(1) ﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Quran heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
(3) Həqiqətən, göylərdə və yerdə möminlər üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə işarə edən dəlillər vardır. Çünki dəlillərdən ibrət alanlar elə məhz möminlərdir.
(4) Ey insanlar! Sizin yaradılışınızda - əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası olmanızda və Allahın yer üzünə yaydığı canlılarda, Allahın Xaliq olduğuna yəqinliklə iman gətirmiş kimsələr üçün Onun vəhdaniyyətinə dəlalət edən dəlillər vardır.
(5) Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə, heç bir bitki bitməyən qurumuş bir yerdə bitkilər bitirib oranı canlandırmasında və küləkləri də sizin mənfəətiniz üçün bəzən bir istiqamətdən, bəzən də başqa bir istiqamətdən gətirməsində, başa düşən insanlar üçün dəlillər var. Onlar bu dəlillərə əsaslanaraq Allahın vəhdaniyyətini, Onun ölüləri dirildəcəyinə qadir olduğunu və ümumiyyətlə, hər şeyə qadir olduğunu isbat edirlər.
(6) Ey Peyğəmbər! Biz bu ayələri və dəlilləri sənə bir həqiqət olaraq oxuyuruq. Onlar Allahın Öz quluna nazil etdiyi sözünə və Onun dəlillərinə inanmadıqdan sonra, hansı sözə inanacaq və hansı dəlili qəbul edəcəklər?!
(7) Əzaba düçar olsun və həlaka uğrasın hər bir yalançı və çox günah edən kimsə!
(8) Bu kafir Allahın Qurandakı ayələrinin ona oxunduğunu eşidir, sonra guya özünə oxunan o ayələri eşitmirmiş kimi, haqqa boyun əyməyə təkəbbür göstərərək küfr və asilik etməyinə davam edir. Ey Peyğəmbər! Ona axirətdə başına gələcək müsibət - orada onu gözləyən ağrılı-acılı bir əzab barədə xəbər ver.
(9) O, ayələrimizdən bir şey ona bildirildikdə, onu məsxərəyə qoyur. Quranı məsxərəyə qoyan kimsələr üçün qiyamət günü alçaldıcı bir əzab vardır.
(10) Qarşıda - axirətdə onları Cəhənnəm odu gözləyir. Nə qazandıqları var-dövlət, nə də Allahdan başqa tapındıqları bütlər onları Allahın əzabından qurtara bilər. Qiyamət günü onlar böyük bir əzaba düçar olacaqlar.
(11) Rəsulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz bu kitab doğru yol göstəricisidir. Allahın Öz rəsuluna nazil etdiyi ayələrini inkar edən kimsələri ağrılı-acılı ən pis əzab gözləyir.
(12) Ey insanlar! Gəmilərin Allahın əmri ilə dənizdə üzüb getməsi və sizin də müxtəlif halal qazanc yolları ilə Onun lütfündən ruzi axtarmanız üçün dənizi sizə ram edən yalnız Allahdır. Bəlkə, Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz.
(13) Pak və müqəddəs Allah göylərdə olan günəşi, ayı və ulduzları, habelə, yerdə olan çayları, ağacları, dağları və s. sizə ram etmişdir. Sizə bəxş edilən bütün bu nemətlər Allahın lütfü sayəsindədir. Həqiqətən, onların sizin üçün ram edilməsində Allahın ayələri barədə düşünən və onlardan ibrət alan bir qövm üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə dəlalət edən dəlillər vardır.
(14) Ey Peyğəmbər! Allaha iman gətirən və Onun rəsulunun dediklərini təsdiqləyən kimsələrə de ki, Allah verdiyi nemətlərə və ya cəzalara məhəl qoymayan kafirlərdən sizə pislik edən kəsləri əfv edin. Heç şübhəsiz ki, Allah səbir edən möminlərin də, düşmənçilik edən kafirlərin də, dünyada etdikləri əməllər sayəsində qazandıqlarının cəzasını verəcəkdir.
(15) Kim yaxşı bir əməl edərsə, bu əməlin xeyri onun özünə olar, belə ki, Allahın onun əməlinə ehtiyacı yoxdur. Kim də pis bir əməl edərsə, bu əməlin cəzası onun öz əleyhinə olar. Belə ki, onun pis əməli Allaha zərər yetirməz. Sonra axirətdə hamınız yalnız Bizim hüzurumuza qaytarılacaqsınız ki, hər birinizə layiq olan (mükafatı və ya cəzanı) verək.
