(1) ﴾Ha. Mim﴿. Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Quranın heç kəsin qalib gələ bilmədiyi, Öz qullarına fayda verən işləri bilən qüdrətli Allah tərəfindən rəsulu Muhəmmədə -səllallahu aleyhi və səlləm- nazil olması.
(3) Günahkarların günahlarını bağışlayan, tövbə edən qullarının tövbəsini qəbul edən, günahlarına görə tövbə etməyən kimsələrə şiddətli cəza verən, həm də, kərəm və lütf sahibi olan Allahdan. Ondan başqa haqq məbud yoxdur. Qiyamət günü insanlar yalnız Onun hüzuruna qayıdacaq və Allah, onlara layiq olduqları (mükafat və ya cəzanı) verəcəkdir.
(4) Allahın vəhdaniyyətinə və Onun rəsulunun doğru danışdığına dəlalət edən ayələri barəsində yalnız Allaha küfr etmiş kimsələr, ağıllarının fəsad olmasından dolayı mübahisə edərlər. Onlara görə kədərlənmə. Onların bol ruzi və nemətlər içində yaşaması səni aldatmasın. Kafirlərə möhlət verililməsi, onları tədricən məhv etmək üçün onlara qurulmuş bir hiylədir.
(5) Bunlardan əvvəl Nuh qövmü, ondan sonra da başqa toplumlar - Ad, Səmud və Lut tayfaları, Mədyən əhli və Firon, elçiləri yalançı saymış, hər bir ümmət öz peyğəmbərlərini tutub öldürməyə cəhd göstərmiş və haqqı yox etmək üçün öz batil sözləri ilə mübahisə etmişdilər. Buna gör də, Mən o ümmətlərin hamısını yaxaladım. Bir düşün, Mənim onlara verdiyim cəzam necə oldu! Bu, şiddətli bir cəza idi.
(6) Ey Peyğəmbər, necə ki, Allah, haqqı yalan saymış o ümmətlərin həlak edilməsi barədə hökm vermişdi, eləcə də, küfr edənlərin Cəhənnəm sakinləri olacağı barədə Rəbbinin sözü gerçəkləşdi.
(7) Ey Peyğəmbər, sənin Rəbbinin ərşini daşıyan mələklər və onun ətrafındakılar öz Rəbbini bütün nöqsanlardan uzaq tutaraq tərif edir, Ona iman gətirir və Allaha iman gətirənlər üçün bağışlanma diləyib belə dua edirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Günahlarından tövbə edib Sənin dininə tabe olanları bağışla və onları Cəhənnəm odundan qoru!
(8) Mələklər deyirlər: "Ey Rəbbimiz! Möminləri də, onların atalarından, zövcələrindən və övladlarından olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin, içində əbədi qalacaqları Cənnətlərə daxil et. Həqiqətən, Sən Qüdrətlisən - heç kəsin Sənə gücü çatmaz, üstəlik, qədəri yazmaq və işləri idarə yoluna qoymaq xüsusunda Hikmət sahibisən.
(9) Onları pis əməllərinin cəzasından qoru və o əməllərə görə onlara əzab vermə. Qiyamət günü Sən kimi pis əməllərinin cəzasından qorusan, ona rəhm etmiş olarsan. Allahın Öz qulunu əzabdan qoruması və Cənnətə daxil etməklə ona rəhm etməsi, bənzəri olmayan böyük uğurdur”.
(10) Allaha və Onun peyğəmbərlərinə küfr edənlər qiyamət günü Cəhənnəmə daxil olduqda və özlərinə nifrət edib lənət oxuduqda, onlara belə xitab olunacaq: “Allahın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyükdür. Çünki siz dünyada ikən Allaha iman gətirməyə dəvət olunduqda, Ona küfr edir və Onunla yanaşı başqa tanrıları ilah qəbul edirdiniz.”
(11) Kafirlərin öz günahlarını etiraf etməsinin və tövbə etməsinin faydası olmadığı vaxt, onlar öz günahlarını etiraf edib deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün. Belə ki, biz yox ikən Sən bizi yaratdın və biz bir müddət yaşadıqdan sonra bizi öldürdün. Eləcə də, bizi iki dəfə diriltdin. Belə ki, əvvəlcə bizi yoxdan yaratdın və nəhayət, biz öldükdən sonra bizi yenidən diriltdin. Biz qazandığımız günahlarımızı etiraf etdik. İndi Cəhənnəm odundan çıxıb dünya həyatına qayıtmağa bir yol varmı, biz gedib əməllərimizi islah edək və Sənin razılığını qazanaq?!”
