(1) ﴾Sad.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Allah, insanlara həm bu dünyada, həm də axirətdə fayda verəcək əməlləri onlara xatırladan Qurana and içir. Bu, heç də müşriklərin zənn etdiyi kimi - Allahın şəriklərinin olması demək deyildir.
(2) Lakin kafirlər Allahın təkliyini qəbul etməyi özlərinə sığışdırmır və təkəbbürlük göstərir, üstəlik, Muhəmmədə (səllallahu aleyhi və səlləm) müxalif olub onunla ədavət aparırlar.
(3) Biz onlardan əvvəl öz peyğəmbərlərini yalançı saymış neçə-neçə nəsilləri məhv etdik. Onlara əzab gəldiyi zaman yalvarıb imdad diləyirdilər, lakin artıq əzabdan qurtulma vaxtı bitmişdi, onların əzabdan xilas olmaq üçün yalvarmasının onlara heç bir faydası yox idi.
(4) Onlar öz içərilərindən onları, küfrdən əl çəkməyəcəkləri təqdirdə Allahın əzabına düçar olacaqları barədə xəbərdar edən bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər Muhəmmədin (səllallahu aleyhi və səlləm) doğru danışdığını təsdiqləyən dəlilləri gördükləri zaman dedilər: “Bu adam, insanları sehrləyən bir sehrbazdır, onun Allahın rəsulu olması və ona vəhy nazil olması iddiası da, yalandır.
(5) Bu adam bir neçə məbudu, heç bir şəriki olmayan bir məbudmu etdi?! Həqiqətən, onun gördüyü bu iş, olduqca əcaib bir işdir.”
(6) Onların əşrəfləri və böyükləri çıxıb gedərək öz tabeçiliklərində olan kimsələrə dedilər: “Əvvəlki yolunuza davam edin, Muhəmmədin dinini qəbul etməyin və öz tanrılarınıza ibadətdə səbirli olun. Doğrusu, Muhəmmədin sizi tək ilaha ibadət etməyə dəvət etməsi qurma bir işdir. O, bunun sayəsində bizə üstün gəlmək və bizi özünə tabe etdirmək istəyir.
(7) Muhəmmədin bizi dəvət etdiyini - Allahın tək ilah olduğunu, biz nə atalarımızdan, nə də İsanın (aleyhissəlam) davamçılarından eşitmişik. Ondan eşitdiklərimiz yalan və uydurmadan başqa bir şey deyildir.
(8) Biz qəbilələrin ağaları və böyükləri olduğumuz halda, aramızdan, Quranın yalnız ona nazil olması və yalnız ona məxsus edilməsi doğrudurmu?!” Xeyr, o müşriklər sənə nazil olan vəhyə şəkk edirlər. Onlar Allahın əzabını hələ dadmayıblar. Onlar Allahın onlara verdiyi möhlətə aldanıblar. Əgər Allahın əzabını dadsaydılar, küfr etməyə, Allaha şərik qoşmağa və sənə nazil olan vəhyə şəkk etməyə əsla cəsarət etməzdilər.
(9) Yoxsa sənin hər kəsə qalib gələ biləcək Qüdrətli və istədiyi kimsəyə istədiyini Bəxşedən Rəbbinin lütf xəzinələri haqqı yalan sayan o müşriklərin əlindədir?! Onun lütf xəzinələrindən biri də peyğəmbərlikdir və O, bunu istədiyinə verir. Bu nemət onlara məxsus deyil ki, onu istədiklərini verə bilsinlər, istədiklərini də ondan məhrum etsinlər.
(10) Yaxud göylərin, yerin və onların arasında olanların ixtiyarı onların əlindədir və onlar dilədiyinə ondan verir, dilədiyini də ondan məhrum edirlər?! Əgər onların iddia etdiyi kimidirsə, qoy onda göyə qalxmaq üçün yollar axtarsınlar ki, istədikləri hökmü - vermək və ya məhrum etmək ixtiyarına yiyələnsinlər. Onlar heç vaxt buna nail ola bilməzlər.
