(1) Allaha küfr edən və insanları Allahın dinindən uzaqlaşdıran kimsələrin əməllərini Allah puça çıxarmışdır.
(2) Allaha iman gətirib yaxşı işlər görən və özlərinin Rəbbindən haqq olaraq - Allahın Öz Rəsulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyinə iman gətirən kimsələrin isə Allah günahlarından keçmiş və bunlara görə onlar qınanmayacaqlar, üstəlik, onların dünya və axirət işlərini yoluna qoymuşdur.
(3) Bu iki dəstəyə veriləcək cəza və mükafat, Allaha küfr edənlərin batilə uymaları, Allaha və Onun rəsuluna iman gətirənlərin isə öz Rəbbindən gələn haqqa tabe olmaları səbəbi ilədir. Bu iki dəstənin səy etdikləri əməllər fərqli və müxtəlif olduğuna görə əməllərinin əvəzi də fərqli və müxtəlifdir. Allah, bu iki dəstə: möminlər və kafirlər haqqında verdiyi hökmü bəyan etdiyi kimi, taylı tayını tapması üçün insanlara onların özlərinə dair məsələləri belə misal çəkir!
(4) Ey möminlər! Sizə qarşı vuruşan kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman qılınclarınızla onların boynunu vurun. Onları qırıb-çatanadək və onların müqavimətini sındıranadək onlarla vuruşun. Elə ki onları qırıb-çatdınız, əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Onları əsir götürdükdə, öz məsləhətinizə görə siz ixtiyar sahibisiniz, ya rəhm edib onlardan fidyə almadan, ya da mallarından və sairədən fidyə götürərək onları azad edə bilərsiniz. Kafirlər İslamı qəbul edənədək və ya əhd bağlayanadək onlarla vuruşun və onlardan əsirlər götürün. Möminlərin kafirlər vasitəsilə imtahan edilməsinin xatırlanması və günlərin dəyişgən olması - bəzən bunların onlara, bəzəndə onların bunlara qalib gəlməsi Allahın hikmətindəndir. Hərçənd Allah istəsəydi, kafirlərə qalib gəlmək üçün onlardan döyüşsüz intiqam alardı, lakin O, sizi bir-birinizlə imtahana çəkmək, möminlər arasında kimlərin vuruşduğunu, kimlərində döyüşdən yayındığını ayırd etmək və bir də kafiri möminlə sınamaq üçün cihadı əmr etdi. Belə ki, əgər mömin kimsə öldürülsə, Cənnətə daxil olar, yox əgər mömin kafiri oldürərsə, kafir Cəhənnəmlik olar. Allah yolunda öldürülənlərin isə əməllərini Allah heç vaxt puç etməz.
(5) Allah onları dünya həyatında haqqa tabe olmağa müvəffəq edəcək və onların vəziyyətini düzəldəcəkdir.
(6) Və qiyamət günü onları Cənnətə daxil edəcək. O Cənnət ki, Allah onun vəsflərini onlara hələ dünyada ikən bəyan etmiş, onlar da onu tanımışlar, üstəlik, onlara axirət günü Cənnətdə sahib olacaqları mənzillərini də tanıtmışdır.
(7) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Əgər siz Allahın peyğəmbərinə və Onun dininə kömək etməklə, habelə, kafirlərlə vuruşmaqla Allaha kömək göstərsəniz, O da sizə kafirlərə qalib gəlməyinizə kömək göstərər və döyüşdə onlarla qarşı-qarşıya gəldikdə ayaqlarınızı möhkəmlədər.
(8) Qoy ziyana uğrasın və həlak olsun Allaha və Onun rəsuluna küfr edənlər. Allah onların əməllərinin savabını puça çıxartmışdır.
(9) Onlara verilən bu cəza ona görədir ki, onlar Allahın Öz rəsuluna nazil etdiyi Qurana - onun içində zikr edilən Allahın təkliyinə nifrət etdilər. Odur ki, Allah onların əməllərini puça çıxartdı, beləliklə də, onlar dünyada və axirətdə ziyana uğradılar.
