(1) ﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Allah, aydın şəkildə haqq yolu göstərən Qurana and içir.
(3) Biz Quranı qədr gecəsində nazil etdik. Bu, çoxlu xeyirlə dolu bir gecədir. Həqiqətən, Biz bu Quran vasitəsilə qorxuduruq.
(4) Bu gecədə, Allahın növbəti il üçün müəyyən etdiyi ruziyə, əcələ və başqa şeylərə aid olan hər bir iş ayırd edilir.
(5) Biz hər bir işi Öz hüzurumuzda ayırd edirik. Həqiqətən, elçiləri Biz göndəririk -
(6) Ey Peyğəmbər! Biz elçiləri göndərildikləri insanlara Rəbbindən mərhəmət olaraq göndəririk. Şübhəsiz ki, pak və müqəddəs Allah Öz qullarının dediklərini Eşidəndir, onların əməllərini və niyyətlərini Biləndir. Bunlardan heç bir şey Ona gizli qalmaz.
(7) Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir. Əgər buna yəqinliklə inanırsınızsa, Rəsuluma iman gətirin.
(8) Ondan başqa ibadətə haqqı çatan məbud yoxdur. O, həm dirildir, həm də öldürür. Ondan başqa nə dirildən, nə də öldürən var. O, həm sizin Rəbbiniz, həm də keçmişdəki atalarınızın Rəbbidir.
(9) Müşriklər buna yəqinliklə inanmırlar, əksinə, onlar özlərinin batil düşüncələrinə əsaslanıb buna şəkk-şübhə edirlər.
(10) Ey Peyğəmbər! Sən, qövmünü yaxalayacaq yaxın əzabın gəlməsini gözlə. O gün qöy üzünü əzabın şiddətindən öz gözləri ilə görəcəkləri açıq-aydın bir düman bürüyəcəkdir.
(11) O tüstü sənin qövmünü bürüyəcək və onda onlara deyiləcək: "Sizə üz vermiş bu əzab, ağrılı-acılı bir əzabdır.
(12) Onlar Rəbbinə yalvarıb deyəcəklər: “Ey Rəbbimiz! Bizə göndərdiyin bu əzabı bizdən uzaqlaşdır. Əgər onu bizdən uzaqlaşdırsan, biz Sənə də, Sənin rəsuluna da iman gətirəcəyik”.
(13) Onlar necə öyüd-nəsihət qəbul edib Rəbbinə tərəf üz tuta bilər?! Axı onlara peyğəmbərliyi aşkar bilinən, doğru danışan və əmanətə xəyanət etməyən birisi kimi tanıdıqları bir elçi gəldi,
(14) Sonra onun təsdiq etməkdən üz çevirib onun barəsində: "O Allahın elçisi deyil. O başqa bir kimsə tərəfindən öyrədilmiş bir dəlidir!" - dedilər.
(15) Biz əzabı sizdən bir az uzaqlaşdıracağıq, siz isə yenə küfrə və haqqı yalan saymağa qayıdacaqsınız.
(16) Ey Peyğəmbər! Sənin qövmünün kafirlərini böyük bir müsibətlə yaxalayacağımız günü - Bədr gününü gözlə. Onlar Allaha küfr etdiklərinə və Onun rəsulunu yalançı saydıqlarına görə, Biz onlardan intiqam alacağıq.
(17) Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkmişdik. Onlara Allah tərəfindən dəyərli bir elçi - Musa (aleyhissəlam) gəlib onları Allahın təkliyini qəbul etməyə və Ona ibadət etməyə dəvət etmişdi.
(18) Musa Firona və onun qövmünə belə demişdi: “İsrail oğullarını mənə verin. Onlar Allahın qullarıdır, sizin onları qul etməyə haqqınız yoxdur. Həqiqətən, mən, Allahın sizə göndərdiyi və mənə əmr etdiyi risaləti təbliğ edəcəyimə etibar etdiyi bir elçiyəm. Mən bu risalətdən nə bir şey əskildər, nə də ona bir şey artıraram.
(19) Allaha ibadət etməyi tərk etməklə və özünüzü Onun qullarından üstün tutmaqla Ona qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə açıq-aydın bir dəlil gətirmişəm.
(20) Mən sizin məni daşqalaq edib öldürməyinizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram.
(21) Əgər mənim gətirdiyimi qəbul etmirsinizsə, məndən uzaq olun və pis niyyətlə mənə yaxınlaşmayın!”
(22) Sonra Musa (aleyhissəlam) Rəbbinə dua edib dedi: “Həqiqətən, bu qövm - Firon və onun camaatı tezliklə cəzalandırılmağa layiq olan bir qövmdür!”
(23) Allah Musaya öz qövmü ilə birlikdə gecə ikən yola çıxmağı əmr etdi və Firon və onun qövmü onları təqib edəcəklərini ona xəbər verdi.
(24) Allah Musaya İsrail oğulları ilə birlikdə dənizi keçdikdən sonra onu olduğu kimi sakit buraxmağı əmr etdi. Şübhəsiz ki, Firon və onun əsgərləri dənizdə boğularaq həlak ediləcək bir ordudur.
(25) Firon və onun qövmü özlərindən sonra neçə-neçə bağ-bağçalar və axar çeşmələr qoyub getdilər!
(26) Onlar özlərindən sonra neçə-neçə əkinlər və gözəl yerlər qoyub getdilər!
(27) Habelə, zövq aldıqları neçə-neçə nemətlər qoyub getdilər.
(28) Beləcə, sizə bildirilən hadisələr, onların başına gəldi. Biz onların bağ-bağçalarına, çeşmələrinə, əkinlərinə və gözəl məskənlərinə başqa qövmü - İsrail oğullaını varis etdik.
