(1) İnsanların qiyamət günü əməllərindən dolayı hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onların başları dünyaya qarışdığı üçün onlar hələ də axirət həyatından qafil olaraq, üz çevirməkdədirlər.
(2) Onlara uca Allah tərəfindən Qurandan yeni bir ayə nazil edildikdə, onlar bu ayələrə özlərinə fayda verəcək bir şəkildə deyil, əksinə, istehza edərək və məhəl qoymadan dinləyərlər.
(3) Onlar Quranı, qəlbləri ondan qafil olduuğu halda dinləyərlər. Uca Allahın nazil etdiyi ayələrə küfr edərək özlərinə zülm edən zalımlar öz aralarında yavaşca, pıçıltı ilə belə deyirlər: "Məgər özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu Muhəmməd sizdən heç bir üstünlüyü olmayan, əksinə, elə sizin kimi bəşər övladı olan adi bir insan deyilmi?! Onun gətirdiyi Quran sehrdən başqa bir şey deyildir. Siz onun, özünüz kimi adi bir bəşər övladı olduğunu və gətirdiyi Quranın da sehrdən başqa bir şey olmadığını dərk etdiyiniz bir halda indi onun ardıncamı gedəcəksiniz?!"
(4) Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkə müşriklərinə belə dedi: "Rəbbim qəlbinizdə gizlədib, demədiyiniz və göylərdə və yerdə hər bir kimsənin dediyi sözü daha yaxşı bilir. O, qullarının sözlərini eşidəndir, etdikləri əməlləri biləndir. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!"
(5) Məkkə müşrikləri Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi din barədə müxtəlif fikirlərə düşərək bəzən: "Bunlar yozumu olmayan qarmaqarışıq yuxulardır!", bəzən: "Xeyr, bu əsli olmayan, özündən uydurduğu bir yalandır!", bəzən də: "Xeyr, o, bir şairdir!. Əgər o peyğəmbər olduğu iddiasında doğrudursa, elə isə qoy o, Musanın əsası və Salehin dəvəsi kimi əvvəlki elçilərə göndərilən möcüzələrdən bizə də bir möcüzə gətirsin!"- dedilər.
(6) Onlardan əvvəl möcüzələr nazil edilməsini tələb edən kimsələrə Allah tərəfindən möcüzələr nazil edilsə də, onlar yenə də bu möcüzələrə iman gətirmədilər, əksinə, bütün bunları yalan saydılar, elə bu üzdən də Biz onların hamısını məhv etdik. Məgər indi onların tələb etdikləri möcüzələri nazil etmiş olsaq onlar Allaha imanmı gətirəcəklər?!
(7) Ey Peyğəmbər! Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq bəşər övladından olan kişi peyğəmbərlər göndərmişdik. Biz onlara əsla mələklərdən peyğəmbərlər göndərmədik. Əgər bunu bilmirsinizsə, bu barədə sizdən əvvəl olan Kitab əhlindən soruşun!
(8) Biz göndərdiyimiz peyğəmbərləri yemək yeməyən bir vücuda sahib etmədik. Əksinə, Biz onları diğər insanlar kimi yemək yeyən bir kimsələr etdik. Onlar həyatda ölümsüz bir şəkildə əbədi qalan da deyildilər.
(9) Sonra elçiləri və möminlərdən dilədiyimiz kimsələri həlak olmaqdan xilas edib, Elçilərimizə verdiyimiz vədi yerinə yetirdik. Allaha küfr edərək və günahlar işləyərək həddi aşanları isə məhvə uğratdıq.
(10) Biz sizə Quranı nazil etdik. Bilin ki, əgər siz bu Quranı təsdiq edib və orada olan Allahın əmr və qadağalarına əməl etsəniz bu sizin Allah yanında qədir-qiymətinizi və dəyərinizi yüksəldər. Doğurdanmı siz bunu başa düşmürsünüz?! Məgər siz bundan sonra da Qurana iman gətirməyə və onun içindəkilərə əməl etməyə tələsməyəcəksiniz?!
(11) Biz zülm və küfr edən bir çox məmləkət əhlini etdikləri günahlar səbəbindən məhv edib, sonra başqa xalqlar yaratdıq.
(12) Həlaka düçar olanlar öz gözləri ilə şiddətli əzabımıza şahid olduqda, dərhal yaşadıqları öz yurdlarından qaçmağa başladılar.
(13) Onlara istehza və məsxərə edilərək belə deyiləcəkdir: "Qaçmayın! Ləzzət və bolluq içində yaşadığınız yurdlarınıza geri dönün. Çünki etdiyiniz əməllərə görə mütləq soruşulacaqsınız!"
(14) Günahlarını etiraf edən bu zalim kimsələr belə dedilər: "Vay halımıza! Artıq biz həlak olduq. Biz, doğrudan da Allaha küfr edib və öz nəfslərimizə zülm etməklə zalım olmuşuq".
(15) Onlar günahlarını etiraf etməyə, özlərinin həlak olmaları üçün öz nəfslərinə bəd dua etməyə və etdikləri bu duaları təkrarlamağa davam edərkən, Biz onları biçilmiş əkinə və hərəkət etməyən ölülərə çevirdik.
