(1) ﴾Ya. Sin.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Allah, ayələri mükəmməlləşdirilmiş Qurana and içir. O Quran ki, ona nə önündən, nə də arxasından batil yaxınlaşa bilir.
(3) Ey Peyğəmbər, həqiqətən də, sən, Allahın Öz qullarına, Allahın tək ilah olduğunu və təkcə Ona ibadət etməyi əmr etmək üçün göndərdiyi elçilərdən birisən.
(4) Sən doğru yoldasan və əsaslı şəriətə istinad edirsən. Bu doğru yol və əsaslı şəriət yenilməz qüvvət sahibi olan və mömin qullarına rəhm edən Rəbbindən nazil edilmişdir.
(5) Sən doğru yoldasan və əsaslı şəriətə istinad edirsən. Bu doğru yol və əsaslı şəriət yenilməz qüvvət sahibi olan və mömin qullarına rəhm edən Rəbbindən nazil edilmişdir.
(6) Quranı sənə nazil etdik ki, özlərinə qorxudan peyğəmbər gəlməmiş, özləri də imandan və tovhiddən qafil olan bir qövmü - ərəbləri qorxudub xəbərdar edəsən. Xəbərdar edib qorxudan peyğəmbəri olmayan hər bir ümmətin halı da belədir, onların özlərini xəbərdar edib peyğəmbərə ehtiyacı vardır.
(7) Allahın əzabı onların əksəriyyətinə vacib oldu. Çünki Allahın nazil etdiyi haqq Peyğəmbərinin dili ilə onlara təbliğ edilərkən onlar ona iman gətirmədilər və öz küfrlərində qaldılar. Onlar nə Allaha, nə Onun rəsuluna iman gətirir, nə də onun gətirdiyi haqqın tələblərini yerinə yetirirlər.
(8) Onların məsəli boyunlarına zəncir vurulmuş, əlləri də çənələrinin altından boyunlarına zəncirlənmiş kimsəyə bənzəyirlər. Onlar başlarını göyə qaldırmaq məcburiyyətindədirlər, çünki başlarını aşağı əyə bilmirlər. Onlar Allaha iman gətirməkdən məhrum olublar. Odur ki, nə ona itaət edir, nə də Ona görə boyun əyirlər.
(9) Biz haqq ilə onların arasına, önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı özlərinə fayda verəcək bir şəkildə görə bilmirlər. Onlar inadkarlıq göstərdikdən və küfr etməkdə israrlı olduqdan sonra bu vəziyyətə qaldılar.
(10) Ey Muhəmməd, haqqı qəbul etməyən o inadkar kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, sənin Allahdan gətirdiyinə iman gətirməzlər.
(11) Sənin xəbərdarlığından ancaq bu Quranı təsdiq edib onun tələblərini yerinə yetirən, üstəlik, heç bir kimsənin görmədiyi yerdə, xəlvətdə ikən öz Rəbbindən qorxan kimsə faydalana bilər. Bu xislətləri özündə cəm edən kimsələrə müjdə ver ki, Allah onun günahlarını bağışlamışdır və onları böyük bir mükafat - Cənnət gözləyir.
(12) Həqiqətən, qiyamət günü haqq-hesaba çəkilmək üçün ölüləri dirildən, onların dünya həyatlarında etdikləri yaxşı və pis əməlləri, habelə, ölüdükdən sonra qoyub getdikləri - ardıkəsilməz sədəqə kimi yaxşı əməllərini və bir də küfr etmək kimi pis əməllərini yazan Bizik. Biz hər şeyi açıq-aydın yazıda - Lövhi-məhfuzda qeydə almışıq.
(13) Ey Peyğəmbər, sən haqqı yalan sayan bu inadkarlara o şəhər əhlinin əhvalatını misal çək ki, bu, onlar üçün ibrət olsun. O zaman ki, onlara elçilər gəlmişdi.