(29) Firon və onun qövmü dənizdə batdıqda, nə göy, nə də yer onlardan ötrü ağladı. Onlara tövbə etmək üçün möhlət də verilmədi.
(30) Biz İsrail oğullarını alçaldıcı əzabdan xilas etdik. Belə ki, Firon və onun qövmü onların oğlan uşaqlarını öldür, qadınlarını da sağ buraxırdılar.
(31) Biz onları Fironun əzabından xilas etdik. Həqiqətən, o, Allahın əmrinə və Onun dininə qarşı çıxan təkəbbürlü bir kimsə idi.
(32) Biz Öz elmimizlə İsrail oğulları arasından çoxlu peyğəmbər seçməklə onları zəmanələrindəki insanlardan üstün etdik.
(33) Biz onlara möcüzələr və dəlillər - qüdrət halvası, bildirçin əti və başqa bu kimi zahiri nemətlər bəxş etməklə Musaya dəstək verdik.
(34) Haqqı yalan sayan o müşriklər dirilməni mütləq inkar edib deyəcəklər:
(35) “Bu ölüm bizim birinci (və axırıncı) ölümümüzdür və bundan sonra həyat olmayacaq. Bu ölümdən sonra biz bir daha dirildilməyəcəyik.
(36) Ey Muhəmməd! Əgər sənin və sənin ardıcıllarının iddia etdiyi kimi Allahın ölüləri haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün diriltməsi doğrudursa, onda bizim ölmüş atalarımızı dirildib gətirin görək”
(37) Ey Peyğəmbər! Güc-qüvvətə malik olmaq baxımından, səni yalançı sayan bu müşriklər üstündür, yoxsa Tubba qövmü və onlardan əvvəlki Ad və Səmud tayfaları?! Biz onların hamısını məhv etdik. Çünki onlar günahkar kimsələr idi.
(38) Biz göyü, yeri və onların arasında olanları əylənmək üçün yaratmadıq.
(39) Biz göyləri və yeri böyük bir hikmət üçün yaratdıq, lakin müşriklərin əksəriyyəti bunu bilməz.
(40) Şübhəsiz ki, Allahın qulları arasında ayırd etmə günü - qiyamət günü yaradılanların hamısı üçün müəyyən olunmuş vaxtdır ki, həmin vaxt Allah onları bir yerə toplayacaqdır.
(41) O gün qohum öz qohumuna, dost da öz dostuna nə fayda verə biləcək, nə də onlar Allahın əzabının qarşısını ala biləcəklər. Çünki o gün mülk yalnız Allaha məxsus olacaq və Ondan başqası buna iddialı ola bilməyəcək.
(42) Yalnız Allahın insanlardan rəhm etdiyi kimsədən başqa! Həmin kimsə dünyada etdiyi yaxşı əməllərin faydasını görəcək. Həqiqətən, Allah Qüdrətlidir, heç kəs Ona qalib gələ bilməz. Tövbə edən qullarına qarşı çox mərhəmətlidir.
(43) Allahın Cəhənnəmin özülündə bitirdiyi zəqqum ağacı
(44) Böyük günah sahibinin - kafirin yeməyidir. O, bu ağacın iyrənc meyvəsindən yeyəcəkdir.
(45) Zəqqum ağacının meyvəsi, qara zeytun yağına bənzəyir. O həddən artıq qaynar olduğu üçün onların qarnında qaynayacaqdır.
(46) Son dərəcə qaynar suyun qaynadığı kimi.
(47) Cəhənnəm zəbanilərinə belə buyurulacaq: "Onu tutub çox sərt və kobud şəkildə Cəhənnəmin ortasına doğru sürükləyərək aparın!
(48) Sonra əzab verilən bu kimsənin başına qaynar su tökün ki, əzabı səngiməsin!"
(49) Ona lağ edilərək deyiləcək: "Dad bu ağrılı-acılı əzabı! Sən ki qüdrətli - şəninə toxunulmaz, həm də, qövmün arasında hörmətə layiq birisi idin.
(50) Bu əzab, qiyamət günü vaqe olacağına şəkk etdiyiniz əzabdır. İndi siz onu öz gözlərinizlə görməklə artıq şübhəniz aradan qalxmışdır.
(51) Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxanlar isə başlarına gələ biləcək hər bir xətərdən xatircəm olduqları bir yerdə olacaqlar.
(52) Bağçalarda və axar çeşmələr başında olacaqlar!
(53) Onlar Cənnətdə incə və qalın ipəkdən libaslar geyəcək və qarşı-qarşıya əyləşəcəklər. Heç biri digərinə arxasını çevirməyəcəkdir.
(54) Bu deyilənləri onlara bəxş etməyimizlə yanaşı, hələ Cənnətdə onları, gözlərinin qarası qapqara, ağı da ağappaq olan iri gözlü gözəl qadınlarla evləndirəcəyik.
(55) Onlar orada istədikləri hər növ meyvədən özlərinə gətirilməsi üçün xidmətçilərini yanlarına çağıracaqlar. Özləri də, bu meyvələrin tükənməyəcəyindən və xarab olmayacağından xatircəm olacaqlar.
(56) Onlar orada əbədi qalacaq və dünya həyatında daddıqları ilk ölümdən başqa orada heç bir ölüm dadmayacaqlar. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur.
(57) Sənin Rəbbindən onlara bir lütf və yaxşılıq olaraq. Bu zikr edilənlər - Allahın onları Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğurdur.
(58) Ey Peyğəmbər! Biz Quranı sənin ana dilində nazil etməklə asanlaşdırdıq ki, bəlkə onlar öyüd-nəsihət qəbul edələr.
(59) Sən özünün qalib gələcəyini, onların da həlak olacaqlarını gözlə! Şübhəsiz ki, onlar da, sənin həlak olacağını gözləyirlər.