(1) Qiyamət saatı yaxınlaşdı və ay Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə yarıldı. Onun yarılması Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əyani möcüzələrindən biri idi.
(2) Müşriklər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığını isbat edən bir dəlil-sübut gördükdə, onu qəbul etməyib deyirlər: “Gördüyümüz bu dəlil-sübutlar batil bir sehrdir”.
(3) Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətərdiyi haqqı yalan saydılar və bunu təkzib etmək xüsusunda öz nəfslərinin istəklərinə uydular. Halbuki qiyamət günü hər bir əməlin əvəzi - istər xeyir olsun, istərsə şər - öz sahibinə yetişəcəkdir.
(4) Onlar, küfrlərinə və zülmlərinə son qoysunlar deyə, etdikləri küfr və zülmə görə Allahın həlak etdiyi neçə-neçə ümmətlər barədə xəbərlər onlara gəlib çatmışdır.
(5) Onlara gələn bu xəbərlər, özlərinin əlehinə hüccət olan tam bir hikmətdir. Lakin Allaha və axirət gününə iman gətirməyən bir qövmə təhdidlər heç bir fayda verməz.
(6) Ey Peyğəmbər! Əgər onlar doğru yola gəlməsə, sən, onları tərk et, onlardan üz çevir və sura üfürəcək mələyin onları qorxuya salacağı, heç bir canlının bənzərini görmədiyi bir işdən ötrü çağıracağı günü gözlə.
(7) Onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxıb haqq-hesaba çəkiləcəkləri yerə gedəcəklər.
(8) Onlar həmin yerə çağıran carçıya tərəf tələsəcək və kafirlər deyəcəklər: “Bu nə çətin bir gündür, çox şiddətli və dəhşətli bir gündür”.
(9) Ey Peyğəmbər! Sənin dəvətini yalan sayanlardan əvvəl Nuh qövmü qulumuz Nuhu (aleyhissəlam) yalançı saymışdılar. Biz onu onlara elçi göndərdiyimiz zaman onlar: “O, dəlidir!” – demiş, sonra onu cürbəcür söyüşlərlə söymüş və dəvətinə son qoymayacağı təqdirdə (onu cəzalandıracaqları ilə) ona hədə-qorxu gəlmişdilər.
(10) Nuh öz Rəbbinə yalvarıb demişdi: “Qövmüm məni üstələdi və mənim dəvətimi qəbul etmədi. Onlara bəla göndərməklə mənə yardım et!”
(11) Biz göyün qapılarını şırıl-şırıl yağan yağışla açdıq.
(12) Biz yeri yardıq və beləcə, oradan bulaqlar qaynayıb çıxdı. Göydən tökülən və yerdən qaynayan sular Allahın əzəldən qədərə yazdığı bir iş üçün bir-birinə qovuşdu. Nəhayət, Allahın xilas etdiyi kimsələrdən başqa hamı suda qərq oldu.
(13) Biz Nuhu bir-birinə mismarlanmış lövhələrdən düzəlmiş gəmidə daşıdıq. Beləliklə də, onu və onunla birlikdə olanları suda boğulmaqdan xilas etdik.
(14) Qövmü tərəfindən yalançı sayılmış və Allahdan təbliğ etdiyi risaləti inkar edilmiş Nuha zəfər bəxş etmək üçün, o gəmi təlamütlü sular içində, gözlərimiz önündə və mühafizəmiz altında üzüb gedirdi.
(15) Biz onlara verdiyimiz bu bəlanın aqibətini bir ibrət və dərs olsun deyə saxladıq. Amma heç bir ibrət alan varmı?!
(16) Görəydin Mənim haqqı yalan sayanlara verdiyim əzab və onları ölümlə qorxutmağım necə oldu?!
(17) Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
(18) Ad qövmü də peyğəmbərləri Hudu (aleyhissəlam) yalançı saydı. Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!
(19) Biz, şəri və uğursuzluğu Cəhənnəmədək onlarla davam edən bir gündə onların üstünə çox soyuq külək göndərdik.
(20) O külək insanları yerdən ayırıb, kökündən çıxardılmış xurma kötükləri kimi başüstə ətrafa atırdı.
(21) Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!
(22) Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
(23) Səmud qövmü də özlərinin Peyğəmbəri Salehin (aleyhissəalm) təhdidlərini yalan saydı.
(24) Onlar təkəbbür göstərərək dedilər: “Biz özümüzdən olan bir adama tabe olacağıq?! Əgər belə olduğu halda biz ona tabe olsaq, həqiqətən də, doğru yoldan azar, əyri yola düşər və ağılsız iş görmüş olarıq!
(25) Məgər vəhy bizim aramızdan heç kəsə yox, xüsusi olaraq yalnız ona nazil oldu?! Xeyr, əksinə, o, yalançıdır, təkəbbürlüdür!”
(26) Qiyamət günü onlar kimin - Salehin, yoxsa onların yalançı və təkəbbürlü olduğunu mütləq biləcəklər.
(27) Biz onları sınağa çəkmək üçün qayadan bir dişi dəvə çıxardıb göndərəcəyik. Ey Saleh! Onların o dəvəyə nə edəcəklərini və özlərinin başına nələr gələcəyini gözlə və onların əziyyətlərinə səbir et!
(28) Onlara xəbər ver ki, onların quyusunun suyu, özləri ilə dəvə arasında bölüşdürülmüşdür, bir gün dəvə üçün, bir gün də onlar üçün. Onlardan hər biri öz payını götürmək üçün öz növbəsində gəlməlidir!
