(1) Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar Allahın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinərək təqva üzərində sabit qal və yalnız Allahdan qorx, kafirlərə və münafiqlərə - onların nəfsinin istəklərinə itaət etmə. Həqiqətən Allah, kafirlərin və münafiqlərin qurduğu hiylələri bilir və O, həm yaratmaq, həm də işləri idarə etməsində hikmət sahibidir.
(2) Rəbbinin sənə nazil etdiyi vəhyə tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və O, sizə əməllərinizin əvəzini verəcəkdir.
(3) Öz işlərinin hamısında yalnız Allaha arxayın ol! Pak və müqəddəs Allahın, Öz qulları arasında Ona təvəkkül edənləri qoruması yetər.
(4) Allah bir insanın sinəsində iki qəlb yaratmadığı kimi, anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi də analarınız etməmiş, habelə, oğulluğa götürdüklərinizi də doğma oğullarınız etməmişdir. Belə ki, zihar - kişinin öz zövcəsini anasına və bacısına bənzədərək özünə haram sayması, oğulluğa götürdüyünü də öz oğlu hesab etməsi, İslam dininin batil saydığı cahiliyyət adətlərindəndir. Bu zihar etmək və oğulluğa götürmək məsələsi, sizin təkrar-təkrar dilinizə gətirdiyiniz əsassız sözlərdir. Belə ki, kişinin nə zövcəsi onun anası, nə də ki oğululluğa götürdüyü uşaq onun oğlu sayıla bilər. Pak və müqəddəs Allah haqqı deyir ki, qulları onu yerinə yetirsin. Doğru yola yönəldən də məhz Odur.
(5) Oğullarınız olduğunu iddia etdiyiniz uşaqları öz doğma atalarına mənsub edin. Onları doğma atalarına mənsub etmək Allah yanında daha ədalətlidir. Onları mənsub edəcək doğma atalarını tanımasanız, o halda onlar sizin din qardaşlarınız və köləlikdən azad etdiyiniz kəslərdir. Onları: "Qardaşım!", yaxud "Əmim oğlu!"- deyə çağırın. Sizlərdən birinin oğulluğa götürdüyü uşağı səhvən özünə mənsub etməsində heç bir günah yoxdur. Lakin bunu bilərəkdən dilinizə gətirməkdə sizə günah vardır. Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar, onlara rəhm edər. Belə ki, xəta etdiklərinə görə onları cəzalandırmaz.
(6) Muhəmməd peyğəmbər (səllallahu aleyhi və səlləm) möminlərə - onları dəvət etdiyi hər bir şeydə - onların özlərindən daha yaxındır. Hətta özləri başqa şeyə meyl etsələr belə. Onun zövcələri isə möminlərin hamısının anaları sayılırlar. Belə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) vəfatından sonra möminlərə onlardan biri ilə evlənmək haram edilmişdir. Qohumlar varislik məsələsində Allahın hökmünə görə bir-birlərinə iman əhlindən və Allah yolunda hicrət edən kimsələrdən daha yaxındırlar. O kəslər ki, İslamın əvvəlində bir-birilərinə varis olmuş, lakin sonradan bu hökm ləğv edilmişdir. Ey möminlər! Varislərinizdən başqa öz dostlarınıza yaxşılıq etməyiniz isə istisnadır. Bunu edə bilərsiniz. Bu hökm, lövhi-məhfuzda yazılmışdır deyə buna əməl etməyiniz vacibdir.
(7) Ey Peyğğəmbər! Xatırla ki, bir zaman Biz peyğəmbərlərdən möhkəm bir əhd almışdıq ki, yalnız Allaha ibdaət etsinlər və heç bir şeyi Ona şərik qoşmasınlar, üstəlik, onlara vəhy ediləni təbliğ etsinlər. Xüsusi olaraq səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan da belə bir əhd almışdıq. Biz onlardan, Allahın risaləsini təbliğ etmək xüsusunda əmanəti yerinə yetirəcəklərinə dair möhkəm bir əhd almışdıq.
(8) Allah peyğəmbərlərdən belə möhkəm əhd almışdı ki, Allah doğru danışan o peyğəmbərlərdən doğruluqları barədə soruşub kafirləri alçaltsın. Allahı və Onun peyğəmbərlərini inkar edən kafirlər üçün isə Allah qiyamət günü ağrılı-acılı bir əzab - Cəhənnəm atəşi hazırlamışdır.
