(1) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Peyğəmbəriniz vasitəsilə sizə təbliğ edilən dini inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib onlarla dostluq edisiniz. Siz sadəcə Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuz Məkkədən qovub çıxardır, nə əqrəbalıq, nə də qohumluq bağlarınıza məhəl qoyurlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlarla dostluq etməyin. Siz onlara mehribanlıq göstərib gizlində müsəlmanların işləri barədə onlara xəbər verirsiniz, halbuki Mən sizin bundan gizli saxladığınızı da, aşkara çıxardığınızı da bilirəm. Bundan və ya başqasından heç bir şey Məndən gizli qalmaz. Sizlərdən kim kafirlərlə dostluq etsə və onlara mehribanlıq göstərsə, orta yoldan sapar, haqdan azmış olar və doğru əməldən uzaqlaşar.
(2) Əgər onlar sizi ələ keçirsələr, qəlblərində gizlətdikləri düşmənçiliyi üzə çıxarar, əlləri ilə sizə əziyyət verər, sizi vurar, habelə, sizi söyər və təhqir edər, həmçinin, sizin Allaha və Onun rəsuluna küfr etmənizi və onlar kimi olmanızı istəyərlər.
(3) Əgər qohumlarınıza və övladlarınıza görə kafirlərlə dostluq etsəniz, nə qohumlarınız, nə də övladlarınız sizə fayda verər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaq, sizlərdən Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə girəcək. Beləliklə də, heç biriniz digərinizə fayda verə bilməyəcəkdir. Allah nə etdiklərinizi görür. Əməllərinizdən heç bir şey Allahdan gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.
(4) Ey möminlər! İbrahim (aleyhissəlam) və onunla birlikdə olan möminlərdə sizin üçün gözəl bir nümunə vardır. Onlar öz kafir qövmünə demişdilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız bütlərdən uzağıq. Biz sizin dininizi inkar edirik. Siz tək olan Allaha iman gətirib heç kəsi Ona şərik qoşmayanadək bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Siz də, (ey möminlər) onlar kimi öz kafir qövmünüzdən uzaq olmalısınız. Yalnız İbrahimin (aleyhissəlam) öz atasına: “Mən sənin üçün Allahdan mütləq bağışlanma diləyəcəm"- deməsi istisnadır. Siz onun kimi deməyin. Çünki bu hadisə, İbrahimin (aleyhissəlam) öz atasının iman gətirməsindən ümidini üzməmişdən əvvəl baş vermişdir. Mömin kimsə müşrik üçün bağışlanma diləyə bilməz. (İbrahim aleyhissəlam davam edib dedi:) "Lakin Allahdan sənə gələn əzabdan heç bir şeyi dəf edə bilməyəcəm!” (Onlar dedilər:) “Ey Rəbbimiz! Biz bütün işlərimizdə yalnız Sənə təvəkkül edir və tövbə edərək yalnız Sənə üz tuturuq. Qiyamət günü də dönüş yalnız Sənədir.
(5) Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə ki, bizim üzərimizdə hökmranlıq etsinlər və barəmizdə: "Əgər onlar haqq üzərində olsaydılar, biz onların üzərində hökmranlıq etməzdik" - desinlər. Ey Rəbbimiz! Bizi bağışla. Həqiqətən də, Sən qüdrətlisən, heç kəsin Sənə gücü çatmaz. Üstəlik də, Sən yaratmaq, şəri hökmləri təyin etmək, qədəri yazmaq xüsusunda hikmət sahibisən.
(6) Bu gözəl örnəkdir. Yalnız Allahdan dünyada və axirətdə xeyir uman kimsələr bundan ibrət alar. Kim bu gözəl örnəkdən üz çevirərsə, bilsin ki, Allah Öz qullarının Ona itaət etməsinə möhtac deyildir və O, hər bir halda tərifəlayiqdir.