(14) Biz onlara iki elçi göndərdik ki, onları Allahın tək ilah olduğuna və Ona ibadət etməyə dəvət etsinlər, lakin onlar bu elçilərin ikisini də yalançı saydılar. Biz də elçilərimizi göndərdiyimiz üçüncü elçi ilə qüvvətləndirdik. Onların üçü də şəhər əhlinə dedilər: “Biz üçümüz, həqiqətən də, sizə göndərilmiş ki, sizi Allahın tək ilah olduğunu qəbul etməyə və Onun şəriətinə tabe olmağa dəvət edək.”
(15) Şəhər əhli elçilər dedi: “Siz də bizim kimi sadəcə bir insansınız, sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Mərhəmətli Allah sizə heç bir vəhy nazil etməmişdir. Siz sadəcə bu dəvətinizdə Allaha qarşı yalan danışırsınız.”
(16) O elçilər şəhər əhlinin yalanına cavab olaraq dedilər: “Ey şəhər əhli, Rəbbimiz bilir ki, biz, həqiqətən də, Onun sizə göndərdiyi elçilərik. Bu da, dəlil olaraq bizə kifayət edər.
(17) Bizim vəzifəmiz ancaq Allahın bizə buyurduqlarını sizə aşkar təbliğ etməkdir. Biz sizə hidayət verməyə qadir deyilik.”
(18) Şəhər əhli elçilərə dedi: “Biz sizdə bəd əlamət gördük. Əgər bizi təkAllahlığa dəvət etmənizə son qoymasanız, sizi ölənədək daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır.”
(19) Elçilər onlara belə cavab verdilər: “Sizin uğursuzluğunuz, Allaha küfr etdiyinizə və Onun elçilərinə tabe olmadığınıza görədir. Yoxsa Allahı sizə xatırlatmağımızı bəd əlamət sayırsınız?! Doğrusu, siz küfr və asilik etmək xüsusunda həddi aşmış bir qövmsünüz.”
(20) Şəhərin ən ucqar tərəfindən bir kişi qaça-qaça qövmünün yanına gəlib, onların elçiləri yalançı saydığına, üstəlik, onları ölüm və işkəncə ilə hədələdiklərəinə görə dedi: “Ey qövmüm, elçilərə tabe olun!
(21) Ey qövmüm, sizdən, öz təbliğatları müqabilində heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərin təbliğ etdiyi - Allahın vəhyini qəbul edin. Belə bir sifətlərə sahib olan kimsələr, tabe olunmağa layiq olan kimsələrdir.
(22) Bu nəsihət edən kişi onlara dedi: "Mənə nə mane olur ki, məni yaradan Allaha ibadət etməyim?! Eləcə də, sizə nə mane olur ki, sizi yaradan və haqq-hesaba çəkilib əməllərinizin əvəzini almaq üçün hüzuruna qaytarılacağınız Rəbbinizə ibadət etmyəsiniz?!
(23) Mən heç məni yaradan Allahdan başqa ibadət olunmağa haqqı çatmayan məbudlar qəbul edərəmmi?! Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, o məbudların şəfaəti mənə heç bir fayda verməz. Belə ki, onlar mənə nə fayda verməyə, nə də zərər vurmağa qadirdirlər. Və əgər Allah mənim küfr üzərində ölməyimə hökm vermişdirsə, onlar məni Allahın istədiyindən xilas edə bilməzlər.
(24) Əgər mən onları məbud qəbul etsəm, ibadət olunmağa haqqı çatmayan məbudlara ibadət edib, ibadət olunmağa haqqı çatan Allahı tərk etməklə açıq-aydın xəta etmiş olaram.
(25) Ey qövmüm, həqiqətən, mən həm mənim, həm də sizin sizin Rəbbiniz olan Allaha iman gətirdim. Mənə qulaq asın! Sizin məni ölümlə hədələməyiniz məni əsla qorxutmaz.” Qövmü onu öldürdü. Bundan sonra Allah onu Cənnətə daxil etdi.