(9) Ey Allaha iman gətirən və Onun şəriətini yerinə yetirən kimsələr! Allahın sizə bəxş etdiyi nemətləri xatırlayın. O zaman ki, düşmən ordusu ittifaq edib, sizi öldürmək üçün Mədinəyə gəlmiş, münafiqlər və yəhudilər də bu işdə onlara yardım etmişdi. Biz də Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qələbə bəxş etmək üçün onların üstünə qasırğalı külək və sizin görmədiyiniz mələklərdən ibarət əsgərlər göndərmişdik. O zaman kafirlər dönüb qaçmış və müqavimət göstərməyə qadir olmamışdılar. Allah sizin nə etdiyinizi görür. Heç bir şey Ondan gizli qalmaz. O, sizə etdiyiniz əməllərin əvəzini verəcəkdir.
(10) O zaman kafirlər vadinin həm yuxarı, həm də aşağı tərəfindən - məşriq və məğrib tərəfdən sizin üstünüzə gəlmişdilər. O vaxt gözlər hər bir şeydən dönüb ancaq düşmənə yönəlmiş, həyacandan ürəklər xirtdəyə çatmış və siz Allah barəsində müxtəlif gümanlara qapılmışdınız. Bəzən qalib gələcəyiniz güman edir, bəzən də ümidinizi Ondan kəsirdiniz.
(11) Xəndək döyüşündəki o məqamda möminlər düşmənlərinin hücumuna məruz qalaraq sınağa çəkilmiş və qorxudan şiddətli bir sarsıntıya məruz qalmışdılar. Bu sınaq sayəsində möminlər münafiqlərdən ayırd edilmişdir.
(12) O zaman münafiqlər və qəlbində şəkk olan zəif möminlər: “Allahın və Onun rəsulunun, düşmənimizə qalib gələcəyimizə və yer üzündə hökmranlıq edəcəyimizə dair veridyi vəd batil və əsassız bir vəd imiş”– deyirdilər.
(13) Ey Peyğəmbər! Xatırla ki, bir zaman münafiqlərdən bir dəstə Mədinə əhalisinə belə demişdi: “Ey Yəsrib əhli! (Bu, Mədinənin İslamdan öncəki adıdır). Siz xəndəyin kənarında müqavimət göstərə bilməyəcəksiniz. Evlərinizə qayıdın!” İçərilərindən bir qismi isə evlərinin düşməndən nəzarətsiz qaldığını deyərək öz evlərinə qayıtmaq üçün Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) izin istəyirdi. Halbuki iddia etdikləri kimi evləri nəzarətsiz deyildi. Onlar bu yalan üzürləri ilə sadəcə olaraq düşməndən qaçmaq istəyirdilər.
(14) Əgər düşmən Mədinənin hər tərəfindən onların üstünə hücum etsəydi, sonra da onlardan küfrə və Allaha şərik qoşmağa qayıtmaq tələb olunsaydı, düşmənin tələbini dərhal yerinə yetirər və cüzi bir vaxt istisna olmaqla mürtəd olub küfrə qayıtmaqda ləngiməzdilər.
(15) Baxmayaraq ki, bu münafiqlər Uhud günü döyüşdən qaçdıqdan sonra; əğər Allah onları başqa bir döyüşə şahid tutarsa düşmənləri ile döyüşəcəklərinə və onlardan qorxub qaçmayacaqlarına dair Allaha söz vermişdilər, lakin verdikləri sözü pozmuşdular. Hər kəs Allaha verdiyi əhd-peymana görə cavabdehdir və buna görə sorğu-sual ediləcəkdir.
(16) Ey Peyğəmbər! Onlara de: “Ölməkdən və ya öldürülməkdən qorxaraq qaçırsınızsa, bu qaçmağın sizə əsla faydası olmayacaq. Çünki hər kəsin əcəli əzəldən müəyyən edilmişdir. Döyüşdən qaçacağınız və əcəliniz sizə yetişməyəcəyi təqdirdə siz sadəcə bu həyatda çox az müddət gün-güzəran görəcəksiniz”.
(17) Ey Peyğəmbər! Onlara de: “Əgər Allah sizin xoşlamadığınız halda ölməyinizi və ya öldürülməyinizi istəyərsə, yaxud sizə istədiyiniz salamatlığı və xeyri nəsib etmək istəyərsə, buna kim mane ola bilər?!” Heç kəs buna mane ola billməz. O münafiqlər özləri üçün Allahdan başqa nə işlərini yoluna qoya biləcək bir himayəçi, nə də onları Allahın əzabından qoruyacaq bir yardımçı tapa bilərlər.
