(1) ﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
(2) Bu Quran Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir.
(3) Anlayan bir qövm üçün ərəbcə Quran olaraq ayələri tam və ən mükəmməl şəkildə bəyan edilmiş bir kitabdır. Çünki onlar onun ayələrinin mənasını dərk edən və haqq yolu göstərən ayələrdən faydalanan kimsələrdir.
(4) Bu Quran, həm möminlərə Allahın onlar üçün hazırladığı böyük mükafatla müjdə verən, həm də kafirləri Allahın ağrılı-acılı əzabı ilə qorxudandır. Lakin kafirlərin çoxu Qurandan üz döndərib, onun doğru yol göstərən ayələrini dinləmirlər.
(5) Onlar deyirlər: “Qəlbimizə örtük çəkildiyinə görə, sənin bizi dəvət etdiyini anlamırıq, qulaqlarımız da kardır deyə, nə dediyini eşitmirik və bir də, bizimlə sənin aranda pərdə var deyə, sənin dediklərin bizə çatmır. Sən öz dininə əməl et, biz də öz dinimizə əməl edəcəyik və sənə tabe olmayacağıq”.
(6) Ey Peyğəmbər, o inadkarlara belə de: “Mən də sizin kimi bir insanam. Allah mənə vəhy edir ki, sizin haqq məbudunuz yalnız Tək olan Allahdır. Ona tərəf doğru yol tutun və günahlarınıza görə Ondan bağışlanma diləyin. Allahdan qeyrisinə ibadət edən və ya Allaha şərik qoşan müşriklər məhv olsun və əzaba uğrasınlar!
(7) O kəslər ki, mallarının zəkat vermir və axirəti - oradakı tükənməz nemətləri və ağrılı-acılı əzabı inkar edirlər.
(8) Allaha və Onun peyğəmbərlərinə iman gətirib yaxşı işlər görənləri əbədi, tükənməz nemət - Cənnət gözləyir”.
(9) Ey Peyğəmbər, müşriklərə məzəmmət edərək belə de: “Siz nə üçün yeri iki gündə - bazar günü və bazar ertəsi yaradan Allaha küfr edir və Ona şəriklər qoşub onlara ibadət edirsiniz?! O ki, bütün məxluqatın Rəbbidir.
(10) O, yer silkələnməsin deyə onun üstündə möhkəm duran dağlar yerləşdirdi, ora bərəkət verdi, oranı sakinləri üçün bərəkətli bir yer etdi və ruzi istəyənlər üçün orada insanların və heyvanların ruzisini, əvvəlki iki gün (bazar və bazar ertsəi) də daxil olmaqla, dörd gündə - ikinci və üçüçncü günlər müəyyən etdi.
(11) Sonra pak və müqəddəs Allah, o zaman hələ tüstü halında olan göyü xəlq etmək üçün səmaya təfəf ucaldı. Onda O, göyə və yerə belə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq əmrimə boyun əyin, sizin bundan başqa bir yolunuz yoxdur!”. Onlar da belə cavab verdilər: “Könüllü olaraq boyun əyirik. Sənin istəyindən başqa, bizim heç bir istəyimiz ola bilməz, ey Rəbbimiz!”
(12) Allah göylərin yaradılışını iki gündə - cümə axşamı və cümə günü tamamladı. Bununla da, göylərin və yerin yaradılışı altı gündə tamamlandı. Sonra Allah hər bir göyə nə həvalə etdiyini, üstəlik, itaət və ibadət aid olan buyuruqlarını ona vəhy edib bildirdi. Biz dünya səmasını ulduzlarla bəzədik və onu şeytanların xəlvətcə qulaq asmasından qoruduq. Bu zikr edilənlərin hamısı, hər kəsə gücü yetən - Qüdrətli, hər şeyi Bilən Allahın əzəli hökmüdür.
(13) Ey Peyğəmbər, əgər onlar sənin təbliğ etdiyinə iman gətirməkdən üz döndərsələr, de: “Mən sizi Hudun qövmü Ad və Salehin qövmü Səmud tayfalarına, öz peyğəmbərlərini yalançı saydıqları zaman, üz vermiş əzab kimi bir əzabla qorxuduram”.
(14) Elçilər bir-birinin ardınca onlara eyni dəvəti gətirib onlara yalnız Allaha ibadət etməyi əmr etmişdilər. İçərilərindəki kafirlər isə belə cavab vermişdilər: “Əgər Rəbbimiz bizə mələklərdən elçilər endirmək istəsəydi, endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq. Çünki siz də, bizim kimi bir bəşərsiniz”.