(10) Məgər haqqı yalan sayan o kimsələr yer üzündə gəzib dolaşıb özlərindən əvvəlki yalan sayanların aqibətinin necə olduğunu görmürlərmi?! Onların axırı çox acnacaqlı olmuşdur. Allah onların yurdlarını yerlə yeksan etmiş, üstəlik, onların həm özlərini, həm övladlarını, həm də mal-dövlətlərini məhv etmişdir. Kafirləri hər zaman və hər yerdə buna bənzər aqibət gözləyir.
(11) Bu iki dəstəyə verilən mükafat və cəza ona görədir ki, Allah, Ona iman gətirmiş kimsələrin yardımçısıdır. Kafirlərin isə heç bir yardımçısı yoxdur.
(12) Allah, Ona və Onun rəsuluna iman gətirib yaxşı işlər görənləri qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Allaha və Onun rəsuluna küfr edənlər isə dünyada öz şəhvətlərinə uymaqla kef çəkir və heyvan kimi yeyib-içirlər. Onların öz qarınlarını doldurmaqdan və şəhvətlərini ödəməkdən başqa məqsədləri yoxdur. Qiyamət günü onların qərar tutacaqları yer Oddur!
(13) Əhalsi səni qovub çıxaran Məkkə şəhərindən daha qüvvətli və daha çox oğul-uşaq və mal-dövlət sahibi olan əvvəlki ümmətlərin yaşadığı neçə-neçə məmləkət olub ki, onlar peyğəmbərlərini yalan saydıqlarına görə, Biz onları məhv etmişik və onlara Allahın əzabı gəldikdə onları bu əzabdan qurtaran yardımçı tapılmayıb. Eləcə də, əgər biz Məkkə əhalisini məhv etmək istəsək, Bizim qarşımızı kəsən tapılmaz.
(14) Məgər öz Rəbbindən açıq-aydın dəlil-sübuta istinad edən və elmə əsaslanaraq Allaha ibadət edən kimsə, pis əməli şeytan tərəfindən özlərinə gözəl göstərilən və öz nəfslərinin istəklərinə uyan - bütlərə ibadət edən, günah işlər görən və peyğəmbərləri yalançı sayan kimsələr kimi ola bilərmi?!
(15) Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinən müttəqilərə vəd olunan (Qiyamət günü) daxil olacaqları Cənnətin vəsfi belədir; orada, uzun müddət bir yerdə qaldığına görə iyi və dadı dəyişməyən sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və bir də tərkibindəki xəlitələrdən təmizlənmiş baldan çaylar vardır. Orada onlar üçün istədikləri hər cür meyvə vardır. Bütün bunlardan əlavə Allah onların günahlarını bağışlayacaq və o günahlara görə onları cəzalandırmayacaq. Məgər bu mükafatlara layiq görülən kimsə, od içində əbədi olaraq qalıb oradan heç vaxt çıxmayacaq və istisi bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsə kimi ola bilərlərmi?!
(16) Ey Peyğəmbər! Münafiqlər arasında sənin dediklərini qəbul etmədiyi halda sənə qulaq asanlar da vardır. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə cahilcəsinə və etiraz edərək deyərlər: “O, bayaq nə danışırdı?!” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş və belə qəlbə xeyir yetişməz, özləri də nəfslərinə uymuş və elə buna görə də onlar haqqı görməzlər.
(17) Haqq yola yönələn və Rəsulullahin (səllallahu aleyhi və səlləm) gətirdiyinə tabe olan kimsələrə gəlincə, Rəbbi onlara hidayəti artırar, onları yaxşı işlər görməyə müvəffəq edər və onlara, özlərini Cəhənnəm odundan xilas edəcək işlər görməyi ilham edər.
(18) Yoxsa kafirlər qiyamət saatının nə zaman gələcəyini bilmədikləri halda onun qəfil onları yaxalamasından başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir. O əlamətlərdən biri də, Muhəmmədin (səlallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə bölünməsidir. O Saat onları yaxaladığı vaxt ibrət almaları onlara nə fayda verər?!
(19) Ey Peyğəmbər! Yəqin bil ki, Allahdan başqa haqq məbud yoxdur. Sən Allahdan həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların günahlarının bağışlanmasını dilə. Allah sizin gündüz vaxtı gəzib-dolaşdığınız yeri də, gecə qalacağınız məskəni də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz.
