43 - əz-Zuxruf ()

|

(1) ﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

(2) Allah, açıq-aydın şəkildə haqq yolu göstərən Qurana and içir.

(3) Ey ərəblər! Biz Quranı ərəb dilində endirdik ki, onun mənasını başa düşəsiniz və gələcək nəsillərə nəql edəsiniz.

(4) Şübhəsiz ki, bu Quran lövhi-məhfuzda çox yüksək məqamdadır və hik­mət­lə dolu­dur. Allahın əmrləri və qadağaları ilə bağlı ayələri mükəmməl şəkildədir.

(5) Yoxsa siz çoxlu şirk və asilik etdiyinizə görə, Biz etiraz əlaməti olaraq Quranı si­zə nazil etməkdən vaz keçməli­yik?! Biz bunu edən deyilik, əksinə, sizə olan rəhmətimiz bunun əksini tələb edir.

(6) Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik.

(7) O keçmiş ümmətlərə Allah tərəfindən elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.

(8) Biz onlardan daha qüv­vətli olan ümmətləri məhv etdik. Belə isə onlardan daha zəif olanları məhv etməyə də qadirik. Quranda əvvəlki ümmətlərin - Ad və Səmud tayfalarının, Lut qövmünün və Mədyən əhlinin necə həlak olduğu barədə xəbər verilmişdir.

(9) Ey Peyğəmbər, əgər sən, haqqı yalan sayan o müşriklərdən: “Göy­ləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, səni sualına belə cavab verəcəklər: “On­la­rı heç kəsin qalib gələ bilməyəcəyi Qüdrətli və hər şeyi Bilən Allah yaratmışdır!”

(10) O Allah ki, yeri sizin üçün üstündə ayaq qoyub yeriyə biləsiniz deyə döşədi, üstəlik, dağlarda və dərələrdə sizin üçün yollar saldı ki, bunların sayəsində yolunuza davam edə bilə­siniz.

(11) O Allah, göydən həm sizə, həm də sizin heyvanlarınıza və əkinlərinizə kifayət edəcək qə­dər su endirdi. Biz onunla heç bir bitgi bitməyən ölü bir diyarı di­ril­tdik. Alah o ölü diyarı bitkilərlə diriltdiyi kimi, sizi də hüzuruna toplamaq üçün dirildəcəkdir.

(12) O Allah ki, gecə və gündüz, kişi və qadın və başqa bu kimi cütlərin hamısını ya­ratdı. Sizin üçün səfərə çıxdığınızda heyvanlardan və gəmilərdən minə biləcəyiniz miniklər yaratdı. Siz gəmiləri dənizdə, heyvanları isə quruda minib istifadə edirsiniz.

(13) Uca Allah bütün bunları yaratdı ki, səfər çıxdıqda, onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyi­niz za­man Rəb­binizin nemətini - bu minikləri sizin ixtiyarınıza verdiyini yada salıb, dilinizlə belə deyə­si­niz: “Bu miniyi bizim ixtiyarımıza verən və bunu bizə ram edən və beləliklə də ondan istədiyimiz kimi istifadə etməyi bizim üçün asanlaşdıran Allah pak və müqəd­dəs­dir. Əgər Allah onu bizim ixtiyarımıza verməsəydi, bi­zim ona əsla gücümüz çatmaz­dı.

(14) Şübhəsiz ki, biz öldükdən sonra (dirilib) haqq-hesaba çəkilmək və əməllərimizin əvəzini almaq üçün yalnız Rəbbi­mizin hzüruna qayıdacağıq”.

(15) Müşriklər Allahın yaratdıqlarından bəzisinin onun övladı olduğunu iddia edib dedilər: "Mələklər Allahın qızlarıdır". Belə söz söyləyən insan, həqi­qə­tən də, açıq-aydın küfr və azğınlıq içindədir.

(16) Ey müşriklər, yoxsa Allah, yaratdıq­la­rından qız­ları Özünə götürüb oğ­lan­la­rı sizin üçün övlad seçdiyinimi deyirsiniz?! İddia etdiyiniz bu bölgü necə bir bölgüdür?!

(17) Onlardan birinə, Rəbbinə aid etdiyi qız uşa­ğı ilə müj­də verilsə, sıxıntı və kədərdən üzü qapqara qaralar, olduqca bərk qəzəblənər. Bəs nə haqla, özünə müjdə verildiyi təqdirdə kədərlənməsinə səbəb olan qız uşağını Rəbbinə isnad edir?!