(15) Hud peyğəmbərin qövmü Ada gəlincə, onlar Allaha küfr etməklə yanaşı yer üzündə haqsızcasına təkəbbür göstərib özlərinin ətrafındakılara zülm etdilər və öz qüvvələrinə aldanıb dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Onların iddiasına görə onlardan güvvətlisi yox idi. Allah onlara cavab verərək belə buyurdu: "Məgər onlar bilmirdilər və görmürdülər ki, onları yaradan və onlara bu qədər güvvət verən Allah onlardan daha qüvvətlidir?! Onlar Hudun (aleyhissəlam) gətirdiyi ayələri - Allahın ayələrini inkar edirdilər.
(16) Biz onlara dünya həyatında zəlillik və rüsvayçılıq əzabını daddırmaq üçün onları əzaba sürükləyən uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik. Onları gözləyən axirət əzabı isə onlar üçün daha zəliledicidir. Onlar özlərini əzabdan qurtaracaq bir köməkçi tapa bilməyəcəklər.
(17) Salehin qövmü Səmuda gəldikdə isə, Biz onlara haqq yolu bəyan etməklə onları doğru yola yönəltdik, onlar isə zəlalətə düşməyi doğru yola yönəlməkdən üstün tutdular. Beləliklə, etdikləri küfr və asiliklər üzündən onları alçaldıcı əzab ildırımı yaxaladı.
(18) Allaha və Onun peyğəmbərlərinə iman gətirənləri və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxanları isə, onların qövmünə üz vermiş əzabdan xilas etdik.
(19) Allah Öz düşmənlərini Cəhənnəmə toplayacağı gün, zəbanilər əvvəlincisindən axırıncısınadək ora sürükləyəcək və onlardan heç biri qaçıb canlarını Cəhənnəm odundan qurtara bilməyəcəkdir.
(20) Nəhayət, onlar sürüklənərək gətirildikləri Cəhənnəmə yetişdikdə və dünyada ikən etdikləri əməlləri inkar etdikdə, qulaqları, gözləri və dəriləri onların dünyada etdikləri küfr və asiliklər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
(21) Kafirlər öz dərilərinə: “Nə üçün dünyada etdiyimiz əməllər barədə əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri də öz sahiblərinə belə cavab verəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə, hələ dünyada ikən O yaratmışdır. Axirətdə də siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.”
(22) Siz günah işlər gördüyünüz zaman qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Çünki siz ölümdən sonra haqq-hessaba çəkilməyə, cəzalandırılmağa və mükafatlandırılmağa inanmırdınız. Əksinə, elə zənn edirdiniz ki, pak və müqəddəs Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir, bu əməllər Ondan gizli qalır. Elə bu səbəbdən də, aldandınız.
(23) Sizin öz Rəbbiniz barədə olan pis zənniniz sizi həlak etdi və bu səbəbdən də, siz dünyada da, axirətdə də, ziyana uğrayan kimsələrdən oldunuz.
(24) Qulaqları, gözləri və dəriləri özlərinin əleyhinə şahidlik etdikləri bu kimsələr əzaba səbir edib dözsələr də, onların qərar tutacaqları və sığınıcaqları yer oddur. Onlar əzabın aradan qaldırılmasını və Allahın onlardan razı qalmasını diləsələr də, Allahın razılığını qazana bilməyəcək və heç vaxt Cənnətə girməyəcəklər.
(25) Biz o kafirlərə şeytanlardan, daim onların yanında olacaq dostlar hazırladıq və bu dostlar onlara həm dünyadakı pis əməllərini gözəl göstərdilər, həm də, axirəti yada salmağı və o gün üçün əməl etməyi onlara unutdurdular. Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlərə əzab vacib olduğu kimi, onlara da vacib oldu. Həqiqətən də, onlar özlərini və ailələrini Cəhənnəm oduna düçar etməklə ziyana uğradılar.
(26) Kafirlər dəlilə qarşı dəlil gətirməkdən aciz qaldıqdıqda, bir-birilərinə tövsiyə edib dedilər: “Muhəmmədin sizə oxuduğu bu Qurana qulaq asmayın və içindəkilərə inanmayın, o, onu oxuyarkən hay-küy salın, səsinizi qaldırın ki, bəlkə, bunun sayəsində ona qalib gələsiniz, o da, onu oxumaqdan və ona dəvət etməkdən vaz keçsin, beləliklə də, siz dinclik tapasınız”.