(18) Allah sizlərdən camaatı Rəsulullah - səllallahu aleyhi və səlləm - ilə birlikdə cihad etməkdən çəkindirənləri və öz qardaşlarına: “Gəlin bizim yanımıza, onunla birlikdə vuruşmayın ki, öldürülməyəsiniz. Biz sizin ölməyinizdən ehtiyat edirik”– deyənləri tanıyır. Bu rəzil kimsələr çox nadir hallarda döyüşə qatılırlar. Bunu da, Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - kömək etmək məqsədi ilə yox, sadəcə öz abır-həyalarını qorumaq xatirinə edirlər.
(19) Ey möminlər! Onlar sizə qarşı xəsislik edib öz mallarından sizə yardım etmirlər. Həmçinin, canları ilə xəsislik edib sizinlə birlikdə vuruşmurlar. Habelə, dostluq baxımından xəsislik edib sizinlə dost olmurlar. Düşmənlə qarşılaşdıqda onlara qorxu gəldiyi zaman, ölüm ayağında bayılan adam kimi, qorxudan dönüb sənə baxdıqlarını görürsən, ey Peyğəmbər. Qorxu keçib getdikdə və arxayın olduqda isə qənimətə tamah salıb onu tələb etmək xüsusunda acı dilləri ilə sənə əziyyət verirlər. Bu vəsfləri özlərində əks etdirən o kəslər haqqı ilə iman gətirməmişlər. Odur ki, Allah onların əməllərininin savabını puç etmişdir. Onların əməllərininin savabını puç etmək Allah üçün asandır.
(20) O qorxaqlar müttəfiqlərin Rəsulullaha (səllallahu aleyhi və səlləm) və möminlərə qarşı vuruşacaqlarını və möminlərin kökünü kəsməyincə əsla çıxıb geməyəcəklərini zənn edirlər. Əgər müttəfiqlər bir daha hücum etmiş olsaydılar, o münafiqlər Mədinədən çıxıb bədəvilər arasında köçəri həyat sürər və düşmənlə döyüşdən sonra başınıza nələr gəldiyi barədə xəbərləri soruşub öyrənmək istəyərdilər. Ey möminlər! Əgər onlar aranızda olsaydılar, sadəcə bir az döyüşərdilər. Odur ki, onlara məhəl qoymayın və onlara görə heyifsilənməyin.
(21) Allahın rəsulunun -səllallahu aleyhi və səlləm- dediklərində və etdiklərində sizlərə gözəl nümunə vardır. Belə ki, o, öz şərafətli canı lə döyüşdə iştirak etmişdir. Bundan sonra siz niyə öz canınızı -Allah yolunda vuruşmaqdan- əsirgəyirsiniz? Allahın rəsulu -səllallahu aleyhi və səlləm- Allaha mükafatına, rəhmətinə və Axirət gününə ümidini bağlayanlara, o gün üçün çalışanlara və həmçinin Allahı çox zikr edənlərə gözəl nümunədir. Allaha və Axirət gününə ümidini bağlamayanlara və Allahı çox zikr etməyənlərə gəlincə, onlar Allah rəsulunu -səllallahu aleyhi və səlləm- özlərinə nümunə etməzlər.
(22) Möminlər özlərinə qarşı vuruşmaq üçün toplanmış müttəfiqləri gördükdə dedilər: “Bu, Allahın və Onun rəsulunun bizə vəd etdiyi imtahanı, müsibəti və qələbəsidir. Allah və Onun rəsulu doğru söyləmişlər. Onların söylədiyi gerçəkləşdi.” Müttəfiqləri öz gözləri ilə görmələri onların yalnız Allaha olan imanını və itaətini artırdı.
(23) Möminlər arasında Allaha verdikləri əhdə sadiq qalan kişilər var. Onlar Allaha verdikləri sözün üstündə möhkəm durmuş və Allah yolunda olan cihadda səbir etmişlər. Onlardan kimisi əhdini yerinə yetirib Allah yolunda şəhid olmuş, kimisi də Onun yolunda şəhid olmasını gözləyir. O möminlər Allaha verdikləri əhdi əsla dəyişdirməyiblər, onlar əhdlərini pozan münafiqlər kimi deyillər.
(24) Bu ona görədir ki, Allah doğru danışanları - Allaha verdikləri əhdi yerinə yetirənləri doğruluqlarına və əhdi yerinə yetridiklərinə görə mükafatlandırsın, əhdlərini pozan münafiqlərə isə, küfrlərinə tövbə etməzdən əvvəl onları öldürməklə əzab versin, ya da onları tövbə etməyə müvəffəq etməklə tövbələrini qəbul etsin. Həqiqətən, Allah, günahlarına görə tövbə edən kimsəni bağışlayar, ona rəhm edər.
