(1) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir sözdə və ya hərəkətdə Allahdan və Onun rəsulundan önə keçməyin. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqiqətən, Allah sizin söylədiklərinizi eşidir, etdiyiniz əməlləri də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz və O sizə bu əməllərin əvəzini verəcəkdir.
(2) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın rəsulu ilə ədəb-ərkanla rəftar edin. Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə danışanda, səsinizi onun səsindən artıq qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da adı ilə müraciət etməyin, əksinə, ona "ya peyğəmbər", yaxud "ya rəsul" deyə yumşaq tərzdə müraciət edin. Yoxsa buna görə, özünüz də hiss etmədən əməllərinizin savabı puç olar.
(3) Həqiqətən, Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanında səslərini asta çıxaranlar, Allah onların qəlblərini təqva üçün sınağa çəkmiş və bunun üçün ixlaslı etmiş kimsələrdir. Onları günahlarının bağışlanması, buna görə cəzalandırılmaması və qiyamət günü böyük mükafat - Allahın onları Cənnətə daxil etməsi gözləyir.
(4) Ey Peyğəmbər! Şübhəsiz ki, səni, zövcələrinin hücrələri arxasından səsləyən bədəvilərin əksəriyyətinin ağlı kəsmir.
(5) Ey Peyğəmbər! Əgər səni zövcələrinin hücrələri arxasından səsləyən kimsələr, sən onların qarşılarına çıxanadək səbir edib səni səsləməsəydilər və (sən bayıra çıxdıqda) səninlə asta səslə danışsaydılar, əlbəttə, bu, onlar üçün səni hücrə arxasından səsləməkdən daha xeyirli olardı. Çünki bu, ona ehtiram göstərmə və onu uca tutmaqdır. Allah həm onlardan, həm də qeyrilərindən tövbə edən kimsələri bağışlayır, onların cahilliyini əfv edir və onlara rəhm edir.
(6) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Əgər bir fasiq sizə bir qövmdən xəbər gətirsə, o xəbərin doğruluğunu araşdırın və onun doğru olduğunu təsdiqləməyə tələsməyin. Yoxsa, eşitdiyiniz xəbəri dəqiqləşdirmədən, barəsində həqiqəti bilmədiyiniz halda bir qövmə pislik edər və onlara etdiyiniz bu pislikdən sonra xəbərin yalan olduğu sizə bəlli olduqda, tutduğunuz işin peşmançılığını çəkərsiniz.
(7) Ey möminlər! Bilin ki, Allahın rəsulu aranızdadır və ona vəhy nazil olur. Əgər yalan danışsanız, ona vəhy nazil olacaq və sizin yalan danışdığınızı ona xəbər verəcək. Odur ki, sizin məsləhətiniz üçün olan işləri o daha yaxşı bilir. Əgər o, sizin təklif etdiyiniz bir çox işlərdə sizə uysaydı, sizin üçün arzulamadığı əziyyətə düşərdiniz. Lakin Allah Öz lütfü ilə sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, beləliklə də, siz iman gətirmişsiniz, üstəlik, sizdə küfrə,Onun itaətindən çıxmağa və Ona asilik etməyə qarşı nifrət oyatmışdır. Məhz bu xislətləri özündə əks etdirən kimsələr doğru-düzgün yolda olanlardır.
(8) Sizə nəsib olanlar - xeyirli işlərin qəlbinizə gözl göstərilməsi və şər işlərə qarşı nifrət oyadılması Allahın sizə əta etdiyi lütf və Onun sizə bəxş etdiyi nemətidir. Allah Öz qullarından kimin Ona şükr etdiyini bilir və onu (xeyirli işlərə) müvəffəq edir. O, hər bir şeyi özünə münasib olan yerə qoyan hikmət sahibidir.
(9) Ey möminlər! Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, siz, onların hər ikisini ixtilafa düşdükləri məsələdə Allahın şəriəti ilə hökm verməyə dəvət etməklə onları barışdırın. Əgər onlardan biri sülhə gəlməkdən imtina edib təcavüzünə davam etsə, təcavüzkar dəstə ilə, Allahın hökmünü yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o, Allahın hökmünə qayıtsa, hər iki dəstəni ədalət və insafla barışdırın və onların arasında hökm verdikdə ədalətli olun. Şübhəsiz ki, Allah özlərinin verdiyi hökmdə ədalətli olanları sevər.
(10) Möminlər, həqiqətən də, İslam dinində qardaşdırlar. Ey möminlər! İslamda olan qardaşlıq isə, sizdən bir-birilə ixtilaf etmiş qardaşlarınızı barışdırmanızı tələb edir. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun ki, bəlkə sizə rəhm edilsin.
