(1) (Əlif, Ləm, Mim!) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Ey Peyğəmbər! Sənə nazil edilən bu ayələr, hikmətlə danışan kitabın ayələridir.
(3) Bu kitab, Rəbbinin və Onun qullarının haqqını ödəyən yaxşı əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.
(4) O kəslər ki, namazlarını ən kamil şəkildə əda edir, mallarının zəkatını verir və axirətdə olacaq dirilməyə, haqq-hesaba çəkilməyə, savaba nail olmağa və ya cəzaya məruz qalmağa tam yəqinliklə iman edirlər.
(5) Bu xislətləri özlərində əks etdirən kimsələr öz Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. İstədiklərinə nail olmaqla və qorxduqlarından uzaq olmaqla uğur qazananlar da məhz onlardır.
(6) İnsanlar arasında - Nədr ibn əl-Haris kimi - elə adamlar var ki, heç bir biliyi olmadan insanları Allahın dinindən sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözlər danışır. Bu vəsfləri özündə əks etdirən kimsələri axirətdə alçaldıcı bir əzab gözləyir.
(7) Ayələrimiz ona oxunduğu zaman sanki onu eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə onlardan üz çevirər. Ey Peyğəmbər! Beləsinə onun üçün hazırlanmış ağrılı-acılı bir əzabla müjdə ver.
(8) Allaha iman gətirib saleh əməllər edənləri Nəim cənnətləri gözləyir. Onlar orada Allahın onlar üçün hazırladığı nemətlər içində olacaqlar.
(9) Onlar orada həmişəlik qalacaqlar. Allahın bu vədi haqdır, bunda heç bir şəkk yoxdur. Pak və müqəddəs Allah, yenilməz qüdrət sahibidir, üstəlik, həm yaratmaq, həm müqəddəratı müəyyən etmək, həm də hökm vermək xüsusunda Hikmətlidir.
(10) Pak, müqəddəs və Uca Allah göyləri heç bir dirək olmadığı halda xəlq etmiş, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar yerləşdirmiş və yer üzünə cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada insanların və heyvanların faydalanacağı müxtəlif növ gözəl bitkilər yetişdirdik.
(11) Bu zikr edilənlər Allahın yaratdıqlarıdır. İndi siz, ey müşriklər, mənə göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz nə yaradıblar? Xeyr! Zalımlar haqdan uzaq açıq-aydın azğınlıq içindədirlər. Onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan şeyləri Rəbbinə şərik qoşurlar.
(12) Biz Loğmana dini başa düşmək və işlərində doğru qərar vermək qabiliyyəti verdik və ona belə buyurduq: “Ey Loğman! Rəbbinin səni Ona itaət etməyə müvəffəq etdiyi üçün Ona şükür et! Kim Rəbbinə şükür edərsə, onun şükrünün xeyri özünə olar. Halbuki Allahın onun şükrünə ehtiyacı yoxdur. Kim də Allahın nemətinə qarşı nankor olar və tərifəlayiq Allaha küfr edərsə, onun küfrünün zərəri öz əleyhinə olar və o, Allaha heç bir zərər toxundura bilməz. Allah Öz yaratdıqlarından heç kəsə möhtac deyildir, hər bir halda Tərifəlayiqdir.”
(13) Ey Peyğəmbər! Bir zaman Loğman öz oğlunu xeyirli işlərə təşviq edib, şər işlərdən çəkindirərkən söylədiklərini xatırla: “Oğlum! Allahla yanaşı başqasına ibadət etmə! Çünki Allaha yanaşı başqa məbuda ibadət etmək, nəfsə qarşı böyük zülmdür! Böyük zülmü etmək isə sahibini əbədi olaraq Cəhənnəm atəşinə düçar edir.”
(14) Biz insana, Allaha qarşı edilən asilik istisna olmaqla, ata-anasına itaət etməyi və onların qayğısına qalmağı əmr etdik. Anası onu bətnində əziyyətlərə qatlanaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Biz ona dedik: "Allahın sənə verdiyi nemətlərə görə Ona şükür et, sonra da valideynlərin sənə tərbiyə verdiyiklərinə və sənə himayədarlıq etdiklərinə görə onlara təşəkkür et! Axır dönüş yalnız Mənədir və Mən hər kəsə layiq olanı (mükafat və ya cəza) verəcəm.
(15) Əgər valideynlərin Allahdan başqasını Allaha şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, bu işdə onlara itaəət etmə! Belə ki, Xaliqə asi olaraq məxluqa itaət etmək olmaz. Dünyada onların qayğısına qal, onlarla daim əlaqə saxla və onlara yaxşılıq et. Yalnız Mənə ibadət və itaət edərək Mənə üz tutanların yolu ilə get! Sonra Qiyamət günü hamınızın dönüşü Mənim hüzuruma olacaq, Mən də sizə dünyada ikən nə əməllər etdiyiniz barədə xəbər verəcəm və bu əməllərin əvəzini (mükafatını və ya cəzasını) verəcəm.
(16) Oğlum! Gördüyün yaxşı və ya pis iş bir xardal dənəsi ağırlığında olsa da, əlçatmaz bir qayanın içində, yaxud göylərdə və ya yer üzünün istənilən yerində olsa da, Allah Qiyamət günü onu üzə çıxardar və qulun etdiyi əməlin əvəzini verər. Həqiqətən, Allah Lətifdir - ən incə məsələlər belə Ondan gizli qalmaz, üstəlik, bunların nə olduğundan və harada yerləşdiyindən Xəbərdardır.
(17) Oğlum! Namazı ən kamil şəkildə yerinə yetir, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Bu yolda başına gələn çətinliklərə səbir et. Həqiqətən, Allahın sənə əzmlə əmr etdiyi işlərdə sənin seçimin ola bilməz.
(18) İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa, özündən razı gəzib dolanma. Həqiqətən, Allah, yerişində özündən razı olanı, əlində olan nemətlərlə insanlar yanında təkəbbürlük edən və bu nemətlərə görə Allaha şükür etməyəni sevməz.
(19) Yerişində həddi gözlə - nə tələsərək, nə də lap asta yeri - vüqarlı olduğunu göstər, səsini qaldırma, yüksək səslə danışıb kimsəyə əziyyət vermə. Çünki ən çirkin səs, yüksək səsi olan uzunqulaq səsidir.”
(20) Ey insanlar! Məgər Allahın göylərdə olanları - Günəşi Ayı və ulduzları, habelə, yerdə olanları - heyvanları, ağacları və bitkiləri sizə ram etdiyini, üstəlik, gözəl sima və gözəl görünüş kimi aşkar nemətlərindən, ağıl və elm kimi də gizli nemətlərindən sizə verdiyini görmürsünüzmü, bunları müşahidə etmirsinizmi?! İnsanlara bu qədər nemətlər verildiyi halda onlardan bəzisi, Allah tərəfindən heç bir biliyi, doğru yol göstərən ağlı və nazil olan bir kitabı olmadan Allah barəsində mübahisə edir.
(21) Allahın tək ilah olması barədə mübahisə edən o kəslərə: “Allahın Öz rəsuluna nazil etdiyi vəhyə tabe olun!”– deyildikdə, onlar: “Tabe olmuruq! Biz ilahlarımıza ibadət etməklə əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları - bütlərə ibadət etmək xüsusunda azdırmaqla, Qiyamət günü Cəhənnəm odunun əzabına dəvət edirsə, yenə də əcdadlarının yolu tutub gedəcəklər?!
(22) Kim öz ibadətini ixlasla Allaha yönəldər və yaxşı işləri də Onun rizası üçün edərsə, nicat tapmaq üçün ən möhkəm ipdən yapışmış olar və tutduğu ipin qırılacağından qorxmaz. Bütün işlərin sonu tək Allaha qayıdar və O, hər kəsə layiq olanı (mükafatını və ya cəzasını) verər.
(23) Ey Peyğəmbər! Kiminsə Allaha küfr etməsi səni kədərləndirməsin. Qiyamət günü onların dönüşü yalnız Bizə olacaq. Biz onlara dünyada ikən etdikləri günahlar barədə xəbər verəcək və buna görə onları cəzalandıracağıq. Həqiqətən, Allah qəlblərdə olanları bilir, qəlblərdə olanlardan heç bir şey Ondan gizli qalmaz.
(24) Biz onlara dünyada verdiyimiz nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da Qiyamət günü onları şiddətli əzaba - Cəhənnəm əzabına düçar edəcəyik.
(25) Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göyləri və yeri kim yaradıb?”– deyə soruşsan, onlar mütləq: “Onları Allah yaradıb!”– deyəcəklər. Onlara de: “Həmd, sizə dəlil-sübut göstərən Allaha məxsusdur!” Lakin onların əksəriyyəti, cahil olduğu üçün həmdin kimə məxsus olduğunu bilmir.
(26) Göylərdə və yerdə olan məxluqatın, mülkün və işlərin hamısı yalnız Allahındır. Allah yaratdıqlarından heç kəsə möhtac deyildir. O, dünyada da, axirətdə də tərif olunmağa layiqdir.
