79 - ən-Naziat ()

|

(1) Uca Allah kafirlərin canını zorla və amansızcasına alan mələklərə and içir.

(2) Uca Allah möminlərin canını rahatlıqla və asanlıqla alan mələklərə and içir.

(3) Uca Allah Öz əmri ilə göydən yerə enən mələklərə and içir.

(4) Uca Allah Öz buyuruqlarını yerinə yetirməkdə bir-birini ötən mələklərə and içir.

(5) Uca Allah əzəldən yazdığı qəza və qədərə müvafiq olan əmrlərini yerinə yetirən mələklərə - məsələn, qulların əməllərini qeydə almaq üçün müvəkkəl edilmiş mələklərə and içir. Allah, məxluqatı hesaba çəkəcəyinə və əməllərinin əvəzini verəcəyinə dair bu mələklərə and içir.

(6) İlk sur üfürüləcəyi gün yer lərzəyə gələcək.

(7) Bu üfürülmənin ardından ikinci kərə sura üfürüləcək.

(8) Qiyamət günü kafirlərin və fasiqlərin qəlbi qorxu içində olacaq.

(9) Onların gözlərində zəlillik əlaməti görünəcək.

(10) Halbuki, onlar deyərdilər: "Yəni biz öldükdən sonra yenidən həyata qaytarılacağıq?!

(11) Sümüklərimiz çürüyüb yox olduqdan sonra gerimi qaytarılacağıq?!"

(12) Onlar dedilər: "Əgər biz qayıtsaq, bu, ziyanlı, həm də sahibini aldadan bir qayıdış olar".

(13) Yenidən dirilmə olduqca sadə bir işdir. Belə ki, bu, sura üfürməyə müvəkkəl edilmiş mələyin bircə dəfə sura üfürməsi ilə baş verəcəkdir.

(14) O vaxt yerin altındakı ölülərin hamısı dirilib dərhal yerin səthinə çıxacaqlar.

(15) Ey Peyğəmbər! Musanın öz Rəbbi ilə, habelə, öz düşməni Fironla olan əhvalatı sənə gəlib çatdımı?!

(16) O zaman Rəbbi onu pak Tuva vadisində səsləyib demişdi:

(17) Allah Musaya belə buyurdu: "Fironun yanına get! Həqiqətən də, o, zülm və təkəbbürlükdə həddi aşmışdır".

(18) "Ona de: "Ey Firon! Küfrdən və günahlardan təmizlənmək istəyirsənmi?"

(19) Səni, səni yaradan və sənin qeydinə qalan Rəbbinə tərəf yönəldimmi ki, Ondan qorxub Onu razı salacaq əməllər edəsən və Onu qəzəbə gətirəcək işlərdən çəkinəsən?

(20) Musa (aleyhissəlam) Rəbbi tərəfindən göndərilmiş elçi olduğuna dəlalət edən ən əzəmətli əlaməti Firona göstərdi: bu da, əlin ağappaq olması və əsanın ilana çevrilməsidir.

(21) Firon isə sadəcə bu əlamətləri yalan saydı və Musanın (aleyhissəlam) ona əmr etdiyinə asi oldu.

(22) Sonra asilik edərək və haqdan üz döndərərək, Musanın -Aleyhissəlam- təbliğ etdiyinə iman gətirməkdən üz çevirdi.

(23) Öz qövmünü və tabeçiliyində olanları bir yerə toplayıb, Musaya - Aleyhissəlam- qalib gəlmək üçün onlara belə səsləndi:

(24) "Sizin uca rəbbiniz mənəm. Odur ki, siz məndən başqasına itaət etməməlisiniz".

(25) Elə buna görə də Allah onu bu dünyada dənizdə qərq etməklə, axirətdə də, ən şiddətli əzaba düçar etməklə cəzalandırdı.

(26) Həqiqətən də, dünyada və axirətdə Firona verdiyimizi cəzada Allahdan qorxan kimsə üçün ibrət vardır. Məhz beləsi ibrətlərdən fayda götürər.

(27) Ey yenidən dirilməni yalan sayanlar! Allah üçün sizin yaradılışınız çətindir, yoxsa möhkəm qurduğu göyün?

(28) Allah onun səmtini yüksəyə doğru ucaltmış və onu heç biri çatı, heç bir yarığı və heç bir qüsuru olmadığı şəkildə, dümdüz yaratmışdır.

(29) Günəş batdıqda göyü zülmətə bürüyər, günəş çıxdıqda isə onun nurlandırar.

(30) Allah göyü yaratdıqdan sonra yeri döşədi və orada faydalı şeylər yaratdı.

(31) Orada axar bulaqlar yaratdı, habelə, heyvanların yemlənməsi üçün bitkilər yetişdirdi.

(32) Dağları da yerə möhkəm yerləşdirdi.

(33) Ey insanlar! Bütün bunlar sizin və sizin heyvanlarınızın faydalanması üçündür. Bunların hamısını (heçdən) yaradan Allah, onları yenidən yaratmağa aciz deyildir.

(34) Dəhşəti hər şeyi bürüyəcək ikinci sur üfürüləcəyi və qiyamət qopacağı zaman -

(35) O gün insan dünyada etdiyi xeyir və ya şər əməlləri xatırlayacaq.

(36) Cəhənnəm də gətirilib onu görə bilən hər kəsə göstəriləcəkdir.

(37) Azğınlıqda həddini aşmış kimsəyə gəlincə,

(38) Fani dünya həyatını əbədi axirət həyatından üstün tutmuşsa,

(39) Şübhəsiz ki, onun qərar tutacağı yer atəş olacaqdır.

(40) Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır.

(41) Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır.

(42) Ey Peyğəmbər! Öldükdən sonra yenidə dirilməni yalan hesab edənlər səndən: "Qiyamət nə zaman qopacaq?" – deyə soruşurlar.

(43) Bu haqda sənin bildiyin bir şey yoxdur ki, onlara nə isə bildirəsən. Bunun sənə aid olan bir şey deyil. Sənə aid olan, yalnız o gün üçün hazırlıq görməyindir.

(44) Qiyamətin qopacağı vaxtı dəqiqliyi ilə bilmək təkcə sənin Rəbbinə aiddir.

(45) Sən sadəcə qiyamət qopacağından qorxan kimsəni xəbərdar edənsən. Çünki yalnız beləsi sənin xəbərdarlığından faydalana bilər.

(46) Onlar qiyamətin qopacağını öz gözləri ilə gördükləri zaman, dünya həyatlarında sadəcə bir günün axşamını və ya onun səhərini yaşadıqlarını güman edəcəklər.