(1) Uca Allah batmaqda olan ulduza and içir.
(2) Allahın rəsulu Muhəmməd (səllallahu aleyhi və səlləm) nə hidayət yolundan sapmış, nə də zəlalətə düşmüşdür, əksinə, o, doğru yoldadır.
(3) O, bu Qurandakıları təbliğ etdikdə öz istəyi ilə danışmır.
(4) Bu Quran, Allahın Cəbrailin (aleyhissəlam) vasitəsilə rəsuluna təlqin etdiyi bir vəhydir.
(5) Bu Quranı ona çox qüvvətli olan mələk - Cəbrail (aleyhissəlam) öyrətdi.
(6) Cəbrail (aleyhissəlam) gözəl görünüşlüdür. O, yüksəlib öz surətində - Allahın yaratdığı xilqətdə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) göründü.
(7) Cəbrail səmada ən uca üfüqdə idi.
(8) Sonra Cəbrail (aleyhissəlam) Peyğəmbərə (səllallahu aleyhi və səlləm) yaxınlaşdı və ona daha yaxın oldu.
(9) Cəbrailin (aleyhissəlam) ona olan yaxınlığı iki yay uzunluğunda, hətta ondan da yaxın idi.
(10) Cəbrail (aleyhissəlam) Allahın qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edəcəyini vəhy etdi.
(11) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) qəlbi onun gözünün gördüyünü yalan saymadı.
(12) Ey müşriklər! İndi siz, Allahın isra gecəsində ona göstərdikləri barədə onunla mübahisəmi edirsiniz?!
(13) Muhəmməd (səllallahu aleyhi və səlləm) gecə səfərində Cəbraili bir daha öz sürətində gördü.
(14) Son həddəki Sidr ağacının yanında. Bu, yeddinci göydə yerləşən olduqca əzəmətli bir ağacdır.
(15) Məva cənnəti bu ağacın yanındadır.
(16) Həmin vaxt Allahın əmri ilə Sidr ağacını elə əzəmətli bir şey bürümüşdü ki, onun necəliyini yalnız Allaha bilir.
(17) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gözü nə sağa, nə də sola meyl etdi, nə də ki, həddi aşdı.
(18) Muhəmməd (səllallahu alehi və səlləm) gecə səfərində göyə qalxarkən öz Rəbbinin qüdrətinə dəlalət edən ən böyük dəlillərindən bəzisini - Cənnəti, Cəhənnəmi və başqa məxluqatlar gördü.
(19) Ey müşriklər! Siz Allahdan başqa tapındığınız bu bütləri - Lat və Uzzanı gördünüzmü?
(20) Həmçinin, bütlərinizdən üçüncü olan Mənatı da. Bir mənə deyin görüm, onlar sizə fayda və ya zərər verməyə qaditrdilərmi?!
(21) Ey müşriklər, məgər sevdiyiniz oğlanlar sizin, sevmədiyiniz qızlar isə Uca Allahındır?
(22) Elə isə nəfsinizin istəyi ilə apardığınız bu bölgü ədalətsiz bir bölgüdür.
(23) Bu bütlərin adları, (ilahi adların) mənasına uyğun gələn adlardır və bunların ilahi xislətlərə heç bir aidiyyatı yoxdur. Bu adları siz və sizin atalarınız özünüzdən qoymusunuz. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Müşriklər öz etiqadlarında yalnız zənnə qapılır və şeytanın onların könlünə gözəl göstərdiyi, nəfslərinin istəklərinə uyurlar. Halbuki Rəbbindən onlara Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dili ilə doğru yolu göstərən rəhbər gəlmiş, lakin onlar ona tabe olmamışlar.
(24) Yoxsa insan üçün Allah yanında təmənna etdiyi bütlərin şəfaətimi vardır?!
(25) Xeyr, insan təmənna etdiyi her bir şeyə nail ola bilməz. Axirət də, dünya da təkcə Allaha məxsudur. O, bunlardan istədiyini verər, istdədiyini də verməz.
(26) Göylərdə neçə-neçə mələk var ki, onlar bir kimsəyə şəfaətçilik etmək istəsələr, onların şəfaəti yalnız Allahın istədiyi və Onun, haqqında şəfaətçilik edilməsinə razı qaldığı kimsələrə fayda verər. Allah isə Ona şərik qoşan kimsə üçün şəfaətçilik edilməsinə əsla izn verməz və Ondan başqasına ibadət edən kimsə üçün şəfaətçilik edilməsinə əsla razı olmaz.
(27) Axirət yurdunda dirilməyə inanmayanlar, həqiqətən də, mələklərin Allahın qızları olduğuna etiqad edərək onlara qadın adları verirlər. Allah onların söylədiklərindən çox uzaqdır!
(28) Halbuki mələklərin qadın adlarına dair onların istinad etdiyi bir elm yoxdur. Onlar bu işdə yalnız uydurma və fərziyyəyə istinad edirlər. Zənn isə öz təsdiqini tapanadək əsla həqiqət ola bilməz.
(29) Ey Peyğəmbər! Sən də Bizi zikr etməkdən üz çevirərək ona məhəl qoymayıb dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər! Beləsi axirətinə inanmadığına görə, o günü üçün heç bir əməl etməz.
