allaha şərik qoşmağınıza davam edin, mən də, Rəbbimin mənə buyurduğunu yerinə yetirməyə - tövhidə dəvət etməyə və ixlasla Ona ibadət etməyə davam edəcəyəm. Siz bu iki yolu tutanların aqibətinin nə olduğunu tezliklə biləcəksiniz.
(40) Tezliklə siz biləcəksiniz, bu dünyada rüsvayedici və alçaldıcı əzab kimə gələcək, axirətdə də kim sürəkli, daimi əzaba düçar olacaq”.
(41) Ey Peyğəmbər, Biz Quranı sənə, insanlar üçün haqq olaraq nazil etdik ki, onları qorxudasan. Kim doğru yolla getsə, doğru yolda olmasının xeyri onun özünə olar. Onun doğru yolla getsməsinin Allaha heç bir faydası yoxdur, çünki Allahın buna ehtiyacı yoxdur. Kim də zəlalətə düşsə, zəlalətdə olmasının ziyanı onun öz əleyhinə olar. Onun zəlalətdə olmasının pak və müqəddəs Allaha heç bir ziyanı olmaz. Sən onlara vəkil deyilsən ki, onları doğru yola gəlməyə məcbur edəsən. Sən yalnız sənə əmr ediləni təbliğ edənsən.
(42) Allah ölənlərin ruhlarını onların əcəli yetişdikdə, ölməyənlərin ruhlarını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə Öz əzəli elmi ilə müəyyən etdiyi vaxtadək buraxır. Həqiqətən, ruhların saxlanılmasında və buraxılmasında, habelə, (insanın) öldürülməsində və dirildilməsində, düşünən bir qövm üçün dəlillər var. Belə ki, buna qadir olan Allah, insanlar öldükdən sonra onları haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün onları diriltməyə də qadirdir.
(43) Müşriklər Allahı qoyub bütlərin onlara fayda verəcəyinə ümid edərək onları şəfaətçi qəbul etdilər. Ey Peyğəmbər, onlara de: "O bütlər nə sizin üçün, nə də özləri üçün bir şeyə malik olduğu, özləri də lal, kar və kor, üstəlik də, nə fayda, nə də zərər verən daşlar olduğu halda, siz yenədəmi onları özünüzə şəfaətçi qəbul etdiniz?!”
(44) Ey Peyğəmbər, o müşriklərə de: “Şəfaət bütünlüklə Allaha məxsusdur. (Şəfaətçilik edən) kimsə Onun yanında yalnız Onun izni ilə şəfaətçilik edə bilər. O da, yalnız Allahın razı qaldığı kimsə üçün şəfaətçilik edə bilər. Göylərin və yerin hökmranlığı təkcə Ona məxsusdur. Sonra qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaq, O da sizə etdiyiniz əməllərin əvəzini verəcək.”
(45) Allah tək olaraq xatırlandığı zaman axirətə və axirətdə baş verəcək hadisələrə - dirilməyə, haqq-hesaba çəkilməyə və əməllərin əvəzinin verilməsinə inanmayan müşriklərin qəlbini nifrət bürüyür. Onların Allahdan başqa ibadət etdiyi bütlər yad edildiyi zaman isə onlar sevinib fərəhlənərlər.
(46) Ey Peyğəmbər, de: “Ey göyləri və yeri bənzəri olmayan bir biçimdə xəlq edən, qeybdə və aşkarda olanı bilən Allahım! Bunlardan heç bir şey Səndən gizli qalmaz. Dünyada qullarının arasında baş vermiş ziddiyyətlər barədə qiyamət günü hökmü yalnız Sən verəcək, kimin haqq, kimin batil, habelə, kimin xoşbəxt, kimin də bədbəxt olduğunu Sən bəyan edəcəksən”.
(47) Yer üzündə olan daş-qaşlar, sərvətlər və s. bu kimi qiymətli əşyalar, şirk və asilik etməklə özlərinə zülm edən kimsələrin olmuş olsaydı, onlar onu, dirildikdən sonra öz gözləri ilə gördükləri Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin onlar bunu edə bilməzlər. Hətta onlara fidyə vermək imkanı verilsəydi, o fidyə onlardan qəbul olunmazdı. Allahdan onlara gözləmədikləri müxtəlif növ əzablar veriləcəkdir.
(48) Onların qazandıqları pis əməllər - Allaha şərik qoşmaları və asilik etmələri özlərinə göstəriləcək və əzab onları bürüyəcək. O əzab ki, onlar dünyada onunla qorxudulduqda, ona istehza edərdilər.
(49) Kafir insana bir xəstəlik, yaxud kasıblıq və ya buna bənzər bir bəla üz verdiyi zaman, Bizə dua edər ki, o bəlanı ondan uzaq edək. Sonra Biz o kafirə Özümüzdən bir nemət - sağlamlıq, yaxud mal-dövlət verdikdə isə deyər: “Mən bu nemətə layiq olduğum üçün Allah onu mənə əta edib”. Doğrusu, bu, bir sınaq və tədricən həlak olmaqdır, lakin kafirlərin çoxu bunu bilmir və Allahın onlara verdiyi nemətlərə aldanırlar.