(25) Allah qureyşliləri, ğətəfanlıları və onlarla birlikdə gələnləri qəm-qüssə və kədər içində, istədiklərinə nail olmadıqları halda geri qaytardı və onlar möminlərin kökünü kəsə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Belə ki, onlara külək göndərdi və bəzi mələkləri nazil etdii. Allah Qüvvətlidir, Qüdrətlidir. Ona qarşı müharibə edən elə bir kimsə yoxdur ki, məğlubiyyətə uğrayıb rəzil olmasın.
(26) Allah yəhudilərdən müttəfiqlərə yardım edənləri düşmənlərindən qorunduqları qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz, ey möminlər, onların bir qismini öldürdünüz, bir qismini də əsir götürdünüz.
(27) Allah onları məhv etdikdən sonra sizi onların torpağına - əkin sahələrinə və xurma bağlarına, habelə, onların yurdlarına və digər mallarına, üstəlik, ayağınız dəyməyən Xeybərə sahib etdi. Siz ora ayaq basacaqsınız. Bu, möminlər üçün bir vəd və müjdədir. Allah hər şeyə qadirdir. Heç bir şey Ona qalib gələ bilməz.
(28) Ey Peyğəmbər! Zövcələrin səndən onlara daha çox mal-dövlət verməyini tələb etdikləri, sənin də onlara verməyə artıq malın olmadığı bir vaxtda zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi boşanmış qadınların məmnun qaldığı dünya malıyla məmnun edim və sizə zərər vurmadan və əziyyət vermədən sizi boşayım.
(29) Yox, əgər Allahın və Onun Rəsulunu razılığını qazanmaq, üstəlik, Axirət yurdunda olan Cənnəti istəyirsinizsə, öz halınıza səbir edin. Həqiqətən, Allah aranızdan səbir edib gözəl davranmaqla yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır.”
(30) Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir günah iş görsə, onun tutduğu yerinə, məqamına və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanında olduğuna görə, qiyamət günü onun əzabı ikiqat artar. O əzabı ikiqat olaraq artırmaq, Allah üçün asandır.
(31) Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib Allahın razı qaldığı saleh əməlləri etsə, ona başqa qadınlardan fərqli olaraq mükafatını ikiqat verərik. Biz axirətdə onun üçün bol ruzi - Cənnət hazırlamışıq.
(32) Ey Muhəmməd peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələri! Siz fəzilət və şərəf baxımından başqa qadınlar kimi deyilsiniz. Əksinə, siz fəzilət və şərəf xüsusunda elə bir mərtəbəyə yüksəlmisiniz ki, sizdən başqası o mərtəbəyə yüksələ bilməz. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa buna görə qəlbində nifaq xəstəliyi və haram buyurulan şəhvətə meyli olan kəs tamaha düşər. Şübhə doğurmayan sözlər danışın və bacardığınız qədər zarafatı kənara qoyub ciddi olun.
(33) Evlərinizdə qərar tutun! Ehtiyac olmadığı halda evinizdən bayıra çıxmayın və ilk cahiliyyə dövründə qadınların, kişilərin onlara meyil etmələri üçün öz gözəlliklərini kişilərə göstərdikləri kimi, gözəlliyinizi (yad kişilərə) göstərməyin. Namazı tam şəkildə qılın, malınızın zəkatını verin, Allaha və Onun Rəsuluna itaət edin! Pak və müqəddəs Allah, əziyyəti və pisliyi sizdən uzaq etmək istəyir. Ey Rəsulullahın zövcələri və ey onun ev əhli, Allah sizin qəlbinizi gözəl əxlaqla bəzəməklə və qəlbinizdəki günahları silib aparmaqla onu kamil şəkildə tərtəmiz etmək istəyir ki, bundan sonra orada heç bir mərəz qalmasın.
(34) Evlərinizdə oxunan Allahın Öz rəsuluna nazil etdiyi ayələrini və Rəsulullahın pak sünnəsini yada salın. Həqiqətən, Allah sizi Öz peyğəmbərinin ev əhlindən olmağı nəsib etməklə sizə lütf göstərmiş, üstəlik, sizi seçib Öz peyğəmbərinin zövcələri və onun ümmətinin möminlərinin anaları etməklə (sizin hər bir işinizdən) xəbərdardır.