(11) Muhəmməd( səllallahu aleyhi və səlləm) yalançı sayan bu ordu, ondan əvvəl öz peyğəmbərlərini yalançı saymış ordular tək darmadağın ediləcəklər.
(12) Haqqı yalan sayan bu kimsələr ilk yalan sayanlar deyil. Onlardan əvvəl Nuh qövmü, Ad tayfası və dirəklər üstündə insanlara əzab verən Firon da elçiləri yalançı saymışdı.
(13) Həmçinin, Səmud tayfası, Lut qövmü və Şueybin xalqı da elçiləri yalançı saymışdılar. Bunlar hamısı özlərinə göndərilmiş elçiləri yalançı saymaq və onların gətirdiklərini inkar etmək üçün bir-biriləri ilə əlbir olan dəstələr idi.
(14) Bu dəstələrdən hər biri elçiləri yalançı saymış, bu səbəbdən də, Allahın əzabı onları yaxalamış və Onun verdiyi cəza, bir müddət sonra olsa belə, gerçəkləşmişdir.
(15) Muhəmmədi (səllallahu aleyhi və səlləm) yalançı sayan bu kafirlər surun ikinci kərə üfürülməsini gözləyirlər. O səs, qarşısıalınmaz bir səs olacaq. Əgər onlar Peyğəmbəri (səllallahu aleyhi və səlləm) yalançı saydıqları halda ölsələr, mütləq əzaba düçar olacaqlar.
(16) Onlar istehza edərək dedilər: “Ey Rəbbimiz! Qiyamət günü gəlməzdən əvvəl bu dünya həyatında bizə payımıza düşən əzabı tezliklə ver!”
(17) Ey Peyğəmbər, bu yalan sayan kimsələrin sənə xoş gəlməyən sözlər söyləmələrinə səbir et. Düşmənləri ilə mübarizə aparan və Allaha itaət etməkdə səbirli olan qüvvətli qulumuz Davudu yadına sal! Həqiqətən, o, daim Allaha üz tutub tövbə edər və Onun razı qalacağı işləri görərdi.
(18) Biz dağları ona ram etmişdik ki, gündüzün axırında və bir də əvvəlində - işraq vaxtı onunla birlikdə Allahın şəninə təriflər desinlər.
(19) Biz göydə uçan quşları da ona ram etmişdik. Onların hamısı onunla birlikdə Allaha itaət edib təriflər deyərdi.
(20) Biz ona heybət, qüvvət və düşmənləri üzərində qələbə bəxş etməklə onun səltənətini möhkəmləndirdik, özünə də, peyğəmbərlik və doğru işlər görməyi, habelə, düzgün qərar çıxartmaq və ədalətli hökm vermək qabiliyyəti bəxş etdik.
(21) Ey Peyğəmbər, Davud (aleyhissəlam) ibadət etdiyi yerdə ikən, divarı aşıb onun yanına gəlib orada bir-birilə höcətləşənlərin xəbəri sənə gəlib çatdımı?
(22) Onlar Davudun yanına qəfil daxil olduqda, Davud onların belə qeyri-adi yolla içəri daxil olmasından əndişəyə düşdü. Onlar onun əndişəyə düşdüyünü gördükdə dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinə zülm etmişdir. Bizim aramızda ədalətlə hökm ver, aramızda hökm verdikdə haqqımızı tapdalama və bizə düz yolu - haqq yolu göstər!
(23) Höcətləşən o iki nəfərdən biri Davuda (aleyhissəlam) dedi: "Bu kişi mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. Məndən o qoyunu ona verməyi tələb etdi və mübahisədə mənə qalib gəldi.”
(24) Davud onların arasında hökm verib şikayət edən kimsəyə dedi: “Qardaşın sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə zülm etmişdir. Həqiqətən, şəriklərin bir qismi digərlərin haqqını yeyib insafsızlıq etməklə bir-birinin haqqını tapdalayır. Yalnız yaxşı işlər görən möminlərdən başqa. Onlar öz şəriklərinin haqqını layiqincə ödəyir və onlara zülm etmirlər. Belələri isə çox azdır.” Bunları dedikdən sonra Davud (aleyhissəlam) yəqin etdi ki, Biz bu mübahisə sayəsində onu sınağa çəkirik. Odur ki, dərhal Rəbbindən bağışlanma dilədi və səcdəyə qapanıb Ona tövbə etdi.
