(1) Şübhəsiz ki, Allaha iman gətirib və Onun şəriətinə dosdoğru əməl edən möminlər, istədiklərinə nail olub, qorxduqları şeylərdən qurtulmaqla səadətə qovuşmuşlar!
(2) Onlar, namazlarını uca Allah qarşısında zəlil bir halda, bədən əzaları sükunət işində və qəlbləri onları məşğul edən hər bir şeydən uzaq bir halda, kamil şəkildə əda edərlər.
(3) Onlar, batildən, lüzumsuz şeylərdən və günah olan hər bir söz və əmədə uzaq durarlar.
(4) Onlar, nəfs və mallarındakı qüsurların təmizlənməsi üçün sahib olduqları malların vaxtı-vaxtında zəkatını verərlər.
(5) Onlar, zina (qeyri-qanuni cinsi əlaqə), livat (homoseksualizim) və bütün fahişə əməllərdən uzaq duraraq namuslarını qoruyurlar. Onlar, iffətlərini qoruyub saxlayan pak kimsələrdir.
(6) Yalnız zövcələri və ya sahib olduqları kənizlər bundan müstəsnadır. Şübhəsiz ki onlar, bu qadınlarla yaxınlıq etdiklərindən dolayı əsla qınanmazlar.
(7) Kim zövcələri və ya sahib olduqları kənizlərdən başqa qadınlardan yararlanmaq istəsə, o kimsə, Uca Allahın halal etdiyini buraxıb, haram etdiyinin ardınca getdiyi üçün Allahın qoyduğu hüdudları aşan kimsədir.
(8) Onlar, Allahın özlərinə fərz etdiyi şeyləri yerinə yetirəcəklərinə dair verdikləri sözü yerinə yetirər və insanların onlara əmanət buraxdıqları əmanətə isə xəyanət etməzlər. Eyni şəkildə onlar, verdikləri sözə müxalif çıxmaz, əksinə, vədlərinə daima sadiq qalarlar.
(9) Onlar namazlarını davamiyyətli olaraq, namazın rükularını, vaciblərini və müstəhəblərini yerinə yetirərək vaxtı-vaxtında qılırlar.
(10) Bu xislətlərə sahib olan kimsələr, varis olan kimsələrdir.
(11) Onlar, Cənnətin ən uca və ən yüksək məqamına varis olub, orada əbədi qalan və orada daima tükənməz nemətlər içində olan kimsələrdir.
(12) Həqiqətən, Biz bəşəriyyətin atası olan Adəmi palçıqdan xəlq etdik. Adəmin torpağı, yer torpağı ilə qatışmış olan bir suyundan alınmışdır.
(13) Sonra Biz Adəmin zürriyyətini, doğulacağı günə qədər ana bətnində qərar tutmuş bir nütfədən xəlq etdik.
(14) Sonra ana bətnində qərar tutmuş nütfədən qırmızı laxtalanmış qan yaratdıq, sonra o laxtalanmış qanı qırmızı rəngli çeynənmiş bir ət parçasına döndərdik, sonra o ət parçası üçün möhkəm sümüklər yaratdıq, sonra da o sümükləri ət ilə örtüb bürüdük, sonra da ona ruh üfürüb, dünya həyatına gətirərək yeni bir varlıq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah pak və ucadır!
(15) Ey İnsanlar! Keçdiyiniz bütün bu mərhələlərdən sonra siz, əcəliniz gəldiyi zaman mütləq öləcəksiniz!
(16) Sonra da siz, bu ölümün ardından, dünyada ikən etdiyiniz əməllərin hesabını vermək üçün Qiyamət günü qəbirlərinizdən dirildilərək çıxarılacaqsınız!
(17) Ey İnsanlar! Həqiqətən Biz, sizin üzərinizdə bir-birinin üstündə qərar tutan yeddi qat göyü yaratdıq. Bununla belə Biz, yaratdıqlarımızdan əsla qafil olmadıq və onları əsla unutmadıq.
(18) Biz göydən nə həddən ziyadə yağıb sellərə, daşqınlara, nə də ki, az olub quraqlığa səbəb olacaq qədər, əksinə, ehtiyacınızı ödəyəcək qədər su endirdik və bu sudan insan və heyvanların ondan istifadə etməsi üçün onu yer üzündə yığıb saxladıq. Şübhəsiz ki, Biz onu yox etməyə də qadirik. Əgər belə etsəydik, o zaman siz, bu sudan əsla faydalana bilməzdiniz.
(19) Sonra Biz sizin üçün o su ilə xurma ağacları və üzüm bağları meydana gətirdik. Beləliklə, sizin üçün: əncir, nar və alma kimi çeşidli rənglərdə və şəkillərdə çoxlu sayda meyvələr yetişdirdik ki, sizdə bu meyvələrdən nuşcanlıqla yeyirsiniz.
(20) Sonra Biz o su ilə sizin üçün Sina dağı bölgəsində meyvələrindən yağ və yeyəcək əldə etdiyiniz zeytun ağacını meydana gətirdik.
(21) Ey İnsanlar! Sizin üçün dəvə, inək və qoyun heyvanlarında Uca Allahın qüdrətinə və sizə bəxş etmiş olduğu lütfünə dəlalət edən bir çox ibrətlər vardır. Biz sizlərə bu heyvanların bətnindən, içənlərin boğazından rahat keçən pak süddən içirdirik. Sizin üçün bu heyvanlarda üzərinə minmək, yunundan və tükündən istifadə etmək və ətindən yemək kimi daha başqa faydalar da vardır.
(22) Siz quruda dəvə ilə, dənizdə isə gəmilər ilə daşınırsınız.
(23) Biz Nuhu öz tayfasına, onları Allaha dəvət etməsi üçün peyğəmbər göndərdik. Nuh öz tayfasına belə dedi: "Ey camaatım! Yalnız tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadət edəcək haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"
(24) Nuh qövmünün uca Allaha iman etməyib kafir olan zadəganları onlara tabe olub, onların ardınca gedənlərə belə dedilər: "Özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sadəcə sizin kimi bir insandan başqa bir şey deyildir. O özünün peyğəmbərlik iddiası ilə sizin üzərinizdə böyüklük və hökmüranlıq etmək istəyir. Əgər Allah bizə bir elçi göndərmək istəsəydi, bu zaman elçini heç də insanlardan deyil, əksinə, mələklərdən bir elçi göndərərdi. Biz heç onun iddia etdiyi bu dini, bizdən öncə gəlib-getmiş ata-babalarımızdan da eşitməmişik.
(25) Bu ancaq ağlı başında olmayan, nə dediyini bilməyən dəli bir insandır. Elə isə onun halı bəlli olana qəbər bir müddət gözləyin!"
(26) Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mənə yardım et!"
(27) Biz Nuha belə vəhy etdik: "Gözlərimiz önündə və sənə gəmini necə düzəltmək lazım olduğunu öyrətdiyimiz kimi gəmini düzəlt. Onların həlak ediləcəyinə dair əmrimiz gəldiyi və suyun çörək bişirən təndirdən qaynayıb daşdığı zaman nəslinin davam etməsi üçün hər bir canlıdan bir cüt erkək və dişi olmaqla gəmiyə qaldır, zövcən və oğlun kimi barəsində əvvəlcədən hökm verilmiş kəslər istisna olmaqla qalan ailəni gəmiyə mindir. Küfür etməklə özlərinə zülüm edən zalımların həlakdan qurtulması üçün Mənə əsla müraciət etmə. Çünki onlar mütləq tufan suyunda boğularaq məhv ediləcəklər!" - deyə vəhy etdik.
(28) Sən və səninlə birlikdə qurtulan möminlər ilə gəmiyə mindiyin zaman de: "Kafir olan qövmü həlak edərək bizi bu əzabdan xilas edən Allaha həmd-sənalar olsun!"
(29) Həmçinin, belə de: "Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!"
(30) Həqiqətən, Nuh - aleyhissəlam - və onunla birğə olan möminlərin bu əzabdan xilas edib, kafirləri isə həlak edilməsində, Bizim, peyğəmbərlərimizə yardım etməyə, onları təkzib edənləri isə məhv etməyə qadir olduğumuza dair açıq-aydın dəlillər vardır. Şübhəsiz ki, Biz, mömini kafirdən, itaət edəni asidən ayır etməmiz üçün, Nuhu öz qövmünə peyğəmbər göndərərək onları beləcə sınağa çəkdik.
(31) Biz, Nuh qövmünün həlak edilməsindən sonra başqa bir ümmət xəlq etdik.
(32) Biz onların içindən, onları Allaha dəvət etməsi üçün bir peyğəmbər göndərdik. O peyğəmbər onlara belə dedi: "Ey Qövmüm! Özündən başqa ilah olmayan tək Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"
(33) O peyğəmbərin qövmündən uca Allaha iman etməyib, axirəti və axirət günündə olan savab və cəzanı təkzib edən və dünya həyatında nemətlərdən bol verdiyimiz zalım başçılar onlara tabe olub, onların ardınca gedənlərə belə dedilər: "Bu kimsə, yediyinizdən yeyən və içdiyinizdən içən sizin kimi sadəcə bir insandır. Onun ayrıca olaraq sizdən üstün olan bir cəhəti yoxdur ki, o sizə peyğəmbər göndərilsin.
(34) Əgər siz özünüz kimi adi bir bəşər övladına itaət etsəniz, bu zaman ona tabe olub öz ilahlarınıza ibadət etməyi tərk etdiyinizə və sizdən heç bir üstün cəhəti olmayan kimsəyə tabe olduğunuza görə mütləq ziyana uğrayarsınız.
(35) Məgər özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sizə, siz ölüb torpağa və çürümüş sür-sümüyə çevrildikdən sonra yenidən dirildilib qəbirlərinizdən çıxarılacağınızımı vəd edir?! Məgər bu ağıla batan bir şeydir?!
(36) Sizə, ölüb torpağa və çürümüş sür-sümüyə çevrildikdən sonra yenidən dirildilib qəbirlərinizdən çıxarılacağınıza dair verilən vəd, mümkün olmayan və həqiqətdən çox uzaq olan bir vəddir.
(37) Onlar deyərdilər: "Həyat, dünya həyatından başqa bir şey deyildir. Axirət həyatı deyilən belə bir şey yoxdur. Belə ki, yaşayan canlılar ölür, onlar əsla bir daha dirilməzlər və onların ardından başqaları doğulur və onlarda dünyada ölüncəyə qədər yaşayarlar. Biz, Qiyamət günü ölümümüzdən sonra haqq-hesab dirilib qəbirlərimizdən ıxardılan deyilik!"
(38) Özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu kimsə, ortaya atdığı bu iddiası ilə Allah haqqında yalan uyduran bir kimsədir. Biz ona inanan deyilik!"
(39) Bu zaman Peyğəmbər Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı saydıqlarına görə onlardan intiqam alaraq onlara qarşı mənə yardım et!"
(40) Uca Allah onun duasına cavab verərək belə buyurdu: "Sənin gətirdiyin dini yalan hesab edənlər, yalan hesab etdiklərindən dolayı yaxın bir zamanda peşman olacaqlar!"
(41) İnadlarından dolayı əzaba layiq görülən bu kimsələri, nəhayət, qaçılması mümkün olmayan həlak edici, qorxunc bir səs yaxaladı. Beləcə, onlar selin alıb apardığı çör-çöp kimi məhv olub getdilər. Məhv olsun zalım qövm!
(42) Biz onları məhv etdikdən sonra Lutun qövmü, Şueybin qövmü və Yunusun qövmü kimi başqa qövmlər və ümmətlər xəlq edib, meydana gətirdik.
(43) Peyğəmbərləri yalan sayan bu ümmətlərdən hər hansı biri, hansı vasitələrə sahib olmasından aslı olmayaraq həlak edilmələri üçün əvvəlcədən təyin edilmiş vaxt nə qabağa çəkə bilər, nə də onu gecikdirə bilər!
(44) Sonra peyğəmbərlərimizi bir-birinin ardınca göndərdik. Hər ümmətə özlərinə Allah tərəfindən göndərilən peyğəmbəri gəldikdə, onlar onu təkzib etdilər. Belə olduqda, Biz də onları bir-birinin ardınca həlak edib və həlak edilmiş bu ümmətləri özlərindən sonra gələnlərin onlardan ibrət almaları üçün, Rəbbindən göndərilən peyğəmbərlərin gətirdiklərinə iman etməyən bir toplumun necə həlak edilməsinə dair insanların danışacaqları hekayələrə çevirdik.
(45) Sonra Musanı və qardaşı Harunu doqquz ayət: (Əsa, parlaq əl, çəyirtkə, bit, qurbağa, qan, tufan, qıtlıq illəri və nəhayət məhsulların azalması) və uca Allahın varlığına dəlalət edən açıq-aydın dəlillərlə göndərdik.
(46) Biz, Musa və onun qardaşı Harunu, Fironun və qövmünün zadəgan təbəqəsindən olanların yanına göndərdik. Onlar isə təkəbbürlük göstərərək Musa və Haruna iman etməyi qəbul etmədilər. Onlar insanlara əzab-əziyyət verməklə özlərini yüksək tutan bir toplum idilər.