(12) (Onlara deyiləcək:) “Sizə verilən bu əzab ona görədir ki, tək olan Allah çağırıldığı və heç kəs Ona şərik qoşulmadığı zaman siz Ona küfr edir və Ona şəriklər qoşurdunuz. Allahla yanaşı başqa tanrılara ibadət edildikdə isə inanırdınız. İndi isə hökm Öz zatı, hörməti və qüdrəti ilə Uca və hər şeydən Böyük olan tək Allaha məxsusdur”.
(13) Öz qüdrətini və vəhdaniyyətini sizə bildirmək üçün kainatda və sizin özünüzdə sizə Öz dəlillərini göstərən, habelə, bitkilərdən, əkinlərdən və sairədən ruzi əldə etməyiniz üçün göydən sizə yağmur endirən məhz Allahdır. Allahın dəlillərindən yalnız ixlasla Allaha tövbə edərək Ona tərəf yönələn kimsələr ibrət alarlar!
(14) Ey möminlər, Allaha itaətdə və duada ixlaslı olduğunuz və Ona şərik qoşmadığınız halda Ona dua edin! Hətta bu əməliniz kafirlərin xoşuna gəlməsə və onları qəzəbə gətirsə belə.
(15) Yalnız Allah, ixlasla dua və ibadət olunmağa haqqı olandır. O, məxluqatın hamısından uca olan ən yüksək dərəcələr sahibi və əzəmətli Ərşin Rəbbidir. O, qullarından dilədiyi kimsələrə vəhy nazil edir ki, onlar onun sayəsində həm özləri yaşasınlar, həm də baqşalarını yaşatsınlar, üstəlik də, insanları, əvvəlkilərin və sonrakıların görüşəcəyi qiyamət günü ilə qorxutsunlar.
(16) O gün insanlar (qəbirlərindən) çıxıb bir yerə toplanacaq və barələrində heç bir şey - nə özləri, nə əməlləri, nə də ki əməllərinin əvəzi xüsusunda heç bir şey Allahdan gizli qalmayacaq. Sonra soruşulacaq: “Bu gün səltənət kimə məxsusdur?" Həmin vaxt yalnız bir cavab olacaq: "Səltənət Öz zatında, sifətlərində və işlərində vahid olan, hər şeyi Öz hökmünə tabe edən, hər kəsin boyun əydiyi Allaha məxsusdur!”
(17) Bu gün hər kəsə qazandığı əməlin əvəzi veriləcək, yaxşı əmələ yaxşı, pisə də pis əvəz veriləcək. Bu gün zülm olmayacaq. Çünki hökmü verən, ədalətli Allahdır. Allah qularının əməllərindən xəbərdar olduğu üçün olarla tez haqq-hesab çəkər.
(18) Ey Peyğəmbər, onları yaxınlaşan qiyamət günü ilə qorxut. O gün mütləq gələcəkdir. Hər gələn şey yaxındır. O gün ürəklər onun qorxusundan qalxıb öz sahiblərinin xirtdəyinə çatacaq. Həmin vaxt onlar səssiz duracaq və Mərhəmətli Allahın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. Allaha şərik qoşmaq və asilik etməklə özlərinə zülm etmiş kimsələrin o gün nə bir yaxın dostu, nə də şəfaətçilik etmək vaxtı gəldikdə, sözü keçən bir şəfaətçisi olar.
(19) Allah gözlərin nəyə oğrun-oğrun baxdığını və kökslərin nələr gizlətdiyini bilir, bunlardan heç bir şey Ondan gizli qalmaz.
(20) Allah ədalətlə hökm verər, heç kəsə, onun savabından azaltmaqla, yaxud günahlarını artırmaqla zülm etməz. Müşriklərin Allahdan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Çünki onlar heç bir şeyə malik deyillər. Şübhəsiz ki, Allah Öz qullarının danışdıqlarını eşidir, habelə, onların niyyətlərini və əməllərini görür və tezliklə bunların əvəzini onlara verəcəkdir.
(21) Məgər o müşriklər yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl (yaşamış və) haqqı yalan saymış ümmətlərin axırının necə olduğunu düşünmürlərmi? Onların axırı çox pis olmuşdur. O ümmətlər bunlardan daha qüvvətli idilər və yer üzündə bunların qurduğundan da möhtəşəm tikililər qurmuşdular. Allah onları günahlarına görə məhv etdi və onları Allahın əzabından qoruyan bir kimsə tapılmadı.