(26) O kişi şəhid olduqdan sonra ona sayğı və hörmət olaraq: “Cənnətə daxil ol!”– deyildi. O, Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra təmənna edərək dedi: “Kaş məni yalançı sayan və məni qətlə yetirən qövmüm biləydi ki, Rəbbim mənim günahlarımı bağışlamış və mənə ehtiram göstərmişdir. Bunu bilsəydilər, onlar da mənim kimi iman gətirər və mənim qazandığım mükafatı qazanardılar.
(27) O kişi şəhid olduqdan sonra ona sayğı və hörmət olaraq: “Cənnətə daxil ol!”– deyildi. O, Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra təmənna edərək dedi: “Kaş məni yalançı sayan və məni qətlə yetirən qövmüm biləydi ki, Rəbbim mənim günahlarımı bağışlamış və mənə ehtiram göstərmişdir. Bunu bilsəydilər, onlar da mənim kimi iman gətirər və mənim qazandığım mükafatı qazanardılar.
(28) Biz onu yalançı sayıb qətlə yetirmiş qövmünü məhv etmək üçün onların üstünə göydən mələklərdən ibarət bir qoşun göndərmədik. Biz hər hansı bir qövmü məhv etmək istədikdə, onların məhv edilməsi üçün mələklər göndərməyə ehtiyada yoxdur. Onların məhv edilməsi Bizim üçün bundan daha asandır. Biz onların üzərinə əzab mələklərini göndərməklə deyil, göydən gələn bir səslə məhv etməyi qərar verdik.
(29) Onun qövmünü məhv edən yalnız onların üzərinə göndərdiyimiz dəhşətli bir səs oldu. Onlar birdən həlak oldular və onlardan salamat bir kimsə qalmadı. Onların halı əvvəlcə alovlanan, sonra isə sönüb gedən, heç bir əsər-əlaməti qalmayan atəşin halına bənzəyir.
(30) Bu adamlar qiyamət günü əzabı görəcəkləri zaman vay onların halına! Çünki dünyada ikən onlara elə bir elçi gəlməyib ki, onu məsxərəyə qoymasınlar və ona istehza etməsinlər. Onların qiyamət günü cəzası, Allahın əmrlərinə qarşı gəldiklərinə görə peşman olmaqdır.
(31) Məgər peyğəmbərləri yalançı sayan və onlara istehza edənlər özlərindən əvvəlki ümmətlərin başına gələnlərdən ibrət almırlarmı?! Onlar artıq həlak olmuşlar və bir daha bu dünyaya qayıtmayacaqlar. Əksinə, dünyada etdikləri əməllərə görə cavab verəcəklər və Allah onlara etdikləri əməllərin əvəzini verəcək.
(32) Qiyamət günü bütün ümmətlər dirildikdən sonra, etdikləri əməllərin əvəzini almaq üçün Bizim hüzurumuza gətiriləcəklər.
(33) Dirilməni yalan hesab edənlərə, dirilmənin haqq olduğunu sübut edən dəlil budur ki, Biz bu qurumuş, məhsul verməyən torpağa göydən yağış nazil edib orada növbənöv bitkilər yetişdirir və oradan çeşid-çeşid toxumlar çıxardırıq ki, insanlar ondan yesinlər. Belə torpağa yağış nazil edib orada bitkilər yetişdirməklə onu dirildən Allah, ölüləri də dirildib (məhşərə) gətəriməyə qadirdir.
(34) Biz üzərinə yağış nazil etdiyimiz o torpaqda xurma bağları və üzümlüklər yaratdıq, habelə, oradan torpağın suvarılması üçün bulaqlar qaynadıb çıxartdıq.