(16) Biz göyü, yeri və onların arasında olanları boş və əbəs yerə yaratmadıq. Biz bütün bunların hamısını qüdrətimizə dəlalət etməsi üçün yaratdıq.
(17) Əgər Biz Özümüzə arvad-uşaq seçmək istəsəydik, onu mütləq Öz yanımızda olanlardan seçərdik. Ancaq Biz belə şeylərdə uzaq olduğumuz üçün bunu etmədik.
(18) Biz, elçilərimizə vəhy etdiyimiz haqqı, küfr əhlinin sahib olduğu batil üzərinə atarıq, beləliklə də, batil məhv olub gedər. Ey Allahın Özünə arvad-uşaq seçdiyini söyləyən kimsələr! Allaha layiq olmayan sifətləri Ona aid etdiyinizə görə siz mütləq həlak olacaqsınız!
(19) Göylərin və yerin mülkü yalnız pak və uca olan Allaha məxsusdur. Onun yanında olan mələklər Ona ibadət etməyə əsla lovğalıq, təkəbbür göstərməz və bundan yorulmazlar.
(20) Onlar daima Allahı zikir edib, Onun şəninə təriflər və həmd-sənalar deyir və bundan əsla usanmazlar.
(21) Amma müşriklər isə özlərinə yer üzündə Allahdan başqa ölüləri diriltməyə qadir olmayan tanrılar qəbul etdilər. Axı onlar bunu etməkdən aciz olana necə ibadət edirlər?
(22) Əgər göylərdə və yerdə bir çox ilahlar olsaydı, bu zaman göylərin və yerin mülkünə sahib çıxmaq üçün onlar arasında bir çəkişmə baş verərdi və sonda onların hər ikisi məhv olub gedərdi. Həqiqət isə bunun tam əksidir. Ərşin Rəbbi olan Allah müşriklərin iftira ataraq Onun şərikləri olduğu iddialarından uzaqdır!
(23) Uca Allah mülkündə və hökmündə təkdir. Verdiyi hökmlərə görə kimsə Onu sorğu-sual edə bilməz. Ancaq O, Öz qullarının etdikləri əməllərə görə onları sorgu-sual edəcək və əməllərinin qarşılığını verəcəkdir.
(24) Məgər müşriklər özləri üçün Allahdan başqa ilahlar qəbul etdilər? Ey Peyğəmbər! O müşriklərə belə de: "Haydı onların ibadətə layiq olmasına dair sübutunuzu göstərin! Mənə nazil edilən bu Quranda və məndən öncəkilərə nazil edilən kitablarda sizin üçün heç bir dəlil və sübut yoxdur. Lakin müşriklərin əksəriyyəti yalnız cəhalətə və təqlidə istinad edər və haqqı qəbul etməkdən də üz çevirərlər!"
(25) Ey Peyğəmbər! Səndən öncə göndərdiyimiz bütün elçilərə: "Məndən başqa ibadətə layiq haqq məbud yoxdur. O halda tək Mənə ibadət edin və Mənə heç bir şeyi şərik qoşmayın! – deyə vəhy etmişdik.
(26) Müşriklər: "Allah mələkləri Özünə övlad götürdü!" – dedilər. Uca Allah onların söylədikləri bu yalandan, pak və müqəddəsdir! Əksinə, mələklər Allahın hörmətli və Ona yaxın olan qullarıdır
(27) Mələklər Rəbbindən öncə bir söz söyləməzlər. Onlara izin verilmədikcə danışmazlar. Onlar ancaq Allahın əmrini yerinə yetirərlər və Onun heç bir əmrinə əsla müxalif olmazlar.
(28) Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar Allahın, şəfaət edilməsinə razı qaldığı kimsələrə Onun izni olmadan heş bir kimsəyə şəfaətçi olmazlar. Onlar Allahın qorxusundan tir-tir əsirlər və Allahın əmr və yasaqlarına əsla müxalif olmazlar.
(29) Əgər mələklərdən biri: "Mən Allahdan başqa bir məbudam!" – deyərsə, Qiyamət günü Biz, onun söylədiyi bu sözündən dolayı ona içərisində əbədi qalacağı Cəhənnəm əzabı ilə cəzalandırarıq. Biz Allaha qarşı küfr və şirk edən zalımları da belə cəzalandırırıq.
(30) Məgər Allaha küfr edənlər göylərlə yerin bir-biri ilə bitişmiş və aralarında heç bir boşluğun olmadığı bir halda, səmadan yağmur endirib onların arasını bir-birindən araladığımızı və səmadan yerə endirdiyimiz yağmur səbəbi ilə yer üzündə hər bir canlını və bitkini sudan yaradıb onlara həyat verdiyimizi görmürlərmi?! Məgər onlar bundan sonra da ibrət alıb və tək olan Allaha iman etməyəcəklər?!
