(1) Uca Allah, Musa (aleyhissəlam) ilə danışdığı yer olan, Tur dağına and içir.
(2) O, həmçinin, içində yazılar olan Kitaba and içir.
(3) Nazil edilmiş kitablar tək sərilmiş və açıq vəziyyətdə olan vərəqlər.
(4) Allah, həmçinin, göydə yerləşən və içində mələklərin Ona ibadət etdiyi evə and içir.
(5) O, həmçinin, yerin tavanı sayılan yüksələn göyə and içir.
(6) O, həmçinin, suyu dolub daşan dənizə and içir.
(7) Ey Peyğəmbər! Sənin Rəbbinin əzabı hökmən vaqe olacaqdır və bu kafirlərdən əsla yan keçməyəcəkdir.
(8) Heç bir şey kafirləri o əzabdan xilas edə bilməz, eləcə də, onların əzaba düçar olmasının qarşısını ala bilməz.
(9) O gün göy qiyamətin qopacağını bildirmək titrəyib lərzəyə gələcəkdir.
(10) Dağlar öz yerlərindən çıxıb hərəkətə gələcəkdir.
(11) Allahın kafirlərə vəd etdiyi əzabı yalan sayanlar, o gün həlak olsun və ziyana uğrasın!
(12) O kəslər ki, batil işlərlə əylənir, nə diriləcəklərini, nə də həşr olunacaqlarını düşünürlər.
(13) O gün onlar şiddətlə və amansızcasına sürüklənib Cəhənnəm oduna atılacaqlar.
(14) Onlara məzəmmət edilərək deyiləcək: “Bu, sizin yalan saydığınız və peyğəmbərlərinizin sizi qorxutduğu Cəhənnəm odudur!
(15) Bəlkə bu gördüyünüz əzab da sehrdir?! Yoxsa siz onu görmürsünüz?!
(16) Dadın bu atəşin istisini və yanın orada! Onun atəşinin əzabını dözsəniz də, dözməsəniz də, səbili olmağınız və ya səbirsizliyiniz sizin üçün eynidir. Bu gün sizə ancaq dünyada etdiyiniz küfrün və asiliklərin cəzası veriləcəkdir”
(17) Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə və tükənməz böyük nemət içində olcaqlar.
(18) Rəbbinin onlara bəxş etdiyi ləzzətli yemək-içməklərə, habelə, hurilərə sevinəcək və onların pak və müqəddəs Rəbbi onları Cəhənnəm əzabından xilas edəcək. Beləcə, onlar istədikləri nemətlərə nail olmaqla, habelə, çəkindikləri əzabdan qurtulmaqla uğur qazanacaqlar.
(19) Onlara deyiləcək: "Nəfsinizi çəkdiyi nemətlərdən nuşcanlıqla yeyin-için! Yediyiniz və içdiyiniz şeylərdən zərər görəcəyinizdən və əziyyət çəkəcəyinizdən ötrü əndişlənməyin. Bu nemətlər sizin dünyada etdiyiniz yaxşı əməllərin mükafatıdır.
(20) Onlar bəzədilmiş və bir-birinin yanına cərgələrlə düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik.
(21) Möminlərin imanda onların arxasınca gedən övladlarını, əməlləri onların əməllərinə çatmasa belə, Cənnətdə özlərinə qovuşduracağıq ki, könülləri şad olsun. Onların əməllərinin savabından heç bir şey əskiltməyəcəyik. Hər bir insan qazandığı pis əməlinin girovudur və başqa birisi onun günah yükündən heç bir şey daşımaz.
(22) Biz Cənnət əhlinə istədikləri çeşid-çeşid meyvələrdən və ətdən bol-bol verəcəyik.
(23) Onlar Cənnətdə bir-birinə şərab dolu badə ötürəcəklər. Bu şərabı içdikdə, o, dünyadakı şərabın sərxoşluğu kimi onları nə batil sözlər danışmağa, nə də günaha təhrik edəcəkdir.
(24) Onların ətrafında xidmətlərinə verilmiş, dəriləri də, sədəfin içində qorunub saxlanılan mirvari kimi saf və ağappaq olan yeniyetmə oğlanlar dolanacaqlar.
(25) Cənnət əhli bir-birlərinə tərəf dönüb bir-birindən dünyadakı halları barədə soruşacaqlar.
(26) Onlar belə cavab verəcəklər: "Biz dünyada ailəmizin içində ikən Allahın əzabından qorxurduq.
(27) Allah bizi İslam dininə yönəltməklə bizə mərhəmət göstərdi və bizi çox qızmar atəşin əzabından qorudu.
(28) Biz dünya həyatımızda Allaha ibadət edir və Ona dua edirdik ki, bizi Cəhənnəm əzabından qorusun. Həqiqətən, O, Öz qullarına verdiyi vədinə sadiq qalan, onlara yaxşılıq və rəhm edəndir. Onun bizə iman bəxş etməsi, bizi Cənnətə daxil etməsi və Cəhənnəmdən uzaqlaşdırması, Onun bizə etdiyi yaxşılığı və bizə göstərdiyi mərhəmətindəndir”.
(29) Ey Peyğəmbər! Sən Quranla xatırlat! Allahın sənə əta etdiyi iman və ağıl sayəsində nə cinlərdən bilgi alan kahinsən, nə də dəli!
(30) Yoxsa haqqı yalan sayanlar: “Muhəmməd rəsul deyil, əksinə, o, bir şairdir. Biz canımızı ondan qurtarmaq üçün, ölümün onu yaxalamasını gözləyirik” – deyirlər.