(18) Onlar zinət içində böyü­dülən və mübahisə vaxtı qadın olduğundan dolayı açıq-ay­dın da­nı­şa bilməyənimi Allaha isnad edirlər?!

(19) Onlar pak və müqəddəs Mərhəmətli Allahın qul­ları sayılan mələkləri qız adlandırırlar. Məgər onlar, Allah mələkləri yaradarkən orada olub, onların qız olduqlarını öz gözləri ilə gördülər? Mələklər on­la­rın bu şahidliyini yazacaqlar. Qiyamət günün onlar bu şahidliyə görə cavab ver­əcək və yalan danışdıqlarına görə əzaba düçar olacaqlar.

(20) Onlar qədəri əsas gətirərək dedilər: “Əgər Allah bizim mələklərə ibadət etməyimizi istəməsəydi, biz on­lara ibadət et­məzdik. Allahın bizdən bunu istəməsi, bu ibadətdən razı qalmasına dəlalət edir”. Onların bu sözləri haqda heç bir bi­liyi yoxdur. Onlar ancaq yalan danı­şırlar.

(21) Yoxsa o müşriklərə Qurandan əv­vəl elə bir kitab vermişik ki, o, onlara Allahdan qeyrisinə ibadət etməyə icazə verir və onlar da ondan möhkəm tutub ona is­tinad edir­lər?!

(22) Xeyr, belə bir şey olmayıb, əksinə, onlar təqlid etdiklərini dəlil göstərib dedilər: “Biz özümüzdən əvvəl ata­larımızı dinə və etiqada bağlı olduğunu görmüşük. Onlar bütlərə ibadət edirdilər. Biz də, həmçinin, bütlərə ibadət etməkdə onların yo­lunu tutub gedə­cəyik!”

(23) Ey Peyğəmbər! Onlar yalan danışdıqları və atalarına təqlid etdiklərini dəlil gətirdikləri kimi, səndən əvvəl, hansı bir məmləkətə onun sakinlərini qorxudan bir peyğəm­bər gön­dər­diksə, o diyarın cah-calal içində yaşayan başçıları və böyükləri dedilər: “Biz ata­larımızı dinə və etiqada bağlı olduğunu görmüşük və biz də, onların yo­lunu tutub gedə­cəyik!” Sənin qövmün belə dəlil gətirənlərin birincisi deyil.

(24) Peyğəmbəri onlara belə dedi: “Siz atalarınızın yolunu tutub gedirsiniz?! Əgər mən sizə ata­la­rınızın etiqad etdiyindən daha xeyirlisini göstər­səm, onda necə?” Onlar dedilər: “Biz səninlə və səndə əvvəlki peyğəmbərlərlə göndə­rilənləri inkar edi­rik”.

(25) Biz də səndən əvvəlki peyğəmbərləri yalançı sayan ümmətlərdən intiqam alıb onları məhv etdik. Bir düşün, peyğəmbərlərini yalançı sayan­la­rın axırı necə oldu. Onların axırı çox acınacıqlı oldu.

(26) Ey Peyğəmbər! Xatırla ki, bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən si­zin Allahdan baqşa ibadət etdiyiniz bütlərdən uzağam.

(27) Yalnız məni yaradan Allah­dan başqa! Şübhəsiz ki, O məni, mənə fayda verəcək bir yola - Özünün möhkəm dininə tabe olmağa yönəl­dəcəkdir”.

(28) İbrahim tovhid kəlməsini ("lə ilahə illəl­lah”ı) özündən sonra öz nəsli arasında daimi qala­caq bir kəlmə etdi ki, bəl­kə (aralarındakı günahkarlar) şirkdən və asilikdən tövbə edib Allahın dininə qayıtsın­lar. Odur ki, onların arasında Tək Allaha ibadət edib Ona şərik qoşmayan kimsələr indiyə qədər mövcuddur.

(29) Mən, haqqı yalan sayan o müşrikləri dərhal həlak etməyə tələsmədim. Əksinə, onlara dünyada yaşayıb gün-güzaran görməyi nəsib etdim. Mən onlardan əvvəl onların ata­la­rına da, Quran və onu bəyan edən Muhəmməd (səllallahu aleyhi və səlləm) gələnədək dolanışıq nəsib etdim.