(27) Biz Allaha və Onun elçilərinə küfr edən kimsələrə qiyamət günü mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə - şirk və asiliklərə görə cəzalandıracağıq.
(28) Bu deyilən cəza, Allahın düşmənlərinin - Allaha küfr etmiş və və Onun elçilərini yalançı saymış kimsələrin cəzası – Oddur! Onlar Allahın ayələrini inkar etdiklərinə və bu ayələrin aydın və çox tutarlı olmasına rəğmən onlara iman gətirmədiklərinə görə, cəza olaraq, əbədiyyən odda qalacaq və heç vaxt oradan çıxmayacaqlar.
(29) Allaha küfr edən və Onun elçilərini yalançı sayan kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları - küfrün əsasını qoymuş və ona dəvət etmiş İblisi, habelə, yer üzündə ilk dəfə qan tökmüş Adəm oğlunu bizə göstər, biz onları Cəhənnəm odunda ayaqlarımızın altına salaq ki, onlar Cəhənnəm əhlinin ən şiddətli əzaba düçar olan alçalmış kimsələrdən olsunlar”.
(30) Həqiqətən də: “Rəbbimiz Allahdır, bizim Ondan başqa Rəbbimiz yoxdur!” – deyib sonra Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə düz yol tutan kəslərə, onlar ölüm ayağında ikən mələklər nazil olub onlara deyirlər: “Ölümdən və ölümdən sonra baş verəcəklərdən qorxmayın və dünyada qoyub gəldiklərinizə görə kədərlənməyin! Dünyada ikən Allaha olan imanınıza və saleh əməllərinizə görə sizə vəd edilən Cənnətlə sevinin!
(31) Biz dünya həyatında sizin dostlarınız idik, sizi doğru yola yönəldir və sizi qoruyurduq, həmçinin, axirətdə də, biz sizin dostlarınızıq, sizə olan dostluğumuz daimidir. Cənnətdə sizin üçün nəfsinizin istədiyi ləzzət və zövq verəcək nemətlər, üstəlik, orada sizin üçün tələb edəcəyiniz hər şey vardır.
(32) Tövbə etmiş qullarını bağışlayan və onlara rəhm edən Allah tərəfindən sizin üçün hazırlanmış bir ziyafətdir.
(33) İnsanları Allahın vəhdaniyyətinə və Onun şəriətinə əməl etməyə çağıran, Rəbbinin razı salacaq yaxşı iş görən və: “Mən Allaha təslim olanlardan, Onun əmrinə boyun əyənlərdənəm!” – deyən kəsdən daha gözəl söz söyləyən bir kimsə yoxdur. Bütün bunları edən kimsə - məhz beləsi insanlar arasında ən gözəl söz söyləyən kimsədir.
(34) Savab qazandıran əməllər və Allahı razı salan ibadətlərlə Allahı qəzəbə gətirəcək pisliklər və asiliklər eyni ola bilməz. İnsanlardan sənə pislik etmiş kimsənin pisliyini yaxşı əməllə dəf et! Onun pisliyini yaxşılıqla dəf etdiyin zaman səninlə aranda düşmənçilik olmuş kimsə sanki yaxın bir dost olar.
(35) Bu tərifəlayiq xislətdə çoxlu xeyir və bol fayda olduğundan buna yalnız əziyyətlərə, həmçinin, insanların etdiyi pisliklərlə səbir edənlər və ancaq böyük qismət sahibləri müvəffəq ola bilər.
(36) Şeytan sənə pis iş görmək üçün nə vaxt vəsvəsə versə, Allaha üz tut və Ona sığın. Həqiqətən də, O, sənin dediklərini eşidir, və sənin halını bilir.
(37) Bir-birini əvəz edən gecə və gündüz, habelə, günəş və ay Allahın əzəmətinə və tək İlah olduğuna dəlalət edən dəlillərindəndir. Ey insanlar, əgər siz Allaha haqqı ilə ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan tək Allaha səcdə edin.
(38) Əgər onlar təkəbbür göstərsələr, üz döndərsələr və yaradan Allaha səcdə etməsələr (blsinlər ki), Allahın yanında olan mələklər gecə-gündüz Onu tərifləyir və Ona şəninə həmd-sənalar deyirlər, onlar usanmadan Ona ibadət edirlər.
