(1) Uca Allah günəşin, ayın və digər göy cisimlərinin mənzillərini əhatə edən göyə and içir.
(2) Həmçinin, məxluqatı bir yerə toplayacağına vəd verdiyi qiyamət gününə and içir.
(3) Eləcə də, hər bir şahidlik edənə, məsələn, öz ümmətinə şahidlik edən peyğəbərə və şahid edilənə, məsələn peyğəmbərinə şahidlik edən ümmətə and içir.
(4) Yerdə böyük xəndəklər qazan kimsələr lənətə düçar oldular.
(5) Onlar o xəndəklərdə od qaladılar və möminləri diri-diri o odun için atdılar.
(6) Onlar alovlandırılmış o xəndəklərin kənarında oturub,
(7) Onlar orada durub möminlərə verdikləri əzaba və işgəncəyə seyr edirdilər.
(8) Kafirlərin möminlərə tutduqları irad, yalnız onların hər kəsə gücü yetən qüdrətli və hər cür tərifəlayiq Allaha iman gətirmələri idi.
(9) Göylərin və yerin hakimiyyəti yalnız Ona məxsusdur. O hər şeydən xəbərdardır və qullarının işlərindən heç bir şey Ona gizli qalmaz.
(10) O kəslər ki, mömin kişiləri və mömin qadınları Tək Allaha iman gətirməkdən döndərmək üçün onlara əzab vermiş, sonra öz günahlarına görə tövbə etməmişlər, qiyamət günü onları Cəhənnəm əzabı və yandırıb-yaxan atəşin əzabı gözləyir. Bu, onların möminləri odla yandırmalarının cəzasıdır.
(11) Şübhəsiz ki, Allaha iman gətirib yaxşı işlər görənlər üçün qəsrləri və ağacları altından çaylar axan Cənnət bağları hazırlanmışdır. Onlar üçün hazırlanmış bu mükafat, misli-bərabəri olmayan böyük uğurdur.
(12) Ey Peyğəmbər! Sənin Rəbbinin - zalıma müvəqqəti möhlət versə də - (vaxtı çatanda əzabla) onu yaxalaması çox şiddətlidir.
(13) Həqiqətən, O, məxluqatı ilkin yaradır və (istədyinə) əzab verir, sonra onları yenidən bərpa edir.
(14) Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır. O, həqiqətən də, mütəqqilərdən olan dostlarını sevir.
(15) O, əzəmətli ərşin sahibidir.
(16) Allah istədiyini edəndir - dilədiyinin günahlarını bağışlayar, dilədiyini də cəzalandırar. Uca Allahı heç kəs hər hansı bir işi görməyə vadar edə bilməz.
(17) Ey Peyğəmbər! Haqqa qarşı vuruşmaq və insanları haqqdan azdırmaq məqsədilə toplanmış ordular haqqında xəbər sənə gəlib çatdımı?!
(18) Fironun və bir də Salehin (aleyhissəlam) qövmü - Səmud tayfasının qoşunları.
(19) Kafirlərin iman gətirmələrinə mane olan səbəb, onlara haqqı yalan sayan ümmətlər və onların həlak olması barədə xəbərlərin gəlib çatmaması deyil, əksinə, onların öz nəfslərinin istəyinə uyaraq peyğəmbərlərinin onlara gətirdi risaləti yalan saymasıdır.
(20) Allah onları əməllərini əhatə edib hesaba almışdır. Onların əməllərindən heç bir şey Allaha gizli qalmaz və O, bu əməllərə görə onları cəzalandıracaqdır.
(21) Quran, o yalançıların söylədikləri kimi, nə bir şeir, nə də qafiyə salınmış bir nəsrdir. Əksinə, bu, şanlı Qurandır.
(22) O, dəyişdirilməkdən və təhrif olunmaqdan, habelə, əksilmədən və əlavə edilmədən qorunan lövhədədir.