(7) Ey möminlər! Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kafirlər arasında dostluq yaratsın. Yəni, Allah onları İslam dininə yönəltsin və beləliklə də, onlar sizin din qardaşlarınız olsunlar. Allah onların qəlbini imana doğru döndərməyə qadirdir. Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.
(8) Allah, müsəlman olduğunuza görə sizinlə vuruşmayanlara və sizi yurdunuzdan çıxartmayanlara yaxşılıq etmənizi və onlarla ədalətlə rəftar etmənizi - sizin öhdənizə düşən onların haqlarını ödəmənizi sizə qadağan etməz. Allah, həm özlərinə, həm əhli-əyalına, həm də himayələrində olanlara qarşı ədalətlə davrananları sevər.
(9) Allah sizə ancaq imanınıza görə sizinlə vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Sizlərdən onlarla dostluq edənlər, Allahın əmrinə müxalif olub özlərini həlaka sürükləməklə özlərinə zülm edənlərdir.
(10) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mömin qadınlar kafir diyarından hicrət edib sizin yanınıza - İslam diyarına gəldikləri zaman onları imanlarının doğru olub-olmaması xüsusunda imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Onların qəlbinin ört-basdır etdiyi şey Ondan gizli qalmaz. Əgər bu imtahandan sonra o qadınların imanlarında sadiq olduqları sizə bəlli olsa, onları kafir ərlərinə qaytarmayın. Nə mömin qadınların kafirlərə ərə getməsi, nə də kafirlərin mömin qadınlarla evlənməsi halaldır.Bu qadınların ərlərinin onlara xərclədikləri mehri özlərinə qaytarın. Ey möminlər! Həmin qadınların iddə müddəti başa çatdıqdan sonra, mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kimin də qadını kafirdirsə və ya İslamdan dönmüşdürsə, qoy onu kəbini altında saxlamasın. Çünki mürtədd olmaq kəbini pozan amillərdən biridir. Siz kafirlərdən dindən dönmüş zövcələrinizə sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da İslamı qəbul etmiş zövcələrinə sərf etdikləri mehri sizdən tələb etsinlər. Bu deyilənlər, - sizin onlara, onların da sizə mehri qaytarması, - Allahın hökmüdür. Pak və müqəddəs Allah istədiyi kimi sizin aranızda hökm verir. Allah Öz qullarının halını və onların əməllərini bilir. Heç bir şey Ona gizli qalmaz və O, Öz qulları üçün qoyduğu şəri qanunlarında hikmət sahibidir.
(11) Əgər zövcələrinizdən bəzisi mürtəd olub kafirlərin yanına getsə, siz də kafirlərdən o qadınlara verdiyiniz mehri istədikdə onlar onu sizə verməsələr, kafirlərlə vuruşub qalib gəldiyiniz zaman, ələ keçirdiyiniz qənimətlərdən zövcələri mürtəd olduqları halda çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər pay verin. İman gətirdiyiniz Allahdan Onun əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə qorxun!
(12) Ey Peyğəmbər! Məkkənin fəthi günü olduğu kimi, əgər mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, əksinə, tək Allaha ibadət edəcəklərinə, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını cahiliyyətdən qalmış adətə görə öldürməyəcəklərinə, ərlərindən olmayan uşaqlarını yalandan onlara isnad etməyəcəklərinə və ölü üçün vay-şüvən salıb ağlamaq, saçları qırxmaq və paltarın yaxasını cırmaq kimi qadağan edilmiş əməllərdə sənə asi olmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəldikləri zaman onların beyətini qəbul et və onlar beyət etdikdən sonra Allahdan onların günahları üçün bağışlanma dilə. Həqiqətən də, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.
(13) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın qəzəbinə gəlmiş və axirət gününə inanmayan bir qövmlə dostluq etməyin. Kafirlər axirəti inkar etdiklərindən dolayı ölülərinin bir daha diriləcəyinə inanmadıqları kimi, axirət gününə də inanmırlar.