(30) Onlara haqq sayılan və içində heç bir şübhə olmayan bu Quran gəldikdə: “Bu, sehrdir ki, Muhəmməd onun vasitəsilə bizi sehirləyir. Biz onu inkar edirik və əsla ona inanmayacağıq” - dedilər.

(31) Haqqı yalan sayan müşriklər dedilər: “Kaşki Allah bu Qu­ranı kasıb və yetim Muhəmmədin deyil, Mək­kə­dən və ya Taifdən olan iki bö­yük kişidən birinə nazil edəydi?”

(32) Ey Peyğəmbər! Sənin Rəbbinin mərhə­mətini on­lar bölüşdürür və onu istədiklərinə verir, istədiklərini də ondan məhrum edir, yoxsa Allah?! Biz dün­ya həya­tında onla­rın ruzisini aralarında bölüşdürdük, onlardan kimisini varlı, kimisini də kasıb etdik ki, bi­ri digəri­nin tabeçiliyində olsun. Sənin Rəb­bi­nin axirətdə Öz qullarına göstərdiyi mərhəməti onların yığdığı fani dünya malından daha xeyirlidir.

(33) Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək ehtimalı ol­masaydı, Allaha küfr edənlərin ev­lərinin tavan­larını və çıx­dıqları nərdi­van­la­rı gümüşdən edər­dik.

(34) Evlərinin qapılarını və söykən­dik­ləri taxtları da (gümüşdən edərdik ki,) tədricən məhv olsunlar və fitnəyə məruz qalsınlar.

(35) Üstəlik, qızıldan edərdik. Bütün bunlar sadəcə dünya hə­yatının keçici zövqüdür. Bunlar fani olduğu üçün onların faydası azdır. Ey Peyğəmbər! Axirətdə, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan müttəqilər üçün Rəbbinin yanında olan nemətlər daha xeyirlidir.

(36) Kim Qurana qeyri-ciddi baxar və beləliklə də, bu hərəkəti onu Qurandan uzaqlaşdırarsa, şey­tanın ona yoldaş edilməsi və o şeytanın onun azğınlığını artırması ilə cəzalandırılar.

(37) Doğrusu, Qurandan üz döndərən kimsələrə yoldaş olmuş o şeytanlar on­ları Allahın dinindan azdırar, beləliklə də, Allahın əmrlərini yerinə yetirməz və qadağan etdiyi əməllərdən çəkinməzlər, lakin bununla belə, onlar özlərinin haqq yolda olduqlarını güman edə­r­lər. Elə bu səbəbdən də onlar öz azğınlıqlarına görə tövbə etməzlər.

(38) Nəhayət, Allahın zikrindən üz döndərmiş kimsə hüzurumu­za gəldik­də təmənna edib belə deyər: “Ey yoldaş, kaş, mə­nimlə sə­nin aranda məşriqlə məğrib arasındakı uzaq­lıq qədər mə­safə olaydı. Sən nə pis yoldaş imişsən!”

(39) Qiyamət günü Allah kafirlərə belə deyəcəkdir: “Siz şirk və asilik etməklə öz nəfslərinizə zülüm etdiyinizə görə, bu gün əzaba şə­rik olma­ğı­nız sizə heç bir fayda verməz. Şərikləriniz sizin əzabınızdan heç bir şey öz üzərilərinə götürməyəcəklər”.

(40) Onlar kardılar - haqqı eşitməzlər, habelə, kordular - haqqı görməzlər. Ey Peyğəmbər, sən karlara eşitdirə bilərsənmi, ya­xud korları və ya aşkar zəlalət için­də olanları doğru yola yönəldə bilərsənmi?!

(41) Biz onlara əzab verməmişdən əvvəl sənin canını alsaq da, yenə onlardan həm bu dünyada, həm də axirətdə inti­qam ala­ca­ğıq.

(42) Yaxud onlara vəd etdi­yi­mizi əzabın bəzisini sə­nə göstərəcəyik. Şüb­hə­siz ki, Bi­zim on­lara gücü­müz yetər. Onlar heç cür Bizə qalib gələ bilməzlər.

(43) Ey Peyğəmbər, elə isə sən, Rəbbinin sənə vəhy etdiyindən möhkəm tut və ona əməl et! Şübhəsiz ki, sən heç bir şəkk-şübhə olmayan haqq yoldasan.