(20) Allaha iman gəriən kimsələr, Allahın Öz rəsuluna cihad barədə surə nazil etməsini təmənna edib deyirlər: “Kaş, cihad barədə bir surə nazil olaydı!” Allah cihaddan bəhs edən, hökmü və mənası bəlli olan bir surə nazil etdikdə, Ey Peyğəmbər! Sən qəlbində şəkk olan münafiqlərin sənə, ölüm ayağında olan kimsənin qorxu və həyacan içində baxdığı kimi baxdıqlarını görərsən. Uca Allah onları, döyüşdən dönüb qaçdıqlarına və bundan qorxduqlarına görə, onlara veriləcək əzab artıq onların başlarının üstünü alıb, onlara yaxınlaşdığını xəbər vermişdir.
(21) qoy Allahın əmrinə itaət etsinlər və öz xeyirlərinə olan xoş söz danışsınlar. Cihada qəti əmr verildiyi və hazırlıq görüldüyü zaman imanlarında və itaətlərində Allaha sadiq qalsaydılar, əlbəttə ki, bu, onlar üçün münafiqlikdən və Allahın əmrlərinə asi olmaqdan daha yaxşı olardı.
(22) Əgər Allaha iman gətirməkdən və Ona itaət etməkdən üz çevirsəniz, böyük ehtimal ki, siz cahilyyət dövründə olduğunuz kimi, küfr və asilik etməklə yer üzündə fitnə-fəsad törədəcək və qohumluq bağlarını kəsəcəksiniz.
(23) Yer üzündə fəsad törədəcəkləri və qohumluq bağlarını kəsəcəkləri ehtimal edilən o kimsələr Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaqlarını haqqı eşidib qəbul etməkdən və ona tabe olmaqdan, gözlərini də haqqı görüb ondan ibrət almaqdan məhrum etdiyi kimsələrdir.
(24) Məgər haqdan üz çevirən o kimsələr Quranı oxuyub içindəkilər haqqında düşünmürlərmi?! Əgər onlar Quranı oxuyub-araşdırsaydılar, Quran, onları hər bir xeyirə yönəldər və hər bir şərdən uzaq edərdi. Yoxsa onları qəlbinə elə möhkəm qıfıl vurulmuşdur ki, buna görə onların qəlbinə nə öyüd-nəsihət təsir edər, nə də Mənim zikrim onlara fayda verər?!
(25) Özlərinə dəlil-sübut göstərildikdən və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığı bəlli olduqdan sonra imandan üz döndərib kafir və münafiq olan kimsələrə şeytan küfrü və nifaqı gözəl göstərmiş, bunu onlar üçün asanlaşdırmış və onlara uzun ömür vəd etmişdir.
(26) Onların zəlalətə düşməsi, onlar Allahın Öz rəsuluna nazil etdiyi vəhyə nifrət edən müşriklərə gizlində: “Biz bəzi işlərdə - möminləri döyüşdən yayındırmaq kimi işlərdə sizə itaət edəcəyik” - dediklərinə görə idi. Allah onların saxladıqları sirri və gizlətdiklərini bilir. Heç bir şey Ona gizli qalmaz. Allah bu xəbərlərdən istədiyini Öz Rəsuluna -səllallahu aleyhi və səlləm- bildirər.
(27) Can alman mələklərin dəmir toppuzlarla onların üzünə və arxasına vura-vura canlarını alanda onların əzabı və acınacaqlı halının nə dərəcədə olduğunu bir görsəydin.
(28) Bu əzab onların, Allahın qəzəbinə səbəb olan hər bir şeyə uyduqları - kafirlik və münafiqlik etdikləri, habelə, Allaha və Onun rəsuluna düşmən olduqları və özlərinin Rəbbinə yaxınlaşdıracaq və Onun rizasını qazandıracaq əməllərə - Allaha iman gətirməyə və Onun rəsuluna tabe olmağa nifrət etdiklərinə görədir. Elə buna görə də Allah onların əməllərini puç etdi.
(29) Yoxsa qəlblərində şəkk-şübhə olan münafiqlər elə zənn edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?! Allah müsibətlər göndərib imtahan etməklə bu kin-küdurəti mütləq üzə çıxaracaqdır. Beləcə, imanında sadiq olan kimsə ilə yalançı olan kimsə ayırd ediləcək, habelə, kimin həqiqi mömin, kimin də münafiq olduğu bəlli olacaqdır.