(35) Belə etdik ki, insanlar Allahın onlara bəxş etdiyi və öz əlləri ilə becərmədikləri o bağların meyvələrindən yesinlər. Onlar yalnız Allaha ibadət etməklə və Onun peyğəmbərlərinə iman gətirməklə, Allahın onlara bəxş etdiyi bu nemətlərə görə Ona şükür etməyəcəklərmi?!
(36) Bitkilərdən və ağaclardan, habelə, insanların həm özlərindən, kişi və qadın olmaqla, həm də onların bilmədikləri, Allahın yerdə və dənizdə yaratdığı digər məxluqlardan cütlər yaradan Allah müqəddəsdir və ucadır.
(37) Gündüzü gecədən ayırdığımız zaman, onun işığını aparıb, ardından gecənin zülmətini gətirməyimiz, insanlar üçün Allahın vəhdaniyyətniə dəlalət edən bir dəlildir. Biz gündüzün ardından zülməti gətirən kimi insanlar zülmət içində qalırlar.
(38) Günəş də, Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O günəş ki, Allahın onun üçün müəyyən etdiyi yerdə seyr edir və (bu həddi) keçmir. Bu təqdir, yenilməz qüdrət sahibinin və yaratdıqları barədə hər şeyi bilən Allahın təqdiridir.
(39) Ay da, pak və müqəddəs Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O ay ki, Biz onun hər gecəsi üçün mənzillər müəyyən etmişik. O, kiçik şəkildən başlayaraq böyüyür, sonra isə, yenidən kiçilir və nəhayət, o, tədricən dönüb xurma ağacının olduqca nazik, əyri, sapsarı və qurumuş budağı kimi olur.
(40) Günəş də, ay da, gecə də, gündüz də, Allahın təqdiri ilə müəyyən edilib və onlar özləri üçün müəyyə edilmiş (həddi) keçmirlər. Nə günəş ayın istiqamətini dəyişmək və onun nurunu aparmaq üçün ona çata bilər, nə də gecə gündüzü keçib onun vaxtı başa çatmamış ona qarışa bilər. Bu, ram edilmiş məxluqların, habelə, digər göy cisimlərinin və kəhkəşanların (ulduzlar sisteminin) hamısının, Allahın Öz təqdiri və mühafizəsi ilə onlar üçün müəyyən etdiyi, özlərinə məxsus hədəqəsi vardır.
(41) Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Nuhun dövründə yaşayan, Adəm nəslinindən olub tufandan qurtulan kimsələri məxluqatla dolu gəmidə daşımağımızdır. Allah o gəmiyə hər növ məxluqdan bir cüt yerləşdirmişdir.
(42) Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Bizim onlar üçün Nuhun gəmisinə bənzər daha neçə-neçə minik vasitələri yaratmağımızdır.
(43) Əgər Biz onları suya qərq etmək istəsəydik, edərdik. Biz onları suya qərq etmək istəsəydik, onların imdadına çatan köməkçi tapılmaz, habelə, onlar bizim əmrimiz və hökmümüzlə suya qərq edilsəydilər, onları xilas edən olmazdı.
(44) Yalnız Bizim onları suya qərq olunmaqdan xilas etməklə onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək gün-güzəran nəsib etməyimiz istisnadır ki, bəlkə ibrət alıb iman gətirsinlər.
(45) İmandan üz döndərən o müşriklərə: “Axirətdə düçar olacağınız əzabdan və onun şiddətindən, habelə, arxada buraxdığınız dünyadan qorxun ki, bəlkə Allah sizə Öz mərhəhəmtindən bəxş etsin!”– deyildikdə, buna əməl etmir və ona əhəmiyyət vermədən üz çevirirlər.
(46) Hər dəfə o inadkar müşriklərə Allahın vəhdaniyyətini və Onun ibadətə layiq olan tək ilah olduğunu sübut edən ayələri gəldikdə, bu ayələrdən ibrət almadan onlardan üz çevirərdilər.