(22) Onların düçar olduğu bu əzab ona görə idi ki, Allahın elçiləri onlara açıq-aydın dəlillər və tutarlı sübutlarla gətirdikdə, onlar Allaha küfr edir və Onun elçilərini yalançı hesab edirdilər. Onlar qüvvətli olmalarına rəğmən, Allah onları yaxalayıb məhv etdi. Pak və müqəddəs Allah, həqiqətən də, Ona küfr edən və Onun elçilərini yalançı sayan kimsələrə qarşı qüvvətlidir, cəzası da şiddətlidir.
(23) Biz Musanı aydın möcüzələrimizlə və kəsərli dəlillərlə göndərdik.
(24) Fironun, onun vəziri Hamanın və Qarunun yanına. Onlar isə dedilər: “Musa sehrbazdır və iddia etdiyi peyğəmbərliyi də yalandır!”
(25) Musa onlara özünün doğru danışdığını təsdiq edən dəlillər gətirdikdə, Firon dedi: “Onları alçaltmaq üçün, onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Möminlərin sayını azaltmaq üçün kafirlərin qurduqları hiylələr boşa çıxar və bu hiylələrin heç bir təsiri olmaz.
(26) Firon dedi: “Buraxın məni Musaya cəza olaraq onu öldürüm! Qoy o da canını məndən qurtarmaq üçün Rəbbinə dua etsin. Onun Rəbbinə dua etməsi mənim üçün önəmli deyil. Mən onun sizin etiqad etdiyiniz dini dəyişdirəcəyindən, yaxud yer üzündə insanları öldürmək və yurdları viran qoymaqla fəsad törədəcəyindən qorxuram”.
(27) Musa (aleyhissəlam) Fironun onu təhdid etdiyini biləndə dedi: “Mən qiyamət gününə və o gün haqq-hesaba çəkiləcəyinə və əməllərinin əvəzini alacağına inanmayan, haqqı qəbul etməyən hər bir təkəbbürlüdən, həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınır və Ona üz tuturam!”
(28) Firon ailəsindən olub Allaha iman gətirmiş və imanını öz qövmündən gizlədən bir kişi, onların Musanı qətlə yetirmək istəklərinə etirazını bildirib dedi: “Məgər siz cinayət etməyən bir insanı sadəcə: “Rəbbim Allahdır!” – dediyinə görə öldürəcəksiniz?! Halbuki o, sizə, Rəbbinin onu elçi göndərməsi barədə olan iddiasının dorğuluğuna dəlalət edən dəlil-sübutlar gətirmişdir. Əgər o, yalan danışırsa, onun yalanının zərəri öz əleyhinə olacaq. Yox, əgər doğru danışırsa, onda onun sizə vəd etdiyi əzabın bir qismi tezliklə sizi yaxalayacaq. Həqiqətən, Allah, Onun hüdudlarını aşanı, həmçinin, Allaha və Onun rəsuluna iftira yaxanı haqq yola yönəltməz.
(29) Ey qövmüm! Bu gün səltənət sizə məxsusdur. Misir torpağında qalib gələnlər də sizsiniz. Əgər Musanı qətlinə görə, Allahın əzabı bizə gəlsə, bizi ondan kim xilas edə bilər?!” Firon dedi: “Söz, mən dediyim söz, hökm də, mən verdiyim hökm olmalıdır. Mən şərin və fəsadın qarşısını almaq üçün, Musanı öldürməyimi məsləhət bilirəm və mən sizə ancaq doğru yolu göstərirəm”.
(30) Mömin kişi öz qövmünə nəsihət edib dedi: “Ey qövmüm! Mən qorxuram ki, siz zülm və düşmənçilik edərək Musanı qətlə yetirəcəyiniz təqdirdə, əvvəlki toplumların başına gəlmiş əzabın bənzəri sizin də başınıza gəlsin. Onlar öz peyğəmbərlərinə qarşı birləşmiş, Allah da, onları həlak etmişdir.
(31) Küfr etmiş və elçiləri yalançı saymış kəslərin - Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan sonrakıların adəti kimi. Allah onları küfrlərinə və elçilərini yalançı saydıqlarına görə məhv etmişdir. Allah Öz bəndələrinə zülm etmək istəməz, lakin onların günahlarına görə, layiqli cəza olaraq, onlara əzab verər.