(44) Həqiqətən, bu Quran sə­nin üçün və sənin qövmün üçün bir şərəfdir. Qiyamət günü siz ona iman gətirib-gətirmədiyiniz, göstərdiyi yolu gedib-getmədiyiniz və ona dəvət edib-etmədiyiniz barədə sor­ğu-sual ediləcəksiniz.

(45) Ey Peyğəmbər, səndən əvvəl göndərdi­yimiz el­çilərdən soruş: "Məgər Biz Mərhə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­ icad et­mi­şik?!

(46) Biz Musanı Öz dəlilləri­mizlə Fi­ron və onun qövmündən olan əşrəflərinin ya­nı­na göndər­dik. Musa onlara de­di: “Mən bütün yaradılanların Rəb­bi­nin elçisiyəm!”

(47) Musa dəlillərimizi onla­ra göstərdikdə, onlar onu məsxərəyə qoyaraq və istehza edərək gül­dü­lər.

(48) Bizim Firona və onun qövmündən olan əşrəflərə, Musaın (aleyhissəlam) peyğəmbərliyinin doğru olduğunu sübut etmək üçün göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­n­dən da­ha böyük idi. Biz on­ları dünyada əzabla yaxaladıq ki, bəlkə, küfrlərindən dönsünlər. Lakin bunun heç bir faydası olmadı.

(49) Onların başına bəzi müsibətlər gəldikdə, Musaya (aleyhissəlam) dedilər: “Ey sehrbaz, Rəbbinin, bizim iman gətirəcəyimiz təqdirdə, əzabı bizdən dəf edəcəyinə dair verdiyi sözə görə, Ona bizdən ötrü dua et ki, əgər əzabı bizdən uzaq etsə, biz mütləq doğru yola gələcəyik”.

(50) Biz əzabı onlardan uzaq­laşdıran kimi, əhdlərindən dön­dü­lər və onu yerinə yetrmədilər.

(51) Firon öz səltənəti ilə lovğalanaraq qövmünə müraciət edib belə dedi: “Ey qövmüm, məgər Misirin səl­tə­nə­ti və qəsrlərimin al­tımndan axan, Nildən ayrılan bu çaylar mənim deyilmi?! Məgər siz mənim səltənətimi görmür­sü­nüz, əzəmətimi bilmirsiniz?!

(52) Mən bu qovulmuş, zəif və sözünü açıq-aydın deyə bilməyən Musadan daha üstünəm?!

(53) Məgər onu elçi göndərən Allah, onun həqiqi elçi olduğunu bəyan etmək üçün onu qızıl bilər­ziklərlə bəzəməli, yaxud onunla bir­likdə bir-birilərini təqib edən mə­lək­lər gəlməli deyildimi?”

(54) Firon öz qövmünü aldatdı, onlar da onun azğın fikrinə itaət etdilər. Hə­qi­qə­tən, onlar Allahın itaətindən çıxmış bir qövm idilər.

(55) Onlar küfr etmələrinə davam etməklə Bizi qəzəbləndir­dikdə onlardan intiqam alıb ha­mısını dənizdə ba­tırdıq.

(56) Biz Firon və onun qovmünü kafirlərin önündə gedən bir toplum etdik. Sənin qövmündən kafir olanları da onların ardıcıllarından etdik. Beləliklə də Biz onları, nəticə çıxaran kimsələr üçün ibrət etdik ki, onlar kimi əməl edib sonda onların düçar olduğuna düçar olmasınlar.

(57) Müşriklər Uca Allahın: ﴾Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz. Siz ora varid olacaqsınız﴿ ayəsinin, nəsranilərin məbud qəbul etdiyi İsaya da aid olduğunu zənn etdilər. Halbuki Allah bütlərə ibadət etməyi qadağan etdiyi kimi, İsanı da məbud qəbul edərək ona ibadət etməyi qadağan etmişdi. Ey Peyğəmbər, (bu misal çəkilincə,) sənin qövmün mübahisə edib, qışqıraraq və hay-haray salaraq belə dedi: "Biz bütlərimizin İsa ilə bir yerdə olmasına razıyıq". Allah da onlara cavabı olaraq bu ayəni nazil etdi: ﴾Əzəldən özlərinə ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar﴿.