(31) Yer, üzərində olanları yırğalamasın deyə orada möhkəm durmuş dağlar yaratdıq. Onlar səfərlərində getmək istədikləri yerə asanlıqla gedə bilsinlər deyə, orada geniş yollar saldıq.
(32) Göy üzünü qopub yerə düşməməsi üçün heç bir dirəksiz mühafizə olunan bir tavan etdik və şeytanların ora gizli bir şəkildə yaxınlaşıb hər hansı bir xəbər oğurlamasına mane olduq. Amma müşriklər göydə olan günəş və ay kimi əzəmətli ayələrimizi düşünüb ibrət almaqdan üz çevirirlər.
(33) Gecəni yatıb rahatlanmaq və gündüzü də çalışıb ruzi qazanmaq üçün yaradan tək olan Allahdır. Günəşi gündüzün əlaməti, Ayı da gecənin əlaməti olaraq, O yaratdı. Günəş və Ayın hər biri öz məcrası üzrə axıb gedər və onların hər biri nə öz məcrasından kənara çıxar, nədi ki, hər hansı başqa bir tərəfə meyil edər.
(34) Ey Peyğəmbər! Biz səndən öncə heç bir bəşər övladına bu həyatda əbədi olaraq qalmasına izin vermədik. Yoxsa sən bu həyatda əcəlin çatıb öldüyün bir halda, onlar səndən sonra həmişəlik sağmı qalacaqlar?! Xeyir, bu əsla baş tutan bir şey deyil.
(35) Hər bir mömin və kafir nəfs bu dünyada ölümü dadacaqdır. Ey İnsanlar! Biz sizi bu dünya həyatında öhdəliklər, nemətlər və çətinliklərlə sınağa çəkəcəyik. Siz öldükdən sonra başqasına deyil, yalnız Bizə qaytarılacaqsınız və Bizdə dünyada ikən etdiyiniz əməllərinizin qarşılığını sizə verəcəyik!
(36) Ey Peyğəmbər! Müşriklər səni gördükləri zaman özlərinə tabe olanların qəlbində sənə qarşı nifrət yaratmaq üçün sənə istehza edərək bir-birinə: "İbadət etdiyiniz ilahlarınızı təhqir edən budurmu?" – deyirlər. Onların sənə istehza etmələri azmış kimi, Allahın Qurandan onlara nazil etdiyi ayələri inkar edər və onlara bəxş etdilən nemətlərə qarşı isə nankorluq edərlər. Onlar bütün bu pisliklərə sahib olduqları üçün eyib olunmağa daha yaliq görülən kimsələrdir.
(37) İnsan xilqət etibarilə hövsələsiz və tələskən yaradılmışdır. O, müşriklərin, Allahın əzabının özlərinə tez bir zamanda gəlməsini istədikləri kimi, bir işin vaxtı çatmadan olmasına tələsər. Ey əzabıma tələsən kimsələr! Tələsdiyiniz şeyləri mütləq sizə göstərəcəm, elə isə tələsərək onun tez bir zaman da olmasını istəməyin!
(38) Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər səbirsizlik göstərərək: "Ey Müsəlmanlar! Əgər doğru söyləyirsinizsə deyin görək, öldükdən sonra yenidən dirilməyi iddia etdiyiniz Qiyamət saatı nə vaxt gerçəkləşəcəkirdir?!" – deyə soruşarlar.
(39) Kaş ki, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər üzlərindən və kürəklərindən onları əhatə edən alovdan qaçıb canlarını qurtara bilməyəcəklərin və onları Allahın əzabından heç bir kimsənin kömək edə bilməyəcəyini biləydilər! Əgər onlar bunu bilsəydilər, Allahın əzabının tezliklə gəlməsini əsla istəməzdilər.
(40) Yox, onlara əzab verən atəş heç də onların zənn etdikləri kimi gözlədikləri bir halda deyil, əksinə, qəfildən və gözləmədikləri bir halda gələcəkdir. Allahın əzabı onlara yetişdikdə, bu əzabın qarşısını alıb onu özlərindən dəf edə bilməyəcəklər və onlar Allahın rəhmətinə nail olmasın deyə onlara heç tövbə etməyə aman da verilməyəcəkdir.
(41) Ey Peyğəmbər! Sən göndərilən peyğəmbərlərin birincisi olmadığın halda, qövmün səni məsxərəyə qoyub, istehza etsə, bil ki, səndən əvvəlki peyğəmbərlər də öz qövmləri tərəfindən məsxərəyə qoyulub, onlara istehza edilmişdir. Peyğəmbərlərin dünyada ikən kiafirləri Allahın əzabı ilə qorxutduğu bir zaman peyğəmbərləri istehza edən kafirləri elə istehza etdikləri əzab məhv etdi.
(42) Ey Peyğəmbər! Əzabın tez bir zamanda gəlməsinə tələsən kimsələrə de: "Rəhman sizə əzab göndərmək və ya sizi məhv etmək istəsə, deyin görək, sizi gecə və gündüz Allahın əzabından kim müdafiə etməyə qadir ola bilər?!" Lakin onlar öz Rəbbinin nəsihətini və dəlillərini xatırlamaqdan üz döndərdilər. Cəhalət və səfehliklərindən dolayı bu barədə əsla düşünmürlər.
