72 - əl-Cinn ()

|

(1) Ey Peyğəmbər! Ümmətinə de: "Allah mənə vəhy etdi ki, bir dəstə cin xurma bağları olduğu bir vadidə oxuduğum Quranı dinlədi. Sonra onlar öz qövmünün yanına qayıdıb onlara dedilər: "Həqiqətən, biz aydınlıq və fəsahət baxımından heyrətamiz bir kəlam dinlədik!

(2) Bizim dinlədiyimiz bu kəlam, etiqad, söz və əməl xüsusunda doğru yol göstərir. Biz ona iman gətirdik və bundan sonra əsla kimsəni o Quranı nazil edən Rəbbimizə şərik qoşmayacağıq.

(3) Biz iman gətirdik ki, Rəbbimizin əzəməti və şanı olduqca ucadır. Heç də müşriklərini iddiası kimi deyil, O, özünə nə zövcə, nə də övlad götürmüşdür.

(4) İblis Uca Allaha zövcə və övlad nisbət edərək Allah barəsində tamamilə yalan sözlər söyləmişdir.

(5) Biz elə güman edirdik ki, insanlardan və cinlərdən olan müşriklər Allah barəsində, zövcə və övlad xüsusunda əsla yalan danışmazlar. Elə buna görə də biz onlara təqlid edərək onların dediklərini təsdiqlədik.

(6) Cahiliyyət dövründə insanlardan bəziləri qorxulu bir yerə getdikdə orada cinlərin bəzilərinə sığınırdılar. Onlardan bəzisi deyərdi: "Bu vadidə yaşayan tayfanın səfehlərinin şərindən onun seyyidinə sığınıram." Beləliklə də, həmin adamların cinlərdən olan qorxusu, o adamların ancaq azğınlığını artırırdı.

(7) Ey cinlər! İnsanlarda siz zənn etdiyiniz kimi, Allah heç bir kimsəni öldürdükdən sonra haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini verilməsi üçün diriltməyəcəyini zənn edirdilər.

(8) Biz gizli xəbərləri öyrənmək məqsədilə səmaya qalxdıqda, onun o xəbərləri bizdən qorumaq üçün mələklərdən ibarət güvvətli gözətçilərlə və səmaya yaxınlaşan hər kəsə arxasınca atılacaq yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.

(9) Halbuki daha öncə biz göyün bəzi yerlərində oturub mələklərin söhbətinə qulaq asır və onlardan eşitdiyimiz sözləri yerdəki kahinlərə çatdırırdıq. Artıq vəziyyət dəyişib, indi bizlərdən kim onları dinləmək istəsə, o, pusquda onu gözləyən, yaxınlaşdıqda isə onun üstünə göndərilib onu yandırıb-yaxan alova rast gələr.

(10) Biz bilmirik, bu güclü mühafizə nə üçündür, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Allah onlara xeyir nəsib etmək? Biz artıq göydəki xəbərləri dinləməkdən məhrum olmuşuq.

(11) Əlbəttə ki, biz cinlərin arasında Allahdan qorxan saleh əməl sahibləri də var, kafir və fasiq olanları da. Biz müxtəlif firqələrə məzhəblərə ayrılmışıq.

(12) Biz yəqin etdik ki, pak və müqəddəs Allah bizə nə isə etmək istəsə, biz Ondan yaxa qurtara bilmərik. Hətta göyə qaçmalı olsaq belə, Onun əzabından yayına bilməyəcəyik.

(13) Biz doğru yolu göstərən Quranı eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə savabının azalmasından, nə də keçmiş günahları üzərinə günahın artmasından qorxar.

(14) Sözsüz ki, aramızda itaət etməklə Allaha tərəf yönələn müsəlmanlar da var, amaldan və doğru yoldan azanlar da. Kim mütiliklə və yaxşı işlər görməklə Allaha boyun əyirsə, məhz onlar doğru yola və haqqa yönələn kimsələrdir.