(50) Bu sözü onlardan əvvəl yaşamış kafirlər də demişdilər. Lakin onların əldə etdikləri mal-dövlət və şan-şöhrət onlara heç bir fayda vermədi.
(51) Onlar şərik qoşmaq və asilik etmək kimi pis əməllərinin cəzasını aldılar. Habelə, hazırkı gün şirk və asilik etməklə özlərinə zülm edən bu kimsələr də, qazandıqları günahların cəzasını əvvəlkilər tək alacaqlar. Onlar nə Allahdan yaxa qurtara biləcək, nə də Ona qalib gələ biləcəklər.
(52) Bu müşriklər öz bildiklərini danışır, bəs bilmirlər ki, Allah dilədiyinin ruzisini bol edərək onu sınağa çəkir, görsün, şükür edəcək, yoxsa küfr edəcək, habelə, dilədiyinin də ruzisini azaldaraq onu sınağa çəkir, görsün, səbir edəcək, yoxsa Allahın yazdığı qədərə qəzəbi tutacaq?! Həqiqətən, ruzinin bol verilməsində və azaldılmasında, iman gətirən bir qövm üçün, Allahın hər şeyi idarə etdiyini sübuta yetirən dəlillər var. Belə ki, yalnız möminlər belə dəlillərdən ibrət alırlar. Kafirlər isə bu dəlillərə məhəl qoymayıb onlardan üz döndərirlər.
(53) Ey Peyğəmbər, Allaha şərik qoşmaq və asi işlər görməklə özlərinə qarşı həddi aşmış qullarıma de: "Allahın rəhmətindən və günahlarınızı bağışlamağından ümidinizi üzməyin. Şübhəsiz ki, Allah, Ona tövbə edən kimsənin günahlarının hamısını bağışlayır. Həqiqətən də, O, tövbə edən kimsələrin günahlarını bağışlayır və onlara rəhm edir”.
(54) Qiyamət günü əzab sizə gəlməmişdən əvvəl tövbə edib yaxşı işlər görməklə Rəbbinizə dönün və Ona boyun əyin. Sonra siz bütləriniz və əhli-əyalınız arasında sizi əzabdan xilas edəcək bir köməkçi tapa bilməyəcəksiniz.
(55) Əzab özünüz də hiss etmədən qəflətən gəlməmişdən əvvəl Rəbbinizin Öz rəsuluna nazil etdiyi ən gözəl söz sayılan Qurana tabe olun, onun əmrlərini yerinə yetirin, qadağalarından da çəkinin!
(56) Bu deyilənlərə əməl edin ki, qiyamət günü kimsə çox peşman olub deməsin: “Küfr və asiliklər etməklə Allaha etinasızlıq göstərdiyimə görə vay mənim halıma! Həqiqətən, mən iman əhlini və itaətkarları məsxərəyə qoyurdum!”.
(57) Yaxud qədəri bəhanə gətirib deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələrdən olardım!”.
(58) Və ya əzabı gördüyü zaman təmənna edib deməsin: “Kaş, bir də dünyaya qayıda biləydim, Allaha tövbə edib yaxşı işlər görənlərdən olardım!”.
(59) Xeyr, bu, heç də sənin hidayətə qovuşmağını təmənna etdiyin kimi deyil. Mənim ayələrim sənə gəlmişdi, lakin sən onları yalan saydın, təkəbbür göstərdin və Allaha və Onun rəsuluna küfr edən kəslərdən oldun”.
(60) Sən qiyamət günü Allaha şərik qoşmaq və Ona övlad nisbət etməklə Ona qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Bu, onların bəxbəxt olduğunu göstərəcək. Məgər Allaha və Onun rəsuluna iman gətirməyə təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! Əlbəttə ki, onlar üçün orada qərar tutacaq yer vardır.
(61) Uca Allah, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələri əzabdan qurtarıb qazandıqları uğura qovuşduracaq - Cənnətə daxil edəcək. Onlara əzab toxunmayacaq və onlar dünyada qoyub getdikləri nəsiblərinə görə kədərlənməyəcəklər.
(62) Allah hər şeyin xaliqidir və Ondan başqa heç bir xaliq yoxdur. O, hər şeyi qoruyur, onun işini yoluna qoyur və istədiyi kimi onu idarə edir.
(63) Göylərdə və yerdə olan xeyir xəzinələrinin açarları yalnız Ondadır. Dilədiyinə ondan verər, dilədiyini də ondan məhrum edər. Allahın ayələrinə küfr edənlər - məhz onlar, dünya həyatlarında iman gətirməkdən məhrum olmaq, axirətdə də əbədi olaraq Cəhənnəm oduna daxil olmaqla, ziyana uğrayanlardır.
(64) Ey Peyğəmbər, səni öz bütlərinə ibadət etməyə təşviq edən o müşriklərə de: “Ey Rəbbinə qarşı cahillik edən kəslər, mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz?!” Halbuki, yalnız Allahın ibadət olunmağa haqqı var və mən Ondan başqasına ibadət edən deyiləm.