(47) O inadkarlara: “Allahın sizə bəxş etdiyi mal-dövlətdən fəqirlərə və miskinlərə verməklə onlara kömək edin!”– deyildikdə, inkar edib iman gətirənlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik?! Biz Onun istəyinə qarşı çıxa bilmərik. Siz, ey möminlər, ancaq açıq-aydın azğınlıq içindəsiniz və haqdan uzaqsınız.”
(48) Dirilməni inkar edən, onu yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən kafirlər deyirlər: "Ey möminlər, əgər bu dirilmənin olacağı barədə iddianız doğrudursa, onda (bir deyin görək,) bu dirilmə nə zaman olacaq?!"
(49) Dirilməni yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən o kafirlər, sadəcə olaraq alış-veriş, suvarma, otarma və s. bu kimi dünya işləri ilə məşğul olduqları halda, özlərini haqlayacaq bir tükürpədici səsi - sura üfürüləcək ilk səsi gözləyirlər.
(50) Bu səs onları qəfil yaxaladıqda, onlar nə bir-birilərinə vəsiyyət etməyə qadir olacaq, nə də öz mənzillərinə və ailələrinin yanına qayıda biləcəklər, əksinə, məşğul olduqları işin içində ikən öləcəklər.
(51) Dirilmə üçün sur ikinci dəfə üfürülən kimi onların hamısı dərhal qəbirlərindən çıxıb, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün tələsik Rəbinə tərəf gedəcəklər.
(52) Dirilməni yalan sayan o kafirlər peşman olub deyəcəklər: “Vay halımıza! Bizi kim dirildib qəbrimizdən çıxartdı?!" Sonra da öz suallarına belə cavab veriləcək: "Bu, Mərhəmətli Allahın vəd etdiyi gündür, bu mütləq baş verəcəkdi, elçilərin öz Rəbbindən təbliğ etdiyi xəbər doğru imiş.”
(53) Dirilib qəbirlərdən çıxmaq yalnız ikinci kərə sur üfürüləndə baş verəcək. Həmin vaxt - qiyamət günü məxluqatın hamısı haqq-hesaba çəkilmək üçün hüzurumuza gətiriləcəklər.
(54) O gün ədalətlə hökm veriləcək və ey Allahın qulları, günahlarınız üzərinə günah artırmaqla, yaxud, savabınızdan bir şey əksiltməklə sizə zülm edilməyəcək. Sizə ancaq dünya həyatınızda etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
(55) Həqiqətən, qiyamət gün Cənnət əhli tükənməz nemətlər və böyük uğur əldə etdiklərini gördükdə, başqaları haqda düşünməyəcək, sevinərək ancaq bu nemətlər haqqında düşünəcəklər.
(56) Onlar zövcələri ilə birlikdə yaşıllaşan cənnət kölgəlikləri altında taxtlara söykənib kef çəkəcəklər.
(57) O Cənnətdə onlar üçün üzüm, əncir, nar və başqa bu kimi növbənöv gözəl meyvələr, habelə, istədikləri zövqverən şeylər və cürbəcür nemətlər vardır.
(58) Bu nemətdən əlavə onlara rəhm edən Rəbbi tərəfindən: “Salam” veriləcək. Rəbbi onlara salam verəcəyi zaman onları hər tərəfdən salamatlıq bürüyəcək və onlar heç bir bənzəri olmayan salamla qarşılaşacaqlar.
(59) Qiyamət günü müşriklərə deyiləcək: “Bu gün möminlərdən ayrılın, siz onlarla bir yerdə olmağa layiq deyilsiniz. (Onlardan ayrı durmalısınız ki,) sizin cəzanızla onların mükafatı, habelə, sizin sifətinizlə onların sifəti arasındakı fərq bilinsin.