(25) Biz onun tövbəsini qəbul edib bu səhvi ona bağışladıq. Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün Axirətdə gözəl qayıdış yeri hazırlanmışdır.
(26) Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik ki, dini və dünyəvi hökmləri və qərarları həyata keçirəsən. Odur ki, insanlar arasında ədalətlə hökm ver, hökm verdikdə nəfsin istəyinə uyma - iddiaçılardan biri sənin qoyumun, yaxud dostun, yaxud da düşmənin olduğuna görə yanlış qərar verməyə cəhd etmə, yoxsa nəfsin səni Allahın haqq yolundan azdırar. Həqiqətən, Allahın haqq yolundan azanlar haqq-hesab gününü unutduqları üçün onları şiddətli bir əzab gözləyir. Əgər onlar Allahın əzabını xatırlayıb ondan qorxsaydılar, nəfslərinin istəklərinə uymazdılar.
(27) Biz göyü və yeri əbəs yerə yaratmamışıq. Bu, kafirlərin zənnidir. Əgər o kafirlər küfr etdikləri və Allah barədə pis zənnə qapıldıqları halda ölsələr, vay bu cür zənn edən o kafirlərin qiyamət günü Odda əzab çəkəcəkləri halına!
(28) Biz Allaha iman gətirən və Onun rəsuluna tabe olan, üstəlik, yaxşı işlər görən kimsələri, küfr və asiliklər etməklə yer üzündə fitnə-fəsad törədən kimsələrə tay tumarıq. Eləcə də, Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinərək Ondan qorxan kimsələri, günaha batmış kafirlərə və münafiqlərə tay tutmarıq. Onları bir-birinə tay tutmaq haqsızlıqdır və belə etmək uca Allaha yaraşmaz. Əksinə, Allah təqvalı möminləri Cənnətə daxil etməklə mükafatlandırar, bədbəxt kafirləri isə Cəhənnəmə daxil etməklə cəzalandırar. Onlar Allah yanında eyni deyillər deyə, əməllərinin əvəzi də Onun yanında eyni ola bilməz.
(29) Həqiqətən, bu Quran sənə nazil etdiyimiz xeyir və fayda ilə dolu bir Kitabdır ki, insanlar onun ayələrini araşdırıb mənaları barədə düşünsünlər və sağlam ağıl sahibləri də ondan ibrət götürsünlər.
(30) Biz Öz tərəfimizdən Davuda bir nemət olaraq və gözü aydın olsun deyə, oğlu Süleymanı bəxş etdik. Süleynman nə gözəl qul idi! O, Allaha tez-tez tövbə edər, Ona yalvarar və Ona üz tutardı.
(31) Xatırla ki, bir dəfə əsr vaxtı ona üç ayağı üstündə durub dördüncü ayağını qaldıran qaçağan cins atlar göstərildi. Beləliklə də, o cins atların ona göstərilməsi ta günəş batanadək davam et.
(32) Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək mal-dövlətə - bu atlara olan sevgini Rəbbimi zikr etməkdən üstün tutdum və əsr namazını gecikdirdim.”
(33) Süleyman: “O atları yanıma qaytarın!”– dedi və atları onun yanın gətirdilər. Süleyman qılıncla onların qıçlarını və boyunlarını vurmağa başladı.
(34) Biz Süleymanı sınağa çəkib onun səltənət taxtının üstünə insan qiyafəsində olan bir şeytan qoyduq. Bu şeytan az bir müddət onun səltənətini idarə etdi. Sonra Allah, Süleymanın səltənəti özünə qayıtdı və şeytanları onun ixtiyarına verdi.