(35) Həqiqətən, Allaha itaət etməklə ona boyun əyən kişilər və boyun əyən qadınlar, Allaha sidq-ürəkdən inanan kişilər və sidq-ürəkdən inanan qadınlar, Allaha itaət edən kişilər və itaət edən qadınlar, imanında və sözündə dürüst olan kişilər və dürüst olan qadınlar, itaətdə, günah işlərdən çəkinməkdə və müsibət gəldikdə səbirli olan kişilər və səbirli olan qadınlar, mallarından həm fərz (zəkat), həm də müstəhəb olaraq sədəqə verən kişilər və sədəqə verən qadınlar, Allah üçün həm vacib, həm də nafilə oruclarını tutan kişilər və qadınlar, naməhrəm yanında zinətlərini gizlədərək, habelə, zinadan və ona yaxınlaşdıran hər bir murdar əməldən uzaq durmaqla ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, həmçinin, qəlbləri və dilləri ilə, həm gizlində, həm də aşkarda Allahı çox zikr edən kişilər və qadınlar üçün - Qiyamət günü Allah tərəfindən onların günahlarının bağışlanması üçün məğfirət və böyük mükafat - Cənnət hazırlamışdır.
(36) Allah və Onun Rəsulu mömin kişilər və mömin qadınlar arasında bir işə hökm verdikdə, onlardan heç birinin bu hökmü qəbul etmək və ya inkar etmək ixtiyarı ola bilməz. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, haqq yoldan açıq-aydın azmış olar.
(37) Ey Peyğəmbər, bir zaman Allahın İslam neməti bəxş etdiyi və sənin azad etdiyin Zeyd ibn Harisə (radiyallahu anhumə) sənin yanına gəlib zövcəsi Zeynəb bint Cəhşi boşamaq xüsusunda səninlə məşvərət etdikdə, sən ona: “Zövcəni öz yanında saxla, onu boşama və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorx!”– demişdin. Ey Peyğəmbər, Allahın sənə vəhy etdiyi - sənə Zeynəblə evlənməyi buyurduğunu ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Allah Zeydin onu boşayacağını, sonra da, sənin onunla evlənəcəyini aşkara çıxaracaq. Əslində, bu işdə qorxmalı olduğun məhz Allahdır. Zeydin nəfsi zövcəsini istəmədikdə və artıq onu boşadıqda, Biz səni Zeynəblə evləndirdik ki, oğulluqları övrətlərini boşadıqdan və onların gözləmə müddəti başa çatdıqdan sonra o qadınlarla evlənməkdə möminlərə heç bir günah olmasın. Allahın əmri mütləq yerinə yetəcək. Heç bir şey ona mane olmaz və onun qarşısı alınmaz.
(38) Allahın Muhəmməd peyğəmbərə (səllallahu aleyhi və səlləm) halal buyurduğu işdə - oğulluğa götürdüyü Zeydin boşadığı qadını ilə evlənməkdə ona heç bir günah və sıxıntı olmaz. Peyğəmbər bu işdə, öncə gəlib-getmiş peyğəmbərlərin sünnəsinə tabedir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu işi görən ilk peyğəmbər deyil. Allahın belə bir hökm verməsi - bu evliliyin tamamlaması və bir də oğulluğa götürülmüş kimsənin oğul sayılmasının qadağan edilməsi, peyğəmbərin öz fikri və öz seçimi ilə deyil, məhz Allahın əzəldən müəyyən edtiyi bir hökmü ilədir.
(39) O peyğəmbərlər özlərinə nazil edilmiş Allahın risalətlərini öz ümmətlərinə təbliğ edir, pak və uca Allahdan başqa heç kəsdən qorxmur və Allahın onlara halal buyurduğu bir işi gördükdə, heç kəsin iradına məhəl qoymurdular. Allah Öz qullarının əməllərini haqq-hesab çəkməyə və etdikləri əməllərini əvəzini, yaxşı əməlin mükafatını, pis əməlin də cəzasını verməyə yetər.
(40) Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. O, Zeydin atası deyil ki, Zeyd öz zövcəsini boşadıqdan sonra onunla evlənmək ona haram sayılsın. Lakin o, Allahın insanlara göndərdiyi rəsulu və peyğəmbərlərin sonuncusudur. Ondan sonra peyğəmbər gəlməyəcək. Allah hər şeyi bilir. Qullarının əməllərindən heç biri Ondan gizli qalmaz.
(41) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, Allahı həm qəlbinizlə, həm dilinizlə, həm də əzalarınızla çox zikr edin!
(42) Səhər-axşam fəzilətli kəlmələri - "subhənallah" və "lə ilahə illəllah" deməklə pak və müqəddəs Allahın şəninə təriflər deyin!