(60) Ey Adəm övladları, məgər Mən sizə Öz peyğəmbərlərimin vasitəsi sizə tövsiyə edib buyurmadım ki, hər cür küfr və asilik etməklə şeytana ibadət etməyin, həqiqətən də, şeytan sizin açıq-aydın düşməninizdir?! Ağıllı adam özünə açıq-aydın düşmən olan şeytana necə itaət edə bilər?!
(61) Ey Adəm övladları, Mən sizə yalnız Mənə ibadət etməyi və heç nəyi Mənə şərik qoşmamağı əmr etmişdim. Yalnız Mənə ibadət və itaət etmək, həm Mənim rizamı qazanmağa, həm də Cənnətə tərəf aparan doğru yoldur. Lakin siz Mənim tövsiyəmə və sizə buyurulanlara məhəl qoymadınız.
(62) Artıq şeytan içərinizdən çoxlarını yoldan çıxartmışdır. Məgər sizi Rəbbinizə itaət etməyə və yalnız Ona ibadət etməyə təhrik edən, habelə, açıq-aydın düşməniniz olan şeytana itaət etməkdən çəkindirən ağlınız yoxdurmu?!
(63) Bu, dünyada etdiyiniz küfrə görə, sizə vəd edilmiş Cəhənnəmdir. O vaxt siz onu görmürdünüz, bu gün isə artıq siz onu öz gözlərinizlə görürsünüz.
(64) Dünya həyatınızda Allaha küfr etdiyinizə görə, bu gün ora girin və onun atəşində yanın!”
(65) Bu gün Biz onların ağızlarına möhür vuracaq və onlar lal olub etdikləri küfr və asilikləri inkar edə bilməyəcəklər. Dünyada etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışacaq, ayaqları da, onların asilik etdiyinə və bu asiliyin dalınca getdiyinə şəhadət verəcək.
(66) Əgər Biz onların gözlərini kor etmək istəsəydik, kor edərdik və onlar heç nə görməzdilər. Onda onlar doğru yolu tapıb Cənnətə girmə üçün bir-biri ilə ötüşərdilər. Lakin onların kor olduqları halda doğru yolu tapması mümkün deyil.
(67) Əgər Biz onların xilqətini dəyişdirmək və onları topal etmək istəsəydik, edərdik və bundan sonra onlar yerlərindəcə donub qalar, nə irəli, nə də geri gedə bilərdilər.
(68) Biz insanlardan kimə uzun ömür veririksə, onu xilqətcə zəiflədirik, (qüvvəsini alır, hafizəsini zəiflədir və s.). Məgər onlar ağıllarını işlədib, bu həyatın qərar tutulacaq bir yer və əbədi yurd olmadığını, məhz axirət yurdunun əbədi yurd olduğunu dərk etmirlərmi?!
(69) Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) şeir öyrətmədik, bu ona heç yaraşmaz da. Belə etmək onun xilqətinə və təbiətinə aid deyil ki, bu sizə, onun şair olduğunu iddia etmənizə rəvac versin. Bizim ona öyüd-nəsihətdən və araşdıranlara aydın olan Qurandan başqa bir şey öyrətmirik.
(70) Belə edirik ki, qəlbi salamat və bəsirət gözü açıq olan kimsələri qorxutsun. Məhz beləsi Qurandan faydalana bilər. Həmçinin, kafirlər də, Quranın nazil olması və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dəvətinin onlara çatması ilə, özlərinin əleyhinə dəlil-sübut göstərildikdən sonra əzab çəkməyə layiq olsunlar və üzrxahlıq etmələri üçün bir bəhanələri qalmasın.
(71) Məgər onlar görmürlər ki, Biz onlar üçün mal-qara yaratmışıq, onlar da, o mal-qaraya sahib olmuş və onlardan öz xeyirlərinə istifadə edirlər?!
(72) Biz bu heyvanları onlar üçün yaratdıq və onların ixtiyarına verdik. Onların bəzisini minir və bellərində əşyalarını daşıyır, bəzisinin də ətindən yeyirlər.