(16) Biz İsrail oğullarına Tövrat və onun sayəsində insanlar arasında hökm vermək ixtiyarı bəxş etdik, habelə, peyğəmbərlərin çoxunu onların özlərindən - İbrahimin (aleyhissəlam) nəslindən etdik, onlara növbənöv pak nemətlərdən ruzi verdik və onları zəmanələrindəki bəşər əhlindən üstün etdik.
(17) Biz onlara haqqı batildən ayırd edən dəlillər vermişdik. Onlar yalnız özlərinə dəlil-sübut göstərildikdən - Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərildikdən sonra ixtilafa düşdülər. Bu ixtilafa düşmələrinin səbəbi isə yalnız vəzifəyə və şan-şöhrətə olan hərislikdən irəli gələn ədavətdən dolayı olmuşdur. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin onların dünyada ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək, kimin haqq və kimin də batil olduğunu bəyan edəcəkdir.
(18) Sonra Biz səni Öz əmrimizlə düz yol, sünnə və şəriət üzrə - səndən əvvəlki elçilərimizə əmr etdiyimiz yol üzərində qaim etdik ki, (insanları) iman gətirməyə və yaxşı işlər görməyə dəvət edəsən. Sən bu şəritə tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma. Onların nəfslərinin istəkləri (səni) haqdan azdırar.
(19) Əgər haqqı bilməyənlərin nəfslərinin istəklərinə uysan, onlar səni Allahın əzabından heç cür xilas edə bilməzlər. Həqiqətən də, hər bir millətdən və dindarlardan olan zalımlar möminlərə qarşı bir-birinin hamisidir. Allah isə, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələrin Hamisidir.
(20) Rəsulumuza nazil edilmiş bu Quran insanlar üçün haqqı batildən ayırd edən dəlil, yəqinliklə inananlar üçün də doğru yol göstəricisi və mərhəmətdir. Çünki məhz onlar Quran sayəsində doğru yola yönəlirlər ki, özlərinin Rəbbi onlardan razı qalsın və onları Cəhənnəm odundan uzaqlaşdırıb Cənnətə daxil etsin.
(21) Yoxsa öz əzaları ilə küfr və asilik edib günah qazananlar, onları, əməllərinin əvəzini almaq xüsusunda həyatda olduğu kimi, ölümlərindən sonra da, Allaha iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər?! Yürütdükləri bu mühakimə necə də pisdir!
(22) Allah göyləri və yeri əbəs yerə yatamamış, əksinə, onları böyük bir hikmətlə yaratmışdır. Həm də, hər kəsin qazandığı nə isə onun müqabilində qarşılıq görməsi üçün yaratmışdır. Allah onların savabını azaltmaqla, yaxud günahlarını artırmaqla onlara zülm etməz.
(23) Ey Peyğəmbər! Nəfsinin istəyinə uyan və onu özünə məbud hesab edib ona müxalif olmayan kimsəni gördünmü? Allah Öz əzəli elmi sayəsində onu zəlalətə salmışdır. Çünki o, zəlalətə düşməyə layiqdir. Allah onun qulağına və qəlbinə möhür vurmuş və buna görə də o əzaları ona fayda vermir, habelə, onun gözünə pərdə çəkmişdir və bu da onun haqqı görməsinə mane olur. Allah onu zəlalətə saldıqdan sonra, kim onu haqq yola yönəldə bilər?! Məgər nəfsin istəyinə uymağın zərərini, Allahın şəriətinə tabe olmağın da faydasını düşünüb anlamırsınız?!
(24) Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər belə deyirlər: “Həyat fəqət bizim dünya həyatımızdır və bu həyatdan sonra heç bir həyat yoxdur. Bir nəsil ölüb gedir bir daha geri qayıtmır və ardından yeni bir nəsil də doğulur. Bizi ancaq gecə ilə gündüzün bir-birini təqib etməsi öldürür”. Onların öldükdən sonra yenidən dirilməyi inkar etməyə dair heç bilgiləri yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!
(25) Öldükdən sonra yenidən dirilməyi inkar edən müşriklərə açıq-aydın ayələrimiz oxunduğu zaman onların Peyğəmbərə (səllallahu aleyhi və səlləm) və onun səhabələrinə gətirdiyi dəlili: “Əgər bizim öldükdən sonra diriləcəyimiz barədə olan iddianız doğrudursa, onda ölüb getmiş atalarımızı dirildin!” – deməkdən başqa bir şey deyildi.