(32) Ey qömüm, mən sizə üz verəcək qiyamət günündən qorxuram. O gün ki, insanlar qohumluq və ya şan-şöhrət səbəbilə bir-birini köməyə çağıracaq və belə etməklə bu dəhşətli məqamda bir-birinə fayda verə biləcəklərini güman edəcəklər.
(33) Cəhənnəm odundan qorxub geriyə qaçacağınız gün sizi Allahın əzabından qoruyan tapılmaz. Allah bir kimsəni rəzil edib onu iman gətirməkdən məhrum edərsə, onu doğru yola yönəldən tapılmaz. Çünki doğru yola müvəffəq etmək təkcə Allahın əlindədir”.
(34) Musadan əvvəl Yusuf sizə Allahın tək ilah olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib və onu yalançı saydınız. Nəhayət, o, vəfat etdikdə, sizin şəkk-şübhəniz artdı və siz: “Allah ondan sonra rəsul göndərməyəcək!”- dediniz. Allah sizi haqq yoldan azdırdığı kimi, Allahın qoyduğu hüdudları aşan və Onun tək ilah olduğuna şəkk edən hər kəsi beləcə azdırar.
(35) O kəslər ki, özlərinə bir dəlil və sübut gəlmədiyi halda, Allahın ayələri barəsində mübahisə edirlər ki, onun batil olduğunu isbat etsinlər. Onların bu mübahisəsi, həm Allah yanında, həm də, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər yanında nifrət artırar. Allah, Quran ayələrinin batil olduğunu isbat etmək üçün, o ayələr barədə mübahisə edənlərin qəlbinə möhür vurduğu kimi, haqqı qəbul etməyən hər bir təkəbbürlü və azğın qəlbi də möhürləyər və onu nə doğru yola yönəldər, nə də xeyirli bir iş görməyə müvəffəq edər.
(36) Firon öz vəziri Hamana dedi: “Ey Haman, mənim üçün uca bir qüllə tik ki, bəlkə yollara çatım.
(37) Göylərin yollarına çatım və Musanın iddia etdiyi haqq məbudunu görüm. Dorğusu, mən Musanın iddiasının yalan olduğunu güman edirəm!” Beləcə, Firon istədiyini Hamandan tələb edərkən, pis əməli ona gözəl göstərildi və o, haqq yoldan çıxarılıb batil yola yönəldildi. Fironun hiyləsi, - özünün batil etiqadını üzə çıxardıb, Musanın gətirdiyi haqqı puç etmək cəhdi, - boşa çıxdı. Çünki bu ona uğrusuz nəticə verdi, üstəlik də, əbədi bəxbəxtlik gətirdi.
(38) Fironun camaatından olan iman gətrimiş o kişi qövmünə nəsihət etmək və onları haqq yola yönəltmək məqsədilə dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim və haqqa qovuşdurum.
(39) Ey qövmüm! Bu dünya həyatı ancaq keçici ləzzətlərdən ibarətdir. Elə isə oradakı fani şeylər sizi aldatmasın. Əbədi və tükənməz nemətlərlə dolu axirət yurdu isə qərar tutulacaq əbədi yurddur. Allaha itaət etməklə o yurda yiyələnməyə çalışın və sizi axirət üçün yaxşı işlər görməkdən yayındıran dünya həyatınızla məşğul olmaqdan çəkinin.
(40) Kim pis bir iş görsə, o, yalnız etdiyi pislik qədər cəzalandırılar və bu cəzaya heç nə artırılmaz. Allaha və Onun elçilərinə iman gətirdiyi halda, Allahın üzünü diləyərək saleh əməl edən kişilər və qadınlar - məhz bu tərifəlayiq xislətləri özündə əks etdirən kimsələr qiyamət günü Cənnətə daxil olar. Allah onlara, orada olan meyvələrdən və əbədi qalan, heç vaxt tükənməyən nemətlərdən hesabsız olaraq bəxş edər.
(41) Ey qövmüm! Bu nə işdir, mən sizi dünyada və axirətdə ziyana uğramaqdan xilas etmək üçün, Allaha iman gətirməyə və yaxşı işlər görməyə çağırdığım halda, siz məni Cəhənnəm oduna girmək üçün, Allaha küfr etməyə və Ona asi olmağa çağırırsınız?!
(42) Siz məni öz batil əqidənizə dəvət edirsiniz ki, Allahı inkar edim və Onunla yanaşı haqqında heç bir doğru məlumatım olmayan bir tanrıya ibadət edim, mən isə sizi heç kimsənin qalib gələ bilməyəcəyi qüdrətli və qullarını çox bağışlayan Allaha iman gətirməyə çağırıram.
(43) Həqiqətən də, sizin məni iman gətirməyə və itaət etməyə çağırdınız (bütlər) nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur və (bu bütlər) onlara dua edənlərə cavab verməyə qadir deyillər. Bizim hamımızın dönüşü yalnız Allahadır. Küfr və asilik etməklə həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər. O kəslər ki, qiyamət günü ora əbədi olaraq daxil olacaqlar.
(44) Onlar onun nəsihətini rədd etdikdə, o dedi: "Sizə etdiyim nəsihəti mütləq xatırlayacaq və bu nəsihəti qəbul etmədiyinizə görə peşman olacaqsınız. Mən bütün işlərimi təkcə Uca Allaha həvalə edirəm. Uca Allaha, qullarının əməlllərindən heç bir şey gizlin qalmaz”.
(45) Onlar Musanı qətlə yetirmək istədikdə, Allah onu onların qurduğu hiylənin şərindən qorudu. Firon əhlini isə dənizdəki əzab bürüdü. Allah onu və onun əsgərlərinin hamısını, dünyada ikən suya qərq etdi.
(46) Onlar öldükdən sonra (qiyamətədək) qəbirlərində, gündüzün əvvəlində və axırında odda yandırılarlar. Qiyamət qopacağı gün isə belə deyiləcəkdir: "Firona tabe olanlar küfr etdiklərinə, haqqı yalan saydıqlarına və Allahın yolundan sapdılarına görə, onları ən şiddətli və ən böyük əzaba salın!"
(47) Ey Peyğəmbər, cəhənnəm əhlindən özlərinə tabe olunanlar ilə onlara tabe olanların bir-biriləri ilə mübahisə etdiklərini xatırla! O zaman tabe olan zəiflər təkəbbürlü başçılara belə deyəcəklər: “Biz dünyada azğın işlər görməkdə sizə tabe idik. İndi siz Allahın əzabının bir hissəsini öz boynunuza götürməklə onu bizdən dəf edə bilərsinizmi?!”
(48) Təkəbbürlü başçılar deyəcəklər: “Biz, - istər başçı, istərsə də tabe olanlar olsun, - hamımız odun içindəyik və aramızdan heç kəs heç kəsin əzabının bir hissəsini öz üzərinə götürə bilməz. Allah artıq Öz qulları arasında hökm vermiş və hər kəs də layiq olan cəzanı almışdır”.
(49) Odda əzab çəkən başçılar və onlara tabe olanlar, Cəhənnəmdən çıxacaqlarına və dünya həyatına qayıdıb tövbə edəcəklərinə ümidlərini itirdikdə, Cəhənnəmin mələklərdən ibarət gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün bu davamlı əzabımızı yüngülləşdirsin!”
(50) Cəhənnəm gözətçiləri kafirlərə cavab verərək deyəcəklər: “Məgər elçiləriniz sizə açıq-aydın dəlil-sübutlar gətirməmişdilər?” Kafirlər: “Əlbəttə, onlar bizə açıq-aydın dəlil-sübutlar gətirmişdilər!”– deyə cavab verəcəklər. O zaman gözətçilər onlara hökm edib deyəcəklər: “Elə isə özünüz dua edin! Biz kafirlər üçün şəfaətçilik edən deyilik”. Kafirlərin duası isə əbəs və boş şeydir. Çünki onların küfr etməsindən dolayı duaları qəbul olan deyildir.
(51) Biz bu dünyada Öz elçilərimizə, habelə, Allaha və Onun peyğəmbərlərinə iman gətirən kimsələrə kömək edəcəyik ki, əlllərindəki dəlillərlə öz düşmənlərinə qalib gəlsinlər. Eləcə də, qiyamət günü Peyğəmbərlər, mələklər və möminlər risalətin təbliğ edildiyinə və ümmətlərin onu təkzib etdiyinə şəhadət verdikdən sonra Biz möminlərin Cənnətə daxil olmasına kömək edəcəyik, üstəlik, dünyada onlarla ədavət aparmış kimsələri Cəhənnəmə vasil etməklə cəzalandıracağıq.
(52) O gün, (dünyada) küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə zülmlərinə görə üzr diləmələri heç bir fayda verməyəcək. Həmin gün onları həm Allahın rəhmətindən qovulmaq, həm də ağrılı-acılı əzaba düçar olacaqları pis yurd gözləyir.
(53) Biz Musaya İsrail oğullarına doğru yolu göstərən elm bəxş etdik və İsrail oğullarını, nəsildən nəsilə ötürdükləri Tövrata varis etdik.
(54) Salamat ağıl sahiblərinə haqq yol göstəricisi və öyüd-nəsihət olsun deyə.
(55) Ey Peyğəmbər, qövmününü səni yalançı hesab etməsinə və onların sənə əziyyət verməsinə səbir et! Həqiqətən, Allahın sənə kömək edəcəyi və dəstək verəcəyi barədə verdiyi vədi haqdır, bunda heç bir şübhə yoxdur. Günahının bağışlanmasını dilə. Gündüzün əvvəlində və axırında Rəbbini həmd-səna ilə tərif et!
(56) Həqiqətən, əllərində heç bir dəlil-subut olmadan, Allahın ayələrinin batil olduğunu isbat etmək məqsədilə onlar barədə mübahisə edənləri buna vadar edən, yalnız böyüklük iddiası və haqqa qarşı təkəbbürlük göstərməkdir. Onlar heç vaxt istədikləri bu böyüklük arzusuna çatmayacaqlar. Ey Peyğəmbər, sən Allaha sığın! Həqiqətən, O, Öz qullarının dedikləri sözləri Eşidəndir və etdikləri əməlləri Görəndir. Bunlardan heç bir şey Ondan gizli qalmaz və O, bu əməllərin əvəzini onlara verəcəkdir.
(57) Həqiqətən, böyüklüyünə və genişliyinə görə göylərin və yerin xəlq edilməsi insanların xəlq edilməsindən daha əzəmətlidir. Onların əzəmətli olması rəğmən onları yaradan Allah, ölüləri haqq-hesaba çəkilmələri və əməllərinin əvəzini almaları üçün qəbirlərindən dirildib çıxartmağa da qadirdir. Lakin insanların çoxu bunu bilmir. Elə buna görə də, onlar bundan nə ibrət alar, nə də bu açıq-aydın ayəni dirilməyə dair dəlil olaraq qəbul edərlər.
(58) Korla görən eyni deyil. Həmçinin, Allaha iman gətirən, Onun elçilərini təsdiqləyən və yaxşı işlər görənlərlə batil etiqada dalmaq və asilik etməklə pis iş görən kimsə eyni deyil. Necə də az düşünürsünüz. Əgər düşünsəydiniz, bu iki dəstə arasındakı fərqi anlayar və Allahın rizasını qazanmaq üçün, iman gətirib yaxşı işlər görən kimsələrdən olmağa səy göstərərdiniz.
(59) Allahın ölüləri haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün dirildəcəyi o saat mütləq gələcək, buna heç bir şübhə yoxdur. Lakin insanların çoxu onun gələcəyinə inanmır və elə buna görə də, o gün üçün hazırlıq görmürlər.
(60) Rəbbiniz buyurdu: “Ey insanlar, yalnız Mənə ibadət edin və yalnız Mənə dua edin, Mən də sizin duanızı qəbul edim və sizə rəhm edim. Həqiqətən, yalnız Mənə ibadət etməyə təkəbbür göstərənlər qiyamət günü Cəhənnəmə zəlil və alçalmış vəziyyətdə girəcəklər”.
(61) Sizin rahatlanmanız və dincəlməyiniz üçün gecəni qaranlıq və iş görməyiniz üçün də gündüzü işıqlı və nurlu yaradan Allahdır. Həqiqətən, Allah insanlara çoxlu zahiri və batini nemətlər verməklə onlara olduqca çox lütf göstərmişdir, lakin insanların çoxu pak və müqəddəs Allahın Öz lütfündən onlara verdiyi nemətlərə şükür etməz.
(62) Sizə Öz nemətlərindən bəxş edən o Allah, hər şeyin Xaliqidir. Ondan başqa xaliq yoxdur. Eləcə də, Ondan başqa ibadətə olunmağa haqqı çatan məbud yoxdur! Elə isə siz necə, Ona ibadət etməkdən üz döndərib, nə bir xeyir, nə də bir zərər verməyə qadir olan (bütlərə) ibadət edirsiniz!