(30) Ey Peyğəmbər! Əgər Biz sənin münafiqləri tanımağını istəsəydik, onları sənə tanıdardıq, sən də onları üzlərindəki əlamətlərindən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir, bu əməllərdən heç bir şey Ona gizli qalmaz və O, onların əvəzini sizə verəcəkdir.
(31) Ey möminlər! Biz cihad, düşmənə qarşı vuruşmaq və qətlə yetirmək sayəsində sizlərdən Allah yolunda cihad edənləri və Onun düşmənlərilə döyüşməkdə səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və sizi sınamaqla sizlərdən kimin sadiq kimin də yalançı olduğunu biləcəyik.
(32) Şübhəsiz ki, Allaha və Onun rəsuluna küfr edənlər, Allahın dinindən uzaqlaşanlar, insanları da Onun dinindən azdıranlar və Muhəmmədin -səllallahu aleyhi və səlləm- peyğəmbər olduğunu bildikdən sonra Allahın rəsuluna müxalif olanlar və ona qarşı düşmənçilik edənlər Allaha heç bir zərər yetirə bilməzlər. Əksinə, onlar özlərinə zərər yetirərlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır.
(33) Ey Allaha iman gətirən və Onun əmrlərini yerinə yetirən kimsələr! Allahın və Onun rəsulunun əmrlərini yerinə yetirməklə və qadağan etdiyi əməllərdən çəkinməklə Allaha və Rəsuluna itaət edin, küfr və riyakarlıq etməklə əməllərinizi puç etməyin!
(34) Şübhəsiz ki, Allaha küfr edənlərin, həm özlərini, həm də insanları Allahın dinindən azdıranların, sonra da tövbə etmədən kafir kimi ölənlərin, Allah heç vaxt günahlarını bağışlamayacaq, əksinə, bu günahlarına görə onları cəzalandıracaqdır, onları içində əbədi qalacaqları Cəhənnəmə daxil edəcəkdir.
(35) Ey möminlər! Siz düşmənlə üzbəüz gəldikdə zəiflik göstərməyin, onlardan üstün olduğunuz və onlara qalib gələ biləcəyiniz halda, onlar sizi sülhə çağırmazdan əvvəl siz onları sülhə çağırmayın! Allah Öz köməyi və yardımı ilə sizin yanınızdadır. O sizin əməllərinizin savabından heç bir şey əskiltməz, əksinə, sizə əta etdiyi lütfü və fəziləti ilə artırar.
(36) Dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Ağıllı insan axirət əməlini qoyub dünya ilə məşğul olmaz. Əgər Allaha və Onun rəsuluna iman gətirsəniz və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsanız, O sizə əməllərinizin mükafatını kamil şəkildə, heç bir şey əksiltmədən verər və sizdən mal-dövlətinizin hamısını (Onun yolunda xərcləməyi) tələb etməz, sizdən sadəcə fərz buyurulmuş zəkatı verməyi tələb edər.
(37) Əgər Allah sizdən mal-dövlətinizin hamısını (xərcləməyinizi) tələb etsə və sizdən təkidlə tələb etdiyi halda, siz onu verməyə xəsislik göstərsəniz, O, sizin qəlbinizdə yerləşən - malınızı Onun yolunda sərf etməyə olan nifrəti üzə çıxardar, beləliklə, sizə acıyaraq bunu sizdən tələb etməkdən vaz keçər.
(38) Budur, siz mal-dövlətinizin cüzi bir hissəsini Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Allah sizdən malınızın hamısını sərf etməyi tələb etmir. İçərinizdə xəsislik edib tələb olunan malı sərf etmək istəməyənlər də vardır. Kim malının bir hissəsini Allah yolunda xərcləməyə xəsislik edərsə, əslində o, özünü Allah yolunda xərcləmək savabından məhrum erdərək ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin və sizin (malınızdan Onun yolunda) xərcləməyinizə ehtiyacı yoxdur, sizlər isə Ona möhtacsınız. Əgər İslamdan dönüb küfrə qayıtsanız, O sizi məhv edər və yerinizə sizlər kimi olmayan, Allaha itaət edən başqa bir qövm gətirər.