(27) Əgər yer üzündəki bütün ağaclar doğranıb qələm edilsəydi, dəniz də mürəkkəb olsaydı və ardından da ona yeddi dəniz qatılsaydı, bu mürəkkəb bitsədə, Allahın kəlmələri bitməzdi. Həqiqətən, Allah yenilməz qüdrət sahibidir, habelə, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir.
(28) Ey insanlar! Sizi yaratmaq, habelə, Qiyamət günü haqq-hesaba çəkmək və əməllərinizin əvəzini vermək, sadəcə bir adamı yaratmaq və diriltmək kimi asandır. Həqiqətən, Allah Eşidəndir və bir səsi eşitmək, Ona digər səsi eşitməyə mane ola bilməz. Habelə, Görəndir və bir şeyi görmək, Ona digər bir şeyi görməyə mane ola bilməz. Eləcə də bir canlını yaratmaq və diriltmək, Ona digər birini yaratmağa və diriltməyə mane ola bilməz.
(29) Məgər Allahın gecəni qısaldıb gündüzü uzatdığını, gündüzü də qısaldıb gecəni uzatdığını, müəyyən olunmuş vaxtadək öz yolu ilə hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına tabe etdiyini, üstəlik, Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?! Sizin əməllərinizdən heç biri Ondan gizli qalmayacaq və O, sizə əməllərinizin əvəzini verəcəkdir.
(30) Uca Allahın təqdir etdiyi bu əzəmətli işlər, Onun haqq ilah olduğuna dəlalət edər. O, həm zatında, həm vəsflərində, həm də işləlrində haqq olandır. Müşriklərin Ondan başqa ibadət etdikləri isə heç bir əsası olmayan batildir. Həqiqətən Allah, həm zatı, həm də hökmü və qüdrətilə yaratdıqlarından ucadır, belə ki, Ondan uca heç bir şey yoxdur. Və O, hər şeydən böyükdür.
(31) Ey insanlar! Onun qüdrətinə və lütfünə dəlalət edən möcüzələrdən bəzisini sizə göstərmək üçün dənizdə gəmilərin Allahın lütfü və qüdrəti sayəsində üzdüyünü görmürsünüzmü?! Şübhəsiz ki, bunda hər bir müsibətə səbir edən və nail olduğu hər bir nemətə şükür edən kimsələr üçün Allahın qüdrətli olduğuna dair dəlillər vardır.
(32) Dağlar və buludlar kimi dalğalar onları hər tərəfdən əhatəyə aldığı zaman onlar duanı və ibadəti məhz Allaha məxsus edərək yalnız Ona yalvararlar. Allah onların duasını qəbul edib, onları quruya çıxartdıqda və suda boğulmaqdan xilas etdikdə isə aralarından bəziləri bu nemətə kamil şəkildə şükür etməz, bəziləri də Allahın nemətinə küfür edər. Bizim ayələrimizi, dənizdəki təhlükədən xilas olacağı təqdirdə Allaha şükür edəcəyinə söz verib sonra əhdini pozan xainlər, Allahın nemətlərinə qarşı nankor olan, Rəbbinin verdiyi nemətə şükür etməyən kimsələr inkar edərlər.
(33) Ey insanlar! Rəbbinizin əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Ondan qorxun. Valideynin övlada, övladın da valideynə heç bir şeylə fayda verə bilməyəcəyi günün əzabından həzər edin. Həqiqətən, Allahın Qiyamət günü əməllərin əvəzini verəcəyinə dair vədi haqdır və şübhə yoxdur ki, bu,baş verəcək. Qoy bu fani dünya, içindəki zövqü-səfası və əyələncəsi ilə sizi aldatmasın, hiyləgər şeytan da sizi Allahın həlim olması və əzabını sizdən sovuşdurması ilə tovlamasın.
(34) Həqiqətən, qiyamət saatı haqqında elm yalnız Allahdadır. O, qiyamətin nə zaman qopacağını bilir. Yağışı istədiyi vaxt yağdırır və bətnlərdə olanın oğlan yoxsa qız, habelə, bədbəxt yoxsa xoşbəxt olduğunu bilir. Heç kəs sabah xeyir yoxsa şər qazanacağını bilmir. Heç kəs harada öləcəyini də bilmir. Əksinə, bunların hamısını bilən yalnız Allahdır. Şübhəsiz ki, Allah bunların hamısını bilən və hamısından xəbərdardır. Heç bir şey Ondan gizli qalmır.