(47) Firon və qövmünün zadəgan təbəqəsindən olanları dedilər: "Onların bizdən heç bir üstün cəhəti olmadığı və qövmləri (İsrail oğulları) da bizə boyun əyib, itaət edən bir kölə olduğu halda bu zaman biz özümüz kimi iki adama imanmı gətirəcəyik?!"
(48) Firon və onun qövmü, Musa və qardaşı Harunun Allah tərəfindən onlara gətirdiyini yalan hesab etdilər. Elə bu səbəbdən də dənizdə boğularaq həlak edilənlərdən oldular.
(49) Biz Musaya, qövmünü haqqa yönəltməsi, onların da bu haqqla əməl etmələri istəyi ilə Tövratı verdik.
(50) Biz Məryəm oğlu İsanı və onun anasını qüdrətimizə dəlalət edən bir ayət etdik. Məryəm, ona atasız olaraq hamilə qaldı. Biz onların hər ikisini qərar tutub yaşamaq üçün əlverişli olan, çeşmə axan yüksək bir təpədə yerləşdirdik.
(51) Ey Peyğəmbərlər! Sizin üçün halal etdiyim ruzilərin xoş və dadlı olanından yeyin və şəriətə müvafiq olan saleh əməl edin! Şübhəsiz ki, Mən, etdiyiniz əməllərin hər birini yaxşı bilirəm. Belə ki, əməllərinizdən Mənə heç bir şey qizli qalmaz!
(52) Ey Peyğəmbərlər! Şübhəsi ki, sizin dininiz tək bir din olaraq İslam dinidir. Mən də sizin Rəbbinizəm, sizin məndən başqa Rəbbiniz yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!"
(53) Peyğəmbərlərə tabe olanlar, onlardan sonra dində ayrılığa düşüb firqələrə və dəstələrə bölündülər. Beləliklə də, hər bir firqə, etiqat etdiyi dinin Allah yanında razı olunan din olduğuna inanaraq öz dini ilə öyünər və başqa dinlərin batil olduğunu hesab edər.
(54) Ey Peyğəmbər! Əzab özlərinə yetişənə qədər sən onları cəhalət və çaşqınlıq içində burax!
(55) Yoxsa sahib olduqları ilə sevinib fərəhlənən dində firqələrə bölünmüş bu kimsələr dünya həyatında onlara verdiyimiz var-dövlətin və oğul-uşağın etdikləri yaxşılığın qarşılığı olaraq verdiyimizimi zənn edirlər?! Xeyr, bu heç də onların zənn etdikləri kimi deyildir. Biz onlara bu nemətləri, onlar qəflətdə ikən, gözləmədikləri bir halda, onları əzabla yaxalamağımız üçün veririk. Lakin onlar bunu dərk etməzlər.
(56) Yoxsa sahib olduqları ilə sevinib fərəhlənən dində firqələrə bölünmüş bu kimsələr dünya həyatında onlara verdiyimiz var-dövlətin və oğul-uşağın etdikləri yaxşılığın qarşılığı olaraq verdiyimizimi zənn edirlər?! Xeyr, bu heç də onların zənn etdikləri kimi deyildir. Biz onlara bu nemətləri, onlar qəflətdə ikən, gözləmədikləri bir halda, onları əzabla yaxalamağımız üçün veririk. Lakin onlar bunu dərk etməzlər.
(57) Şübhəsiz ki, Allaha iman gətirib və yaxşı əməllər edərək Allah qorxusundan qəlbləri titrəyənlər.
(58) Rəbbinin kitabındakı ayələrə iman gətirənlər,
(59) Rəbbinin vəhdaniyyətinə iman gətirib yalnız Ona ibadət edərək və ibadətdə Ona heç bir şeyi şərik qoşmayanlar,
(60) Onlar, saleh əməllər etməkdə səy göstərənlər, yaxşı əməllər edərək Allaha yaxınlaşmağa çalışıb, qiyamət günü Allah onların Allah yolunda infaq etdiklərini və gördükləri saleh əməlləri qəbul etməyəcəyindən qorxanlardır.
(61) Məhz bu xislətlərə sahib olan kimsələr saleh əməllər etməyə tələsər və bu işlərdə bir-biri ilə yarışarlar. Daima onlar xeyir əməllər etməkdə başqalarından öndə gedərlər.
(62) Biz hər kəsi yalnız bacardığı bir işi görməyə yadar edərik. Yanımızda hər bir kimsənin əməlini qeyd etdiyimiz, içərisində heç bir şübhəyə yer olmayann yalnız haqqı deyən bir Kitab vardır. Onlara, nə yaxşı əməlləri azaldılaraq, nə də ki, pis əməlləri artırılaraq əsla zülm olunmaz.
(63) Amma kafirlərin qəlbləri, həm haqqı deyən, həm də ki, onlara nazil edilən kitabdan xəbərsizdir. Onların Allaha qarşı küfr etmələri ilə yanaşı, Allaha xoş getməyən başqa pis işləri də vardır.
(64) Onların dünya həyatında cah-calal və naz-nemətlər içində yaşayanlarını Qiyamət günü əzaba düçar etdiyimizdə imdad diləyərək fəryad qoparıb səslərini yüksəldərlər.
(65) Onlara, Allahın rəhmətindən ümüdlərini kəsmələri üçün belə deyiləcəkdir: "Bu gün fəryad qoparıb, sizə kömək edilməsi üçün yalvarıb-yaxarmayın! Bu gün sizi Allahın əzabından qoruyacaq heç bir yardımçınız yoxdur!"
(66) Dünyada ikən Allahın kitabının ayələri sizə oxunduğu zaman siz bu ayələri eşitdikdə ondan xoşlanmayaraq üz çevirirdiniz.
(67) Siz bunu, özünüzün Kəbə əhli olduğunu iddia edib, insanlara qarşı təkəbbürlük göstərərək edirdiniz, əslində siz haram əhli deyilsiniz, bilin ki, haram əhli Allahdan qorxan təqva sahibləridir. Çünki siz gecələr Kəbənin ətrafında toplanıb yaramaz sözlər söyləyir və ona qarşı heç bir sayğı və ehtiram göstərmirsiniz.
(68) Məgər o müşriklər iman gətirmələri və içində olanlara əməl etmələr üçün uca Allahın onlara nazil etdiyi Quranı düşünmürlərmi?! Yaxud onlara özlərindən öncə olan ata-babalarına gəlməyən bir şey gəldi, elə buna görə də üz çevirib, onu yalan saydılar?!
(69) Yoxsa onlar Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allah tərəfindən özlərinə göndərilmiş bir elçisi olduğunu bilməyib, buna görə onu inkar edirlər?! Şübhəsiz, onlar onun sadiq və əmin bir insan olduğunu yaxşı bilirdilər.
(70) Yoxsa onlar: "O dəlidir?" – deyirlər. Xeyr, onlar yalan söyləyirlər. Muhəmməd (sallallahu aleyhi və səlləm) onlara Allahdan olmasın heç bir şəkk-şübhə olmayan haqqı gətirmişdir. Lakin onların çoxu qəblərində olan həsəd və batilə təəssübkeşlik üzündən haqqı xoşlamaz və qəblərində haqqa qarşı qəzəb bəsləyərlər.
(71) Əgər Uca Allah kainatda olan işləri onların nəfslərinin istəklərinə uyğun olaraq idarə etmiş olsaydı, işlərin sonu nə ilə nəticələnəcəyini və nəyin doğru, nəyin də yanlış olduğunu bilmədikləri üzündən göylər, yer və onların arasında olanların hamısı fəsada uğrayardı. Əksinə, Biz onlara özləri üçün izzətli və şərəfi olanı gətirdik, buda Qurandır. Lakin onlar, Qurandan üz döndərdi.
(72) Ey Peyğəmbər! Yoxsa sən, gətirdiyin bu dinin qarşılığnda onlardan bir mükafatmı istədin ki, onlarda bu üzdən sənin dəvətini rədd etdilər?! Xeyr, sən əsla belə bir şey etmədin. Rəbbinin sənə verəcəyi mükafatı, onların və onlardan qeyrilərinin sənə verəcəyi mükafatdan qat-qat daha xeyirlidir. Çünki pak olan Allah ruzi verənlərin ən xeyirlisidir!
(73) Ey Peyğəmbər! Həqiqətən də, sən, onları və onlardan qeyrilərini heç bir əyriliyi olmayan, gecəsi gündüz kimi olan doğru bir yola çağırırsan. Bu yol, İslam yoludur.
(74) Axirət gününə və oradakı hesaba, cəza və mükafata inanmayanlar isə doğru olan İslam yoldan üz çevirib, onları Cəhənnəmə sürükləyən başqa əyri yollara meyil edərlər.