(39) Allahın əzəmətinə, vəhdaniyyətinə və ölüləri dirltməyə qadir olduğuna dəlalət edən dəlillətrdəndir ki, sən yer üzünün qupquru olduğunu, orada heç bir bitki olmadığını görürsən. Biz onun üzərinə yağış endirdikdə isə, içindəki toxumların cücərməsindən dolayı o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, o ölü torpağı bitkilərlə dirildən Allah, ölüləri də hökmən dirildib, haqq-hesaba çəkilmələri və etdikləri əməllərin əvəzini almaq üçün məhşərə toplayacaq. Həqiqətən, O, hər şeyə qadirdir. O, nə ölü torpağı canlandırmaqdan, nə də ölüləri dirildib qəbirlərindən çıxartmaqdan acizdir.
(40) Şübhəsiz ki, Allahın ayələrini inkar etməklə, onları yalan saymaqla və onları təhrif etməklə haqdan üz döndərənlərin halı Bizdən gizli qalmaz. Biz onların hamısını bilirik. Bir deyin görək, Cəhənnəm oduna atılan kimsə üstündür, yoxsa qiyamət günü əzabdan qurtulacağına əmin olan kimsə?! Ey insanlar, istədiyiniz xeyir və şər əməlləri edin! Biz sizə artıq xeyiri də şəri də bəyan etdik. Allah sizin xeyir yaxud şər əməllər etdiyinizi görür. Etdiyiniz əməllərdən heç bir şey Ondan gizli qalmaz.
(41) Şübhəsiz ki, özlərinə Allah tərəfindən Quran gəldiyi zaman onu yalan sayan kimsələr qiyamət günü əzaba düçar olacaqlar. Həqiqətən, bu, əzəmətli və əsaslı bir Kitabdır. Onu nə təhrif etmək istəyən kəs təhrif edə bilər, nə də, dəyişdirmək istəyən kəs onu dəyişdirə bilər.
(42) Batil ondan bir şey əksiltmək, yaxud ona bir şey artırmaq, yaxud onu dəyişdirmək, yaxud da onu təhrif etmək üçün onun nə önündən, nə də arxasından ona gələ bilər. O, yaratdıqları, yazdığı qədər və qoyduğu şəriət xüsusunnda hikmət sahibidir, hər bir halda tərifə layiqdir.
(43) Ey Peyğəmbər, səni təkzib etmək üçün sənə nə deyilirsə, (bil ki,) səndən əvvəlki elçilərə də bunun eynisini demişdilər. Sən səbir et! Həqiqətən, sənin Rəbbin Öz qullarından ona tövbə edən kimsələri bağışlayandır, həmçinin, günah işlər görməkdə israrlı olub tövbə etməyən kimsələrə də, ağrılı-acılı cəza verəndir.
(44) Əgər Biz bu Quranı ərəb dilindən başqa bir dildə nazil etsəydik, onların arasındakı kafirlər deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir ki, biz onu başa düşək? Quran yad dildə, onu gətirən isə ərəb ola bilərmi?!” Ey Peyğəmbər, onlara de: “Bu Quran, Allaha iman gətirən və Onun peyğəmbərlərinin dediklərini təsdiqləyən kimsələri zəlalətdən çıxardıb doğru yola yönəldən rəhbər və bir də, qəlblərdəki cahillik və ona bənzər xəstəliklər üçün şəfadır". Allaha iman gətirməyənlərin isə qulaqlarında karlıq var. Onlar ona qarşı kordurlar, onu anlamırlar. Bu xislətləri özlərində cəm edən kimsələr sanki uzaq bir yerdən çağırılırlar. Onlar bu çağırışı necə eşidə bilərlər?!
(45) Biz Musaya Tövratı verdik, lakin onun barəsində də ixtilaf düşdü. Onlardan bəzisi ona iman gətirdi, bəzisi də onu inkar etdi. Əgər sənin Rəbbinin, qiyamət günü insanların ixtilafa düşdükləri məsələlər barədə onlar arasında hökm verəcəyi vədi olmasaydı, Tövrat barəsində ixtilaf edənlərin arasında hökm verər, kimin haqq, kimin də batil olduğunu göstərər, haqlı kimsəni ucaldar, batil fikirli olanı isə alçaldardı. Həqiqətən, kafirlər Quran barəsində anlaşılmaz bir şəkk-şübhə içindədirlər.