(43) Onları Bizim əzabımızdan qurtara biləcək ilahlarımı var? Onların ilahları nə özlərinə fayda verən bir şeyi əldə etməyə, nə də ki, özlərinə zərər verən bir şeyi dəf etməyə qadirdilər. Axı özünə fayda verməyə qadir olmayan başqasına yardım etməyə necə qadir ola bilər?! Onlar heç özlərini Bizim əzabımızdan qurtata bilməzlər.
(44) Bəli, Biz kafirlərə və onların ata-babalarına, onları qəfildən əzabla yaxalamaq üçün ömürləri boyunca bol-bol nemətlər və xoş güzəran bəxş etdik. Onlar bu bol-bol nemətlər içərisində o qədər firavan yaşadılar ki, hətta daima belə qalacaqlarına aldanıb, öz küfr əməllərində ölənə davam etdilər. Məgər onlara bəxş edilən nemətlərimizə aldanıb, əzabımızın tez bir zamanda gəlməsini istəyən o kimsələr, müsəlmanlara zəfər verərək, onları məğlub edib yaşadıqları torpaqları əllərindən alaraq və ərazini hər tərəfdən əskildib müsəlmanların ixtiyarına verdiyimizi görmürlərmi? Yoxsa onlar, başqalarının başına gələnlərin onların başına gəlməyəcəyinimi zənn edirlər?! Onlar qalib deyil, əksinə, məğlub olan kimsələrdir!
(45) Ey Peyğəmbər! De ki: "Ey İnsanlar! Mən, Rəbbimin mənə nazil etdiyi vəhy sayəsində sizi Allahın əzabıilə qorxuduram. Lakin karlar Allahın əzabından qorxudulduğları zaman çağılıldıqları haqqı qəbul edib onu lazımınca dinləməzlər!"
(46) Ey Peyğəmbər! Rəbbinin əzabından payı olub, bu əzabın özlərinə tez bir zamanda gəlməsinə tələsən o kimsələrə əzab toxunduqda, onlar mütləq: "Vay bizim halımıza! Biz, həqiqətən də, Allaha şərik qoşmaqla, Muhammədin (sallallahu aleyhi və səlləm) bizə gətirdiyi haqqı yalan saymaqla özümüzə zülm etmişik" – deyərlər.
(47) Biz Qiyamət günü insanların əməllərini haqq-hesaba çəkmək üçün ədalət tərəziləri quracağıq. O gün heç bir kimsəyə yaxşı əməlləri naqis edilərək və ya pis əməlləridə artırılaraq zülüm edilməyəcəkdir. Əgər etdikləri əməllər xardal dənəsi qədər kiçik bir şey olsa belə, Biz onu gətirib tərəziyə qoyacağıq. Qullarımzın əməllərini haqq-hesab etməyə Biz bəs edərik.
(48) Biz Musa və Haruna - aleyhiməssəlam - haqqı batildən, halalı haramdan ayıran, iman etmiş kimsələrə doğru yol göstərən və müttəqilər üçün Rəbbi yanında bir öyüd-nəsihət olan Tövratı verdik.
(49) O müttəqilər ki, öz Rəbbini görmədikləri halda Ona iman edib, Onun əzabından qorxar və Qiyamət saatında da qorxub çəkinərlər.
(50) Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, xeyir-bərəkəti, bol və öyüd-nəsihət almaq istəyənlər üçün mübarək bir Zikrdir. Bütün bunlara rəğmən siz onu inkarmı edirsiniz?! Onu təsdiq edib, içindəkilərə əməl etməyəcəksinizmi?!
(51) Biz İbrahimə elə kiçik yaşında ikən qövmünə Allahın vəhdaniyyətini sübut edən dəlillər bəxş etdikdə. Biz zatən onu daha yaxşı tanıyırdıq. Biz ona qövmü qarşısında dəlillər gətirməsi üçün Öz elmimizdən lazım olan dəlillər bəxş etmişdik.
(52) Bir zaman o atası Azərə və qövmünə: "Öz əllərinizlə düzəldib sonra da onlara ibadət ediyiniz bu bütlər nədir?" – demişdi.
(53) Qövmü ona belə dedi: "Atalarımızın onlara ibadət etdiklərini gördük, bizdə onların ardınca gedərək bu bütlərə ibadət edirik!"
(54) İbrahim - Aleyhissəlam - qövmünə belə dedi: "Ey atalarının ardınca gedənlər! Doğrusu, siz də, atalarınız da, açıq-aydın haqq bir yoldan azğınlığa düşmüş kimsələrsiz!"
(55) Qövmü ona belə dedi: "Sən bizə bu söylədiklərini ciddi deyirsən, yoxsa bizimlə zarafat edirsən?"