(15) Amaldan və doğru yoldan azanlara gəlincə isə, onlar Cəhənnəm üçün odun olacaq və onları insanlardan özlərinə bənzəyənlərlə birlikdə orada yandıracaqlar.

(16) Necə ki, bir dəstə cinin Peyğəmbəri (səllallahu aleyhi və səlləm) dinlədiyi ona vəhy edilmişdir, eləcə də, ona belə vəhy edilmişdir ki, əgər cinlər və insanlar İslam yolunu tutsalar və Quranda buyurulanlara əməl etsələr, Allah onlara bol-bol su verər və onlara müxtəlif cür nemətlər əta edər.

(17) Belə edərik ki, onları sınayaq görək, Allahın nemətlərinə şükür edəcəklər, yoxsa nankor olacaqlar? Kim Qurandan və onun içindəki öyüd-nəsihətlərdən üz çevirərsə, Rəbbi onu məşəqqətli, həm də, dözə bilməyəcəyi bir əzaba düçar edər.

(18) Şübhəsiz ki, məscidlər heç kəsə deyil, məhz pak və müqəddəs Allaha məxsusdur. Elə isə orada Allahla yanaşı heç kəsə dua etməyin, yoxsa yəhudilərin öz sinaqoqlarında, nəsranilərin də öz kilsələrində Allahdan qeyrisinə dua etdiyi kimi dua etmiş olarsınız.

(19) Allahın qulu Muhəmməd (səllallahu aleyhi və səlləm) qalxıb xurma bağları olduğu bir vadidə Allaha ibadət edərkən cinlər onun Quran oxuduğunu eşitdikdə az qala izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər.

(20) Ey Peyğəmbər! O müşriklərə de: "Mən təkcə öz Rəbbimə dua edirəm. Kim olursa olsun, ibadətdə heç kəsi, Ona şərik qoşmuram!".

(21) Onlara de: "Mən nə Allahın sizin əleyhinizə yazdığı zərərin qarşısnı almağa, nə də Allahın sizi məhrum etdiyi xeyiri sizə verməyə qadirəm".

(22) Onlara de: "Əgər mən Allaha asi olsam, məni Onun əzabından heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq yeri tapa bilmərəm!

(23) Mənim əlimdən gələn ancaq Allahın mənə sizə təbliğ etməyi buyurduqğu risaləti sizə təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna (səllallahu aleyhi və səlləm) asi olarsa, onun gedəcəyi yer içərisində əbədi qalacağı, heç vaxt oradan çıxmayacağı Cəhənnəm odu olar.

(24) Kafirlər dünyada özlərinə vəd olunmuş əzabı qiyamət günü öz gözləri ilə görənədək küfrlərindən əl çəkməyəcəklər. O zaman onlar kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

(25) Ey Peyğəmbər! Diriləcəklərini inkar edən o müşriklərə belə de: "Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu, yoxsa Allahın onun üçün Özündən başqa heç kəsin bilmədiyi bir vaxt təyin etdiyini bilmirəm.

(26) Pak və müqəddəs Allah, qeybi tam olaraq bilir, heç bir şey Ona gizli qalmaz və O, Öz qeybini heç kəsə bildirməz, əksinə, yalnız Özünə məxsus olaraq qalar.

(27) Yalnız Özünün razı qaldığı elçidən başqa. Həqiqətən, Allah Öz qeybindən rəsuluna istədiyi qədər bildirir, üstəlik, onu önündən və arxasından qoruyacaq gözətçi mələklər göndərir ki, elçidən başqa heç kəs o qeybə əl ata bilməsin.

(28) Belə edir ki, o elçi özündən əvvəl gəlib-getmiş elçilərin özlərinə Rəbbi tərəfindən təbliğ edilməsi əmr olunan risalətləri təbliğ etdiyini və Allahın ona qeydiən qaldığını bilsin. Allah mələklərin və elçilərin nə etdiklərini bilir, hər şeyi ayrı-ayrılıqda hesaba alır və heç bir şey Ona gizli qalmır.