(58) Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa İsa?!” İbn Zibəranin və onun bənzərləri bu misalı sə­nə haqqı bəlli etmək eşqinə yox, yalnız mübahisə etmək eşqinə dedilər. Doğrusu, onlar xilqətcə mübahisəyə can atan bir kimsələrdir.

(59) Məryəm oğlu İsa sadəcə Bi­zim peyğəmbərlik və risalət verdiyimiz Allah qullarından biridir. Uca Allah Adəmi atasız və anasız yaratdığı kimi, onu da atasız yaratmışdır. Beləliklə Biz onu, İsrail oğulları üçün Allahın qüdrətini göstərən bir nümunə etdik.

(60) Ey Adəm oğlulları! Əgər Biz sizi məhv etmək istəsəydik, sizi yer üzündə məhv edib əvəzinizə Allaha ibadət edən və heç bir şeyi Ona şərik qoşmayan mə­lək­lər ya­ra­dardıq.

(61) Həqiqətən, İsanın axır zamanda yer üzü­nə nazil olması qiyaməin böyük əlamətlərindən biridir. Qi­yamətin vaqe olacağına şəkk-şübhə etmə­yin və mənim Allahdan gətirdiyimə tabe olun. Çünki gətirdiyim bu (din), heç bir əyriliyi olmayan doğru yoldur!

(62) Şeytan sizi tovlayıb aldatmaqla doğru yoldan azdırmasın. Şübhəsiz ki, o, si­zin açıq-aydın düşmə­niniz­dir.

(63) İsa (aleyhissəlam) qövmünə özünün Allah rəsulu olduğuna dair aydın dəlillər gətir­diyi za­man onlara dedi: “Mən Allahdan sizə hik­mət gətirmi­şəm və dininizə aid məsələlərdə ixtilafa düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun və sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin!

(64) Həqiqətən, Allah mə­nim də Rəb­bim, sizin də Rəbbiniz­dir. Bizim Ondan başqa Rəbbimiz yoxdur. Odur ki, ixlasla yalnız Ona ibadət edin! Bu tovhid, heç bir əyriliyi olmayan düz yoldur”.

(65) Nəsranilərdən olan firqələr İsa barəsində ixtilaf etdilər. Onlardan qismi: "O, ilahdır" - dedi. Bir qismi: "O, Allahın oğludur" - dedi. Bir qismi də: "O və onun anası iki ilahdır" - dedi. İsanın ilah, yaxud Allahın oğlu, yaxud da üçlüyün üçüncüsü olduğunu deməklə özlərinə zülm edən kimsələrin, qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzabdan dolayı vay halına!

(66) Yoxsa, İsa barəsində ixtilafa düşmüş o firqələr özləri də hiss etmədən qiyamət saatının qəflətən on­la­rı haqlayacağından baş­qa bir şeymi gözləyirlər?! Əgər onlar kafir olduqları halda qiyamət onları haqlayarasa, şübhəsiz ki, onların aqibəti ağrılı-acılı bir əzab olacaqdır.

(67) Küfr və azğınlıq yolunda bir-biri ilə möhkəm dost olan və bir-birinə sadiq qalan kimsələr qiyamət günü bir-birinə düş­mən kə­silə­cəklər. Yalnız Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxan kimsələrdən başqa. Onların dostluğu əbədidir, heç vaxt sona yetməyəcəkdir.

(68) Allah onlara belə buyuracaq: "Ey qullarım, bu gün sizi qarşıda gözləyənlərdən ötrü heç bir qorxu yoxdur və əldə edə bilmədiyiniz dünya nemətlərinə görə də siz kə­dər­lənməyə­cəksiniz.

(69) Siz Rəsulumuza nazil olmuş Qurana iman gə­tirib ona tabe olan, əmrlərini yerinə yetirən və qadağalarından çəkinən kimsələr olmusunuz.

(70) Siz və sizin kimi gətirən möminlərlə birgə, sizə verilən tükənməz və əbədi nemətlərə sevindiyiniz halda Cənnətə daxil olun!"

(71) (Cənnət əhlinin) xidmətçiləri onlar üçün qızıldan olan qulpsuz sinilər və piya­lələr dolandıracaqlar. Cənnətdə nəfslərin istədiyi və göz­lərin baxmaqla həzz aldığı hər şey ola­caq­. Siz ora­da qalacaq və heç vaxt oradan çıxmayacaq­sınız.