(43) Allah sizə rəhm edir və sizi tərifləyir, üstəlik, Onun mələkləri də sizin üçün dua edirlər ki, sizi küfr zülmətindən iman nuruna çıxartsın. Allah möminlərə qarşı Rəhmlidir. Əgər onlar Allaha itaət etsələr, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinsələr, Allah onlara əzab verməz.
(44) Möminlərin Rəbbinə qovuşacaqları gün xeyir-duaları “salam” olacaq və hər bir pislikdən qorunacaqlar. Onlar Allaha itaət etdiklərinə və Ona asi olan işlərdən çəkindiklərinə görə, Allaha onlar üçün gözəl bir mükafat - Cənnət hazırlamışdır.
(45) Ey Peyğəmbər! Həqiqətən, Biz səni elçi göndərdik ki, sənə həvalə edilmiş risaləti insanlara təbliğ etdiyinə dair onların əleyhinə şahidlik edəsən, aralarındakı möminlərə Allahın onlara Cənnəti hazırladığı barədə müjdə verəsən, kafirləri də, Allahın onlar üçün hazırladığı azabla qorxudasan.
(46) Səni həm də Allahın əmri ilə Onun tovhidinə və itaətinə dəvət edən, habelə, doğru yola gəlmək istəyən hər kəsin yoluna nur saçan bir çıraq olaraq göndərdik.
(47) Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən möminlərə sevindirici xəbər ver ki, onlara pak və müqəddəs Allah tərəfindən böyük bir lütf nəsib olacaq. Belə ki, onlar bu dünyada zəfər çalacaq, axirətdə də Cənnətə daxil olmaqla uğur qazanacaqlar.
(48) Kafirlərin və münafiqlərin çağırışına itaət edib Allahın dinindən kənara çıxma, onlardan üç çevir. Bu, onların, sənin onlara gətirdiyinə iman gətirmələri üçün daha münasib olar. Hər bir işində - o cümlədən də, düşmənlərinə qalib gəlmək xüsusunda Allaha etimad et. İnsanların dünya və axirət işlərinin hamısında Allaha etimad etməsi, Onun insanları qoruması üçün kifayətdir.
(49) Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Əgər mömin qadınlarla nikah müqaviləsi bağlasanız, sonra da onlarla yaxınlıq etməzdən əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini - istər təmizləmə müddətini, istərsə də üç ayı saymağa haqqınız yoxdur. Bu hökm, o qadınlara yaxınlıq edilmədiyi üçün bətinlərində uşaq olmadığına görədir. Boşanma səbəbi ilə qırılmış könüllərini almaq üçün imkanınız daxilində öz malınızdan onlara verib, sonra da onlara əziyyət vermədən, gözəl bir tərzdə sərbəst buraxın ki, ailələrinin yanına getsinlər.
(50) Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini və Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri sənə halal etdik, habelə, səninlə birlikdə Məkkədən Mədinəyə hicrət etmiş əmin qızları, bibilərinin qızları, dayın qızları və xalalarının qızları ilə nikaha girməyi halal etdik, eləcə də, heç bir mehr vermədən özünü sənə hədiyyə edən mömin qadınla evlənməyi sənə halal etdik. Özünü hədiyyə edən qadınla evlənmək, bu ümmətdən heç kəsə yox, ancaq məxsusi olaraq Peyğəmbərə (səllallahu aleyhi və səlləm) caizdir. Biz möminlərə zövcələri barədə nəyi vacib buyurduğumuzu bilirik. Belə ki, onlara eyni vaxtda dörd qadından artıq qadınla evlənmək icazəli deyil. Habelə, onlara sahib olduqları cariyələr barədə nə buyurduğumuzu da bilirik. Belə ki, onlar istədikləri sayda cariyədən istifadə edə bilər. Biz sənə evlənməsinə icazə verdiklərimizdən bəzisini başqalarına icazə vermədik. Biz bunu, sənə sıxıntı və məşəqqət olmasın deyə belə etdik. Allah Öz qullarından tövbə edən kimsələri bağışlayandır, onlara rəhm edəndir.
(51) Ey Peyğəmbər, zövcələrindən istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, onlardan istədiyini də öz yanına ala bilərsən ki, gecəni səninlə keçirsin. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən, buna görə sənə heç bir günah olmaz. Onların növbəsini təxirə salmaq və sənə belə imkan yaratmaq, zövcələrinin sevinmələri və sənin onların hamısına verdiyindən razı qalmaları üçün daha münasibdir. Onlar bilsinlər ki, sən öz öhdənə düşən vacibi tərk etməmisən və heç kəsin haqqına girməmisən. Ey kişilər, Allah sizin qəlbinizdə olanları - qadınlarınızdan bəzisinə meyl edib digərlərini tərk etdiyiniz bilir. Allah Öz qullarının nə əməllər etdiklərini bilir, heç bir şey Ondan gizli qalmır, üstəlik, həlimdir, onları (günahlarına görə) dərhal cəzalandırmır ki, bəlkə Ona tövbə edələr.