(56) İbrahim onlara belə cavab verdi: "Xeyr, mən sizinlə zarafat etmirəm, əksinə, sözümü ciddi olaraq deyirəm. Sizin Rəbbiniz göyləri və yeri misilsiz olaraq yoxdan var edən tək olan Allahdır. Mən də? yalnız Uca Allahın göylərin və yerin Rəbbi olduğuna şahidlik edənlərdənəm. Bu xüsusda ibadət etdiyiniz bütlərin heç bir payı yoxdur.
(57) İbrahim qövmü eşitməyəcək bir şəkildə belə dedi: "Allaha and olsun ki, siz bayramınızı qeyd etməyə getdikdən sonra bütlərinizin başına xoşlamadığınız bir oyun açacağam!"
(58) Nəhayət İbrahim bütləri sındırıb kiçik parçalara ayırdıqdan sonra qövmünün qayıdıb bütlərinin kim bu hala salmasını soruşacaqlarını zənn edərək yalnız onların ən irisini sındırmadan sağ buraxdı.
(59) İbrahimin qövmü qayıdıb bütlərinin parça-parça edilib sındırılmış bir halda gördükdə, bir-birilərinə: "Məbudlarımızı kim bu hala salmışdır? Təzimə layiq olan bütlərimizə qarşı belə bir həqarətə əl atan kimsə həqiqətən də zalımlardandır!" – dedilər.
(60) Onlardan bəziləri: "Bir cavan oğlanın onları təhqir edib, eyiblədiyi eşitmişik, insanlar ona İbrahim deyə çağırırlar. Ola bilsin ki, bu işi o edib" – dedilər.
(61) Qöymünün zadəgan təbəqəsindən olanları: "İbrahimi insanların gözü qabağına gətirin ki, bəlkə o, etdiyi əməli insanlar qarşısında boynuna almasına onlarda şahidlik edərlər. Bu zaman onun bu etdiyi əməli boynuna alması sizin əlinizdə ona qarşı bir dəlil olar" – dedilər.
(62) Müşriklər İbrahimi tapıb gətirərək ona belə dedilər: "Bütlərimizə qarşı çirkin bu əməli sənmi etdin, ey İbrahim?!"
(63) İbrahim, insanların gözü önündə bütlərinin acizliyini onlara göstərmək üçün dedi: "Xeyr, bunu mən etmədim. Əksinə bu işi bütlərin ən böyüyü etmişdir. Əgər bütləriniz danışa bilirlərsə, məndən yox, onlardan soruşun."
(64) Onlar bir qədər düşünüb, bütlərinin heç bir fayda, yaxud zərər verə bilmədiyini və onların da Allahı tərk edib dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə ibadət etdikləri üçün öz-özlərinə zülm etdiklərini anladılar.
(65) Sonra inadkarlıq edərək yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: "Ey İbrahim! Axı sən bu bütlərin danışmağa qadir olmadığlarını bildiyin bir halda, bizə necə onlardan soruşmağı əmr edirsən?" Onlar bu sözlə İbrahimə qarşı dəlil gətirmək istəslər də, lakin onların bu sözü elə özlərinə qarşı dəlil oldu.
(66) İbrahim onların söylədiklərini inkar edərək belə dedi: "Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən, özlərini zərərdən qorumağa və həmçinin özlərinə hər hansı bir faydanı cəlb etməyə aciz olan bütlərəmi tapınırsınız?!"
(67) Sizə də yazıqlar olsun, Allahdan başqa fayda və zərər verə bilməyən tapındıqlarınız bütlərə də! Doğrudanmı, siz bunu dərk edib, onlara tapınmaqdan əl çəkməyəcəksiniz?!"
(68) (Nəmrud və ətrafındakılar öz camaatına) İbrahimi dəlil-sübutla məğlub etməkdən aciz qaldıqlarını gördükdə, ona qarşı zor tətbiq edərək belə dedilər: "Parça-parça yerlə yeksan etdiyi bütlərinizə yardım edib, İbrahimə bir cəza vermək istəyirsinizsə, onu atəşdə yandırın!"
(69) Həhayət, onlar böyük bir od qalayıb İbrahimi onun içinə atdılar. Biz bu zaman: "Ey od! İbrahim üçün soyuq və salamat ol!" – dedik. Od da elə ona əmr etdiyimiz kimi oldu və beləliklə, İbrahimə heç bir zərər yetirmədi.
(70) İbrahimin - aleyhissəlam - qövmü onu oda atıb yandırmaqla ona qarşı hiylə qurmaq istədi, lakin Biz onların qurduqları bu hiyləni boşa çıxarıb onları məğlub və həlak olanlar etdik.
(71) Biz İbrahimi də, Lutu da zalım tayfasının əlindən xilas edib, hər ikisini, peyğəmbərlər çıxartdığımız və aləmlər üçün xeyir-bərəkət verdiyimiz Şam torpağlarına gətirdik.
(72) İbrahim Rəbbinə onu bir oğlan övladı ilə ruziləndirməsi üçün dua etdikdə, Biz ona İshaqı və üstəlik, Yaqubu bağışladıq. Biz İbrahimi və onun hər iki övladını əməlisaleh və Allaha itaətkar qullardan etdik.