(72) Sizə vəsf edilən Cənnət, Allahın Öz tərəfindən bir lütf olaraq əməlləriniz sayəsində sizi varis etdiyi Cən­nətdir.

(73) Orada sizin üçün çoxlu tükənməz mey­və­lər vardır, onlardan yeyəcək­siniz.

(74) Şübhəsiz ki, küfr və asilik etməklə günaha batan kimsələr qiyamət günü əbədi olaraq Cəhənnəm əzabı için­də qalacaq­lar.

(75) Onların əzabı yüngül­ləş­diril­mə­yə­cək və onlar orada Allahın rəhmətindən ümidlərini üzəcəklər.

(76) Biz onların Cəhənnəmə vasil etməklə onlara zülm et­mə­dik, lakin onlar küfr etməklə özlərinə zülm etdilər.

(77) Onlar Cəhənnəm gözət­çi­si­ Malikə müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alsın ki, biz rahatlıq tapaq.” Malik də onlara belə cavab verəcək: “Siz daim əzab içində olub ölməyəcəksiniz və bu əzab sizdən səngiməyəcəkdir”.

(78) Biz sizə dünyada ikən içində heç bir şəkk-şübhə olmayan haqqı gətirmiş­dik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı.

(79) Onlar Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qarşı hiylə qurdular, Biz də onlara qarşı elə bir tədbir gördük ki, bu, onların hiyləsini alt-üst etdi.

(80) Yoxsa onlar elə zənn edirlər ki, Biz onların qəlblərində gizlətdikləri sirlərini və ya öz aralarında gizli danışdıqları sirlərini eşitmi­rik?! Xeyr, Biz bunların hamısını eşidirik və onların yanında olan mələklər də, onların etdiyi bütün əməllə­ri­ ya­zırlar.

(81) Ey Peyğəmbər! Allaha qızlar nisbət edən kimsələrə de: "Allah onların söylədiklərindən uzaqdır, ucadır. Allahın övladı yoxdur. Allah belə nöqsandan uzaqdır və müqəddəsdir. Mən Uca Allaha ibadət edənlərin və Onu bütün nöqsanlardan uzaq tutanların birincisiyəm.

(82) Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi o müşriklərin Ona aid etdikləri şəriklərdən, həyat yoldaşından və övladdan tamamilə uzaqdır!”

(83) Ey Peyğəmbər! Onları burax, qoy özlərinə vəd edilmiş qiyamət gününə yetişənədək batil sözlərini danışsınlar və əylənsinlər.

(84) O pak və müqəddəs Allah həm göydə, həm də yerdə ibadət olunmağa layiq olan haqq məbuddur. O, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibidir, həmçinin, Öz qullarının etdiklərini Bilən­dir və onların əməllərindən heç bir şey Ona gizli qalmaz.

(85) Pak və müqəddəs Allahın xeyir və bərəkəti boldur. O Allah ki, göylərin, yerin və onların arasındakıların mülkü Ona məxsusdur. Qiyamətin qopacağı saat haqqında bilgi yalnız Ondadır. Ondan başqa heç kəsin bu haqda bilgisi yoxdur və siz axirətdə haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.

(86) Müşriklərin Allahdan başqa ibadət etdikləri tanrılar Allah yanında şəfaətçilik edə bilməzlər. Yalnız İsa, Uzeyr və mələklər kimi "lə ilahə illəllah" deyərək şəhadət gətirən və gətirdiyi şəhadətin mənasını bilən kimsələr müstəsnadır.

(87) Əgər onlardan: "Sizi kimi yaradıb?" – deyə soruşsan, onlar mütləq: “Bizi Allah yaradıb!”– de­yəcəklər. Bu etirafdan sonra Allaha ibadət etməkdən necə üz döndərirlər?!

(88) Rəsulullahın, qövmünün onun yalançı saydığından şikayət edərək: “Ey Rəb­bim! Bun­lar Sənin mənə həvalə edib göndərdiyin risalətə iman gətirmə­yən bir qövmdür!” – deməsini Pak və müqəddəs Allah bilir.

(89) Onlardan üz döndər və onlara şərlərini dəf edəcək söz söylə. Bu, sadəcə Məkkə dönəmində idi. Onlar tezliklə necə cəzalandırılacaqlarını biləcəklər.