(26) Ey Peyğəmbər! Onlara de: “Allah sizi yaradaraq sizə həyat verir, sonra sizi öldürür, sonra da sizi, haqq-hesaba çəkiləcəyiniz və əməllərinizin əvəzini alacağınız qiyamət günü dirildib bir yerə toplayacaq. O gün mütləq gələcəkdir, buna heç kimin şəkk-şübhə olmasın”. Lakin insanların çoxu bunu bilməz. Elə buna görə də saleh əməllər etməklə o gün üçün hazırlıq görmürlər.
(27) Göylərin və yerin mülkü təkcə Allaha məxsusdur. Odur ki, nə göydə, nə də yerdə Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur. Qiyamət qopacağı - Allahın ölüləri haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün dirildəcəyi gün – məhz o gün, Allahdan başqasına tapınan, haqqa batil donu, batilə də haqq donu geyindirən batil əhli ziyana uğrayacaqlar.
(28) Ey Peyğəmbər! Sən o gün hər ümməti diz çöküb, barələrində veriləcək hökmü gözlədiklərini görəcəksən. Hər ümmət öz əməlləri gözətçi mələklər tərəfindən yazılmış kitabına tərəf çağırılacaq. “Ey insanlar! Bu gün sizə dünyada etdiyiniz yaxşı və pis əməllərin əvəzi veriləcəkdir!
(29) Bu, mələklərimizin, sizin əməllərinizi yazdıqları kitabımızdır. Bu klitab, sizin əleyhinizə haqqa şahidlik edən bir kitabdır, elə isə onu oxuyun. Şübhəsiz ki, Biz gözətçi mələklərə sizin dünyada etdiyiniz əməlləri yazmalarını əmr etmişdik".
(30) İman gətirib yaxşı işlər görən kimsələrə gəlincə, pak və müqəddəs Rəbbi onları Öz mərhəməti ilə Cənnətə daxil edəcəkdir. Allahın onlara bəxş etdiyi bu mükafat, bənzəri olmayan açıq-aşkar uğurdur.
(31) Allaha küfr edən kimsələr gəlincə, onlara məzəmmət edilərək deyiləcəkdir: “Məgər ayələrim sizə oxunmurdumu?! Siz isə onlara iman gətirməyə təkəbbür göstərirdiniz və özünüz də, küfr və günüh işlər görən günahkar bir qövm idiniz.
(32) Sizə: “Allahın vədi – Öz qullarını dirildəcəyinə və onlara əməllərinin əvəzini verəcəyinə dair onlara verdiyi vədi – haqdır, bunda heç bir şübhə yoxdur, həmçinin, qiyamət saatının yetişməsində də, heç bir şəkk-şübhə yoxdur. Odur ki, o gününüz üçün tədarük görün!”– deyildikdə: “Biz qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq əsassız bir zənn olduğunu güman edirik. Biz qiyamətin qopacağına əmin deyilik!”– deyə cavab verdiniz.
(33) Onların dünyada ikən etdikləri pis əməllər - küfr və asiliklər özlərinə göstəriləcək və onlara xəbərdarlıq edilərkən istehza etdikləri əzab onları haqlayacaqdır.
(34) Allah onlara deyəcək: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz, iman gətirib yaxşı işlər görməklə o gün üçün tədarük görmədiyiniz kimi, Biz də bu gün sizi Cəhənnəm odunda tərk edəcəyik. Sizin qərar tutmaq üçün gedəcəyiniz yer Cəhənnəmdir. Allahın əzabını sizdən dəf edəcək köməkçiləriniz də olmayacaqdır.
(35) Sizə verilən bu əzab, Allahın ayələrinə lağ edib onları məsxərəyə qoyurdunuz və dünya həyatının ləzzət və şəhvətlərinə aldandığınıza görədir”. Bu gün, Allahın ayələrinə istehza edən o kafirlər Cəhənnəmdən çıxarılmayacaq, əksinə onlar, əbədi olaraq orada qalacaqlar və dünya həyatına da qayıtmayacaqlar ki, yaxşı işlər görsünlər, beləliklə də, Rəbbi onlardan razı qalsın.
(36) Həmd yalnız göylərin Rəbbi, yerin Rəbbi və bütün məxluqatın Rəbbi olan Allaha məxsusdur!
(37) Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir. Heç kəs Ona üstün gələ bilməz. O, yaratmaq, qədəri yazmaq, işləri idarə etmək və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibidir.