(1) (Əlif. Ləm. Mim.) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Şəkk yoxdur ki, Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Quran, ona aləmlərin Rəbbindən nazil edilmişdir.
(3) Yoxsa bu kafirlər: “Muhəmməd bunu Rəbbinə qarşı özündən uydurmuşdur!”– deyirlər. Bu, heç də onların dediyi kimi deyil. Əksinə, ey Peyğəmbər, o, sənin Rəbbindən nazil olan bir haqdır ki, səndən əvvəl Allahın əzabı ilə qorxudan peyğəmbər gəlməmiş bir qövmü xəbərdar edəsən. Bəlkə, onlar haqq yola hidayət olunalar, ona boyun əyələr və ona əməl edələr.
(4) Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, bunları bir göz qırpımından da tez yaratmağa qadir olan, sonra da Özünə layiq olan tərzdə Ərşə ucalan Allahdır. Ey insanlar! Sizin Ondan başqa nə işlərinizi yoluna qoyacaq bir haminiz, nə də Rəbbiniz yanında sizə havadarlıq edəcək bir şəfaətçiniz var. Niyə siz düşünüb, sizi yaradan Allaha ibadət etmir və Allahdan qeyrisinə ibadət etməyi tərk etmirsiniz?!
(5) Pak, müqəddəs və uca Allah göylərdə və yerdə olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin, ey insanlar, dünyada saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.
(6) O işlərin hamısını idarə edən Allah qeybi və aşkarı bilir, heç bir şey ondan gizli qalmır. O, qüdrətlidir. Düşmənlərindən intiqam almaq istəyən heç bir kimsə Ona qalib gələ bilməz. Mömin qullarına qarşı rəhmlidir.
(7) O Allah ki, yaratdığı hər şeyi kamil biçimdə yaratmış, Adəmi yeni bir biçimdə palçıqdan xəlq etmişdir.
(8) sonra onun nəslini ondan çıxan bir damla sudan (mənidən) əmələ gətirmişdir.
(9) sonra onu düzəldib tam şəklə salmış və ona Öz ruhundan, ruh üfürmək üçün müvəkkəl edilmiş mələyə əmr etmiş, üstəlik, sizə, ey insanlar, eşitmək üçün qulaqlar, görmək üçün gözlər və dərk etmək üçün qəlblər vermişdir. Siz Allahın sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!
(10) Öldükdən sonra yenidən dirilməyi yalan sayan müşriklər deyirlər: “Biz ölüb torpağın içində yox olduqdan və cəsədimiz torpağa çevrildikdən sonra, yenidən dirildiləcəyik?!” Bu, ağılasığmaz iddiadır. Əslində, onlar yenidən diriləcəklərini inkar edir və buna iman gətirmirlər.
(11) Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan sayan o müşriklərə de: “Allahın canınızı almaq üçün müvəkkil etdiyi ölüm mələyi canınızı alacaq, sonra da qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarılacaqsınız!”
(12) Günahkarlar dirilmə gününü inkar etdiklərinə görə, Qiyamət günü zəlil halda başlarını aşağı dikərək, özlərinin rəzil olduğunu hiss edərək deyəcəklər: “Ey Rəbbimiz! Biz yalan saydığımız dirilməni gördük və Sənin göndərdiyini elçilərin dediklərinin haqq olduğunu eşitdik. Bizi dünya həyatına qaytar ki, Səni razı salacaq yaxşı işlər görək. Biz indi, dirilməyə və elçilərin dediklərinin doğru olduğuna yəqinliklə inanırıq. Əgər sən günahkarların o halını görsəydin, dəhşətli bir mənzərə görmüş olardın.
(13) Əgər Biz hər kəsi doğru yola yönəltmək və müvəffəq etmək istəsəydik, onları o yola yönəldərdik. Lakin Mənim: “Qiyamət günü Cəhənnəmi iki sinif kafirlərlə - imanı və doğru yolu, küfrə və zəlalətə dəyişən cinlər və insanlarla mütləq dolduracağam!” sözüm hikmət və ədalətlə yerinə yetəcək.
(14) Qiyamət günü onlara qınanılaraq və alçaldılaraq deyiləcək: "Qiyamət günü haqq-hesaba çəkilmək üçün Allahın hüzuruna çıxacağınızı, dünya həyatında unutduğunuza görə dadın əzabı! Doğrusu, siz haqq-hesaba çəkiləcəyiniz unutduğunuz kimi, Biz də sizi unutduq. Dünyada ikən etdiyiniz asiliklərə görə, dadın əbədi Cəhənnəm atəşinin əzabını!
(15) Elçimizə nazil etdiyimiz ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara oxunarkən özlərinin Rəbbinə səcdə edib həmd-səna edərək təriflər deyirlər. Onlar heç bir halda Allaha ibadət etməyə və Ona səcdə etməyə təkəbbür göstərmirlər.
(16) Onlar gecə namazını qılmaq üçün böyürlərini uzanıb yatdıqları yataqdan qaldırır, Allaha üz tutur, Onun əzabından qorxaraq və rəhmətinə ümid edərək Ona yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.