(73) Biz onları xeyirli işlərdə insanlara doğru yolu göstərən rəhbərlər etdik. Onlar Allahın izni ilə insanları yalnız tək Allaha ibadət etməyə dəvət edirdilər. Biz onlara xeyirli işlər görməyi, namaz vaxtı-vaxtında kamil şəkildə qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizim itaətkar qullarımızdan idilər
(74) Biz Luta mübahisəçilər arasında çətin məsələləri həll edib hökm çıxartmağı və şəri elmi bəxş etdik. Biz onu, Sədum məmləkətinə göndərdiyimiz əzabdan xilas etdik. O məmləkətin xalqı olduqca murdar işlər görən bir kimsələr idi. Həqiqətən, onlar Rəbbinin itaətindən çıxan fasiq bir qövm idi.
(75) Biz onu, qövmünə göndərilən əzabdan xilas edərək Öz mərhəmətimizlə bürüdük. Həqiqətən də, o, əmrlərimizi yerinə yetirib, qadağalarımızdan çəkinən saleh kimsələrdən idi.
(76) Ey Peyğəmbər! Nuhun hekayəsini də yada sal! Belə ki o, İbrahim və Lutdan da əvvəl Uca Allaha dua etmiş, Biz də onun duasını qəbul edərək, istədiyini verib, onu və ailəsindən ona iman edənləri böyük qəm-qüssədən qurtarmışdıq!
(77) Biz Nuhu, onun, həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən ayələrimizlə dəstəkləyərək onu yalançı hesab edən qövmünün hiyləsindən xilas etdik. Çünki onlar yer üzündə fitnə-fəsad çıxaran şər bir qövm idi. Odur ki, Biz onların hamısını suya batırdıq.
(78) Ey Peyğəmbər! Davud və onun oğlu Süleymanın hekayəsini də yada sal! Bir zaman onlar bir adamın qoyunlarının gecə vatxı girib zay elədiyi bir əkin sahəsi barəsində iki kişi arasında hökm vermişdilər. Biz Davud və Süleymanın verdiyi hökmə şahid idik. Onların verdikləri hökmdən Bizə heç bir şey gizli qalmadı.
(79) Biz o məsələdə necə hökm vermək lazım olduğunu Davuda deyil, onun oğlu Süleymana başa saldıq. Biz, Davud və Süleymana - hər ikisinə peyğəmbərlik və şəriəti dərindən bilməyi bəxş etdik. Biz bunu sadəcə Süleymana xas etmədik. Biz dağları və quşları Davudun ixtiyarına buraxdıq. Davud Allahın şəninə həmd-sənalar etdikdə onlarda Davudla birlikdə Allahın şəninə həmd-sənalar edərdilər. Biz bütün bunların hamısını anlatmaq, hökm və elm bəxş etmək və bəzi şeyləri onların ixtiyarına buraxmaq üçün belə etdik.
(80) Biz Süleymana deyil, Davuda silahın öldürücü zərbələrinə qarşı vücudlarınızı təhlükələrdən mühafizə edəcək zirehli geyim düzəltməyi öyrətdik. Ey İnsanlar! Allahın sizə bəxş etdiyi bu nemətlərə görə Ona şükür edirsinizmi?!
(81) Biz şiddətli əsən küləyi Süleymanın əmrinə tabe etdik. Belə ki, Süleyman, küləyə əmr etdikdə, külək onun əmri ilə bərəkətli etdiyimiz, peyğəmbərlər göndərdiyimiz və bol-bol xeyirlər bəxş etdiyimiz Şam torpaqlarına tərəf əsərdi. Biz hər şeyi bilirik. Bizə heç bir şey gizli qalmaz.
(82) Şeytanlardan dənizə dalıb onun üçün mirvari, inci və digər qiymətli şetylər çıxaranları onun əmrinə verdik. Bu şeytanlar ev tikmək və bundan başqa digər işlərdə onun üçün edirdilər. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların saylarını və etdikləri əməlləri nəzarətimiz altında saxlayırdıq. Bundan heç bir şey Bizim nəzarətimizdən kənar qalmadı.
(83) Ey Peyğəmbər! Əyyubun - aleyhissəlam - hekayəsini də, yada sal! O, xəstəliyə düçar olduqda, Rəbbinə: "Ey Rəbbim! Mən, xəstəlik və ailəmi itirmək müsibətinə məruz qaldım. Sən mərhəmətlilərin ən mərhəmətlisisən, məni düşdüyüm bu bəladan xilas et!"– deyərək yalvarıb dua demişdi.
(84) Biz Əyyubun duasını qəbul etdik və onu xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən qurtardıq. Biz ona ailəsindən, övladlarından itirdiklərini özünə qaytarıb və eyni zaman da onlarla bərabər bir mislinidə əlavə olaraq ona verdik. Biz bütün bunları Öz tərəfimizdən bir mərhəmət və Allaha ibadət etməklə Onun əmrinə tabe olanlara bir öyüd-nəsihət olsun deyə etdik ki, qoy onlarda Əyyubun səbir etdiyi kimi səbir etsinlər.