(29) Onlar dəvəni öldürmək üçün öz havadarlarını çağırdılar, o da öz qövmünün əmrini yerinə yetirərək qılınc götürüb dəvəni öldürdü.
(30) Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!
(31) Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərib onları məhv etdik və onlar mal-qara ağılında istifadə edilən qurumuş ağac kimi oldular.
(32) Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
(33) Lut qövmü də özlərinin Peyğəmbəri Lutun (aleyhissəalm) təhdidlərini yalan saydı.
(34) Biz onların üstünə daş yağdıran külək göndərdik. Yalnız Lutun (aleyhissəlam) ailəsinə əzab toxunmadı. Biz onları əzabdan xilas etdik. Belə ki, gecənin axırında o qövmə əzab yetişməmişdən əvvəl Lut (aleyhissəlam) və və onun ailəsi kənddən çıxarıldılar.
(35) Biz Öz tərəfimizdən onlara bir nemət olaraq onları bu əzabdan xilas etdik. Biz Allahın nemətlərinə şükür edənləri Lutu (aleyhissəlam) mükafatlandırdığımız kimi mükafatlandırırıq.
(36) Lut onları Bizim əzabımızla qorxutdu, onlar isə bu təhdidlərə şəkk etdilər və onu yalançı saydılar.
(37) Onlar Lutdan öz qonaqları ilə - mələklərlə tək buraxmağı tələb etdilər ki, özlərinin murdar istəyinə nail olsunlar. Biz də onların gözlərini kor etdik və onlara dedik: “Əzabımı və sizə etdiyim təhdidimin nəticəsini dadın!”
(38) Sübh çağı onlara axirət gününədək yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
(39) Onlara deyildi: "Sizə nazil olan əzabımı və Lutun sizə etdiyi təhdidlərinin aqibətini dadın!
(40) Biz Quranı yada salmaq və ondan öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma onun içində olan öyüd-nəsihətlərdən ibrət alan varmı?!
(41) Firon nəslinə də, Musa və Harunun (aleyhimməssəlam) vasitəsilə xəbərdarlığımız gəlmişdi.
(42) Onlar Bizim göndərdiyimiz dəlilləri və sübutları yalan saydılar. Biz də onları bu dəlilləri yalan saydıqlarına görə, heç kəsin üstün gələ bilmədiyi qüdrətli və heç kəsin qarşısında aciz qalmayan qadir Allahın cəzası ilə cəzalandırdıq.
(43) Ey Məkkə əhli! Sizin kafirləriniz haqqı yalan saymış o kafirlərdən - Nuh qövmündən, Adlılardan, Səmudlulardan, Lut tayfasından, Firon və onun qövmündən yaxşıdırmı?! Yoxsa səmavi kitablarda sizin əzabdan xilas olacağınıza dair toxunulmazlıq vəd edilmişdir?!
(44) Yoxsa Məkkə əhlindən olan o kafirlər: “Biz hamımız, bizə pislik etmək istəyən və bizim birliyimizi dağıtmağa çalışan kimsələrə qalib gələcək bir dəstəyik!” – deyirlər?!
(45) Bu kafirlərin dəstəsi mütləq məğlub olacaq və möminlərin gözləri önündə arxaya dönüb qaçacaq. Bu, artıq Bədr döyüşündə baş vermişdir.
(46) Xeyr, onların yalan saydığı qiyamət satı özlərinin əzaba düçar olmalarından ötrü müəyyən edilmiş vaxtdır. O saat isə onların Bədrdə üzləşdiyi dünya əzabından daha əzəmətli və daha acıdır.
(47) Həqiqətən də, küfr və asiliklər etməklə günaha batanlar haqdan uzaq bir azğınlıq, üstəlik, əzab və əziyyət içindədirlər.
(48) O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara məzəmmət edilərək belə deyiləcəkdir: “Dadın Cəhənnəm əzabını!”
(49) Həqiqətən də, Biz kainatda hər şeyi əzəldən yazdığımız qədərə uyğyn yaratdıq və bunlar Bizim elmimizə, istəyimizə və Lövhü-məhfuzda yazdığımıza müvafiq oldu.
(50) Biz bir işin olmasını istədikdə, bircə dəfə ona: "Ol!"- deyə əmr edirik, istədiyimiz dərhal bir göz qırpımında yerinə yetir.
(51) Biz əvvəlik ümmətlərdən küfr etməkdə sizə bənzəyənləri məhv etmişik. Amma heç bundan ibrət alıb öz küfründən uzaqlaşan varmı?!
(52) Bəndələrin etdiyi hər bir əməl mələklərin qeydə aldığı kitablarda yazılır və bu işdə heç bir şey onların nəzərindən qaçmır.
(53) Hər bir kiçik və böyük əməl və söz əməllərin qeydə alındığı səhifələrdə, həm də lövhi-məhfuzda yazılmışdır və onlar bu əməllərin əvəzini alacaqlar.
(54) Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə nemətlər içində və axar çaylar kənarında olcaqlar.
(55) Onlar hər şeyə gücü yetən və heç bir şeyin Onu aciz buraxmayan Hökmdarın hüzurundakı, içində yalan danışılmayan və günah işlərə yol verilməyən haqq məclisində olacaqlar. Onların o məclisdə tükənməz nemətlərdən nələrə nail olacaqları barədə heç soruşma.