(35) Süleyman dedi: “Ey Rəbbim! Mənim günahlarımı bağışla və mənə məxsusi olaraq elə bir səltənət ver ki, o, məndən sonra insanlardan heç kəsə nəsib olmasın. Ey Rəbbim, həqiqətən, Sən çox bəxşedənsən və olduqca səxavətlisən.
(36) Biz onun duasını qəbul etdik və küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Küləyin güclü olmasına və sürətlə hərəkət etməsinə rəğmən o, çox dağıdıcı olmurdu və Süleyman onu istədiyi tərəfə yönəldirdi.
(37) Həmçinin, şeytanları da ona ram etdik. Onlar onun əmrlərini yerinə yetirirdilər. Onlardan bəzisi bənna, bəzisi də dənizlərdən onun üçün mirvari çıxardan dalğıclar idi.
(38) Bir çox azğın şeytanlar da ona ram edilmişdi. Onların əl-ayağına zəncirlər vurulduğuna görə hərəkət edə bilmirdilər.
(39) Ey Süleyman, bu, sənin Bizdən istədiyinə cavab olaraq, Bizim sənə verdiyimiz hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də, səndən (bu nemətlərdən istədiyinə) verib və ya vermədiyin barədə haqq-hesab tələb olunmayacaqdır.”
(40) Həqiqətən, Süleyman Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri - Cənnət hazırlanmışdır.
(41) Ey Peyğəmbər, qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbi Allaha yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
(42) Biz ona dedik: “Ayağını yerə vur!" O, ayağını yerə vurduqda, oradan onun üçün su çıxdı ki, o bu sudan içsin və onunla yuyunsun, beləliklə də, ona zərər və əziyyət verən şeylər ondan uzaq olsun.
(43) Biz onun duasını qəbul etdik, onun başına gəlmiş müsibəti ondan uzaqlaşdırdıq və ona həm övladlarını qaytardıq, həm də onlar qədər oğullar və nəvələr bəxş etdik ki, bu, Bizim tərəfimizdən onun üçün bir mərhəmət və səbir etdiyinə görə bir mükafat olsun, üstəlik, sağlam ağıl sahibləri də düşünsünlər ki, səbrin axırı sevinc və mükafatdır.
(44) Əyyub zövcəsinə qəzəbləndikdə və ona yüz çubuq vuracağına and içdikdə, Biz ona dedik: “Ey Əyyub, andını yerini yetirmək üçün əlinə bir bağlama çubuq götür onu bir kərə vur və andını pozma.” Əyyub əlinə bir bağlama çubuq götürüb onu vurdu. Həqiqətən, Biz onun, Bizim ona göndərdiyimiz imtahana səbir etdiyini gördük. O, daim Allaha töbvə edər və Ona üz tutardı.
(45) Ey Peyğəmbr, seçib elçi göndərdiyimiz qullarımızı - İbrahimi, İshaqı və Yəqubu da yada sal! Onlar Allaha itaət etməyə və Onun rizasını qazanmağa qadir idilər, üstəlik, haqqı görən düzgün bəsirət sahibləri idilər.
(46) Biz onlara məxsusi olaraq bir xislət bəxş edik. Bu da, onların qəlbinin axirət yurdunu anması, o günə hazırlıq olaraq yaxşı işlər görmələri və insanları o günə hazırlıq görmək üçün yaxşı işlər görməyə dəvət etmələridir.
(47) Həqiqətən, onlar Bizim yanımızda, Bizə itaət və ibadət etmək, üstəlik, risalətimizi daşımaq və onu insanlara təbliğ etmək üçün seçdiyimiz ən yaxşı kimsələrdəndirlər.
(48) Ey Peyğəmbər, İbrahimin oğlu İsmaili, əl-Yəsəi və Zülkifli də yada sal və onları ən gözəl təriflə tərif et! Onlar tərif olunmağa layiqdirlər. Onların hamısı Allah yanında, seşilmiş kimsələrdəndir.
(49) Bu, onlar üçün Quranda xatırlanan gözəl tərifdir. Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxanları Axirət yurdunda gözəl qayıdış yeri gözləyir.
