62 - əl-Cumuə ()

|

(1) Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın bütün naqis sifətlərdən uzaq olduğunu və Onun pak və müqəddəs olduğuna şahidlik edirlər. O, mülkün sahibi olan yeganə hökmdar, hər bir nöqsandan uzaq olan müqəddəs, heç kəsin məğlub edə bilmədiyi qüdrətli, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibi olan Allahdır.

(2) Yazıb-oxumaq bilməyən ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Peyğəmbər onlara Allahın ona nazil etdiyi ayələrini oxuyar, onları küfrdən və pis əxlaqdan təmizləyər, onlara Quranı və sünnəni öyrədər. Halbuki o, onlara peyğəmbər göndərilməmişdən əvvəl açıq-aydın haqdan azmış idilər. Belə ki, həmin vaxt onlar bütlərə ibadət edir, bir-birinin qanını tökür və qohumluq əlaqələrini kəsirdilər.

(3) Allah bu peyğəmbəri hələ müsəlmanlara qoşulmamış başqalarına - ərəblərdən və əcəmlərdən olan qövmlərə də elçi göndərmişdir. Tezliklə onlar da müsəlmanlara qoşulacaqlar. O, qüdrətlidir, heç kəs Ona məğlub edə bilməz. O, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibidir.

(4) Bu zikr edilən - Peyğəmbərin ərəblərə və əcəmlərə elçi göndərilməsi Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir. Allahın bu ümmətin rəsulunu bütün insanlara peyğəmbər göndərməsi də Onun böyük lütfündəndir.

(5) Özlərinə Tövratda yazılanlara əməl etmək buyurulduqdan sonra ona əməl etməyən yəhudilər, belində böyük kitablar daşıyan, amma daşıdığının nə olduğunu - kitab yoxsa başqa bir şey oduğunu bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü haqq yola müvəffəq etməz.

(6) Ey Peyğəmbər! De: “Ey təhrif edilmiş yəhudilikdə qalmış kimsələr! Əgər siz insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və bu iddianız doğrudursa, onda özünüzə ölüm diləyin ki, iddianıza görə Allahın sizə məxsus etdiyi kəramətə tezliklə nail olasınız”.

(7) Onlar küfr, asilik və zülm etdiklərinə, həmçinin, Tövratı təhrif etdiklərinə və onu dəyişdirdiklərinə görə ölümü əsla diləməzlər, əksinə, dünyada əbədi olaraq yaşamaq istəyərlər. Allah zalımları tanıyır, onların əməllərindən heç bir şey Allaha gizli qalmaz. Allah onlara əməllərinin cəzasını verəcəkdir.

(8) Ey Peyğəmbər! O yəhudilərə belə de: “Qaçdığınız ölüm istər tez, istər gec, sizi mütləq haqlayacaqdır. Sonra qiyamət günü siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız. Qeybdə və aşkarda olan heç bir şey Allaha gizli qalmaz. O, sizə dünyada etdiyiniz əməlləriniz barədə xəbər verəcək və sizə etdiklərinizin əvəzini verəcəkdir”.

(9) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Cümə günü imam minbərə qalxdıqdan sonra müəzzin namaza çağırdığı zaman xütbəni dinləmək və namaz qılmaq üçün məscidə tələsin və alış-verişi buraxın ki, o sizi Allaha itaət etməkdən yayındırmasın. Ey möminlər! Bilsəniz cümə namazı üçün verilən azandan sonra alış-verişi tərk etmək sizin üçün nə qədər xeyirlidir! Elə isə Allahın sizə emr etdiyini yerinə yetirin.

(10) Cümə namazını bitirdikdən sonra yer üzünə dağılışıb halal ruzi qazanmaq və ehtiyacınızı ödəmək üçün halal qazanc yolu ilə Allahın lütfünü axtarın və ruzi dalınca getdiyiniz vaxt əsnasında Allahı çox zikr edin, ruzi axtarmaq sizi Allahı zikr etməkdən yayındırmasın ki, bəlkə istədiyinizə nail olasınız və qorxduğunuz şeydəndə də qurtulasınız.

(11) Bəzi müsəlmanlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar. Ey Peyğəmbər! Səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. Ey Peyğəmbər! De: “Etdiyiniz yaxşı əməl müqabilində qazanacağınız mükafat Allah yanında, sizin can atdığınız əyləncə və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır”.