(63) Onlar Allaha iman gətirməkdən və təkcə Ona ibadət etməkdən üz döndərdikləri kimi, hər zaman və hər yerdə Allahın tək İlah olduğuna dəlalət edən ayələrini yeniləyən kimsədən döndərilərlər. Beləsi nə haqq yola yönələr, nə də doğru işlər görməyə müvəffəq edilər.
(64) Ey insanlar, üzərində qərar tutasınız deyə yeri sizin üçün məskən edən, üstünüzdəki göy başınıza düşməsin deyə onu möhkəm bina edən, sizə analarınızın bətnində surət verib surətlərinizi gözəlləşdirən, sizə halal və pak nemətlərdən ruzi verən Allahdır. Bu nemətləri sizə verən, Rəbbiniz olan Allahdır. Yaradılanların hamısının Rəbbi olan Allah xeyri və bərəkəti bol Olandır. Onların pak və müqəddəs Allahdan başqa Rəbbi yoxdur.
(65) O, əbədi yaşayandır, ölməzdir, Ondan başqa ibadətə haqqı çatan məbud yoxdur. Allaha, yalnız Onun üzünü diləyərək, ibadət və dua edin. Allahın yaratdığı heç bir məxluqunu Ona şərik qoşmayın. Həmd, məxluqatın Rəbbi Allaha məxsusdur!
(66) Ey Peyğəmbər! De ki: “Mənə, sizin Allahdan başqa tapındığınız, nə fayda, nə də zərər verməyə qadir olan bu bütlərə ibadət etməyin batil olmasına dair açıq-aydın dəlil-sübutlar gəldiyi zaman, Allah onlara ibadət etməyi mənə qadağan etmiş və mənə ibadəti yalnız Ona yönəltməyi əmr etmişdir. O, bütün məxluqatın Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur”.
(67) Atanız Adəmi torpaqdan xəlq edən, ondan sonra sizi nütfədən, sonra da laxtalanmış qandan yaradan, daha sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə, körpə uşaq olaraq ana bətnindən çıxardan Odur. İçərinizdə qocalmamışdan əvvəl ölənlər də vardır. Bu ona görədir ki, Allahın əzəli elmində müəyyən olunmuş vaxta yetişəsiniz, nə yubanasınız, nə də zamanı qabaqlayasınız və bəlkə, Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən bu dəlil-sübutlardan ibrət alasınız.
(68) Diriltmək də, öldürmək də, yalnız pak və müqəddəs Allahın əlindədir. O, bir şeyin olmasını istədikdə, o işə ancaq: “Ol” – deyir, o da olur.
(69) Ey Peyğəmbər, Allahın açıq-aydın ayələrini təkzib edərək onların barəsində mübahisə edənləri görmürsənmi?! Onların halına bax gör, gün kimi aydın olan haqdan necə üz döndərirlər!
(70) Onlar Quranı və elçilərimizlə göndərdiyimiz haqqı yalan saydılar. Haqqı yalan sayan o kəslər bu yaramaz əməllərinin aqibətini tezliklə biləcək və onun pis sonluğunu görəcəklər.
(71) Onlar boyunlarına dəmir halqalar taxılmış, ayaqlarında da zəncirlər vurulmuş halda, zəbanilər tərəfindən sürüklənəcəkləri zaman haqqı yalan saymağın aqibətini biləcəklər.
(72) Onlar qaynar suya tərəf sürüklənəcək, sonra da, odda yandırılacaqlar.
(73) Sonra da onlara məzəmmət edilərək belə deyiləcək: “Haradadır şərik qoşub ibadət etdiyiniz uydurma tanrılarınız?!
(74) Allahdan başqa, nə bir xeyir, nə də bir zərər verməyə qadir olan bütləriniz?!” Kafirlər deyəcəklər: “Onlar bizdən qeyb oldular, biz artıq onları görmürük. Xeyr, biz heç dünyada da, ibadətə layiq olan bir şeyə ibadət etmirdik!” Allah bunları azdırdığı kimi, kafirləri də, hər zaman və hər yerdə azdırar.
(75) Onlara deyiləcək: “Düçar olduğunuz bu əzab, sizin yer üzündə şirk etmənizə sevindiyinizə və bununla qürrələnməyinizə görədir!
(76) İçində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin!” Haqqı qəbul etməyə təkəbbürlük göstərən kimsələrin yeri necə də pisdir!