(52) Ey Peyğəmər, ixtiyarında olan zövcələrindən başqa qadınlarla evlənmək, onların hamısını yaxud bir qismini boşayıb əvəzinə başqa qadınlar almaq, - hətta o qadınların gözəllikləri səni heyran etsə də, - sənə halal deyil. Sahib olduğun cariyələr isə istisnadır, onlardan istədiyin qədər ala bilərsən. Allah hər şeyə nəzarət edəndir. Bu hökm möminlərin analarının fəzilətinə dəlalət edir. Belə ki, onların boşanması və başqasına ərə getməsi qadağan edilmişdir.
(53) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib oturub yeməyin hazırlanmasını da gözləməyin. Lakin yeməyə dəvət olunduğunuzda girin və yemək yedikdən sonra orada oturub bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri (səllallahu aleyhi və səlləm) narahat edir və o sizdən çıxıb getmənizi tələb etməyə utanır. Allah isə haqq sözü deməkdən utanmır. Elə buna görə də, sizə çıxıb getməyi əmr edir ki, bununla Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət verməyəsiniz. Peyğəmbərin zövcələrindən bir şey - məsələn, qab və s. istədikdə, onu pərdə arxasından istəyin, onlarla üzbəüz durub istəməyin ki, sizin gözləriniz onları görməsin. Belə edin ki, Allahın rəsuluna (səllallahu aleyhi və səlləm) ehtiram əlaməti olaraq onları qorumuş olasınız. İstədiyinizi pərdə arxasından istəmək həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Belə edin ki, şeytan həm sizin, həm də onların qəlbinə vəsvəsə verib sizi yaramaz işlər görməyə təşviq etməsin. Ey möminlər, sizə Allahın rəsulunun evində çox oturmaqla ona əziyyət vermək, habelə, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yaraşmaz. Çünki onlar möminlərin analarıdır. Heç kəsə də, öz anası ilə evlənmək caiz deyil. Peyğəmbərin vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək kimi əziyyət vermək haram buyurulub və bu, Allah yanında böyük günah sayılır.
(54) Siz əməllərinizdən bir şeyi aşkara çıxarsanız da, onu içinizdə gizli saxlasanız da, şübhəsiz ki, Allah hər şeyi bilir. Sizin əməllərinizdən və s. heç bir şey Ondan gizli qalmaz. O sizə əməllərinizin əvəzini - yaxşılığa mükafat, pisliyə də cəza verəcəkdir.
(55) Qadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, doğma və ya süd bacılarının oğulları, mömin qadınların, sahib olduqları kənizlərin yanında hicab geymədən onlarla danımalarında heç bir günah yoxdur. Ey mömin qadınlar, sizə yaxşı işləri əmr edən və pis işləri qadağan edən pak və müqəddəs Allahdan qorxun! Allah sizin aşkara çıxardığınız və etdiyiniz hər şeyə şahiddir.
(56) Həqiqətən də, Allah mələklərin yanında Peyğəmbəri (səllallahu aleyhi və səlləm) tərif edir. Onun mələkləri Peyğəmbər (səllallahu aleyhi və səlləm) üçün dua edirlər. Ey Allaha iman gətirən və Onun Öz qullarına buyurduqlarını yerinə yetirən kimsələr, siz də ona dua edib kamil ədəb-ərkanla onu salamlayın.
(57) Şübhəsiz ki, Allaha və Onun rəsuluna sözlə, yaxud əməllə əziyyət verənləri Allah dünyada və axirətdə Öz geniş rəhmətindən qovmuş və Onun rəsuluna əziyyət verdiklərinə görə, cəza olaraq axirətdə onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
(58) Mömin kişilərə və mömin qadınlara etmədikləri bir cinayətdən ötrü, sözlə və ya əməllə əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə yalan və açıq-aydın günah götürmüşlər.
(59) Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, geydikləri çarşabları ilə örtünsünlər ki, övrət yerləri naməhrəm kişilər yanında görsənməsin. Bu onların azad qadın kimi tanınması və cariyələrə əziyyət verildiyi kimi, heç kəsin onlara əziyyət verməməsi üçün daha münasibdir. Allah Öz qullarından Ona tövbə edən kimsələri bağışlayandır, və onlara rəhm edəndir.