(11) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Sizdən bir toplum digər bir topluma istehza etməsin. Ola bilər ki, istehza olunan toplum Allah yanında (istehza edən toplumdan) daha xeyirli olsun. İbrət Allah yanında xeyirli olmaqdadır. Qadınlar da qadınlara istehza etməsinlər. Ola bilər ki, istehza olunan qadınlar Allah yanında (istehza edilən qadınlardan) daha xeyirli olsunlar. Özünüz kimi mömin qardaşlarınıza tənə vurmayın və bir-birinizi xoşlamadığı ləqəblərlə çağırıb utandırmayın. Necə ki, ənsardan bəzisi, hələ Rəsulullah (səllallahu aleyhi və səlləm) (Mədinəyə) gəlməmişdən əvvəl bir-birini belə ləqəblərlə çağırardı. Sizlərdən kim belə etsə, fasiq sayılar. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Bu günahlara görə tövbə etməyən kimsələr - məhz belələri, asiliklər edib özlərini məhvə uğratmaqla özlərinə zülm edənlərdir.
(12) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir dəlilə və sübuta əsaslanmayan ittihamlardan üzaq durun. Həqiqətən də, zənn edilənlərin bir qismi - məsələn, zahirən əməlisaleh görünən birisi barədə pis zənn etmək günahdır. Möminləri güdüb onların eyiblərini araşdırmayın. Sizlərdən heç biri mömin qardaşının barəsində onun xoşuna gəlmədiyi bir sözü danışmasın. Çünki onun barəsində xoşuna gəlmədiyi bir sözü danışmaq, onun ölmüş ətini yeməyə bənzəyir. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Elə isə onun qeybətini qırmağa nifrət edin, çünki bu, onun ölmüş ətini yeməyə bənzəyir. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqiqətən, Allah Öz qullarından tövbə edənlərin tövbəsini qəbul edər və onlara rəhm edər.
(13) Ey insanlar! Biz sizi bir kişidən - atanız Adəmdən və bir qadından - ananız Həvvadan yaratdıq. Demək, sizin nəsəbiniz eynidir. Elə isə nəsəb baxımından biriniz öz nəsəbi ilə digərinin yanında öyünməsin. Bundan sonra bir-biriniz yanında fəxr etmək üçün yox, bir-birinizi tanıyasınız deyə, sizi çoxlu xalqlara və qəbilələrə ayırdıq. Əslində, üstünlük yalnız təqva ilə ölçülür. Odur ki, Allah buyurur: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah sizin hər bir halınızı bilir, həmçinin, sizin kamil və ya naqis olduğunuzdan da xəbərdardır. Bundan heç bir şey Ona gizli qalmaz.
(14) Bədəvilərdən bəzisi Peyğəmbərin (səllallahu aleyhi və səlləmin) yanına gəldikdə: "Biz Allaha və Onun rəsuluna iman gətirmişik" – dedilər. Ey Peyğəmbər! Onlara de: “Siz iman gətirməmisiniz! Lakin siz: “Biz təslim olduq və boyun əydik!” – deyin. Hələ iman sizin qəlbinizə daxil olmamışdır, ola bilsin ki, tezliklə daxil olsun. Ey bədəvilər! Əgər siz Allaha və Onun rəsuluna itaət edərək iman gətirib yaxşı işlər görsəniz və haramlardan çəkinsəniz, Allah sizin əməllərinizin savabından heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar və onlara rəhm edər!”
(15) Möminlər yalnız Allaha və Onun rəsuluna iman gətirən, sonra imanlarına heç bir şəkk-şübhə qarışmayan, Allah yolunda malları və canları ilə cihad edən və bunlardan heç biri xüsusunda xəsislik etməyən kimsələrdir! Bu xislətləri özlərində əks etdirənlər - məhz onlar imanlarında sadiq qalan kimsələrdir.
(16) Ey Peyğəmbər! O bədəvilərə de: “Siz dininizi Allaha öyrədir və dindar olduğunuzu Ona bildirirsiniz?!” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi biləndir. Ona Heç bir şey gizli qalmaz. Sizin dindar olduğunuzu Ona göstərməyinizə də ehtiyacı yoxdur.
(17) Ey Peyğəmbər! O bədəvilər İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. Onlara de: “Allahın dinini qəbul etdiyinizə görə mənə minnət qoymayın! Əgər bunun faydası varsa da, bu, yalnız sizin özünüzədir. Əgər sizin mömin olduğunuz barədə iddianız doğrudursa, bilin ki, əksinə, Allah sizi imana müvəffəq etməklə sizə minnət qoyur!”
(18) Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir, heç bir şey Ona gizli qalmaz. Allah sizin nə etdiklərinizi görür. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, etdiyiniz əməllərin yaxşısının da, pisin də əvəzini sizə verəcəkdir.