(1) Uca Allah, göylə yer arasını öz zülməti ilə bürüməkdə olan gecəyə and içir.
(2) Uca Allah, həmçinin, açılan və aydınlaşan gündüzə and içir.
(3) Uca Allah, həmçinin, kişini və qadını yaratdığına and içir.
(4) Ey insanlar! Sizin əməlləriniz müxtəlifdir.Yaxşı əməlləriniz Cənnətə daxil olmaq üçün, pis əməllər isə Cəhənnəmə varid olmaq üçün səbədir.
(5) Kim öhdəsinə düşən haqqı - zəkat, sədəqə və kəffarə verirsə və Allahın qadağan etdiyi əməllərdən çəkinir,
(6) Və Allahın ona vəd etdiyi savabı təsdiq edirsə,
(7) Biz, onun üçün, yaxşı işlər görməyi və malından Allah yolunda xərcləməyi asanlaşdırarıq.
(8) Kim də xəsislik edib malından öhdəsinə düşən vacibi xərcləmir, öz mal-dövlətinə güvənib Allaha ehtiyacı olmadığını güman edir və Allahın lütfündən heç bir şey istəmir,
(9) Və Allahın ona, Allah yolunda xərclədiyi malı müqabilində vəd etdiyi savabı yalan sayırsa,
(10) Biz, onun üçün, şər işlər görməyi asanlaşdırar, yaxşı işlər görməyi isə çətinləşdirərik.
(11) O, həlak olub Cəhənnəmə düşdükdə, xəsislik edib xərcləmədiyi var-dövləti ona fayda verməyəcək.
(12) Şübhəsiz ki, haqq yolu batil yoldan ayırd etmək Bizə aiddir.
(13) Sözsüz ki, axirət həyatı da, dünya həyatı da Bizə məxsudur. Biz bu iki dünyanı istədiyimiz kimi idarə edirik və Bizdən başqası bunlara müdaxilə edə bilməz.
(14) Ey insanlar! Əgər Allaha asilik etmisinizsə, (bilin ki,) artıq mən sizi alovlanan odla qorxutdum.
(15) Onun hərarətində, yalnız ən bədbəxt, yəni kafir olan kimsə əzab çəkər.
(16) O kimsə ki, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayır və Allahın əmrinə itaət etməkdən üz döndərir.
(17) Allahdan ən çox qorxan Əbu Bəkr (Allah ondan razı olsun) isə oddan uzaqlaşdırılar.
(18) O Əbu Bəkr ki, günahlardan təmizlənmək üçün malını yaxşı işlərə sərf edir.
(19) O, öz malını, verilən nemətin əvəzini çıxmaq məqsədilə xərcləmir.
(20) O, xərclədiyi mal müqabilində, yaratdıqlarının fövqündə olan ən uca Rəbbinin üzündən başqa heç nə diləmir.
(21) O, Allahın ona bəxş edəcəyi dəyərli mükafatdan mütləq razı qalacaq.