(85) Ey Peyğəmbər! İsmaili, İdrisi və Zülkifli - aleyhimusəlam - də yada sal! Onlardan hər biri müsibətə qarşı səbir edən və Allahın onları mükəlləf etdiyi öhdəlikləri yerinə yetirən kimsələr idi.
(86) Biz onları Öz rəhmətimiz altına aldıq, onlara peyğəmbərlik bəxş etdik və bunun ardından onları Cənnətə daxil etdik. Çünki onlar, həqiqətən də, Rəbbinə itaət edən, zahiri və batini əməllərini islah etmiş Allahın əməlisaleh qullarından idilər.
(87) Ey Peyğəmbər! Balıq sahibi Yunusu - aleyhissəlam - da yada sal! Bir zaman o, qövmünün günah işlər görməkdə davam etdiklərinə görə onlara qarşı qəzəblənərək Rəbbinin izni olmadan onlardan ayrılıb getmiş və Biz onu bu əməlinə görə cəzasız buraxıb, sıxıntıya salmayacağımızı zənn etmişdi. Nəhayət, balıq onu udub qarnında həbs etdikdə, Biz onu şiddətli bir sıxıntı ilə imtahan etdik. Sonra da o balığın qarnının, gecənin və dənizin zülmətində günahını etiraf edib, Allaha tövbə edərək: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən uca, pak və müqəddəssən! Mən isə həqiqətən də, özümə zülm edənlərdən oldum!" – deyərək yalvarıb dua etmişdi.
(88) Biz onun duasını qəbul etdik, onu zülmətdən və balığın qarnından çıxartmaqla böyük qəm-qüssədən qurtardıq. Biz Yunusu bu sıxıntıdan xilas etdiyimiz kimi, sıxıntıya düşüb Allaha yalvararaq dua edən möminləri də belə xilas edirik!
(89) Ey Peyğəmbər! Zəkəriyyanın - aleyhissəlam - hekayəsini də bir yada sal! Bir zaman o: "Ey Rəbbim! Məni övladsız, tək başına buraxma. Həqiqətən, Sən, varislərin ən xeyirlisisən. Məndən sonra qalacaq bir övladla məni ruziləndir!" – deyə yalvarıb dua etmişdi.
(90) Biz (Zəkəriyyanın) duasını qəbul etdik və ona övlad olaraq Yəhyanı verdik. Zövcəsi sonsuz olduğu bir halda, Biz onu uşaq doğmağa qadir bir hala gətirdik. Həqiqətən, Zəkəriyya, onun zövcəsi və oğlu yaxşı əməllər etməyə tələsər və rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq Bizə dua edərdilər. Onlar daima Bizə yalvarıb-yaxarardılar.
(91) Ey Peyğəmbər! Namusunu zinadan qoruyan Məryəmi - aleyhəssəlam - də yada sal! Bir zaman Allah ona Cəbraili - aleyhissəlam - göndərdi. Cəbrail də Məryəmə ruh üfürdi və Məyrəmdə bunun ardından İsaya - aleyhissəlam- hamilə qaldı. Məryəm və onun oğlu İsa, həmçinin, İsanın atasız xəlq edilməsi insanlara Allahın qüdrətini və heç bir şeyin Onu aciz edə bilməyəcəyini göstərən açıq-aydın bir dəlil idi.
(92) Ey insanlar! Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. O, tövhid inancı olan İslam dinidir. Mən sizin Rəbbinizəm. Elə isə ibadəti ixlasla yalnız Mənə edin!
(93) Lakin insanlar din barəsində ayrılığa düşdülər. Onlardan kimisi töhvid əhli, kimisi müşrik, kimisi kafir, kimisi də mömin oldu. Ayrılığa düşən bütün bu kimsələrin hamısı Qiyamət günü Bizim hüzurumuza qayıdacaqlar. Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik.
(94) Kim Allaha, Onun rəsullarına və axirət gününə iman edərək yaxşı işlər görsə, onun etdiyi yaxşı əməllər əsla inkar olunmayacaqdır. Əksinə, Allah onun əməlini qəbul edər və ona mükafatını tam və kamil bir şəkildə verər. Qiyamət günü dirildikdə isə etdiyi əməllərin hamısının əməl kitabında yazılıdığını görər və bundan dolayı o çox sevinər.
(95) Günahlarına görə məhv etdiyimiz məmləkət əhlinin tövbə edib və tövbələrinin qəbul edilməsi üçün yenidən dünyaya qaytarılması qeyri mümükündür.
(96) Onlar, Yəcuc və Məcuc səddi dağılana qədər əsla dünya həyatına geri dönməzlər. O gün Yəcuc və Məcuc hər alçaq və yüksək təpələrdən sürətlə axışıb gələcəklər.