(75) Əgər Biz onlara rəhm edib düşdükləri aclıq və quraqlıqdan xilas etsəydik, onlar yenə də əvvəlki azğınlıqları içində tərəddüd edib, çaşmış halda qalacadılar.
(76) Biz onları müxtəlif növ müsibətlərlə imtahana çəkdik, amma onlar yenə də öz Rəbbinə boyun əyib, Ona ibadət etmədilər və bəlaların onlara göndərildiyi zaman onları bu bəlalardan xilas edilməsi üçün Uca Allaha qorxu ilə yalvarıb-yaxarmadılar.
(77) Sonda şiddətli əzab qapısını onların üzünə açdığımız (Bədr döyüşündə onları məğlub etdiyimiz) zaman onlar özlərinin bu bəladan əsla qurtara bilməyəcəklərini dərk edib və xeyirə olan bütün ümidlərini kəsdilər.
(78) Ey öldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr! Uca Allah sizə, eşitməniz üçün qulaqlar, görməniz üçün qözlər və anlamanız üçün qəlblər verdi. Bununla belə siz, sizə verilən bu nemətlərə görə uca Allaha olduqca çox az şükür edirsiniz!
(79) Ey İnsanlar! Sizi yer üzündə xəlq edən Odur. Siz Qiyamət günü haqq-hesab və etdiyiniz əməllərin müqabilini almaq üçün Onun hüzuruna toplanacaqsınız.
(80) Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla gecə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!
(81) Əksinə onlar, kafir olan ölüb-getmiş ata-babalarının dedikləri sözu eyni ilə təkrar etdilər.
(82) Onlar öldükdən sonra yenidən dirilməyi inkar edərək belə demişdilər: "Məgər biz ölüb torpaq və çürümüş sür-sümük olduqdan sonra etdiyimiz əməllərin hesabı üçün yenidən dirildiləcəyik?!
(83) Öldükdən sonra yenidən diriləcəyimiz həm bizə, həm də, bizdən əvvəl yaşamış ata-babalarımıza vəd edilmişdir. Lakin biz, bu vədin gerçəkləşdiyini gərmədik. Biz bunun, keçmişdəkilərin əfsanələrindən və uydurmalarından başqa bir şey olduğunu düşünmürük!"
(84) Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edən o kafirlərə belə de: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimə məxsusdur?!"
(85) Onlar: "Yer üzü və yer üzünün üzərində olanlar bütünlüklə Allaha aiddir!"– deyəcəklər. Elə isə sən onlara belə de: "Yer üzü və yer üzünün üzərində olanların bütünlüklə Özünə məxsus olan Allahın, öldükdən sonra sizləri yenidən diriltməyə qadir olduğunu düşünmürsünüz?!"
(86) Onlara de: "Yeddi qat göyün və özündən daha böyük bir yaradılış olmayan əzəmətli ərşin Rəbbi kimdir?"
(87) Onlar mütləq: "Yeddi qat göyün və əzəmətli ərşin Rəbbi uca Allahındır!"– deyə cavab verəcəklər. Sən də onlara belə de: "Elə isə Onun əzabından xilas olmaq üçün Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxmursunuz?"
(88) Onlara de: "Əgər bilirsinizsə, deyin görüm hər şeyin mülkü əlində olan, mülkündə heç bir şey Onun ixtiyarından kənara çıxa bilməyən, qullarından istədiyini himayə edib, yardım edən və pislik etmək istədiyi kimsəni də Allahdan başqa onu bu pislikdən qoruyub, əzabı ondan dəf edə bilməyən kimdir?"
(89) Onlar: "Hər bir şeyin mülkü Uca Allahın əlindədır!" – deyəcəklər. Sən də onlara belə de: "Siz bunu etiraf etdiyiniz bir halda bəs necə olur ki, (Şeytana) aldanıb, Allahdan başqasına ibadət edirsiniz?!"
(90) Xeyr, həqiqət heç də onların iddia edikləri kimi deyildir. Əksinə, Biz onlara, içində heç bir şəkk-şübhə olmayan haqqı gətirdik. Onlar isə Allahın övladı və şəriki olduğunu iddia edərək haqqı yalan sayırlar. Allah isə onların dedikləri batil sözlərindən uca və böyükdür!