(50) Bu gözəl qayıdış yeri cənnətlərdir. O qərar tutulacaq yer ki, onlar ora qiyamət günü daxil olacaqlar və onun qapıları onlar üçün təntənə ilə açılacaq.
(51) Onlar orada özləri üçün bəzədilmiş taxtlara dirsəklənəcək və öz xidmətçilərindən tələb edəcəklər ki, onlar üçün istədikləri növbənöv çoxlu meyvələr, üstəlik, şərab və s. içkilər gətirsinlər.
(52) Onların yanında gözlərini ərindən çəkməyən, başqalarına meyl etməyən həmyaşıd qadınlar olacaq.
(53) Ey müttəqilər, bu, dünyada etdiyiniz saleh əməllərin əvəzi olaraq sizə qiyamət günü üçün vəd olunan gözəl mükafatdır.
(54) Zikr etdiyimiz bu mükafat, həqiqətən də, Bizim qiyamət günü müttəqilərə verdiyimiz ruzidir. O, davamlı ruzidir, nə tükənər, nə də bitər.
(55) Bu zikr etdiyimiz, müttəqilərin mükafatıdır. Küfr və asilik etməklə Allahın hüdudlarını aşan kimsələri isə müttəqilərin mükafatından fərli olan bir cəza gözləyir. Qiyamət günü onlar üçün pis qayıdış yeri vardır.
(56) Bu cəza, onları hər tərəfdən bürüyəcək, istisi və alovu onları yandırıb-yaxacaq Cəhənnəmdir. Onların yatağı Cəhənnəm odundan olacaqdır. Onların yatağı nə pis yataqdır!
(57) Bu əzab, olduqca qaynar su və Cəhənnəmdə əzab çəkən kimsələrin bədənindən axan irindir. Qoy onu içsinlər! Bu, onların susuzluğunu yatırmayan bir içkidir.
(58) Onlar üçün əzabın buna bənzər başqa növləri də vardır. Onlar üçün neçə-neçə başqa əzablar da var ki, onlar axirətdə ona düçar olacaqlar.
(59) Cəhənnəm əhli atəşə düçar olduqdan sonra onlar öz aralarında höcətləşib bir-birilərini söyəcək və bir-birilərindən uzaq olduqlarını deyəcəklər. Onlardan bəzisi deyəcək: “Bu, sizinlə birlikdə Cəhənnəmə girən dəstədir." O biriləri də onlara belə cavab verəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, biz odda əzab çəkdiyimiz kimi, onlar da odda əzab çəkəcəklər”.
(60) Tabe olanlar öz başçılarına deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın, ey başçılar! Bizim bu ağrılı-acılı əzaba düçar olmağımıza səbəbkar sizsiniz. Siz bizi azdırıb yoldan çıxardırdınız. Onların hamısının qərar tutacağı bu Cəhənnəm odu, necə də pis qərar tutulan yerdir!”
(61) Tabe olanlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə doğru yol göstəricisi gəldikdən sonra kim bizi azdırmışdırsa, onun Cəhənnəm atəşindəki əzabını ikiqat et!”
(62) Azğın təkəbbürlü kimsələr deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən bədbəxt insanlar saydığımız və Cəhənnəm əhlindən olacaqlarını güman etdiyimiz kəsləri yanımızda - bu atəşin içində görmürük?
(63) Bizim onları lağa qoymağımız və onlara istehza etməyimiz yanlış idimi ki, onlar əzaba düçar olmayıblar?! Yoxsa, bizim onlara istehza etməyimiz doğru idi və onlar da Cəhənnəmə düşüblər, lakin gözümüzə dəymirlər?!”
(64) Qiyamət günü kafirlərin öz aralarında höcətləşməsi barədə söylədiklərimiz, əlbəttə ki, içində heç bir şəkk-şübhə olmayan bir həqiqətdir.