(97) Onlar olduqları yerdən çıxması ilə Qiyamət saatı yaxınlaşar və bununla da qiyamətin dəhşəti hər bir tərəfi bürüyər. Bu zaman kafirlər qiyamət qorxusunun dəhşətindən gözləri bərəlmiş halda: "Vay halımıza! Biz başımızı dünya həyatına qarışdıraraq bu əzəmətli gün üçün heç bir tədarük görmədik. Üstəlik Allaha qarşı küfür və asiliklər etməklə özümüzə zülüm etdik!" – deyərlər.
(98) Ey müşriklər! Siz və Allahdan başqa tapındığınız bütlər də, insanlardan və cinlərdən sizin onlara ibadət etmənizə razı olanlar da Cəhənnəm odunusunuz. Siz və ibadət etdiyiniz bütlər mütləq ora girəcəksiniz.
(99) Əgər bu ibadət edilən bütlər həqiqi ilahlar olsaydılar, o zaman onlar özlərinə ibadət edənlərlə birgə Cəhənnəmə varid olmazdılar. Allahı qoyub qeyrisinə ibadət edənlərin və ibadət olunanların hər biri Cəhənnəmlikdirlər. Onlar orada əbəd qalacaqlar və əsla oradan çıxmayacaqlar.
(100) Onlar Cəhənnəmin şiddətli əzabından inildəyərək ah-nalə çəkəcəklər və Cəhənnəmin onlara olan dəhşətli əzabından dolayı başqa heç bir səs eşitməyəcəklər.
(101) Müşriklər: "İnsanların ibadət etdiyi İsa və mələklərdə Cənənnəmə varid olacaqlar" – deyincə, Uca Allah onlara belə cavab verdi: "Şübhəsiz ki, Allahın əzəli elmi ilə İsa - aleyhissəlam - kimi səadət əhli olan kimsələr Cəhənnəmdən uzaq olacaqlar.
(102) Onlar Cəhənnəmin gurultusunun səsini belə eşitməyəcəklər. Onlar Cənnətdə nəfslərinin arzuladığı nemət və ləzzətlər içində əbədi qalacaqlar. Onlara bəxş edilən bu nemətlər əsla onlardan geri alınmayacaqdır.
(103) Cəhənnəm əhlinin Cəhəmməmə atıldığı zaman bu ən böyük dəhşət Cənnət əhlini qorxutmayacaqdır. Mələklər onları müjdə verərək qarşılayıb: "Nəhayət bu sizə dünyada ikən vəd edilən gündür!" – deyəcək və Cənnətdə onları gözləyən nemətlərlə müjdələyəcəklər.
(104) Biz o gün göyü kağızın büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə lüt-üryan, anadangəlmə vəziyyətdə yaratdığımız kimi yenidən elə bir halda yaradacağıq. Biz bunu vəd verdik və vədimizə əsla xilaf çıxmarıq. Sözsüz ki, Biz vədimizi yerinə yetirəcəyik.
(105) Biz Lövhi-məhfuzda yazdıqdan sonra rəsullara nazil etdiyimiz kitablarda: "Yer üzünə Allahın əməlisaleh qulları varis olacaqlar!" – deyə yazmışdıq. Onlar Muhammədin (sallallahu aleyhi və səlləm) ümmətidir.
(106) Həqiqətən, nazil etdiyimiz öyüd-nəsihətlərdə, Rəbbinin şəriətinə əməl edən qulları üçün kifayət qədər ibrətlər vardır.
(107) Ey Muhamməd! Sən insanların haqq yola yönəlmələrinə və onların Allahın əzabından xilas olmalarına həris olduğun üçün Biz səni bütün məxluqata bir rəhmət olaraq göndərdik.
(108) Ey Peyğəmbər! Müşriklərə de: "Rəbbim tərəfindən mənə, sizin haqq məbudunuzun, heç bir şəriki olmayan, tək bir İlah olan Uca Allahın olduğu deyə vəhy edilmişdir. Elə isə siz, yalnız Ona iman edərək boyun əyin və Ona itaət edərək əməl edin!"
(109) Ey Peyğəmbər! Əgər onlar sənin gətirdiyin dindən üz döndərsələr, o zaman onlara de: "Mən və sizlər, sizə bildirdiyim şeylərdə eyni səviyyədəyik və Uca Allahın sizə vəd etdiyi əzabın nə zaman sizə gələcəyinidə bilmirəm!"
(110) Həqiqətən, Uca Allah yüksəkdən dediyiniz sözü də, deməyib, qəlbinizdə gizli saxlatdığınızı da yaxşı bilir. Bunlardan Ona heç bir şey gizli qalmaz. Şübhəsiz ki, bunun qarşılığını Uca Allah sizə verəcəkdir.
(111) Bilmirəm, əzabın sizə gecikdirilməsinin səbəbi bəlkə də, bu sizi sınaqdan keçirtmək və ya bəlanın qəfildən sizə göndərmək, yaxud da küfür və günah əməllərdə davam edəsiniz deyə Allahın təyin etdiyi müəyyən bir müddətə qədər dünya həyatından faydalanmağınız üçündür".
(112) Peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Bizimlə kafirdə israr edəm qövmümüz arasında ədalətlə hökm ver! Söylədiyiniz küfür və yalanlara görə ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləyirik!".