(77) Ey Peyğəmbər, qövmünün sənə verdiyi əziyyətə və səni yalançı saymasına səbir et! Allahın sənə zəfər bəxş edəcəyi barədə vədi haqdır, bunda heç bir şübhə yoxdur. Biz ya onlara vəd etdiyimiz əzabın bir qismini sənə bu dünya həyatda göstərəcək, necə ki, Bədr döyüşündə göstərdik, ya da bundan qabaq sənin həyatını sona çatdıracağıq. Qiyamət günü onlar yalnız Bizim hüzurumuza qayıdacaq, Biz də onlara əməllərinin əvəzini verəcək və onları içində əbədi qalacaqları Cəhənnəm oduna vasil edəcəyik.
(78) Ey Peyğəmbər, Biz səndən əvvəl də ümmətlərə bir çox elçilər göndərmişdik. Onlar peyğəmbərləri yalançı saymış və onlara əziyyət vermişdilər, peyğəmbərlər isə onları yalançı saymalarına və onların əziyyətlərinə səbir etmişdilər. Biz o peyğəmbərlərdən bəziləri haqqında sənə xəbər vermiş, bəziləri haqqında isə xəbər verməmişik. Heç bir elçi pak və müqəddəs Allahın istəyi olmadan öz qövmünə Rəbbindən bir ayə (dəlil) gətirə bilməzdi. Odur ki, kafirlərin öz peyğəmbərlərindən ümmətlərinə ayə gətirmələrini tələb etməsi zülm sayılır. Allahın zəfər xüsusunda olan əmri və ya peyğəmbərlərlə onların qövmləri arasında veriləcək hökm vaxtı gəldikdə, ədalətlə hökm verilər, sonra da, kafirlər həlak olar, peyğəmbərlər isə nicat taparlar. Beləliklə, insanlar arasında ədalətlə hökm veriləcək o məqamda, batil əhli öz küfrlərindən dolayı özlərini məhvə sürükləməklə ziyana uğrayacaqlar.
(79) Bəzilərini minəsiniz, bəzilərinin də ətindən yeyəsiniz deyə, dəvəni, inəyi və qoyunu sizin üçün yaradan Allahdır.
(80) Sizin üçün bu məxluqatda, hər zamanda yenilənən neçə-neçə başqa mənfəətlər də vardır. Siz onları minərək gedib ürəyinizdən keçən ehtiyaclarınızı ödəyirsiniz. Ən gözəçarpanı isə quruda və dənizdə, bir yerdən başqa yerə hərəkət etməkdir.
(81) Pak və müqəddəs Allah sizə Öz qüdrətinə və vəhdaniyyətinə dəlalət edən ayələrindən bəzsini göstərir. Hər hansı bir ayənin Allahın ayəsi olduğunu bildikdən sonra, Onun ayələrinin hansını qəbul etmirsiniz?!
(82) Məgər haqqı yalan sayan o kəslər yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlki üümətlərin axırının necə olduğunu görmürlərmi ki, ondan ibrət alsınlar?! O ümmətlər bunlardan mal-dövlətcə daha zəngin, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allahın həlakedici əzabı onları haqladıqda əldə etdikləri güc-qüdrət onlara heç bir fayda vermədi.
(83) Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirdikdə, onlar bu dəlilləri təkzib etdilər, üstəlik, peyğəmbərlərinin gətirdiyi risalətə zidd olan, özlərindəki elm ilə kifayətlənməyə üstünlük verdilər. Beləliklə, özlərinin istehza etdiyi, peyğəmbərlərinin də onları qorxutduğu əzab onları yaxaladı.
(84) Onlar əzabımızı gördükdə, artıq etriaf etməyin heç bir faydası olmadığı bir halda, etiraf edib dedilər: “Biz tək Allaha iman gətirdik və Ona qoşduğumuz şərikləri və bütləri inkar etdik!”
(85) Onlar əzabımızın onlara gəldiyini əyani olaraq gördükdə, iman gətirmələri onlara heç bir fayda vermədi. Allahın Öz qulları barəsində əzəldən olub-keçmiş qanunu belədir ki, onların əzabı gördükləri zaman iman gətirmələrinin onlara faydası olmaz. Kafirlər Allaha küfr etdiklərinə və əzab gəlməmişdən əvvəl bu küfrdən tövbə etmədiklərinə görə, əzab onları bürüyüb məhv etdiyi zaman onlar ziyana uğradılar.