(91) Uca Allah kafirlərin iddia etdikləri kimi Özünə heç bir övlad götürməmişdir və Onunla yanaşı ibadətə layiq olan heç bir haqq məbud da yoxdur. Əgər Onunla yanaşı haqq bir məbud olsaydı, bu zaman hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və sonda onların bir qismi digərinə üstün gəlməyə can atardı. Beləliklə də, aləmin nizamı alt-üst olardı. Amma həqiqət budur ki, belə bir şey əsla olmamışdır. Bu da, ibadətə layiq olan haqq məbudun yalnız uca Allahın olduğuna dəlalət etməkdədir. Həqiqətən Allah, müşriklərin Onun övladı və şəriki olduğuna dair iddialarından pak və ucadır.
(92) Allah, bütün məxluqatdan gizli qalan və həmçinin aşkarda olub onların görüb, hiss etdikləri hər bir şeyi haqqı ilə biləndir. Bunlardan heç bir şey uca Allahdan əsla gizli qalmaz. Allah Onun şəriki olmasından münəzzəhdir və ucadır.
(93) Ey Peyğəmbər! De: "Ey Rəbbim! Əgər müşriklərə vəd etdiyin əzabı mənə göstərəcəksənsə,
(94) Ey Rəbbim! Əgər onları cəzalandıracaqsansa və mən də buna şahid olacamsa, bu durumda məni onların içində buraxma, yoxsa onlara isabət edən əzab mənədə isabət edər!"
(95) (Ey Peyğəmbər) Şübhəsiz ki, Biz onlara vəd etdiyimiz əzabı sənə göstərməyə qadirik. Biz bunu və bundan başqa olan şeyləri etməkdə aciz deyilik.
(96) Ey Peyğəmbər! Sənə pislik edəni görməzdən gələrək və onun əziyyətin qarşı səbir edib, bağışla və o pisliyini gözəl bir şəkildə dəf et. Biz onların Allahı şərik və yalanlarla vəsf etmələrini və səni də nalayiq sözlərlə: sehribaz və dəli kimi adlarla adlandırmalarını yaxşı bilirik.
(97) De: "Ey Rəbbim! Şeytanların vəsvəsələrindən və mənə pislik toxundurmalarından Sənə sığınıram!
(98) Ey Rəbbim! Mən, işlərimədə onların mənim yanımda olub, işlərimə xələl gətirmələrindən Sənə sığınıram!"
(99) Nəhayət, o müşriklərdən birinə ölüm gəldikdə və ona nazil olan əzaba öz gözləri ilə şahid olduqda, ömrünü boş, faydasız və Allaha qarşı etdiyi günahlarla keçirməsindən dolayı böyük peşmançılıq çəkərək: "Vay olsun mənim halıma, Ey Rəbbim! Məni bir daha dünya həyatına geri döndər!
(100) Bəlkə mən, dünya həyatına geri qayıtsam saleh əməllər edərəm"- deyər. Xeyr! Bu, heç də onun istədiyi kimi deyil. Şübhəsiz ki, bu, onun dediyi boş sözdən başqa bir şey deyildir. Əgər o, bir daha dünya həyatına geri döndərilmiş olsaydı, verdiyi sözü yerinə yetirməzdi. Vəfat etmiş belə kimsələr yenidən dirilənə qədər dünya və axirət arasında olan bərzəx aləmində olacaqlar və onlara tərk etdikləri şeyləri əldə etmək və zay etikləri şeyləri isə islah etmək bir daha dünya həyatına geri dönməyə əsla izin verilməyəcəkdir.
(101) Sura üfürməklə müvəkkəl olan İsrafil, qiyamətin qopmasını bildirmək üçün sura ikinci dəfə üfürdükdə, qiyamətin dəhşəti səbəbindən öz aralarında öyünüb fəxir etdikləri qohumluq əlaqəsi qalmayacaq və hər kəs öz canının hayında olduğu üçün heç kəs bir-birindən hal-əhval tutmayacaqdır.
(102) O gün kimlərin savabları günahlarına üstün gələrək, tərəziləri ağır gələrsə, məhz o kimsələr, istədiklərinə qovuşub, qorxduqlarından uzaqlaşdırılaraq nicat tapacaqlar.
(103) Kimlərin də günahları savablarına üstün gəlməsi səbəbindən tərəziləri yüngül gələrsə, onlar, özlərinə zərər verən şeyləri edib, iman gətirmək və saleh əməllər etmək kimi fayda verən şeyləri tərk etdiklərinə görə öz nəfislərini bədbəxt edən kimsələrdir. O kimsələr, Cəhənnəmdə əbədi qalacaqlar və oradan əsla çıxarılmayacaqlar.