(73) Onlar üçün bu heyvanları minmək və ətindən yemək kimi mənfəətlərdən başqa, yunundan, qılından, tükündən və müqabilində əldə edilmiş puldan istifadə etmək, bu heyvanların tükündən özünüzə isti paltarlar və yumuşaq döşəklər düzəltmək, habelə, südündən içmək kimi başqa mənfəətlər də vardır. Bu və digər nemətləri onlara bəxş edən Allaha şükür etməyəcəklərmi?!
(74) Müşriklər Allahdan başqa tanrılar qəbul edib onlara tapındılar ki, bəlkə bu tanrılar özlərinə yardım etsin və onları Allahın əzabından qurtarsın.
(75) Onların tapındıqları tanrılar nə özlərinə kömək edə bilər, nə də Allahı qoyub onlara ibadət edən kimsələrə kömək edə bilərlər. Onların həm özləri, həm də bütləri əzaba düçar olacaq və onlardan hər biri digərindən uzaq olduğunu bildirəcək.
(76) Ey Peyğəmbər, onların: "Sən rəsul deyilsən", yaxud "sən şairsən" sözü və başqa bu kimi böhtanları səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkara çıxardıqlarını bilirik. Bunlardan heç bir şey Bizdən gizli qalmaz və Biz onlara dediklərinin cəzasını verərik.
(77) Ölümdən sonra dirilməni inkar edən insan, Bizim onu nütfədən yaratdığımızı, sonra, yaradılış mərhələlərindən keçib dünyaya gəldiyini və böyüyüb boya-başa çatdığını, sonra da, çox mübahisə və münaqişə edən birisinə çevrildiyini düşünmürmü?! Məgər bütün bunları görümür ki, ölümdən sonra dirilməni özü üçün isbat edə bilsin?!
(78) O kafir, dirilmənin qeyri-mümkün olduğunu isbat etmək üçün çürümüş sümükləri misal çəkib: "Onları kim yenidən yarada bilər?" deyərkən, özünün heç nədən yaradıldığını unutmuşdur.
(79) Ey Muhəmməd, ona cavaba olaraq de: “Bu çürümüş sümükləri onları ilk dəfə yaradan dirildəcək. Onları ilk dəfə yaradan, yenidən onlara həyat verməkdən aciz qalmaz. Pak və müqəddəs Allah hər bir məxluqu yaxşı tanıyır. Onlardan heç bir şey Allaha gizli qalmaz.
(80) Ey insanlar, Allah sizin üçün yaşıl və yaş ağacdan istifadə etdiyiniz odu əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız. Bir-birinə zidd olan iki şeyi - yaşıl ağacda olan su ilə onun içində yanan odu bir araya gətirən Allah, ölüləri diriltməyə də qadirdir.
(81) Məgər əzmətli göyləri və yeri yaradan Allah, bəşəriyyəti öldürdükdən sonra onları diriltməyə qadir deyilmi?! Əlbəttə, qadirdir. O, məxluqatın hamısını yaradan Xaliq və onlar haqqında hər şeyi biləndir. Yaradılanlar barədə heç bir şey Allaha gizli qalmaz.
(82) Pak və müqəddəs olan Allahın buyuruğu və istəyi belədir ki, O, bir şeyi yaratmaq istədikdə, ona sadəcə: “Ol!” deyər və dərhal Onun istədiyi olar. Yaratmaq, öldürmək, yenidən diriltmək və başqa bu kimi işlər də, Onun istəyinə bağlıdır.
(83) Allah, müşriklərin Ona isnad etdiyi acizlikdən uzaqdır, pak və müqəddəsdir. Hər şeyin mülkü Onun ixtiyarındadır və Allah, onları istədiyi kimi idarə edir. Hər şeyin açarları Onun əlindədir. Siz axirətdə təkcə Onun hüzuruna qaytarılacaqsınız və O sizə əməllərinizin əvəzini verəcəkdir.