(17) Dünyada ikən etdikləri saleh əməllərin mükafatı olaraq Allahın onlar üçün gözlərinə sevinc gətirəcək nələr hazırladığını heç kəs bilmir. Bu mükafat əzəmətli olduğuna görə onun nə olduğunu ancaq Allah bilir.
(18) Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinərək Ona iman gətirən kimsə ilə Onun itaətindən çıxan kimsə eyni ola bilməz. Bu iki sinif insan Allah yanında mükafat və ya cəza almaq xüsusunda eyni ola bilməzlər!
(19) Allaha iman gətirib saleh əməllər edənlərə gəlincə, onları dünyada etdikləri saleh əməllərə görə, mükafat olaraq hazırlanmış, Allahdan kəramət olaraq onlara bəxş edilmiş, içində əbəbdi qalacaqları cənnətlər gözləyir.
(20) Küfr və asiliklər edərək Allahın itaətindən çıxmış kimsələrə gəldikdə isə, qiyamət günü onların qərar tutacaqları, onlar üçün hazırlanmış yer Oddur. Onlar orada əbədi qalacaqlar. Hər dəfə onlar oradan çıxmaq istədikdə, yenidən ora qaytarılacaq və onlara qınanılaraq deyiləcəkdir.: “Dünyada ikən peyğəmbərlərinizin sizi qorxutduğu, yalan saydığınız odun əzabını dadın!”
(21) Rəbbinin itaətindən çıxan və haqqı yalan sayan kimsələr tövbə etməsələr, Axirətdə onlar üçün hazırlanmış ən böyük əzabdan əvvəl Biz onlara bu dünyada müsibətlər və bəlalar daddıracağıq ki, bəlkə onlar Rəbbinə itaət etməyə qayıtsınlar.
(22) Allahın ayələri yadına salındıqda onlardan öyüd-nəsihət almayan və onlara məhəl qoymadan onlardan üz döndərən kimsədən daha zalım kim ola bilər?! Şübhəsiz ki, Biz günahkarlardan - küfr və asilik edərək Allahın ayələrindən üz döndərən kimsələrdən intiqam alacağıq. Bunda heç bir şəkk-şübhə yoxdur.
(23) Biz Musaya Tövrat vermişdik. Ey Peyğəmbər! Sən Musa ilə İsra və Merac gecəsində görüşəcəyinə şübhə etmə. Biz Musaya nazil etdiyimiz Kitabı İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.
(24) İsrail oğulları Allahın əmrlərinə yerinə yetirməyə, qadağan etdiklərindən çəkinməyə və dəvət yolunda özlərinə verilən əziyyətlərə səbir etdiklərinə, habelə, peyğəmbərlərinə nazil edilmiş Allahın ayələrinə yəqinliklə iman gətirdiklərinə görə, Biz onlardan insanları haqqa yönəldən, onlara doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
(25) Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin onların dünyda ikən ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək, beləliklə də,kimin haqq, kimin də batil yolda olduğunu üzə çıxaracaq və hər kəsə layiq olduğunu (mükafat və ya cəza) verəcək.
(26) Məgər onlar kordular, görmürlər ki, keçmiş ümmətlərdən neçə-neçə insanları məhv etmişik?! Onlar həlak olmamışdan əvvəl öz yurdlarında gəzib-dolaşır və öz hallarından ibrət almırdılar. Həqiqətən, o ümmətlərin küfr və asiliklər etdiklərinə görə başlarına gəlmiş müsibətlərdə, Allah tərəfindən onlara göndərilmiş peyğəmbərlərin dediklərinin doğru olduğuna dair dəlillər vardır. Məgər Allahın ayələrini yalan sayan o günahkarlar deyilənləri eşidib ibrət almırlar?!
(27) Məgər yenidən dirilməni yalan sayan o günahkarlar, bitki bitməyən qurumuş torpağa yağış nazil edib, o su vasitəsilə həm onların dəvələrinin, inəklərinin və qoyunlarının, həm də onların özlərinin yedikləri nemətləri yetişdirdiyimizi görmürlər?! Hələ də bunu görmürlər və dərk etmirlər ki, qurumuş torpağı canlandıran Allah, ölüləri də diriltməyə qadirdir?!
(28) Dirilməni yalan sayıb əzabın tez gəlməsini tələb edənlər deyirlər: “Sizin iddia etdiyiniz kimi, qiyamət günü bizimlə sizin aranızda veriləcək hökm, bizim Cəhənnəmə, sizin isə Cənnətə gedəcəyiniz nə vaxt baş verəcək?!”
(29) Ey Peyğəmbər! Onlara de ki: “Bu vəd qiyamət günü baş verəcək. Bu, qullar arasında ayırd etmə günüdür. Belə ki, dünyada ikən Allaha qarşı küfr etmiş kimsələrin qiyamət gününü gördükdən sonra Allahın nazil etdiklərini təsdiqləməsi onlara heç bir fayda verməyəcək, habelə, onlara Rəbbinə tövbə edib Ona üz tutmaq üçün möhlət verilməyəcək.”
(30) Ey Peyğəmbər! Onlar öz zəlalətlərinə daldıqdan sonra sən onlardan üz çevir və onların başına nə gələcəyini gözlə. Doğrusu, onlar da, sənin onlara vəd etdiyin əzabı gözləyirlər.