(104) Cəhənnəm atəşi onların üzünü yandıracaq, onlar orada qaş-qabağlarının şiddətindən üst və alt dodaqları büzüşüb, dişləri ağarmış vəziyyətdə qalacaqlar.
(105) Qiyamət günü onlara danlaq və məzəmmət olaraq belə deyiləcəkdir: "Məgər dünyada ikən Quran ayələri sizə oxunmurdumu və siz də onları yalan hesab etmirdinizmi?!"
(106) Onlar deyəcəklər: "Ey Rəbbimiz! Sən, əzəli elminlə əvvəlcədən bildiyin kimi bədbəxtliyimiz bizə üstün gəldi və beləliklə də biz, haqq yoldan azan bir qövm olduq.
(107) Ey Rəbbimiz! Bizi Cəhənnəm odundan çıxart! Əgər biz bir daha etdiyimiz küfr və günah əməllərə qayıtsaq, o zaman özümüzə zülüm edən və üzrxahlıq etməyə üzrü olmayan kimsələr olarıq".
(108) O zaman uca Allah belə buyuracaq: "Orada zəlil və rəzil vəziyyətdə qalın və Məni danışdırmayın!"
(109) Həqiqətən, qullarımdan iman gətirən bir dəstə var idi ki, onlar: "Ey Rəbbimiz! Biz Sənə iman gətirdik. Bizim günahlarımızı bağışla və bizə Öz rəhmətinlə mərhəmət et! Sən rəhm edənlərin ən yaxşısısan!"– deyirdilər.
(110) Sizlər, Allahın dininə dəvət edən möminləri məsxərəyə qoyub, onlara istehza edirdiniz. Sonda başınızı onlara məsxərə və istehza etməyə o qədər qarışdı ki, hətta bu, Məni yada salmağı belə sizə unutdurdu. Siz isə onlara elə məsxərə və lağlağa edib gülürdünüz.
(111) Şübhəsiz ki, Qiyamət günü Mən, iman gətirən mömin qullarımı, Allaha ibadətdə və sizdən gördükləri əziyyətlərə səbir etdiklərinə görə, Cənnətlə mükafatlandıracağam.
(112) Allah onlardan: "Yer üzündə neçə il qaldınız və orada nə qədər ömür sürüb, vaxtınızı zay etdiniz?"– deyə soruşacaq.
(113) Onlar belə cavab verəcəklər: "Biz dünya həyatında bir gün yaxud bir gündən də az bir müddət qaldıq. Sən günləri va ayları sayanlardan soruş" – deyəcəklər.
(114) Allah deyəcək: "Siz orada ibadətdə səbirli olmağı asanlıqla bacaracağınız çox az bir müddət qaldınız. Kaş, dünya həyatında nə qədər qaldığınız müddəti biləydiniz!
(115) Ey İnsanlar! Yoxsa sizi heç bir hikmətsiz, əbəs yerə, savabı və cəzası olmayan heyvanlar kimi yaratdığımızı və etdiyiniz əməllərin hesabı və cəzası üçün qiyamət günü Bizim hüzurumuza qaytarılmayacağınızı zənn edirdiniz?!"
(116) Yaratdıqlarının sahibi olan və onları istədiyi kimi idarə edən uca Allah, bütün nöqsan və eyiblərdən pak və ucadır. O, Haqq, vədi haqqdır, sözü haqqdır və Ondan başqa ibadətə layliq haqq məbud yoxdur. O, yaradılmışların ən əzəmətlisi olan şanlı Ərşin Rəbbidir. Kim ən əzəmətli məxluqun Rəbbidirsə, demək O, bütün məxluqatın Rəbbidir.
(117) Kim Allah ilə bərabər, ibadətə layiq olduğuna dair heç bir dəlil olmayan başqa bir məbuda ibadət edərsə (Allahdan başqa ibadət edilən hər bir məbudun durumu belədir) onun etdiyi bu çirkin əməlin cəzası Allah qatındadır. Onun cəzasını Allah Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər istədiklərinə nail olub, qorxduqları şeydən də nicat tapmazlar!
(118) Ey Peyğəmbər! De: "Ey Rəbbim, Mənim günahlarımı bağışla və rəhmətinlə mənə mərhəmət et! Çünki Sən, günahkara rəhm edənlərin ən xeyirlisisən və günahkarın tövbəsini qəbul edən sən!"