(30) O müşriklərin söylədikləri - mələklərə qadın adları vermələri onların qavradığı bilik səviyyəsidir. Çünki onlar cahildirlər, həqiqəti hələ dərk etməyiblər. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, Onun yolu ilə gedəni də yaxşı tanıyır. Bunlardan heç bir şey Ona gizli qalmaz.
(31) Göylərdə və yerdə nə varsa - mülk, yaratmaq və idarə etmək təkcə Allaha məxsusdur. Bu, Allahın dünyada pislik edənlərə əməllərinə görə layiq olduqları əzabı verməsi, yaxşılıq edən möminləri isə Cənnətlə mükafatlandırması üçündür.
(32) Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc asiliklərdən çəkinirlər. Böyük günahları tərk etmək və itaəti çoxaltmaqla kiçik günahlar silinir. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. Qulları Ona tövbə etdikləri zaman onların günahlarını bağışlayar. Uca Allah sizin atanız Adəmi torpaqdan yaradanda da, siz analarınızın bətnində mərhələlərlə xəlq ediləndə də sizi yaxşı tanıyırdı. Bunlardan heç bir şey Ona gizli qalmaz. Elə isə Allahdan qorxduğunuzu deyərək özünüzü tərifləməyin! Çünki Allah kimin Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxduğunu yaxşı bilir.
(33) İslam dininə yaxınlaşdıqdan sonra ondan üz çevirən kimsənin halının nə qədər pis olduğunu gördünmü?
(34) Malından azacıq verib sonra heç verməyəni. Çünki xəsislik onun təbiətidir, lakin buna baxmayaraq o, özünü təmizə çıxartmağa çalışır.
(35) Məgər o, qeybi bilir ki, bunu görsün və qeybdən danışsın?!
(36) Yoxsa o, Allaha iftira yaxır?! Allahın adından yalan danışan bu adama Allahın Musaya nazil etdiyi əvvəlki səhifələrdə olanlar barədə xəbər verilmədimi?!
(37) Məgər İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?! O İbrahim ki, Rəbbinin ona buyurduğunu tam şəkildə yerinə yetirmişdir.
(38) Belə ki, heç bir insan başqasının günahını daşımaz.
(39) İnsan yalnız etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alar.
(40) Əlbəttə ki, o, can atdığı əməli qiyamət günü öz göü ilə görəcəkdir.
(41) Sonra da ona əməlinin əvəzi tam, heç bir əskiksiz veriləcəkdir!
(42) Ey Peyğəmbər! Bəndələr öldükdən sonra onların dönüşü sənin Rəbbinədir.
(43) İstədiyini sevindirib güldürən, istədiyini də kədərləndirib ağladan Allahdır.
(44) Dünyadakı diriləri öldürən, ölüləri də dirildən Odur!
(45) O, biri erkək və biri də dişi olmaqla iki növ yaratdı.
(46) Qadının uşaqlığına qoyulan nütfədən.
(47) Onlar öldükdən sonra onları yenidən diriltmək də Ona aiddir.
(48) Qullarından dilədiyini var-dövlət sahibi edən, dilədiyinə də insanın kifayətlənə biləcəyi qədər az bir şey nəsib edən Odur.
(49) Bəzi müşriklərin Allahla yanaşı ibadət etdikləri Şira ulduzunun da Rəbbi Odur.
(50) O, əvvəlki Ad tayfasını məhv etdi. Onlar öz küfrlərində israr edən Hudun (aleyhissəlam) qövmü idi.
(51) Salehin (aleyhissəlam) qövmü Səmudu da məhv edib onlardan heç bir kimsəni sağ buraxmadı.
(52) Ad və Səmud qövmlərindən əvvəl Nuh qövmünü də məhv etdi. Çünki Nuh qövmü Ad və Səmud qövmlərindən daha zalım və daha azğın bir qövm idi. Nuh öz qövmünün arasında doqquz yüz əlli il qalıb onları Allahın vəhdaniyyətinə dəvət etdi, lakin onlar Nuhun dəvətini qəbul etmədilər.
(53) O, Lut qövmünün yurdlarını göyə qaldırıb tərsinə çevirdi, sonra da oradan yerə çırpdı.
(54) O kəndlər göyə qaldırılıb yerə çırpıldıqdan sonra daşlar onların başına yağdırıldı və bu onları hər tərəfdən bürüdü.
(55) Ey insan! Sən öz Rəbbinin qüdrətinə dəlalət edən ayələrdən hansına şəkk edib və ondan ibrət almırsan?!
(56) Sizə göndərilmiş bu elçi də, əvvəlki elçilər kimi biri elçidir.
(57) Yaxın olan o qiyamət yaxınlaşdı.
(58) Allahdan başqa heç kəs onun qarşısını ala bilməz və heç kəs də onun nə zaman qopacağını bilə bilməz.
(59) Yoxsa siz, özünüzə oxunan bu Quranın Allah tərəfindən olduğuna təəccübmü edirsiniz?!
(60) Siz Qurana istehza edərək gülürsünüz, onda olan moizələri eşitdikdə də, heç ağlamırsınız!
(61) Siz onu lağa qoyur və ona məhəl qoymursunuz?!
(62) Tək Allaha səcdə qılın və Ona ixlasla ibadət edin!