(46) Kim yaxşı iş görsə, gördüyü işin xeyri özünə qayıdar, çünki bir kimsənin etdiyi yaxşı əməlin Allaha heç bir faydası yoxdur. Kim də pislik etsə, zərəri onun öz əleyhinə olar, çünki yaradılanlardan bir kimsənin etdiyi pis əməlin Allaha heç bir zərəri yoxdur. Uca Allah hər bir kəsə etdiyi əməlinin əvəzini verəcəkdir. Ey Peyğəmbər, Rəbbin Öz qullarına züml edən deyildir. Allah onların nə savabından azaldar, nə də günahları üzərinə günah artırar.
(47) Qiyamət saatı haqqında bilgi yalnız Allaha məxsusdur və Onun nə zaman vaqe olacağını yalnız O bilir. Bunu Ondan başqa heç kəs bilmir. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. Bunlardan heç bir şey Ondan gizli qalmaz. Qiyamət günü Allah, Onunla yanaşı bütlərə ibadət edən müşrikləri çağırıb, onları bütlərə ibadət etdiklərinə görə məzəmmət edib deyəcək: “Mənim şərikim olduğunu iddia etdiyiniz şəriklərim haradadır?!” Müşriklər deyəcəklər: “Biz Sənin qarşında etiraf edirik ki, indi heç birimiz Sənin şərikin olduğunu deyə bilməz!”
(48) Əvvəllər tapındıqları bütlər onları qoyub gedəcək və onlar Allahın əzabından qaçıb qurtulmağa bir yeri olmadığını yəqin edəcəklər.
(49) İnsan özünə sağlıq, mal-dövlət, övlad və başqa nemətlər diləməkdən usanmır. Elə ki, ona kasıblıq, yaxud xəstəlik və buna bənzər müsibət üz verir, çox məyus olub Allahın rəhmətindən ümidini üzür.
(50) Əgər onun başına gələn bəladan və xəstəlikdən sonra, Biz sağlamlıq, zənginlik və əmin-amanlıq daddırsaq, mütləq deyər: “Bu mənə məxsusdur, çünki mən buna layiqəm, bu mənim haqqımdır və Mən qiyamət saatının gələcəyini güman etmirəm. Əgər qiyamətin qopacağını fərz etsək belə, yenə Allah yanında mənim var-dövlətim və malım olacaq. Necə ki, mən bu dünyada o var-dövlətə layiq olduğum üçün Allah onu mənə əta edib, eləcə də, axirətdə onu mənə əta edəcəkdir.” Biz Allaha küfr edənlərə etdikləri küfr və asiliklər barədə mütləq xəbər verəcək və onlara hökmən şiddətli bir əzab daddıracağıq.
(51) Biz insana sağlamlıq, salamatlıq və başqa bu kimi nemətlər verdiyimiz zaman Allahı zikr etməkdən və Ona itaət etməkdən qafil olar və təkəbbürlə arxa çevirər. Ona xəstəlik, kasıblıq və buna bənzər bəla üz verdikdə isə uzun-uzadı Allaha dua edib başına gəlmiş bəlanı ondan sovuşdurması üçün Ona şikayətlənərək yalvarıb-yaxarar. Beləcə, o, nə Rəbbi ona nemət verdikdə ona şükr edər, nə də onu sınağa çəkib bəlaya düçar etdikdə səbir edər.
(52) Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə, sonra da, siz onu inkar edir və onu yalan sayırsınızsa, belə olduğu təqdirdə sizin halınız necə olacaq?! Haqq açıq-aydın, dəlil-sübutla əsaslandırıldığı və tutarlı ola-ola inad edib onu qəbul etməyən kəsdən daha çox azmış kim ola bilər?!
(53) Biz öz dəlillərimizi Qureyş kafirlərinə həm yer üzündə - (məsələn,) müsəlmanlara fəthlər bəxş etməklə, həm də onların özlərində - yəni Məkkəni fəth etməklə mütləq göstərəcəyik ki, axırda Quranın haqq olduğu və içində heç bir şübhə olmadığı üzə çıxıb onların şəkkini aradan qaldırsın. Məgər o müşriklərə Quranın haqq olduğuna və Allah tərəfindən nazil edilməsinə dair Allahın şahidliyi kifayət deyilmi?! Əgər onlar haqqı istəsəydilər, Rəbbinin şahidliyi ilə kifayətlənərdilər.
(54) Doğrudan da, o müşriklər dirilməni inkar etdiklərinə görə, qiyamət günü özlərinin Rəbbi ilə qarşılaşacaqlarına şəkk edirlər. Onlar axirətə inanmırlar və elə buna görə də, yaxşı işlər görməklə o gün üçün hazırlıq görmürlər. Həqiqətən, Allah elm və qüdrət ilə hər şeyi əhatə edəndir.