(65) Ey Muhəmməd, qövmünün kafirlərinə de: “Mən sizi, Allaha küfr etdiyinizə və Onun peyğəmbərlərini yalançı saydığınıza görə, Allahın əzabına düçar olacağınız barədə xəbərdarlıq edənəm. Əzəməti, sifətləri və isimləri xüsusunda tək olan, hər şeyə üstün gələn və hər şeyi Özünə ram edən pak və müqəddəs Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”.
(66) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O Öz səltənətində yenilməz qüvvət sahibidir, üstəlik, tövbə edən qullarını bağışlayandır.
(67) Ey Peyğəmbər, haqqı yalan sayan o kəslərə de: “Bu Quran böyük bir xəbərdir.
(68) Siz isə bu böyük xəbərdən üz döndərirsiniz, ona tərəf heç üz tutmursunuz.
(69) Əgər Allah mənə vəhy nazil edib məni öyrətməsəydi, mələklərin Adəmin yaradılışı haqqında öz aralarında etdikləri söhbətdən mənim xəbərim olmazdı.
(70) Allah bu xəbərləri mənə, yalnız Onun əzabı ilə açıq-aydın qorxudan bir peyğəmbər olduğum üçün vəhy edir".
(71) Xatırla ki, bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam - yəni Adəmi (aleyhissəlam).
(72) Mən onun yaradılışını tamamlayıb insan şəklinə saldığım və ona Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”
(73) Mələklər Rəbbinin əmrini yerinə yetirib hamısı birlikdə Adəmə hörmət əlaməti olaraq səcdə etdi. Beləliklə də, aralarında Adəmə səcdə etməyən birisi qalmadı.
(74) Yalnız İblisdən başqa! O, səcdə etməyə təkəbbür göstərdi və Rəbbinin əmrinə boyun əyməyə tökəbbür göstərdiyinə görə kafirlərdən oldu.
(75) Allah buyurdu: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma Adəmə səcdə etməyə nə mane oldu? Səcdə etməyə sənə təkəbbür mane oldu, yoxsa sən elə bundan əvvəl də, Rəbbinə qarşı təkəbbür göstərən və özünü yüksək tutan birisi idin?”
(76) İblis dedi: “Mən Adəmdən daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”. Bu İblisin, odun palçıqdan daha üstün ünsür olduğunu iddia etməsinə görə idi.
(77) Allah İblisə belə buyurdu: “Cənnətdən çıx! Sən artıq rəhmətimdən qovulmuş və məzəmmət olunmuş birisən!
(78) Haqq-hesab gününədək - qiyamətə qədər Cənnətdən qovulmuş olacaqsan!”
(79) İblis dedi: “Ey Rəbbim! Qullarını dirildəcəyin günə qədər mənə möhlət ver, məni öldürmə.”
(80) Allah buyurdu: “Sən möhlət verilənlərdənsən.
(81) Həlak olacağına dair təyin edilmiş məlum olan günə qədər!”
(82) İblis dedi: “Sənin qüdrətinə və qüvvətinə and olsun ki, Adəm övladlarının hamısını yoldan çıxaracağam;
(83) Yalnız Sənin mənim hiyləmdən qoruduğun və təkcə Öz ibadətin üçün seçdiyin qullarından başqa!”
(84) Uca Allah buyurdu: “Mənim dediyim haqdır! Mən yalnız haqqı deyirəm. Mən haqdan başqa bir söz demirəm.
(85) Qiyamət günü Mən Cəhənnəmi səninlə və sənin küfründə sənə tabe olan Adəm övladlarının hamısı ilə dolduracağam!”
(86) Ey Peyğəmbər, o müşriklərə de: “Mən sizə təbliğ etdiyim nəsihətlərin əvəzinə sizdən heç bir mükafat istəmirəm və mənim, özümə əmr edilənlərdən artıq bir şey təbliğ etməyə ixtiyarım çatmır.
(87) Bu, Quran (ibadət etmək üçün) mükəlləf edilmiş insanlar və cinlər üçün ancaq bir xatırlatmadır.
(88) Siz bir müddətdən sonra - öləcəyiniz zaman, bu Quranın verdiyi xəbərin və bu xəbərin doğru olduğunu mütləq biləcəksiniz!”