(31) Ey Peyğəmbər! Onlara de: “Ölümümü gözləyin, mən də sizin məni yalançı saydığınıza görə düçar olacağınız əzabı gözləyirəm”.
(32) Yoxsa onların ağılları onlara: "Peyğəmbər kahin və dəlidir" – deməyi əmr edir?! Beləliklə də, onlar heç bir şəxsdə cəm olmayan xislətin onda olduğunu deyirlər. Əksinə, onlar hüdudları aşmış bir qövmdür. Odur ki, onlar nə şəriətə, nə də ağıla etimad edərlər.
(33) Yoxsa onlar: “Muhəmməd bu Quranı özündən uydurdu, bu ona vəhy edilməmişdir!” – deyirlər?! Xeyr, o, bunu özündən uydurmamışdır. Onlar iman gətirməyə təkəbbürlük edirlər deyə: "O bunu özündən uydurdu" – deyirlər.
(34) Əgər onların Peyğəmbərin Quranı uydurması barədə iddiaları doğrudursa, qoy onlar da Qurana bənzər uydurma bir kəlam gətirsinlər.
(35) Bəlkə onlar özlərini yaradan Xaliqsiz yaranıblar?! Yaxud onlar özləri özlərini yaradıblar?! Məxluqun Xaliqsiz yaranması mümkün deyil. Həmçinin, heç bir məxluq nə isə xəlq edə bilməz. Elə isə nə üçün onlar özlərinin Xaliqinə ibadət etmirlər?!
(36) Yoxsa onlar göyləri və yeri yaradıblar?! Xeyr, onlar, Allahın özlərinin Xaliqi olduğuna qətiyyən inanmırlar. Əgər onlar buna inansaydılar, Allahın tək ilah olduğunu qəbul edər və Onun rəsuluna iman gətirərdilər.
(37) Yoxsa sənin Rəbbinin ruzi xəzinələri onların əlindədir və onlar bunu istədiklərinə verirlər, habelə, peyğəmbərlik bəxş etmək onların ixtiyarındadır və onlar bunu istədiyinə verir, istədiyini də ondan məhrum edirlər?! Yaxud onlar hökm sahibidirlər, istədikləri işləri görə bilirlər?!
(38) Yoxsa onların elə bir nərdivanı var ki, onun vasitəsilə göyə qalxıb Allahın vəhyini - onların haqq üzərində olduqları barədə olan vəhyi dinləyirlər?! Elə isə qoy onların o vəhyi dinləyənləri, onların haqq üzərində olduğu iddialarını təsdiqləyən açıq-aydın bir dəlil gətirsinlər!
(39) Yoxsa sizin xoşlamıdığınız qız uşaqları nöqsansız və uca Allahın, sevdiyiniz oğlan uşaqları isə sizindir?!
(40) Ey Peyğəmbər! Yoxsa sən, Rəbbinin risalətini təbliğ etdiyinə görə onlardan bir muzd istəyirsən?! Onlar da buna görə, daşıya bilmədikləri bir yük altına giriblər?!
(41) Yoxsa qeyb elmi onların əlindədir və onlar da qeybdəki xəbərləri öyrənib insanlar üçün istədiklərini yazır, qeybdən onlara istədiklərini xəbər verirlər?!
(42) Yoxsa haqqı yalan sayanlar sənə və sənin dininə qarşı hiylə qurmaq istəyirlər?! İnan Allaha, sən yox, əksinə, Allaha və Onun rəsuluna küfr edən kimsələr o hiylənin qurbanı olacaqlar.
(43) Yoxsa onların Allahdan başqa ibadətə layiq bir məbudu vardır?! Allah onların Ona qoşduqları şəriklərdən uzaqdır, pak və müqəddəsdir. Onların etdiklərinin heç biri olmayıb və heç cür təsəvvür oluna bilməz də.
(44) Əgər onlar göy parçalarının başlarına düşdüyünü görsələr: “Özlərinə əzab gəldiyinə inanmadan, bu, bir-birinin üstünə yığılmış adi bulud topasıdır!” – deyər, beləliklə də, nə nəsihət qəbul edər, nə də iman gətirərlər.
(45) Ey Peyğəmbər! Sən, onları əzaba düçar olacaqları günə - qiyamət gününə qovuşana qədər, tərk et, qoy inadkarlıq və tərslik etməyə davam etsinlər.
(46) O gün hiylələri onlara nə az, nə də çox - heç bir fayda verməyəcək və onlara əzabdan qurtulmaq üçün kömək göstərilməyəcəkdir.
(47) Həqiqətən, şirk və asiliklər etməklə özlərinə zülm edənləri axirət əzabından əvvəl, bir əzab - dünyada qətlə yetirilmək və kölə edilmək, üstəlik, bərzəx aləmində qəbir əzabına düçar olmaq gözləyir. Lakin onların əksəriyyəti bunu bilməz və elə buna görə də küfr üzərində davam edərlər.
(48) Ey Peyğəmbər! Sən, öz Rəbbinin əzəldən yazdığı qədərə və şəri hökmünə səbir et! Həqiqətən, sən Bizim gözümüz önündə və himayəmiz altındasan. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
(49) Gecənin bir vaxtında Rəbbinə təriflər de və Onun üçün namaz qıl, bir də ulduzlar batandan sonra, dan yeri söküldükdə fəcr namazını qıl!