61 - əs-Saff ()

|

(1) Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, qüdrətlidir, heç kəs Onu məğlub edə bilməz. O, məxluqatı yaratmaq, şəri qanun qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibidir.

(2) Ey Allaha iman gətirənlər! Nə üçün siz: "Filan şey etdik" - deyirsiniz, əslində isə siz onu etməmisiniz?! Necə ki, sizlərdən biri: "Mən həm qılıncımla, həm də yalın əllə vuruşdum"- deyir, halbuki o, nə qılıncla, nə də yalın əllə vuruşmuşdur.

(3) Nifrətlə qarşılanan o əməl Allah yanında böyük günah sayılır. Bu da sizin etmədiyiniz şeyləri danışmağınızdır. Möminə, Allah qatında doğrudan başqa bir şey danışması yaraşmaz. Mömin kimsənin əməli ilə sözü bir-birinə düz gəlməlidir.

(4) Şübhəsiz ki, Allah, Onun rizasını qazanmaq məqsədilə, bir-birinə bitişik möhkəm bir bina kimi, bir-birinin yanında səf-səf düzülüb Onun yolunda vuruşanları sevər.

(5) Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm, nə üçün siz mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, mənim əmrimə müxalif olmaqla mənə əziyyət verirsiniz?!” Onlar Musanın gətirdiyi haqdan azıb uzaqlaşdıqda, Allah onların qəlbini haqdan və doğru yoldan azdırdı. Allah, Onun itaətindən çıxan günahkarları haqq yola yönəlməyə müvəffəq etməz.

(6) Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Məryəm oğlu İsa (aleyhissəlam) demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən rəsuluyam, qeyri-adi bir elçi deyiləm!” İsa onlara dediyinin doğru olduğunu təsdiqləyən açıq-aydın dəlillər gətirdikdə onlar dedilər: “Bu, açıq-aydın bir sehrdir və biz ona tabe olmayacağıq!”

(7) Allahın birliyinə yönəldilən tovhid dini olan İslama dəvət edildiyi halda, Allahdan başqa bütlərə tapınıb Allaha qarşı yalan uydurandan daha zalım kimsə ola bilməz. Allah, şirk və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri haqq yola yönəlməyə və doğru işlər görməyə müvəffəq etməz.

(8) Haqqı yalan sayan o kimsələr öz batil sözləri ilə və haqqa ləkə yaxmaqla Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz dinini məşriqdən məğribədək yaymaqla və Öz kəlməsini ucaltmaqla Öz nurunu tamamlayacaqdır.

(9) Haqqın yer üzündə bərqərar olmasını istəməyən müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) hidayət dini və xeyirə yönəldən rəhbər, habelə, faydalı elm və saleh əməllər öyrədən din olan İslam dini ilə göndərən Allahdır.

(10) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Sizə qazanc gətirəcək və sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarətə tərəf yönəldimmi?

(11) Bu qazanc gətirən ticarət, Allaha və Onun rəsuluna iman gətirməyiniz, Allahın razılığını qazanmaq məqsədilə malınızı xərcləmək və canınızı fəda etməklə Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu zikr edilən əməl sizin üçün nə qədər xeyirlidir. Elə isə onu yerinə yetirməyə tələsin!

(12) Bu ticarətdən əldə ediləcək qazanc budur ki, Allah sizin günahlarınızı bağışlayacaq, sizi qəsrləri və ağacları altından çaylar axan Cənnət bağlarına və əbədi qalacağınız cənnətlərdəki gözəl məskənlərə daxil edəcək. Bu, heç bir misli-bərabəri olmayan böyük bir uğurdur.

(13) Bu ticarətdən əldə ediləcək, sizin sevdiyiniz başqa bir qazanc da vardır ki, bu da, sizə dünyada veriləcək - Allahın sizi düşmənləriniz üzərində qələbə çalmağa və yaxın zamanda Məkkəni və digər yerləri fəth etməyə müvəffəq etməsidir. Ey Peyğəmbər! Möminləri sevindirəcək müjdəni - bu dünyada qələbə çalacaqlarını, axirətdə də Cənnətə girməklə uğur qazanacaqlarını onlara xəbər ver.

(14) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Peyğəmbərinizin təbliğ etdiyi dini yaymaqla Allahın köməkçiləri olun. Necə ki, həvarilər dinin yayılmasına kömək etmişlər. Belə ki, İsa (aleyhissəlam) onlara: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də dərhal belə cavab vermişlər: “Bizik Allahın köməkçiləri!” İsrail oğullarından bir zümrə İsaya (aleyhissəlam) iman gətirmiş, digər zümrə isə onu inkar etmişdir. Biz də, İsaya iman gətirənləri onu inkar edənlərə qarşı qüvvətləndirmiş və möminlər onlara qalib gəlmişlər.