(65) Ey Peyğəmbər, sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy olunmuşdur: “Əgər Allahla yanaşı başqasına ibadət etsən, yaxşı əməllərinin savabı puç olacaq, beləliklə də, bu dünyada dinini ititrməklə, axirətdə də əzaba düçar olmaqla ziyana uğrayanlardan olacaqsan.
(66) Əksinə, sən yalnız Allaha ibadət et, Ona heç kəsi şərik qoşma və Onun sənə verdiyi nemətlərə şükür etməklə şükr edən bəndə ol!”.
(67) Müşriklər Allahdan qeyrisini - Onun yaratdığı zəif və aciz məxluqatı Ona şərik qoşmaqla, Allahı layiqincə uca tutmadılar və Onun qüdrətindən qafil oldular. Onun qüdrət əlamətlərindən bəzisi budur ki, qiyamət günü yer üzərindəki dağlar, ağaclar, çaylar və dənizlərlə birlikdə Onun ovcunun içində olacaq, yeddi göyün də hamısı Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və müşriklərin Onun barəsində dediklərindən və etiqad etdiklərindən ucadır.
(68) Sura üfürmək üçün təyin olunmuş mələk ona üfürəcəyi gün göylərdə və yerdə kim varsa, yalnız Allahın, sağ qalmasını istədiklərindən başqa hamısı öləcəkdir. Mələk dirilmə üçün ikinci kərə ona üfürdükdə isə onlar qalxıb Allahın onlara nə edəcəyinə baxacaqlar.
(69) Qüdrətli Rəbb Öz qulları arasında hökm vermək üçün gəldiyi zaman yer işıqlanacaq, insanların əməlləri yazılmış səhifələr üzə çıxacaq, peyğəmbərlər və Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümməti gətiriləcək ki, peyğəmbərlər öz qövmlərinə şahidlik etsinlər. Allah onların arasında ədalətlə hökm veriləcək və o gün onlara zülm edilməyəcək, heç kəsin nə günahı üstə günah artırılar, nə də savabından bir savab azalar.
(70) Allah hər kəsə etdiyi əməlin, - istər xeyir əməl olsun, istərsə şər, - əvəzini tam verəcək. Allah onların nə etdiklərini yaxşı bilir. Onların istər xeyir, istərsə də şər əməllərindən heç bir şey Ondan gizli qalmaz və həmin gün Allah onlara əməllərinin əvəzini verər.
(71) Mələklər Allaha küfr etmiş kimsələri dəstə-dəstə zəlil vəziyyətdə Cəhənnəmə gətirəcəklər. Nəhayət, Cəhənnəmə çatdıqda onun gözətçiləri onun qapılarını onlar üçün açacaq və onları məzəmmət edərək qarşılayıb deyəcəklər: “Məgər özünüzdən sizə Rəbbinizin özlərinə nazil etdiyi ayələrini oxuyan və sizi qiyamət gününə yetişib orada şiddətli əzaba düçar olacağınızla qorxudan elçilər gəlməmişdi?!” Kafirlər özlərinin əleyhinə şahidlik edib: “Əlbəttə, gəlmişdi, lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi və biz də, kafir idik!” – deyəcəklər.
(72) Onlar alçalsınlar, üstəlik də, Allahın rəhmətindən və Cəhənnəmdən xilas olmaqdan ümidlərini kəssinlər deyə, onlara belə deyiləcək: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin!” Haqqı qəbul etməyə təkəbbürlük göstərənlərin yeri necə də pis və necə də iyrəncdir!
(73) Rəbbinin əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə Ondan qorxan möminləri isə mələklər dəstə-dəstə, ehtiramla Cənnətə doğru gətiriləcəklər. Nəhayət, onlar Cənnətə çatdıqda onun qapıları möminlər üçün açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Hər bir zərərdən və xoşlamadığınız hər bir şeydən salamat qalın! Sizin dünyada ikən qəlbiniz və əməlləriniz gözəl olmuşdur! İndi isə əbədi qalmaq üçün Cənnətə daxil olun!”
(74) Möminlər Cənnətə daxil olduqda deyəcəklər: “Peyğəmbərlərinin dili ilə bizə verdiyi vədini - bizi Cənnətə daxil edəcəyi barədə olan vədini yerinə yetirən və bizi Cənnət diyarına varis edən Allaha həmd olsun! Biz Cənnətdə istədiyimiz yerdə ola bilirik. Rəbbinin üzü xatirinə yaxşı işlər görən əməlisaleh insanların mükafatı necə də gözəldir!”
(75) Hamının bir yerə toplanacağı həmin gün mələklər ərşi əhatə edərək, Allahı tərif edəcək və kafirlərin Onun barəsində dedikləri sözlərdən Onun uzaq olduğunu deyəcəklər. Allah yaradılanların hamısının arasında ədalətlə hökm verəcək, kimisinə ehtiram göstərəcək, kimisini də əzaba düçar edəcək. Onda belə deyiləcək: “Mömin qullarının rəhm edilməsi, kafir qullarının da əzaba düçar edilməsi barədə hökm verdiyinə görə məxluqatın Rəbbi olan Allaha həmd olsun!”