90 - əl-Bələd ()

|

(1) Allah toxunulmaz şəhərə - çox möhtərəm Məkkəyə and içir.

(2) Ey Peyğəmbər! Sənin bu şəhərdə gördüyün işlər - öldürülməyə layiq olan kimsəni öldürməyin, əsir götürülməyə layiq olan kimsəni də, əsir götürməyin sənə halal sayılır.

(3) Uca Allah, həmçinin, bəşər valideyninə və ondan törəyən övladlara and içir.

(4) Doğrusu Biz insanı, dünyada çəkdiyi çətinliklər səbəbindən onu məşəqqətlər içində xəlq etdik.

(5) Yoxsa insan günah işlətdiyi zaman heç kimsənin hətta onu yaradan Rəbbinin ona gücü çatmayacağını və ondan intiqam almayacağını güman edir?!

(6) O deyər: "Mən saysız-hesabsız çoxlu mal-dövlət xərcləmişəm".

(7) Yoxsa bu lovğa adam Allahın onu görmədiyini, bu mal-dövlətə görə onu haqq-hesaba çəkməyəcəyini - onu haradan qazandığını və nəyə xərclədiyini soruşmayacağını güman edir?!

(8) Məgər Biz ona görən iki göz vermədikmi?!

(9) Həmçinin, sayəsində danışdığı bir dil və iki dodaq vermədikmi?!

(10) Biz ona haqq və batil yolu göstərmədikmi?!

(11) O kimsədən, onu Cənnətdən ayıran sərt yoxuşu aşıb keşməsi üçün səy göstərməsi tələb olunur.

(12) Ey Peyğəmbər! Sən nə bilirsən onun üstündən aşıb Cənnətə girmək istədiyi sərt yoxuş nədir?!

(13) Bu, kişi və ya qadın olmasından aslı olmayaraq bir kölə azad etməkdir.

(14) Yaxud yeməyin az tapıldığı aclıq günündə ehtiyacı olan kimsəyə yemək verməkdir.

(15) Özü də, qohumluğu çatan, atasını itirmiş bir uşağa,

(16) Yaxud heç bir şeyi olmayan fəqirə.

(17) Sonra isə Allaha iman gətirənlərdən, (Allaha) itaət etməkdə, asiliklərdən çəkinməkdə və müsibətlərə səbir etməkdə bir-birinə səbirli olmağı tövsiyə edənlərdən və bir-birinə Allahın qullarına mərhəmət göstərməyi tövsiyə edənlərdən olmaqdır.

(18) Bu xislətləri özündə cəm edən kimsələr - məhz onlar sağ tərəf sahibləridir.

(19) Rəsulumuza nazil etdiyimiz ayələrə küfr edən kimsələr - məhz onlar sol tərəf sahibləridir.

(20) Qiyamət günü onları hər tərəfdən əhatə edən, içində əzab çəkəcəkləri od gözləyir.