(60) Əgər münafiqlər öz nifaqlarına - müsəlman olduqlarını aşkarda göstərib küfrü qəlblərində gizlətmələrinə, habelə, qəlbi xəstə olanlar öz nəfsi istəklərinə və bir də Mədinədə möminlərin arasını vurmaq üçün yalan xəbərlər yayanlar bu əməllərinə son qoymasalar, sənə, ey Peyğəmbər, onları cəzalandırmağı buyurar və səni onların üzərində hökmran edərik. Sonra da onlar yer üzündə fəsad törətdiklərinə görə, məhv ediləcəkləri və ya yurdlarından qovulacaqları üçün, Mədinədə səninlə ancaq az bir müddət ərzində qonşuluq edərlər.
(61) Onlar Allahın rəhmətindən qovularlar. Münafiq olduqlarına və yer üzündə fəsad yaydıqlarına görə, harada ələ keçirilsələr, yaxalanıb amansızcasına öldürülərlər.
(62) Allahın öncə gəlib-getmiş, nifaqlarını aşkara çıxarmış münafiqlər barədə qanunu belədir. Allahın qanunu sabitdir, sən onda əsla bir dəyişiklik tapa bilməzsən.
(63) Ey Peyğəmbər, müşriklər və yəhudilər sənə etiraz edərək və inanmayaraq o saat (qiyamət) barədə sual verirlər ki: "O nə zaman qopacaq?" Onlara de: “Onu yalnız Allah bilir, mən bu haqda heç nə bilmirəm!” Ey Peyğəmbər, nə bilirsən, bəlkə də, o saat lap yaxınlaşmışdır.
(64) Pak və müqəddəs Allah kafirləri Öz rəhmətindən qovmuş və qiyamət günü onları gözləyən yandırıb-yaxan Od hazırlamışdır.
(65) Onlar özləri üçün hazırlanmış o atəşin içindəki əzabda əbədi qalacaq, özlərinə fayda verən nə bir himayəçi, nə də bir əzabı onlardan dəf edən yardımçı tapa biləcəklər.
(66) Qiyamət günü onların üzləri Cəhənnəm odunda o yan-bu yana döndərildikdə, çox peşman olduqlarına və təəssüf etdiklərinə görə deyəcəklər: “Kaş, dünya həyatımızda Allahın bizə əmr etdiklərini yerinə yetirməklə və Onun bizə qadağan etdiklərindən çəkinməklə Allaha itaət edər, habelə, Peyğəmbərin öz Rəbbindən bizə gətirdiyinə itaət edərdik.”
(67) Onlar zəif və batil dəlil gətirib deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və qövmümüzün böyüklərinə itaət etdik, onlar da bizi düz yoldan sapdırdılar.
(68) Ey Rəbbimiz! Bizi düz yoldan sapdıran o başçılara və böyüklərə, bizi haqq yoldan azdırdıqlarına görə, bizə verdiyin əzabın ikiqatını ver və onları Öz rəhmətindən birdəfəlik qov!”
(69) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Musanın bədənində qüsur olduğunu iddia edərək ona əziyyət verən kimsələr kimi, siz də, öz Peyğəmbərinizə əziyyət verməyin. Allah Musanı onların dediklərindən təmizə çıxartdı və beləliklə, onlara iddia etdikləri qüsurun Musada olmadığı aydın oldu. Musa Allahın yanında çox ehtiram edilən bir şəxs idi. Dilədikləri rədd edilməz, gördüyü işlər də uğursuz olmazdı.
(70) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, Allahdan qorxun və doğru-düzgün söz danışın.
(71) Əgər siz Allahdan qorxsanız və doğru söz danışsanız, O, sizin əməllərinizi islah edər və bu əməlləri sizdən qəbul edər, habelə, sizin günahlarınızı bağışlayar və bu günahlara görə sizi cəzalandırmaz. Kim Allaha və Onun rəsuluna itaət etsə, bənzəri olmayan, böyük bir uğur qazanar. Bu uğur - Allahın rizasını qazanmaq və Cənnətə daxil olmaqdır.
(72) Biz şəri hökmləri yerinə yetirməyi, mal-dövləti və sirləri qorumağı göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər və onun aqibətindən qorxdular. İnsan onu boynuna götürdü. Doğrudan da, o, nəfsinə zülm edən və bunun aqibətini bilməyən cahildir.
(73) Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları nifaqlarına görə, müşrik kişiləri və müşrik qadınları da Allaha şərik qoşdularına görə cəzalandırsın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır, onlara rəhm edəndir.